Məhkəmə qərarları › İş №2(021)-1870/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1870/2021

10.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1870/2021 10.06.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X10, İddiaçı Zahid qızının, Cavabdeh Məcnunov Musa Ərəstun oğlunun iştirakları ilə, İddiaçı Zahid qızının cavabdeh Cavabdeh Ərəstun oğluna qarşı «alimentin artırılması tələblinə» dair iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı Zahid qızı cavabdeh Cavabdeh Ərəstun oğluna qarşı «alimentin artırılması tələbinə» dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bərdə Rayon Məhkəməsinin 25 iyul 2018-ci il tarixli, 2(021)-3497/2018 saylı qətnaməsi əsasında cavabdeh Cavabdeh Ərəstun oğlundan azyaşlı uşaqları 21 fevral 2006-cı il təvəllüdlü X11 və 16 yanvar 2007-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqarının artırılaraq hər ay hər uşağa görə 175 manat sabit məbləğdə, cəmi 350 manat alimentin alınaraq onun xeyrinə verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı Zahid qızı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, Bərdə Rayon Məhkəməsinin 25 iyul 2018-ci il tarixli, 2(021)-3497/2018- saylı qətnaməsi ilə iddiaçı Fətullayevaa (Məcnunov) Sitarə Zahid qızının Cavabdeh Ərəstun oğluna qarşı aliment tələbinə dair iddia ərizəsi qismən təmin edilərək tərəflərin birgə nikahlarından anadan olmuş 21 fevral 2006-cı il təvəllüdlü X11 və 16 yanvar 2007-ci il təvəllüdlü X18 oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabadeh Məcnunov Musa Ərəstun oğlundan hər ay hər uşağa görə 90 manat cəmi 180 (yüz səksən) manat məbləğində alimentin iddiaçının xeyrinə verilməsi qət edilmişdir. Bərdə Rayon Məhkəməsinin 25 iyul 2018-ci il tarixli, 2(021)-3497/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği hazırda şəraitin dəyişməsi ilə əlaqədar uşaqların heç bir tələbatının ödənilməsinə yetmir. Belə ki, həm uşaqlar böyümüş tələbatları artmışdır. Bundan əlavə Bərdə şəhəri, H.Əliyev prospekti ünvanında yerləşən evdə ayda 200 manat ödəməklə, uşaqları ilə birlikdə kirayə etdiyi evdə yaşayırlar. Hesab edir ki, məhkəmə qərarı qəbul edilən zaman bu halı diqqətəlayiq hal kimi qiymətləndirilir. Bundan başqa ölkədə yetkinlik yaşına çatmayanlar üçün yaşayış minimumu dəyişdirilmiş və 2021-ci ildə qanunla hər uşaq üçün 175 manat müəyyən edilmişdir. Cavabdeh yaxşı maddi imkana, kifayət qədər gəlir və qazanca malik olmasına baxmayaraq azyaşlı uşaqlarının nə ilə dolandırması ilə ümumiyyətlə maraqlanmır. Uşaqların bütün qayğısını ehtiyacını tamamilə o, çəkir, böyüdükcə uşaqlarda valdeyinlərinə qarşı ehtiyac və tələbat artsa da cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşaqın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı həm də maddi tələbatlarını ödəmək tək qadın kimi ona çox çətindir. Buna görə də aliment məbləğinin artıırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iclasında İddiaçı Zahid qızı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh Ərəstun oğlu iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçıya iki uşağın saxlanılması üçün ödədiyi alimentdən arıtq məbləğdə aliment verməyə imkanı yoxdur. Hal-hazırda ailəli olduğunu, evləndiyi qadınla birgə nikahlarından uşağı olduğunu bildimirdir. Aliment ödəməkdən imtina etmir, lakin hər ay bir uşağa görə əvvəlki məhkəmə qətnaməsi ilə təyin edilmiş 90 manat aliment ödəyə bilər. Bundan artıq məbləğə gücü çatmır. Alimentin artırılmasına etiraz edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Zahid qızı xx xxxx 1986-cı il tarixdə Bərdə rayonu, Kələntərli kəndində doğulmuşdur, Bərdə rayonu, Kələntərli kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Aərbaycan Respublikası Bərdə rayon İcra Hakimiyyəti Baçısının Yenidaşkənd kənd inzibati ərazi dariəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 25 fevral 2021-ci il tarixli 48 saylı arayışdan görünür ki, X12 Yenidaşkənd kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş AZ-İİ 768318 nömrəli, 04 may 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, tərəflərin birgə nikahından 21 fevral 2006-cı il təvəllüdlü Məcnunov Şamxal Musa oğlu anadan olmuşdur, anası İddiaçı, atası Cavabdeh Ərəstun oğludur. İş materiallarına əlavə olunmuş AZ-İ 945455 nömrəli, 04 may 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, tərəflərin birgə nikahından 16 yanvar 2007-ci il təvəllüdlü Məcnunov Ərəstun Musa oğlu anadan olmuşdur, anası İddiaçı, atası Cavabdeh Ərəstun oğludur. İş materiallarına əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin 2(021)-3497/2018 saylı, 25 iyul 2018-ci il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, iddiaçı Fətullayeva Sitarə Zahid qızının Cavabdeh Ərəstun oğluna qarşı aliment tələbinə dair idsiası qismən təmin ediln edilmiş, 21 fevral 2006-cı il təvəllüdlü X11 və 16 yanvar 2007-ci il təvəllüdlü X18 oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Cavabdeh Ərəstun oğlundan 27 iyun 2018-ci il tarixdən başlayaraq ayda hər uşaq üçün 90 (doxsan) manat, cəmi 180 (yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X5 verilməsi qət edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-3497/2018 saylı, 25 iyul 2018-ci il tarixli qətnaməsi ilə hər ay iki uşağın saxlanılması üçün Cavabdeh Ərəstun oğlundan sabit pul məbləğində cəmi 180 manat miqdarında aliment tutularaq X9 xeyrinə verilməsi müəyyən olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 17-cı maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması ücün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq Hüquqları haqqında” Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq Hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsədə məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Ailə Məcəlləsinin 76.2-ci maddəsinin tələbinə görə, Məcəllənin 76.1-ci maddəsində müəyyən edilmiş payların miqdarı məhkəmə tərəfindən, tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İstinad edilən maddi normalara görə uşaqların saxlanması üçün alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə ilk olaraq qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Məhkəmə həmçinin qeyd edir ki, qanunvericiliyə görə aliment 2 formada tutula bilər: qazancın və başqa gəlirlərin müəyyən hissəsi kimi və sabit pul məbləğində. Alimentin məbləği ilə bağlı olaraq isə ilk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan RespublikasıAilə Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanılmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə minimum təminat səviyyəsini nəzərdə tutur. Həmin minimum təminat səviyyəsindən daha yüksək məbləğdə alimentin təyin olunması isə aliment tutulan şəxsin qazancları barədə sübutların olmasından asılıdır. Hazırki halda isə məhkəmə cavabdehin aliment ödəmək imkanına malik olduğunu nəzərə alır və alimentin sabit pul məbləğində tutulması qənaətinə gəlir. Həmçinin uşaqları saxlamaq hər iki valideyinin vəzifə olduğunu nəzərə alır. İddia tələbi 175 (bir yüz yetmiş beş) manatdan artıq alimentin tutulması hissəsində təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin, bu halda İddiaçı Zahid qızı cavabdehin qeyd olunan məbləğdə alimenti ödəmək iqtidarında olması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etmədi. Bu səbəbdən məhkəmə hesab edir ki, iddianın tam şəkildə təmin edilməsi cavabdeh X7 üzərinə icrası mümkün olmayan öhdəliyin qoyulması ilə nəticələnə bilər. Beləliklə məhkəmə hesab edir ki, Bərdə Rayon Məhkəməsinin qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək 21 fevral 2006-cı il təvəllüdlü X11 və 16 yanvar 2007-ci il təvəllüdlü X18 oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Ərəstun oğlundan hər ay hər uşağa görə 130 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı Zahid qızının xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə onu da qeyd edir ki, hazırkı iş üzrə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tutulduğundan dəyişdirilmiş alimentin məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. (Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il QƏRARİ) . Azərbaycan Respublikası Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Müki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 21 fevral 2006-cı il təvəllüdlü X11 və 16 yanvar 2007-ci il təvəllüdlü X18 oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün Bərdə Rayon Məhkəməsinin 2(021)- 3497/2018 saylı, 25 iyul 2018-ci il tarixli qətnaməsi tutulan alimentin məbləği dəyişdirilərək hər ay hər uşağa görə 130 (bir yüz otuz) manat, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində müəyyən edilməklə Cavabdeh Ərəstun oğlundan alınaraq İddiaçı Zahid qızının xeyrinə ödənilsin. Alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar