Məhkəmə qərarları › İş №2(021)-183/2022

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-183/2022

13.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-183/2022 13.01.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi Cavabdeh1 iştirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 "xxxx"ASC-nin xeyrinə 2015-ci il 22 iyul tarixli kredit müqaviləsi üzrə banka 7800 manat əsas, 1622.82 manat faiz, 5017.44 manat cərimə borcu, kredit müqaviləsi üzrə 30.07.2018-ci il tarixdən 07.05.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1362.3 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 15802.56 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətindəki Bərdə rayonu, Qaradınaq kəndində yerləşən, 2 otaqlı, 96 kv.m ümumi, 48 kv.m yaşayış, 48 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0.559 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun Bərdə rayonu, Qaradırnaq kəndində yerləşən, 2 otaqlı, 96 kv.m ümumi, 48 kv.m yaşayış, 48 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin və 0.559 ha torpaq sahəsinin hərracdan satışdan əldə olunan vəsait hesabına "xxxx"ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 qızna məxsus olan Bərdə rayonu, Qaradırnaq kəndində yerləşən, 2 otaqlı, 96 kv.m ümumi, 48 kv.m yaşayış, 48 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0.559 ha torpaq sahəsinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1 Bərdə rayonu, Qaradırnaq kəndində yerləşən, 2 otaqlı, 96 kv.m ümumi, 48 kv.m yaşayış, 48 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0.559 ha torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1 həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin əmlakın boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırılmışdır ki, 2015-ci il 21 iyul tarixli əsas kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı İKB ASC-nin “Bərdə” filialında 72 ay müddətinə 15000 manat və ya həmin məbləğin digər valyutalarda ekvivalenti məbləğində kredit limiti ayrılmışdır. 2015-ci il 22 iyul tarixli əlavə kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 6%-lə 36 ay müddətinə 10000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh1 mülkiyyətindəki Bərdə rayonu, Qaradınaq kəndində yerləşən, 2 otaqlı, 96 kv.m ümumi, 48 kv.m yaşayış, 48 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0.559 ha torpaq sahəsi 2015-ci il 21 iyul tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir və Cavabdeh2 ilə 2015-ci il 22 iyul tarixli zaminlik müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2015-ci il 22 iyul tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 1.14-cü bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin 0.1 faizlə cərimə hesablayıb borcludan tələb edir. 2021-ci il mayın 07-dək Cavabdeh1 2015-ci il 22 iyul tarixli kredit müqaviləsi üzrə banka 7800 manat əsas, 1622.82 manat faiz, 5017.44 manat cərimə borcu, kredit müqaviləsi üzrə 30.07.2018-ci il tarixdən 07.05.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1362.3 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 15802.56 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərildıişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Tərəflər arasında imzalanmış ipoteka müqaviləsində ipoteka predmetinin dəyəri tərəflər arasında qarşılıqlı razılaşmaya əsasən müəyyən olunmuşdur. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun əvəzinə yönəldilməlidir. 22 iyul 2015 -ci il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, kredit müqaviləsinin 9.3-cü bəndinə əsasən borc alan üzərinə qoyulduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazımnca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, Kreditorun əldən çıxmış faydası şəkilində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər Banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir. Bərdə Rayon Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli qərardadına əsasən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair 2(021)-2153/2021 nömrəli mülki iş üzrə qiymətləndirmə ekspertizası təyin edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 271 saylı 10 dekabr 2021-ci il tarixli rəyindən müəyyən olunur ki, Bərdə rayonu Qaradırnaq kəndində 0,559 ha torpaq sahəsinin hal-hazırda bazar satış qiyməti 2000 manat, likvind qiyməti 1000 manat, üzərində tikilmiş 1 mərtəbəli, 2 otaqdan ibarət olan fərdi yaşayış evinin dekabr 2021-ci il tarixdə, kənd yerində olduğu üçün bazar satış qiyməti 20 000 manat, likvind qiyməti 15 000 manat dəyərindədir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qismən qəbul edərək göstərmişdir ki, 2015ci ilin iyul ayında İddiaçı İKB ASC-nin “Bərdə” filialı ona 72 ay müddətinə 15000 manat və ya həmin məbləğin digər valyutalarda ekvivalenti məbləğində kredit limiti ayrmışdır. 2015ci ilin iyul ayında bağlanmış əlavə kredit müqaviləsinə əsasən ona illik 6%-lə 36 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. Maddi vəziyyəti ilə əlaqədar olaraq kredit borcunu tam olaraq ödəməmişdir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olur, adına VÖEN-i var. Odur ki, nəzərə alınmasını xahiş edir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri bаrədə məlumаt verilmiş, buna baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Cavabdeh1 dindirib, iş materiallarını araşdırıb, hesab edir ki, iş aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamədən müəyyən olunur ki, Cavabdeh1 sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla adına 13 may 2015-ci il tarixdən ********** qeydiyyat nömrəli VÖEN vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Bu Məcəllənin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəlaiyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Bundan başqa, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 46-1-ci maddəsinə əsasən, kommersiya məhkəməsi birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş kommersiya mübahisələrinə dair işlərə baxır. Həmçinin, Azərbaycan Respublikasının Prezidentinin 19.07.2019-cu il tarixli “İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında” Sərəncamının 7-ci bəndinə əsasən bu Sərəncamın 1-3-cü hissələri 2020-ci il yanvarın 1-dən qüvvəyə minir. Yuxarıda qeyd edilənlərdən aydın görünür ki, Azərbaycan Respublikasının Prezidentinin 19.07.2019-cu il tarixli Sərəncamına əsasən, kommersiya məhkəmələrinin təşkil edilməsi qərara alınmış, Sərəncamın kommersiya məhkəmələrinin təşkili ilə bağlı hissələri 2020-ci il yanvarın 1-dən qüvvəyə minmiş, kommersiya məhkəmələri və onların səlahiyyətləri müəyyən edilmiş, həmçinin kommersiya məhkəmələri və ümumi məhkəmələrin səlahiyyətləri fərqləndirilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar edilərsə iş aidiyyəti üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən, mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəmələrə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi üzrə tərəflər arasında olan mübahisə kommersiya mübahisəsi olduğundan hazırki mülki işin aidiyyatı Gəncə Kommersiya Məhkəməsinə aiddir. Belə olan halda iddia ərizəsi məhkəmə aidiyyətinin pozulması ilə icraata qəbul edildiyindən mülki iş baxışı iclasından aidiyyatı üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və MPM-in 35, 44, 45 və 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar