Məhkəmə qərarları › İş №2(021)-1899/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1899/2024

25.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1899/2024 25.06.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X10 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı “Alimentin məbləğinin artırılması” tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh birgə nikahlarından olan, 01 iyul 2013-cü il təvəllüdlü X5 və 22 mart 2015-ci il təvəllüdlü X8 adlı azyaşlı övladlarının saxlanılması üçün Bərdə rayon Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli, 2(021)-2215/2020 saylı qətnaməsi ləğv edilərək aliment məbləğinin artırılaraq hər ay bir uşağa 235 manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulmasına və Mediasiyaya ödədiyi 50 manat dövlət rüsumunun ona geri qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə birgə nikahlarından 01 iyul 2013-cü il təvəllüdlü X5 və 22 mart 2015-ci il təvəllüdlü X8 adlı övladları anadan olmuşdur . Bərdə Rayon Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli, 2(021)-2215/2020 saylı qətnaməsinə əsasən, 16 noyabr 2011-ci il tarixdə 760 nömrə ilə qeyd edilmiş rəsmi nikahlarının pozulması, birgə nikahlarından olan 01 iyul 2013-cü il təvəllüdlü X5 və 22 mart 2015-ci il təvəllüdlü X8 adlı övladlarının onun himayəsində saxlanılması və azyaşlı övladlarının saxlanılması üçün hər ay bir uşağa 120 manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat məbləğində alimentin onun xeyrinə ödənilməsi haqda qərar qəbul edilmişdir. Cavabdeh birgə nikahlarından olan 01 iyul 2013- cü il təvəllüdlü X5 və 22 mart 2015-ci il təvəllüdlü X8 adlı azyaşlı övladlarının saxlanılması üçün Bərdə Rayon Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli, 2(021)-2215/2020 saylı qətnaməsinin ləğv edilməsini və aliment məbləğinin artırılaraq hər ay bir uşağa 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulmasına və Mediasiyaya ödədiyi 50 manat dövlət rüsumunun ona verilməsinə dair qətnamə qəbul edilməsini istəyir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi, əlavə olaraq göstərdi ki, cavabdeh aliment borcunu vaxtında ödəmədiyi üçün inzibati qaydada məsuliyyətə cəlb edilmişdir. Sonuncunun hazırda 4035 manat məbləğində aliment borcu var. İddiasının təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X6 iddianı qəbul etməyərək göstərdi ki, Cavabdeh əridir. Sonuncu ilə 2020-ci ildə evlənmiş, birgə nikahlarından 08 sentyabr 2022ci ildə doğulmuş X3 adlı 1 övladları var. Cavabdeh Bərdə Rayon Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli qətnaməsinə əsasən hər ay iki uşağın saxlanılması üçün iddiaçıya 240 manat məbləğində aliment ödəməlidir. Cavabdeh xəstədir, böyrəyi işləmir, əməliyyat olunacaq, hazırda heç bir yerdə işləmir. Ona görə də aliment borcunu vaxtında ödəyə bilmir. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1991-ci ildə Bərdə rayonunda anadan olmuşdur, Bərdə şəhəri A.Vəzirov küçəsi ev 1də qeydiyyatdadır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 02 aprel 2024-cü il tarixli 1498 nömrəli arayışından görünür ki, Təhməzova X7 şəhəri A.Vəzirov küçəsi ev 1-də yaşayır. Bərdə regional “ASAN xidmət” mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 16 may 2017-ci il tarixli, AZ-İİİ 926425 nömrəli və 16 may 2017-ci il tarixli AZ-İİİ 326426 nömrəli Doğum haqqında şəhadətnamələrdən görünür ki, tərəflərin birgə rəsmi nikahlarından 01 iyul 2013-cü ildə Yaşar və 22 mart 2015-ci ildə Əli adlı uşaqları anadan olmuşdur. 01 iyul 2013-cü il təvəllüdlü X2 və 22 mart 2015-ci il təvəllüdlü X4 atası Cavabdehdur. Bərdə Rayon Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli, 2(021)-2215/2020 saylı qətnaməsindən görünür ki, iddiа qismən təmin edilmiş, İddiaçı və Cavabdeh arasında xx.xx.2011-ci il tarixdə 760 nömrə ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X4 İddiaçı himayəsində və yanında saxlanılması, xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay, hər uşağa görə 120 manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat məbləğində alimentin tutularaq İddiaçı verilməsi, alimentin tutulma müddətinin məhkəməyə müraciət edildiyi vaxtdan, yəni 02 iyul 2020-ci il tarixdən müəyyən edilməsi, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi, 20 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı Yaşar qızına verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. 24 aprel 2024-cü il tarixli, MŞB/MT039/2024-00167 nömrəli arayışdan görünür ki, İddiaçı “Mediasiya haqqında“ Azərbaycan Respublikasının Qanununun 21.8-ci maddəsinin tələblərinə uyğun olaraq arayış verilmişdir. 24 aprel 2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı mediasiya xidmətinə müraciət üçün 50 manat məbləğində rüsum ödəmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin 4-ci bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun: 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinə görə, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. BMT-nin 12 noyabr 1989-cu il tarixli “Uşaq hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı ücün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının AM və ya AM): 75.1.-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə görə, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında yaşayış minimumu haqqında” 30 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanununa görə, Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmənin qənaətinə görə, alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib vəzifələridir. Cavabdehin nümayəndəsinin təqdim etdiyi şəxsiyyət vəsiqəsinin surətindən və Şəxsiyyət vəsiqəsi məlumatları portalından çıxarışdan görünür ki, X3 08 sentyabr 2022-ci ildə doğulmuşdur. Azərbaycan Respublikasının AM-nin: 56.1-ci maddəsinə görə, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə, valideynlərin uşaqların saxlanılması üçün bərabər məsuliyyət daşımasını, alimentin tutulması barəsində məhkəmə qətnaməsi qəbul edilməsindən dörd ilə yaxın müddət keçməklə uşaqların tələbatlarının artmasını, bununla yanaşı Cavabdeh qazancının qeyri-müntəzəm olmasını, yenidən evlənməklə ieni ailəsindən himayəsində 1 nəfər azyaşlı uşağının olmasını, ayda hər uşağa görə 235 manat miqdarında aliment təyin edilməsinin cavabdehin yeni qurduğu ailə və yeni nikahından 08 sentyabr 2022-ci ildə doğulmuş azyaşlı X3 üçün məhrumiyyətlər yarada biləcəyini, iddiaçının cavabdehin işləməsi və ya gəlirlərinin artması haqqında sübut təqdim etməməsini, cavabdehin nümayəndəsinin (arvadının) məhkəmə iclasında verdiyi izahatında cavabdehin xəstə olmasını göstərməsini, cavabdehin sabit pul məbləğində ayda hər uşağa görə 235 manat miqdarında aliment ödəməsinin real olmamasını nəzərə alaraq belə hesab edir ki, iddia alimentin miqdarının artırılması hissədə qismən təmin edilməli, göstərilən diqqətəlayiq hallar, habelə tərəflərin maddi və ailə vəziyyəti, uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutulmaqla Bərdə Rayon Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli, 2(021)-2215/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin artırılaraq 01 iyul 2013-cü ildə anadan olmuş X2 və 22 mart 2015-ci ildə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 150 manat məbləğində alimentin sabit pul məbləğində tutularaq İddiaçı verilməsi qanuna və məqsədəuyğundur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 nömrəli qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə hesab edir ki, alimentin tutulması “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarına əsasən qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 222.2-ci maddəsinə görə, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Qeyd olunanlarla yanaşı, işdən görünür ki, iddiaçı mediasiya xidmətinə müraciət üçün 50 manat məbləğində dövlət rüsumu ödəmişdir. MPM-nin: 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia qismən təmin edildiyindən mediasiya xidmətinə müraciət üçün ödənilmiş 50 manat məbləğində rüsum cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddiaçı Cavabdeh qarşı “Alimentin məbləğinin artırılması” tələbinə dair iddiası qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli, 2(021)-2215/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq 01 iyul 2013-cü ildə anadan olmuş X2 və 22 mart 2015-ci ildə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat miqdarında aliment sabit pul məbləğində qətnamə qanuni qüvvəyə mindiyi gündən tutularaq İddiaçı verilsin. Mediasiya xidmətinə müraciət üçün ödənilmiş 50 (əlli) manat məbləğində rüsum Cavabdeh alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar