Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1887/2024 12.09.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X9 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı “Alimentin məbləğinin artırılması” tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(021)-1081/2022 saylı qətnaməsi ilə Cavabdeh hər ay hər uşağın saxlanması üçün tutulan 130 manat, cəmi 260 manat məbləğində alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat məbləğində müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2014-cü il tarixdə qeyri-rəsmi olaraq ailə qurub evlənmişlər. Nikahlarını xx.xx.2015-ci il tarixdə rəsmiləşdirmişlər. Onların birgə nikahlarından xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2017ci il təvəllüdlü X5 adlı 2(iki) övladları anadan olmuşdur. Aralarında olan narazılıqlara görə xeyli zamandır ki, ayrı yaşayırlar. Ailə münasibətləri pozularkən Bərdə Rayon Məhkəməsinə müraciət edərək azyaşlı övladarının saxlanılması üçün aliment tələb etmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-1081/2022 saylı qətnaməsi ilə hər ay hər uşağın saxlanılması üçün Cavabdeh sabit pul məbləğində 130 manat olmaqla, cəmi 260 manat məbləğində alimentin alınaraq onun xeyrinə verilməsinə dair qərar qəbul edilmişdir. Hazırda respublikada hər bir ərzaq və ehtiyacların qiyməti getdikcə artır. Hazırda hər ay hər uşağa görə cəmi 260 manat məbləğində aliment ilə övladlarının heç bir tələbatlarını ödəyə bilmir. Övladları məktəblidir və onların tələbatları günü gündən artır. Cavabdeh isə övladlarının saxlanılmasında əlavə heç bir maddi yardım etmir. Cavabdeh fərdi əməklə məşğul olur, aylıq qazancı yüksəkdir, imkanına görə hər ay övladlarının saxlanılması üçün 235 manat olmaqla, cəmi 470 manat məbləğində aliment ödəyə bilər. Bunun üçün də aliment məbləğinin artırılmasını istəyir ki, övladlarının bütün maddi tələbatlarını ödəsin. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və iddiasının təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək göstərdi ki, iddiaçı ilə 2014-cü ildə evlənmiş, birgə nikahlarından iki uşaqları doğulmuşdur. Aralarında yaranan narazılıqlara görə ayrılmışlar. Ayrıldıqdan sonra uşaqları iddiaçının yanında qalmışdır. Bərdə Rayon Məhkəməsinin qətnaməsinə əsasən hər ay iki uşağın saxlanılması üçün iddiaçıya 260 manat məbləğində aliment ödəyir. Heç bir yerdə işləmir, fəhləlik edir. Yenidən başqa qadınla evlənmişdir, arvadı hazırda hamilədir. İddiaçının tələb etdiyi məbləğdə aliment ödəməyə imkanı yoxdur. İddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1996-cı ildə Bərdə rayonu Qaradəmirçi kəndində anadan olmuşdur, Bərdə rayonu Qaradəmirçi kəndində qeydiyyatdadır. Şəxsiyyət vəsiqəsi məlumatından görünür ki, Cavabdeh xx.xx.1994-cü ildə Bərdə rayonu Nazirli kəndində anadan olmuşdur, Kəlbəcər rayonu Çopurlu kəndində qeydiyyatdadır. Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 06 iyul 2022-ci il tarixli arayışlardan görünür ki, tərəflərin birgə rəsmi nikahlarından 03 fevral 2015-cü ildə Hüseyn və 21 iyul 2017-ci ildə Məryəm adlı uşaqları anadan olmuşdur. 03 fevral 2015-ci il təvəllüdlü X3 və 21 iyul 2017-ci il təvəllüdlü X1 atası Cavabdehdur. Bərdə Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, 2(021)-1081/2022 saylı qətnaməsindən görünür ki, Cavabdeh X4 qarşı nikahın pozulması və uşaqların himayədə saxlanılması tələbinə dair mülki iş üzrə ilkin iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh ilə X2 arasında 08 aprel 2015-ci ildə Bərdə rayon Qaradəmirçi kənd İnzibati Ərazi Vahidi üzrə icra nümayəndəliyində bağlanmış və 13 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından 03 fevral 2015-ci ildə anadan olmuş X3 və 21 iyul 2017-ci ildə anadan olmuş X1 ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X2 himayəsində qalması, ilk iddia tələbinin qalan hissədə təmin edilməməsi, X2 Cavabdeh qarşı aliment tələbinə dair qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, 03 fevral 2015-ci ildə anadan olmuş X3 və 21 iyul 2017-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh 10 aprel 2022-ci ildən başlayaraq ayda hər uşağa görə 130 (bir yüz otuz) manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat miqdarında alimentin alınaraq X4 verilməsi, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 18 iyul 2023-cü il tarixli AZ-İ 464896 nömrəli Nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X2 arasında olan nikah Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikah pozulduqdan sonra kişiyə Tağıyev, qadına isə Hüseynova soyadı verilmişdir. 18 mart 2024-cü il tarixli, MŞG/MT032/2024-00203 nömrəli arayışdan görünür ki, İddiaçı “Mediasiya haqqında“ Azərbaycan Respublikasının Qanununun 21.8-ci maddəsinin tələblərinə uyğun olaraq arayış verilmişdir. 18 mart 2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı mediasiya xidmətinə müraciət üçün 50 manat məbləğində rüsum ödəmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin 4-ci bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun: 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinə görə, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. BMT-nin 12 noyabr 1989-cu il tarixli “Uşaq hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı ücün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının AM və ya AM): 75.1.-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə görə, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında yaşayış minimumu haqqında” 30 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanununa görə, Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmənin qənaətinə görə, alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib vəzifələridir. Azərbaycan Respublikasının AM-nin: 56.1-ci maddəsinə görə, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə, valideynlərin uşaqların saxlanılması üçün bərabər məsuliyyət daşımasını, alimentin tutulması barəsində məhkəmə qətnaməsi qəbul edilməsindən iki ildən artıq müddət keçməklə uşaqların tələbatlarının artmasını, bununla yanaşı Cavabdeh qazancının qeyri-müntəzəm olmasını, yenidən ailə qurub evlənməklə yeni arvadının hamilə olmasını, ayda hər uşağa görə 235 manat miqdarında aliment təyin edilməsinin cavabdehin yeni qurduğu ailə üçün məhrumiyyətlər yarada biləcəyini, iddiaçının cavabdehin işləməsi və ya gəlirlərinin artması haqqında sübut təqdim etməməsini, cavabdehin sabit pul məbləğində ayda hər uşağa görə 235 manat miqdarında aliment ödəməsinin real olmamasını nəzərə alaraq belə hesab edir ki, iddia qismən təmin edilməli, göstərilən diqqətəlayiq hallar, habelə tərəflərin maddi və ailə vəziyyəti, uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutulmaqla Bərdə Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, 2(021)-1081/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin artırılaraq 03 fevral 2015-ci ildə anadan olmuş X3 və 21 iyul 2017-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdehdan hər ay hər uşağa görə 160 manat məbləğində alimentin sabit pul məbləğində tutularaq İddiaçı verilməsi qanuna və məqsədəuyğundur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 nömrəli qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə hesab edir ki, alimentin tutulması “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarına əsasən qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 222.2-ci maddəsinə görə, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Qeyd olunanlarla yanaşı, işdən görünür ki, iddiaçı mediasiya xidmətinə müraciət üçün 50 manat məbləğində dövlət rüsumu ödəmişdir. MPM-nin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia qismən təmin edildiyindən mediasiya xidmətinə müraciət üçün ödənilmiş 50 manat məbləğində rüsum cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddiaçı Cavabdeh qarşı “Alimentin məbləğinin artırılması” tələbinə dair iddiası qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, 2(021)-1081/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq 03 fevral 2015-ci ildə anadan olmuş X3 və 21 iyul 2017-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 160 (bir yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat miqdarında aliment sabit pul məbləğində qətnamə qanuni qüvvəyə mindiyi gündən tutularaq İddiaçı verilsin. Mediasiya xidmətinə müraciət üçün ödənilmiş 50 (əlli) manat məbləğində rüsum Cavabdeh alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №2(021)-1887/2024
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1887/2024
12.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver