Məhkəmə qərarları › İş №2(021)-1759/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1759/2022

03.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1759/2022 03.08.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3000 manat pulun və 50 manat dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehi yaxından tanıyır, neçə illər dostluq münasibətləri olub, o, bunu yazdığı borc müqaviləsində qeyd edib. Cavabdeh dəfələrlə başqasına pul borcunun yarandığı üçün ondan borc pul istəmişdir. Cavabdeh 24 aprel 2019-cu ildə geniş məzmunlu borc müqaviləsi yazandan sonra ona 7000 manat borc pul verib, borc müqaviləsi cavabdehin evində yazıldığı üçün, cavabdeh aldığı pulu ödəməsinə görə anasının pensiya kartını və özünün uşaq pulu kartını ona vermişdir. O, kartlarla 3306 manat pul ödədikdən sonra bir gün ona demişdir ki, anamın pensiya kartını ver, özünə verim, sənə öz pensiya kartımı verim. O, razılaşmışdır. Aprel 2019-cu ildə cavabdehin kartından pul alanda körmüşdür ki, ödənilən məbləğ 147 manatdır, cavabdeh ona demişdir ki, 250 manat olacaq, onun pensiya kartını aparıb, yaşadığı ünvanda ona vermişdir, ona söz vermişdir ki, may 2019-cu ildə ona yüksək məbləğdə kart verəcəkdir, həmin vaxtdan sonra cavabdeh ondan gizlənir, xırda məbləğli uşaq pulu kartı onda olsa da, həmin kartdan istifadə etmir, kənardan eşidir ki, cavabdeh danışır ki, ona ödəniş etməyəcək, bir-birlərinə qərəzli mövqedən yanaşandan sonra öyrənmişdir ki, o, tək ona yox, çoxlarına belə fırıldaq gəlib. Cavabdeh öz dəsti xətti ilə yazdığı borc müqaviləsində yazıb ki, 7000 manat borc pul faizssiz olaraq almışdır, borcun ödənilməsində çətinlik törətməyəcək, əgər hansısa bəhanə yaratsa, borcun ödənişi öz qanuni həllini məhkəmə yolu ilə İddiaçı xeyrinə tapacaq. Son sözlərində yazıb ki, P.Qiyasın ödəniş haqda qəbzi və yazdığı müqavilənin əsli onda yoxdursa borc ödənilməmiş sayılır, borc müqaviləsini yazmağa onu heç kim məcbur etməyib, öz yazdığı borc müqaviləsini öz imzasılə təsdiq edir. Cavabdeh tərəfindən yazılmış bu qəbzi oxuyanda heç bir kənar şərhə ehtiyac qalmır. Bu qədər dəlil sübutdan sonra bu gün fərziyələr danışır, o, fırıldaqçı dostuna haqsızlıq etsə idi onun yazdığı borc müqaviləsindən istifadə edərək 3000 manat yox, 7000 manat tələb edərdi. O, cavabdehə pritenziya xəbərdarlığı etsə də heç bir nəticəsi olmamışdır. Məhkəmədə sübut olması üçün cavabdehə yazılı pritenziya məktubuda göndərmişdir, həmin məktubun xəbərnaməsini ərizəsinə əlavə etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verib, əlavə olaraq göstərdi ki, Cavabdeh ilə dost olub, ona hissə-hissə 7000 manat borc pul verib, anasını pensiya kartı və uşaq pulu kartını ona verib, pensiya kartından 3694 manat, uşaq pulu kartından isə 147 manat pul çıxardıb, hər iki kartı cavabdeh ona anasının təkidi ilə verib, lakin sonradan anasının xəbəri olmadan onu aldadıb kartları ondan alıb, cavabdehin anasının kartı geri almasından xəbəri olmadığını bilsəydi, kartları qaytarmazdı, iddia tələbini müdafiə edərək tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, İddiaçı onu aldadaraq 7000 manat pul alması barədə kağıza imza etdirib, iddiaçıdan 4000 manat borc pul alıb, həmin 4000 manat puluda geri ödəyib, məhkəməyə yazılı qəbz təqdim edərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə tərəflərin izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Mülki işə əlavə olunmuş Seriya AA № ******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1960-cı ildə doğulmuşdur. Mülki işə əlavə edilmiş Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Qaramanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 132 nömrəli, 20 aprel 2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı Yevlax rayonu, Hacımahmudlu kəndində yaşayır. Mülki işə əlavə edilmiş borc müqviləsində göstərilmişdir: “Cavabdeh Bərdə rayon Tağılar kənd sakini şəxsiyyət vəsiqəm-08084285 yazıb məlum edirəm ki, Yevlax rayonu, Hacımahmudlu kənd sakini yaxın dostum İddiaçı vacib ehtiyacım olduğu üçün 24 aprel 2019-cu il tarixdə 7000 (yeddi min) manat faizssiz borc pul aldım. Borcu kredit vasitəsi il bir dəfəlik ödəyə bilməsəm 01 dekabr 2019-cu il tarixdən hər ay 250 (iki yüz əlli) manat məbləğində ödəməyə söz verirəm, borcun ödənişində heç bir bəhanə, heç bir çətilik törtəmədən hər ay ödəməyə söz verirəm, borcun ödənişində hansısa çətinlik törətsəm bilirəm ki, bu iş məhkəmə yolu ilə öz həllini tapacaq, borcun ödənişi qurtaranda yazdığım müqavilənin əsli və ödəniş haqqında Qiyasın qəbzi məndə yoxdursa borc ödənilməmiş sayılır, müqaviləni özüm yazdım, heç kəs məni məcbur etməyib, yazdığım müqavilənin doğruluğunu öz imzamla təsdiq edirəm. İmza Cavabdeh xx.xx.2019.” Məhkəmə iclasında Cavabdeh tərəfindən təqdim edilmiş cədvəldən müəyyən olundu ki, 3019 manat borcu qalmışdır. Mülki işə əlavə edilmiş 21 aprel 2022-ci il tarixli, ********* nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, İddiaçı iddia qaldırılması üçün 50 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikasının Mülki Məcəllənin 740-cı maddəsinə müvafiq olaraq, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 442-ci maddəsinə müvafiq olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Hazırki işin materialları ilə tərəflərin borcun faizlər ilə verilməsini şərtləşdirirməsi təsdiq olunmur. Bundan başqa məhkəmədə onu da xüsusi olaraq vurğulamaq istəyir ki, iş materiallarında olan qəbz cavabdeh tərəfindən borcun etiraf edilməsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Həmin Məcəllənin 882.4-cü maddəsinə əsasən Mülki Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Beləliklə, İddiaçı Cavabdeh qarşı 3000 manat məbləğində pulun tutulması barədə tələbinə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, tərəflərin arasındakı borc münasibətləri mübahisəsiz şəkildə təsdiq edilir. Cavabdeh borclu olduğu pulun ödənilməsini bildirsə də, həmin borcun ödənilməsini təsdiq edən heç bir sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Bu baxımdan iddiaçı iddia tələbində haqlı olması səbəbindən iddia tələbi təmin edilməli, Cavabdeh İddiaçı olunun xeyrinə 3000 manat məbləğində pul və iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumu 50 manat tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 52.2-ci maddəsinə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 217-ci maddəsinə əsasən isə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 3000 (üç min) manat və 50 (əlli) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar. HakimElsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar