Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1831/2021 17.07.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, Cavabdeh oğlunun iştirakı ilə, İddiaçı “X4” MMC- nin Cavabdeh qarşı “maddi zərər” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən e t d i: İddiaçı “X4” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X4” MMC- nin əmlakına vurulmuş ziyana görə 8627 manat və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin Cavabdeh oğlundan alınaraq “X4” MMC-nin xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “X4” MMC iddia tələbini belə əsaslandırmışdır ki, “X4” MMC ilə Cavabdeh oğlu arasında 25.09.2017-ci il tarixdə 3 aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş və “X3” haqqında müqavilə imzalanmışdır. O, 18.11.2017-ci il tarixli 509-K saylı əmrlə administrator vəzifəsinə keçirilmiş, 30.10.2019-cu il tarixli 480-K saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh oğlu iş vaxtı ərzində iş yerində intizam xətasına yol vermişdir. Belə ki, Oba-Bərdə 3 mağazasında çalışdığı zaman 19.07.2019-cu il tarixdə aparılmış inventarizasiya nəticəsində cavabdehin cəmiyyətə 10490.00 manat məbləğində zərər vurması müəyyən edilmişdir. Maliyyə arayışından məlum olur ki, ümumi qalıq borcdan 1863 manat güzəşt edilmiş, qalıq borc 8627 manat təşkil edir. Qalıq borcunun ödənilməsi barədə cavabdehə dəflərlə bildirilsə də, bu günə qədər heç bir ödəniş etməmişdir. Qeyd olunanlara əsasən iddia tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh ərizə təqdim edərək, işə mahiyyəti üzrə baxılmasını xahiş etdi. Həmçinin iddia tələbini qəbul etmədiyini bildirərək qeyd etdi ki, o, işlədiyi müddətdə heç bir təqsiri olmamışdır. Mağazada kameralar da vardır. Əgər təqsiri olsa kamera görüntülərindən bilinərdi. İddia tələbinin rədd olunmasını xahiş etdi. İddiaçı “X4” MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin heç bir üzürlü səbəb olmadan nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddələrinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Cavabdeh O. Abdullayevin izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işə əlavə olunmuş Seriya AZE № 16986626 saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Cavabdeh oğlu 03.03.1994-cü il tarixdə Bərdə rayon Mollagüllər kəndində anadan olmuşdur. Bərdə rayon Mollagüllər kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş Əmək Müqaviləsindən görünür ki, “X4” MMC ilə Cavabdeh arasinda 27.07.2017-ci il tarixdə 3 aylıq sınaq müddəti müəyyən edilməklə müddətsiz əmək müqaviləsi bağlanmışdır. Mülki işə əlavə edilmiş 18.11.2017-ci il tarixli X3 haqqında Müqaviləsindən görünür ki, Cavabdeh oğlu müqavilə bağlayaraq maddi məsul olaraq ona etibar olunmuş əmlakın qorunub saxlanılması, görüləcək işin layiqincə yerinə yetirilməsi üçün tam məsuliyyəti öz üzərinə götürmuş və bununla əlaqədar müqavilə üzrə vəzifələri müəyyən olunmuşdur. Mülki işə əlavə edilmiş 25.09.2017-ci il tarixli Əmək Müqaviləsindən görünür ki, Cavabdeh oğlu “X4” MMC-yə 25.09.2017-ci il tarixdən 3 ay sınaq müddəti müəyyən edilməklə satıcı-kassir vəzifəsinə təyin edilmişdir. Mülki işə əlavə edilmiş 18.11.2017-ci il tarixli X1 görünür ki, Cavabdeh oğlu Cəmiyyətin Satış Əməliyyatları Şöbəsinə 07.11.2017-ci il tarixdən admisistrator vəzifəsinə təyin edilmişdir. Mülki işə əlavə edilmiş 27.08.2019-cu il tarixli Aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun Aktdan görünür ki, 19.07.2019-cu il tarixdə aparılmış inventarizasiya nəticəsində cəmiyyətə 10490.39 manat məbləğində zərər vurması müəyyən edilmişdir. Həmin Aktı Cavabdeh oğlu imzalamaqdan imtina etmişdir. Mülki işə əlavə edilmiş “X4” MMC tərəfindən tərtib olunmuş 19.07.2019-cu il tarixli İmtina Aktından görünür ki, 19.07.2019-cu il tarixdə aparılmış inventarizasiya nəticəsində cəmiyyətə 10490.39 manat məbləğində zərər vurması müəyyən edilmiş və Cavabdeh oğlu heç bir səbəb və irad bildirmədən həmin Aktı imzalamaqdan imtina etmişdir. Mülki işə əlavə edilmiş 05.05.2020-ci il tarixli Maliyyə Arayışından görünür ki, 19.07.2019-cu il tarixində Cavabdeh oğlu ilə bağlı təftiş yoxlaması və təhvil təslim işlərinin nəticəsi olaraq hesabında 10490 manat çatışmazlıq müəyyən edilmişdir. Cavabdeh oğlu 10490 manat çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə 1863 manat güzəşt edilməklə 8627 manat borcu qalmışdır. Mülki işə əlavə edilmiş Cavabdeh oğlunun 30.10.2019-cu il tarixli Ərizədən görünür ki, 30.10.2019-cu il tarixdən əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Mülki işə əlavə edilmiş “X4” MMC –nin vəzifə təlimatlarından görünür ki, Cavabdeh oğlu həmin təlimatla tanış olaraq imza etmişdir. Mülki işə əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmdə iddia qaldırılması üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edildi ki, “X4” MMC ilə cavabdeh arasında əmək müqaviləsi bağlanmış və işə götürülmüşdür. Hazırkı borc 19.07.2019-cu il tarixdə aparılmış inventarizasiya nəticəsində cəmiyyətə 10490.39 manat məbləğində zərər vurması müəyyən edilmiş və ona güzəşt edilməklə 8627 manat borcun olması müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh məsul şəxs olsa da aparılmış inventarizasiya həmin cəmiyyət tərəfindən daxili araşdırma olmaqla birtərəfli qaydada həyata keçirilmişdir. Yəni kənar audit müəyyən edilməmişdir. Həmçinin həmin borcun olmasını da cavabdeh etiraf etməmiş, əsas kimi isə kameralarda onun məsuliyyətsizliyinin təsdiq olunmasının sübut olunmadığını göstərmişdir. Məhkəmə bu halları əsas hesb edərək o qənaətə gəlir ki, iddia tələbi təmin oluna bilməz. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddəsinə görə əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Həmin Məcəllənin 192-ci maddəsinə görə tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Həmin Məcəllənin 194-cü maddəsinin görə ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 202- ci maddəsinin görə işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. İşəgötürənin əsas fondu (vəsaitləri) hesab edilən əmlakının itirilməsi, korlanması və oğurlanması hallarında ziyanın məbləği, müvafiq aşınma normaları nəzərə alınmaqla maddi qiymətli əşyaların balans dəyərindən (maya dəyərindən) hesablanır. Digər hallarda ziyanın məbləği ziyan vurulan vaxtda mövcud olan bazar qiymətləri ilə hesablanır. İşəgötürənə vurulan mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında bu Məcəllənin 290-cı maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş prinsiplə məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə görə zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə hesab edir ki, yuxarıda göstərilənlər nəzərə alınmaqla iddia tələbi təmin olunmamalıdır. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220,227,233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT E T D İ: İddiaçı “X4” MMC-nin Cavabdeh qarşı “maddi zərər” tələbinə dair iddia tələbi təmin edilməsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı “X4” MMC-yə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(021)-1831/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1831/2021
17.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver