Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1835/2023 04.07.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X1 iclas kаtibliyi, iddiaçının nümayəndəsi X4 oğlu və Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qonşuluq hüququnun pozulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 qeyri-qanuni hərəkətlərinə son qoyulması və qonşuluq hüququnun pozulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, onun xüsusi mülkiyyətində ünvan 1 ünvanında 1.0864 ha pay torpaq sahəsi var. Qeyd etdiyi 1.0864 ha torpaq sahəsinə xx.xx.2022-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış çıxarış da verilmişdir. Onlarla birlikdə yaşadıqları Cəyirli kəndində yaşayan Vüqar adlı şəxs öz adına olmuş pay torpaq sahəsini Bərdə şəhər Şərq küçəsi sakini Cavabdeh1 adlı şəxsə satıb. Surxay adlı şəxs pay torpaq sahəsini aldıqdan sonra uzunluğu 500 metrə yaxın, eni təxmini 26 m olan əraziyə setka çəkibdir. O setkanın dibi ilə 18 m məsafəyə 5 sm-dən olan yaşıl ağacı əkib. Ərazinin qalan hissəsinin isə setkadan 0,8 metr aralı müxtəlif ölçülərdə nar ağacı əkib. Nar ağaclarının aralarındaki məsafə təxminən 1-2 metrdən ibarətdir. O isə özünə məxsus olan pay torpaq sahəsində müxtəlif sayda xurma ağacları əkmişdir. Əkdiyi ağaclar 4x5-dir. Eyni zamanda setkadan 2,5 m aralıdır. Lakin Surxay adlı şəxsin əkdiyi ağaclar onun torpaq sahəsi tərəfə keçərək əkdiyi ağacların meyvəsini yararsız hala salır. Surxayın etdiyi səhlənkar hərəkətə görə ildə ən azı ona 500 manatlıq ziyan dəyir və etdiyi hərəkətə görə ağaclar sıx əkildiyindən boyu uzanır, onun ağaclarına kölgə salır. O cənubda yerləşdiyinə görə həmin sırada olan ağacları gün görmür. Surxayın torpaq sahəsində Setkanın dibində əkdiyi gilǝnar ağacı yerin alt hissəsi ilə onun tərəfinə keçərək, onun tərəfində böyüməyə başlayır. Gilənar ağacının bir hissəsi onun torpaq sahəsindən çıxdığı üçün hər il o torpaq sahəsini təmizlədiyi zaman onu da təmizləməli olur. O, torpaq sahəsinə baxa bilmədiyi üçün onun yerinə 75 yaşlı atası baxır. Atası 2022-ci ilin sentyabr ayından xəstədir və müalicə olunur. Cavabdeh1 hərəkətlərinə atası əsəb keçirdərək günü-gündən vəziyyəti pisləşir. Həkim atasına işləməyə icazə vermir. Hazırda Surxay pay torpaq sahəsində ağac əkməkdən başqa orada kiçik otel inşa edib. Lakin oteli hələ də istifadəyə verməyibdir. Otel görünməsin deyə isə setkanın dibi ilə qarşıdan hörgü çəkdirib. Surxayın bağı cənubda yerləşdiyinə görə onun su arxı Cavabdeh1 setkasının yanı ilə gedir. Boyu isə təxminən 500 m-ə yaxındır. Payızda şimaldan əsən külək həmin arxı xəzəllə doldurur. Onun setkası olmasa, ora xəzəl yığışa bilməz. 2022-ci ilin fevra ayında fəhlə ilə ağaca kübrə verirdilər. Fəhlə arxın içindəki xəzəli yandırdı. Narın xəzəli arxa töküldüyünə görə od aldı. Yanğın bir anın içində qonşu tərəfə keçdi və onun tikdiyi binaya tərəf gedirdi. Yanındakı adam çətinliklǝ Surxay tərəfə keçdi və alovu söndürməyə başladı. Bundan başqa bağda nə qədər kəsilmiş ağac varsa onun pay torpaq sahəsinin qıraq hissəsinə yığıbdır. Əgər onlar od alsaydı, onları söndürmək mümkün olmazdı. Arxın xəzəlini təmizləmək üçün onlar arxa su buraxdılar. İslanmış xəzəl ağır olsa da, onlar onu çətinliklə öz tərəflərinə atdılar, sonra yeri suvardılar. Xəzəl quruyandan sonra külək onu təkrar arxa doldurdu. Cavabdeh Surxay bağdan heç bir gəlir götürmür və onun bağın gəlirinə heç bir ehtiyacı yoxdur. Setkanın yanında əkdiyi ağac çəpər xarakteri daşıyır. Surxayın bağı barıt çəlləyidir. Bir mərdiməzar onun tərəfindən ora od vursa, ona kim cavab verəcək. Pay torpağını ona görə veriblər ki, insanlar əksin-biçsin ərzaq bolluğu yaratsın. Torpaqdan istifadə etməyənin əlindən torpaq alınmalıdır. O, setkadan neçə metr aralı ağac əkmişdirsə, o da o qədər məsafədə ağac əksin ona ziyanlıq vurmasın. Hər ağacın öz ara məsafəsi olmalıdır. O bağına elektrik xətti çəkib, o da onun bağının içindən keçir. Çəkilən xətt o qədər aşağıdır ki, o ağacların ortasından keçir. Bu da insanın həyatı üçün təhlükəlidir. Dəfələrlə deməyinə baxmayaraq o heç nəyə məhəl qoymur. Buradan da görünür ki, cavabdeh qonşuluq hüququnu pozmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 payızda ağacların sərhəddən çıxarılmalı olduğunu, onun yerində başqa ağacların və aralı əkilməli olduğunu, ara məsafəsinə riayət edilməli olduğunu bildirmiş və məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı rədd edərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir və əlavə olaraq bildirmişdir ki, ağacları budamış, çəpərə yığılan çır-çırpını da götürmüşdür. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmişdir. Buna baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsiylə bağlı məhkəməyə heç bir məlumat verməmişdir.Məhkəmə işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehi dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, mülki işin materiallarına əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1980-ci ildə Bərdə rayonu, Şorəlli kəndində anadan olmuşdur. Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi, ev 72, m 9-da yaşayır. AZE seriyalı, 02924041 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.1948-ci ildə Bərdə rayonu, Cəyirli kəndində anadan olmuşdur. Bərdə rayonu, Şorəlli kəndində yaşayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Aparatı tərəfindən X2 ünvanlanmış xx.xx.2022-ci il tarixli, 3M-13671 nömrəli sorğuya cavabdan görünür ki, Azərbaycan Respublikası Mülki-Prossesual Məcəllənin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Odur ki, X4 həmin Məcəllənin 34, 35, 149 və 150-ci maddələrinin tələblərinə riayət etməklə iddia ərizəsi ilə cavabdehin olduğu yer üzrə birinci instansiya məhkəməsinə müraciət edə bilər. Bərdə rayon Mərkəzi Xəstəxanası “publik hüquqi şəxsi” Şüa-Diaqnostika Kabineti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli sənəddən görünür ki, X5 müayinədən keçmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2022 qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bərdə rayonu, Cəyirli kəndində yerləşən 1.0864 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Bərdə rayon Polis Şöbəsi tərəfindən Bərdə rayon Vəkil Bürosunun rəhbəri X3 ünvanlanmış sorğuya xx.xx.2023-cü il tarixli cavabdan görünür ki, xx.xx.1971-ci il təvəllüdlü Cavabdeh1 xx.xx.2021-ci il tarixdə Asan-Bərdə tərəfindən AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilmiş və o, Şuşa şəhəri, Əhməd Ağa oğlu küçəsi, ev 10, xx.xx.1938-ci il təvəllüdlü Cavabdeh2, xx.xx.2005-ci il tarixdə Bərdə RPŞ QŞVB tərəfindən AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilmiş və o, ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ********** nömrəli ödəniş qəbzindən görünür ki, X4 100 manat dövlət rüsumu və 0.40 qəpik xidmət haqqı ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 qeyriqanuni hərəkətlərinə son qoyulması və qonşuluq hüququnun pozulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Konstitusiyanın 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa Məhkəməsi mülkiyyət hüququna daha geniş təfsir imkanları olan “dəyərlilik” konsepsiyası baxımından yanaşır. Konvensiya anlamında "Mülkiyyət" üçün mühüm və həlledici olan sözügedən marağın iqtisadi dəyəridir. Mülkiyyət özündə daşınan və daşınmaz əmlakı, maddi və qeyri-maddi əmlakı birləşdirir. Yəni, “maddi nemətlər”də (pul, əmlak və s.) mülkiyyət hüquqlarının hüdudları daxilində dəyərləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: - mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması; - mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; - mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş veribverməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” işdə məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Bu kontekstdə və qeyd edilən normaların tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki işdə iddianın təmin olunmaması qanuni və ədalətli olmaqla, həm də ədalət mühakiməsinin məqsədlərinə uyğundur. Belə ki, iddiaçı cavabdehlərin onun hasarına (setkasına) yaxın ərazidə ağacları sıx əkdiyini və ağacların ara məsafəsinə riayət edilməməsi səbəbindən əkildiyini və onun ağaclarının gün üzü görmədiyini qeyd etsə də bunu mötəbər sübutlarla sübut edə bilməmiş və əgər qeyd edilənlərin real olduğu təqdirdə onun ağaclarına hansı şəkildə ziyan vurulması da iş materialları ilə müəyyən edilmir. Bundan başqa qanunvericilikdə ağacların ara məsafəsi gözlənilməklə əkilməsinə dair müddəa yoxdur. İddiaçı məhkəmə iclasında cavabdehlərin ağaclarının kökündən çıxarılaraq ara məsafəsinə riayət edilməklə əkilməsini istədiyini bildirmişdir ki, qeyd edilən tələbin təmin edilməsi mülkiyyətə əsassız müdaxilə ilə nəticələnəcəkdir. Belə ki, hər bir şəxsin ona məxsus əmlaka sərbəst surətdə sahib olmaqla ondan istifadə etmək hüququna malikdir və mülkiyyətdən istifadə digər şəxslərin hüquqlarına xələl gətirməməlidir. Burada isə digər şəxsin hüquqlarının pozulması müşahidə edilmir. Məhkəmənin şifahi qeydini nəzərə alaraq Cavabdeh1 çəpərin dibini kol-kosdan təmizlədiyini və iddiaçının həyətinə doğru əyilən ağac budaqlarını kəsərək onları təmizlədiyini bildirmiş və bu haqda fotoşəkilləri məhkəməyə təqdim etmişdir. Məhkəmə bu qənaətə gələrkən həm də onu nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Qanunvericiliyin tələblərinə görə, işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktlar tədqiq edilməli, həmçinin mübahisənin düzgün həllinə təsir edən digər hallar da araşdırılmalıdır. Mülki işlər üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. MPM-in 217.4-cü maddəsinə əsаsən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «İddiaçı şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). MPM-in 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Bundan başqa məhkəmə qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qonşuluq hüququnun pozulması” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, rəsmi təqdim edildiyi gündən 1(bir) аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №2(021)-1835/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1835/2023
04.07.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver