Məhkəmə qərarları › İş №2(021)-180/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-180/2022

27.04.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-180/2022 27.04.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, X4 iclas katibliyi, İddiaçı Dadaşova İradə Volodya qızının iştirakı ilə, İddiaçı Cavabdeh oğluna və maraqlı şəxs Bərdə rayon Böyük Göyüşlü kənd bələdiyyəsinə qarşı “maneçiliyin aradan qaldırılması və yolun açılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Dadaşova (Yusifova) İradə Volodya qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh oğlu tərəfindən onun həyətyanı torpaq sahəsinə gediş-gəliş yolundan istifadəsinə törədilən maneçiliklərin aradan qaldırılmasına və ona məxsus həyətyanı torpaq sahəsinin əkin hissəsində gediş-gəliş yolunun açılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Dadaşova (Yusifova) İradə Volodya qızı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, ailə üzvləri ilə birlikdə Bərdə rayonu Bala-Göyüşlü kəndi ərazisində yerləşən 0.28 ha torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evində yaşayırlar. Bütün digər normal kənd adamları kimi onların ailələri də həm maldarlıq, həm də əkinçiliklə məşğul olmaqla dolanırlar, çalışırlar ki, ailələrinin gör-göyərtiyə, bütün digər tərəvəzlərə olan tələbatını həyətlərində becərməklə təmin etsinlər. Əvvəllər insanlar əllə yeri qazıb şumlaya bilirdilər, ancaq indi elə bir dövrdür ki,əkin-becərmə işləri yalnız texnika vasitəsi ilə mümkün olur. Misal üçün.torpağın şumlanması, malalanıb toxum səpilməsi, hətta ziyanvericilərə qarşı kimyəvi dərman pereparatlarmı yalnız traktor vasitəsi ilə vermək mümkündür. Bu işlərdə başqa bir yol yoxdur. Lakin uzun müddətdir ki, onlar öz həyətyanı torpaq sahələrinin əkin əkmək üçün olan hissəsinə texnika salıb şumlama, becərmə işləri həyata keçirə bilmirlər. Belə ki, onlrla qonşu olan Cavabdeh qanunsuz və təqsirli əməlləri nəticəsində onlar həyətyanı torpaq sahələrindən istifadə edib, yuxarıda qeyd etdiyi kimi tərəvəz əkib-becərə, ailənin dolanması üçün vacib olan heç bir məhsul götürə bilmirlər. Onların həyətyanı torpaq sahəsinə kəndin baş yolundan və kəndin içərisindən çıxan təsərrüfatlararası yoldan istifadə etməklə texnika daxil ola bilər. Kəndin içərisindən onların həyətə gəlmək üçün nəzərdə tutulmuş yol cavabdeh tərəfindən yolun üstündə tövlə tikilməklə tutulmuşdur, əgər kəndin baş plan xəritəsinə baxaraq müqayisə edilsə adi gözlə də müəyyən etmək olar ki, həqiqətən cavabdeh tam qanunsuz olaraq ümumui istifadə yolunu zəbt edərək, tövləni hamının istifadə etməsi üçün nəzərdə tutulmuş yolun üstündə inşa etmişdir. Cavabdeh onların həyətinə texnika-traktorun daxil olmasını əngəlləmək üçün öz evindən,torpaq sahəsindən təxminən 35-40 metr aralıda iddiaçının həyəti ilə qonşunun həyətyanı torpaq sahəsinin arasında olan yolun torpağın boş qalan hissəsinə ağaclar əkməklə və başqa əngəllər, maneçiliklər törətməklə həyətlərinə texnika girməsinə imkan vermir. Kəsilən bu yol onların həyətyanı torpaq sahəsinə traktor və başqa texnikanın daxil ola biləcəyi yeganə yollarıdır. Cavabdeh bu əməli ilə onu bezdirir, öz əmlaklarından sərbəst surətdə istifadə etməyə imkan vermir. Onlar artıq xeyli müddətdir ki, həyətyanı torpaq sahələrini əkib-becərə bilmədiklərindən hər il 2500-3000 manat gəlirləerindən məhrum olmuşlar. Artıq neçə ildir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində onlar həyətyanı torpaqlarından dan gəlir əldə edə bilmirlər. Sadalanan xüsusatlardan göründüyü kimi Cavabdeh qanunsuzluq edərək onların həyətə gediş-gəliş yolunu kəsməklə onların hüquqlarını pozan əmələr törədir, ona isə bu haqda hər hansı bir söz demək, xahiş etmək tam mənasızdır. Ona görə də pozulmuş hüquqlarımın bərpasının təmin edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində olmuşdur. Bütün bunları nəzərə alaraq iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Dadaşova (Yusifova) İradə Volodya qızı iddia ərizəsində qeyd edilənlərə uyğun izahat verib, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh oğlu və maraqlı şəxs Bərdə rayon Böyük Göyüşlü kənd bələdiyyəsi məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Seriya AZE № 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Dadaşova (Yusifova) İradə Volodya qızı xx.xx.1974-cü il tarixdə Bərdə rayon Göyüşlü kəndində anadan olmuşdur. Bərdə rayon Bala Göyüşlü kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Böyük Göyüşlü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 27.05.2021-ci il tarixli, 170 saylı arayışdan görünür ki, Dadaşova (Yusifova) X9 rayon Bala Göyüşlü kəndində yaşayır. Mülki işə əlavə edilmiş JN- 053A KOD 61002028 saylı Topağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 22.06.1998-ci il tarixli 09 saylı qərarı ilə 0.28 ha torpaq sahəsi Bərdə rayon Bala Göyüşlü kənd sakinləri X10, X1, X8, X5, X6 mülkiyyətinə verilmişdir. Mülki işə əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin 06 may 2020-ci il tarixli, 2(021)- 1127/20 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, iddiaçı Dadaşov Asif Əli oğlunun Cavabdeh Pirverdi oğluna qarşı “yolun açılması və maneçiliyə qadağan qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir. Həmçinin həmin qətnamədən müəyyən olunur ki: Məhkəmə tərəfindən həyata keçirilmiş yerli baxışdan müəyyən olunmuşdur ki, iddiaçı X13 ilə Cavabdeh Pirverdi oğlu Bərdə rayon Bala Göyüşlü kəndində yaşamaqla qonşudurlar. X13 cavabdehə qarşı iddia qaldırmaqla torpağdan gediş-gəliş yolu istəyir. Həmçinin yerli baxış zamanı müəyyən olunmuşdur ki, iddiaçı X10 həm piyada, həm də avtomobil yolu vardır. Həmçinin müəyyən olunmuşdur ki, iddiaçının iddia etdiyi yoldan keçmək üçün cavabdehin mülkiyyətində olan torpaq sahəsindən keçməsinə ehtiyac yoxdur. İddiaçının iddia etdiyi yol cavabdehə məxsus deyil, kənd daxili ərazi olmaqla bələdiyyəyə məxsus ərazidir. Cavabdehin törətdiyi maneçilikisə ondan ibarətdir ki, həmin yolda ağaclar əkilmiş, cavabdeh bildirir ki, həmin ağacları iddiaçı bura köçməmişdən əvvəl əkib, indi həmin ağacları iddiaçı kəsmək istəyir ki, həmin ağacların əkilməsində və qulluq etməsində Cavabdeh zəhməti olmuşdur. Mülki işə əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsininn 23 oktyabr 2020-ci il tarixli, 2(104)-2798/2020 nömrəli qətnamənin surətindən müəyyən olunur ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-1127/2020 saylı mülki iş üzrə 06 may 2020-ci il tarixli qətnaməsindən iş üzrə iddiaçı Dadaşov Asif Əli oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bərdə Rayon Məhkəməsinin 2(0211)-1127/2020 saylı mülki iş üzrə 06 may 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə olunmuş Bərdə Rayon Məhkəməsinin 2(021)1329/2021 saylı 20.05.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X13 cavabdeh Bərdə rayon Böyük Göyüşlü kənd bələdiyyəsinin sədrinə qarşıı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin onun mülkiyyətində olan torpaq sahəsindən istifadə etməsinə maneə olan hərəkətlərinə son qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmiş, lakin iddia tələbi təmin olunmamışdır. Həmçinin həmin qətnamədən müəyyən olunur ki; Bərdə rayonu, Böyük Göyüşlü kənd bələdiyyəsi tərəfindən verilmiş 16 saylı, 08 iyun 2020-ci il tarixli arayışına əsasən, X10 həyətyanı torpaq sahəsinə gedən mübahisəli yol sahəsi bələdiyyənin mülkiyyətindədir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Maraqlı şəxsnə ünvanlanmış 25 iyun 2020-ci il tarixli, 1105-20 nömrəli məktubun surətindən müəyyən olunmuşdur ki, X11 məxsus torpaq sahəsində olan 27 ədəd qovaq ağacının toxunulmaz qalması məqsədə müvafiq hesab edilməklə, ağacların mühafizə olunması X3 tapşırılmışdır. Məhkəmə tərəfindən mübahisəli əraziyə yerli baxış keçirilən zaman müəyyən olunmuşdur ki, mübahisəli ərazi bələdiyyənin mülkiyyətində olan torpaq sahəsidir, ərazidə qovaq ağacları əkilmişdir. İş materiallarına əlavə olunmuş Mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 10 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı əvvəl Cavabdeh Pirverdi oğluna qarşı, sonra isə Maraqlı şəxsnə qarşı eyni tələblə müraciət etmiş, məhkəmə qətnamələri ilə iddia təmin olunmamışdır. Hazırkı halda isə Cavabdeh Pirverdi oğluna və maraqlı şəxs X2rşı eyni tələblə müraciət etmiş, lakin hazırkı işdə bələdiyyəni üçüncü şəxs kimi qeyd etmək əvəzinə maraqlı şəxs kimi qeyd etmiş, bununla da formal olaraq tərəflərin statusunu dəyişmişdir. Məhkəmə öz qətnaməsini əsaslandırarkən aşağıdakı maddi hüquq normalarına istinad etməyi zəruri bilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin Məcəllənin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Subyektiv hüquq – şəxsin qanunvericiliklə təmin olunan, onun maraqlarının qorunmasına yönələn mümkün davranış qaydasıdır. Konstitusiya Məhkəməsinin Plenumu M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə qeyd edir ki, iddiaçının Cavabdeh yolun açılması tələb etmək hüququ yoxdur. Belə ki, həmin torpaq sahəsi Bələdiyyə mülkiyyətində olan torpaq sahəsidir.Yəni Cavabdeh həmin iddiaya cavab verməli olan şəxs deyil. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh tərəfindən maneəçilik törətməsinə qadağan qoyulması ilə bağlı tələbə münasibətdə əgər bələdiyyənin yolun açılması ilə bağlı qanunla müəyyən edilmiş qaydada razılığı olacağı təqdirdə Cavabdeh maneçilik törədəcəksə o halda iddiaya cavab verməli şəxs olacaq. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. MPM–nin 82.3-ci maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216 - 220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Dadaşova (Yusifova) İradə Volodya qızının Cavabdeh oğluna və maraqlı şəxs Bərdə rayon Böyük Göyüşlü kənd bələdiyyəsinə qarşı “maneçiliyin aradan qaldırılması və yolun açılması” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçı Dadaşova (Yusifova) İradə Volodya qızına aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar