Məhkəmə qərarları › İş №2(021)-1761/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1761/2025

30.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1761/2025 30.04.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, X1 iclas kаtibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 45000 manat məbləğində pulun və ödədiyi 220 manat dövlət rüsumunun alınıb xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırılmışdır ki, əvvəllər tanıdığı Cavabdeh Bərdə rayonu, Mollagüllər kəndində ferma yaratmaqla iri buynuzlu mal-qaranın alınması, saxlanması, artırılması və satışı üçün ondan 45000 manat borca pul istəmiş və hər ay borcdan 2000 manat geri qaytaracağını bildirmişdir. Bunun üçün də xx.xx.2024-cü il tarixdə Bakı şəhər 14 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən borc müqaviləsi hazırlanmış, hər iki tərəfin razılığı olunmuş və cavabdeh ona 45000 manat borcu ödəyəcəyinə söz vermişdir. Ancaq bağlanmış müqavilədə cavabdeh hər ay 2000 manat ödəyəcəyinə söz versə də indiyədək borcundan heç bir ödəniş etməmişdir. Dəfələrlə cavabdehdən borclu olduğu 45000 manat pulu geri tələb etmiş, lakin cavabdeh borcunu verməmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, 2023-cü ildə Bərdə şəhərində olan evini 60000 manata satmış və həmin puldan cəmi 45000 manatını Cavabdeh heyvandarlığın qurulması, artırılması və satışı işlərinin görülərək gəlir əldə olunması üçün 2023-2024-cü illərdə müxtəlif vaxtlarda vermişdir. Lakin cavabdeh aldığı cəmi 45000 manat pulu geri qaytarmadığı üçün onunla X7 müqaviləni xx.xx.2024-cü il tarixdə bağlamışdır. Cavabdeh aldığı borcu ona ödəmədiyi üçün onun barəsində Bakı şəhəri Nəsimi rayon polis idarəsinə şikayət etmiş, polis idarəsində araşdırma aprılmış, lakin cavabdehlə aralarında olan məsələ mülki xarakteri olduğundan məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Cavabdehlə aralarında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə cavabdehlə danışıqlar aparmış, lakin bu danışıqlar heç bir fayda verməmişdir. Buna görə də öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də, o, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçı dinləyib iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: AA******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1988-ci ildə doğulmuşdur. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 210 nömrəli arayışdan görünür ki, İddiaçı Bərdə şəhəri, N.Nərimanov küçəsi ev 5-də yaşayır. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli X7 Razılaşmadan görünür ki, Bərdə rayonu, Mollagüllər kəndində iri buynuzlu heyvanların alınması, saxlanılması, artırılması və satışı üçün fermanın qurulması məqsədi ilə tərəflərin qarşılıqlı razılığına əsasən İddiaçı 45000 manat sərmayə yatırmağı, Cavabdeh qeyd olunan fermanı yaratmağı, iri buynuzlu heyvanların alınmasını, gələcəkdə onların sayını artırmağı, fermadan əldə olunmuş süd və digər məhsulların satışını təşkil etməyi və qeyd olunan fəaliyyətdən əldə olunan xalis gəlirin tam yarısını, yəni 50% hissəsini İddiaçı ödəməyi öhdəsinə götürür. Tərəflər qarşılıqlı razılığa əsasən, qeyd edilən birgə fəaliyyətə son qoyularsa və ya fəaliyyət baş tutmazsa Cavabdeh sərmayə kimi yatırılan 45000 manat pulu hər ay 2000 manat ödəmək şərti ilə İddiaçı qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X5 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi ev 9, mənzil 36-da yaşayan İddiaçı DİN 102 xidmətinə zəng edərək və sonradan ərizə ilə Nəsimi RPİ-nin 19-cu polis şöbəsinə müraciət edərək 2023-ilin sentyabr ayında əvvəllər tanıdığı Timur adlı şəxslə maldarlıq fəaliyyəti ilə məşğul olmaq üçün ümumilikdə 30000 pul və dəyəri 15000 manat olan qızılı ünvan 1 ünvanında verdiyini, lakin Timurun vədinə əməl etməyib, onu aldatdığını göstərmiş, lakin Cavabdeh barəsində cinayət işinin başlanması rədd edilmişdir. Həmçinin həmin qərardan görünür ki, Cavabdeh izahatında göstərmişdir ki, O, İddiaçı Saarif qızını təxminən 6 ildir ki, tanıyır və onun Sevinclə sevigili münasibətləri olmuşdur. Onun Sevinclə aralarında olan pul məsələsi qızılın lombarda qoyulmasına görə olmuşdur. Sevinclə onun birlikdə hər ikisinin təxminən 44.000 manat dəyərində ortaq qızılları Bank Respublikada kreditdə olmuşdur. İlkin olaraq o, özünə avtomobil alan zaman ona pul lazım imiş və bunun üçün o, Bank Respublikada lombarda qızıl qoyub pul götürmək istəyirmiş və bu zaman Sevinc ona həmin lombardın daimi müştərisi olduğunu bu səbəbdən qızılı Sevincin adından qoyaraq daha çox pul götürəcəyini bildirmişdir. O, özünə məxsus qızılı Sevincin adından qoyub həmin vaxtı təxminən 5-6.000 manat pul götürmüşdür. Daha sonra onlar bir neçə səfər də Sevincin adından lombarda qızıl qoyub pul götürmüşlər və Sevinclə sevgili olduqları zaman hər ikisi özünə məxsus qızıla görə ödədikləri kredit azaldığı üçün yenidən onlar əlavə qızıl lombarda verib 2022-ci ildə 28.000 manat pul götürmüşdürlər. Həmin pulu onlar adama 14.000 manat olmaqla götürmüşdürlər. Həmin qızıla görə aylıq olaraq o, təxminən 930-940 manat arası faizlə birlikdə ana pulu ödəyirmiş. O, Sevincdən özü şəxsi alver etmək üçün 2023-cü ilin sentyabr ayında 10.000 manat pulu faizə Sevincin yaşadığı Memar Əcəmi metrostansiyasının yaxınlığında yaşadığı evdə almış və həmin pulu bağlayana kimi Sevincə aylıq olaraq 1500 manat pul ödəyəcəyini bildirmişdir. O, həmin pula görə Sevincə 4.500 manat pul ödəmişdir. Həmin pulları o, Sevincə 2023-cü ilin oktyabr, noyabr, dekabr ayında ödəmişdir. O, 2023-cü ilin noyabr ayında isə onların lombarda olan kreditlərinin 15.000 manatı qalmış və o, Sevincə krediti yeniləməyi, təklif etmişdir. Həmin vaxtı onlar Sevinclə birgə Bank Respublikadan online 13.000 manat kredit götürmüşlər və həmin pul Memar Əcəmi metrostansiyasının yaxınlığındakı Bank Respublikadan çıxarmışdırlar. O, həmin pulun 10.000 manatını götürmüş və qalan 3.000 manat pulu isə Sevinc götürmüşdür. Onların həmin vaxtı Bank Respublikaya ödənişləri 15.000 manatdan 32.400 manata qalxmışdır. Həmin vaxtı onların lombarda ödənişləri aylıq olaraq 2.700 manat imiş. O, həmin kreditə görə 2023-cü ilin dekabr ayında 3.000 manat pul banka ödəmişdir. O, həmin puldan əlavə olaraq Sevincden nağd pul almamışdır. Həmçinin o, 1989-cu il təvəllüdlü X2 8-9 ildir ki, tanıyır və Ramalı Sevinc ona görə 2023-cü ilin yay ayında tanımışdır. Daha sonra Ramal özü bir neçə səfər Sevincdən borca pul almışdır. Daha sonra da ödəmişdir. Ramal onun yanında Sevincdən 2023-cü ilin oktyabr ayında iki səfər 10.000 manat olmaqla ümumilikdə 20.000 manat pul götürmüşdür. Həmin pulu Sevinc Ramala faizə vermiş və həmin pula görə Ramalın Sevincə 3.000 manatı qaytardığını dəqiq bilsə də, geridə qalanını isə o, dəqiq bilmir. O, həmçinin Sevinclə birgə 2023-cü ilin aprel may ayında Qara Qarayev metrostansiyası yaxınlığında "İnternational Bokt" lombarından ümumilikdə 23-24.000 manat dəyərində qızıl qoyub 6500 manat bir 6500 manat olmaqla ümumilikdə 13.000 manat pulu onun adına iki ayrı kreditə götürmüşdürlər. Həmin lombartda orada onuun 01 ədəd 1.800 manat dəyərində qızıl saatı olmuş və qalan qızıllar Sevincin olmuşdur. Həmin 13.000 manat puldan o, 2500 manat pulu götürmüş və həmin 2500 manata görə o, aylıq təxminən 300 manat pul ödəməli imiş. O, həmin qızıla görə 2023-cü ilin dekabr ayına kimi 7 ay pul ödəmişdir. Sevinc həmin 2 ayrı kreditdən birinə görə 3000-3500 manatlıq qızıl qoyub oradan təxminən 2300 manat pul götürüb Ramala vermişdir. Daha sonra Ramal Sevincə yanvar ayında pul ödəməli imiş və o, ödəmədiyi üçün Sevinc Ramalla onu şikayət etmişdir. O və Ramal Sevinclə birlikdə hər hansı bir iş görmək üçün pul almamışlar Sevincdən aldığları pulların bir hissəsi faizə digər hissəsi isə birlikdə kreditən götürdükləri pullar olmuşdur. O, Sevinclə birgə kreditlərini aylıq olaraq ödəyirmiş və daha sonra işdən çıxdığı üçün pulları ödəyə bilməmişdir. xx.xx.2025-ci il tarixli, ********** saylı ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət edərkən 220 manat dövlət rüsumu və dövlət rüsumu ödənilməsi üçün 0,40 manat banka xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Beləliklə məhkəmə tərəfindən müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli X7 Razılaşmadan görünür ki, İddiaçı heyvandarlıqla məşğul olmaq üçün 45000 manat sərmayə yatırmağı öhdəsinə götürür, lakin Cavabdeh həmin pulu alması görsənmir. Bununla yanaşı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X5 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan da Cavabdeh İddiaçı heyvandarlıq məqsədi ilə 45000 manat pul alması görsənmir. Cavabdeh izahatında iddiaçı ilə birlikdə 44000 manat dəyərində ortaq qızıllarının banka girov qoyduqlarını, iddiaçının adına müxtəlif vaxtlarda bankdan faizə kredit aldıqlarını, o, Sevinclə birgə kreditlərini aylıq olaraq ödədiyin və daha sonra işdən çıxdığı üçün pulları ödəyə bilmədiyini qeyd etmişdir. Həmçinin bidirmişir ki, o, Sevinclə birlikdə hər hansı bir iş görmək üçün ondan pul almamışdır. Bundan başqa İddiaçı cavbdehlə aralarında olan “Whatsapp” sosial şəbəkəsindən mesaj yazşmalarını sübut kim təqdim etmiş, lakin həmin yazışmalardan tərəflər arasında bankla bağlı borclardan bəhs olunduğu görsənir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının hazırki iddia tələbi əsassız olduğundan təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1. Fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. 405.1. Tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 443.3. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. 493.1. Əgər bir neçə şəxs onlardan hər birinin tam icranı tələb edə biləcəyi şəkildə icranı tələb etməyə səlahiyyətlidirlərsə, borcluya isə yalnız birdəfəlik icra həvalə edilirsə, onlar birgə kreditorlardır. 493.2. Birgə səlahiyyətlər müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir.

494. Əgər kreditorlardan biri bu Məcəllənin 493.1-ci maddəsində nəzərdə tutulan tələblə borcluya qarşı etiraz irəli sürməmişsə, borclu öhdəliyi öz arzusu ilə istənilən kreditora icra edə bilər.

495. Öhdəliyin birgə kreditorlardan birinə tamamilə icra edilməsi borclunu digər kreditorlar qarşısında öhdəliklərdən azad edir.

496. Əgər birgə kreditorlardan biri borclu barəsində tələbdən imtina edirsə, borclu həmin kreditora çatası hissəni ödəməkdən azad edilir. 499.1. Borcludan icranı tam almış kreditor qalan birgə kreditorlara çatası payı ödəməyə borcludur. 499.2. Əgər birgə kreditorlar arasında ayrı qayda müəyyənləşdirilməyibsə, onların öz qarşılıqlı münasibətlərində bərabər payları vardır. 500.1. Əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. 500.2. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir.

501. Kreditor öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər. Öhdəlik tam icra edilənədək qalan borcluların öhdəlikləri qüvvədə qalır.

502. Birgə borclunun kreditora qarşı müqavilənin mahiyyətindən irəli gələn və ya yalnız özünün hüququ çatan, yaxud birgə borcluların hamısı üçün ümumi olan bütün qarşılıqlı tələbləri irəli sürmək ixtiyarı vardır.

503. Borclulardan birinin öhdəliyi tam icra etməsi qalan borcluları icradan azad edir. Borclunun kreditor qarşısında həyata keçirdiyi əvəzləşdirmə barəsində də eyni qayda qüvvədə olur.

504. Əgər öhdəlik münasibətlərinin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, birgə borclulardan biri ilə bağlı faktlardan yalnız həmin şəxs barəsində istifadə edilə bilər.

505. Birgə borclulardan biri barəsində iddia verilməsi kreditoru qalan borclular barəsində də iddia vermək hüququndan məhrum etmir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında da Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmçinin, MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında göstərmişdir ki, ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, İddiaçı öz iddia tələbinin haqlı olmasını mötəbər sübutlarla sübut edə bilməmişdir. MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş 220 manat məbləğində dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

Qətetdi:

İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 220 manat məbləğində dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnаmədən şikаyət verilmədikdə, rəsmi təqdim edildiyi gündən 1(bir) аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir.

Hakim: Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar