Məhkəmə qərarları › İş №2(021)-1910/2024

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-1910/2024

10.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-1910/2024 10.06.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X1 iclas kаtibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı “təhvil veilmiş pambığa görə dövlət büdcəsinin vəsaiti hesabına məhsul subsidiyasının ödənilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən torpaq sahəsində istehsal edib təhvil verdiyi kondisiya çəkisi 17687.30 kq xam pambıq nəhsuluna görə 3006.84 manat subsidiya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi İlkin Sadıqov məhkəməyə iddia ərizəsinə etiraz ünvanlayaraq, iddianın əsassız olmasına görə rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək məhkəmədən təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə əvvəlcədən lazimi qaydada məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndəsinin üzürlü səbəbdən iştirak etməməsi ilə bağlı məhkəməyə əvvəlcədən lazimi qaydada məlumat verməmişdir. Məhkəmə işə cavabdhin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X2 iddiada göstərilən xüsusatları təsdiq etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Məhkəmə iddia tələbini iş materialları ilə əlaqəli şəkildə nəzərdən keçirərək hesab edir ki, iddia tələbinə baxılması mülki məhkəmənin səlahiyyətinə aid olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, hazırki tələbə inzibati məhkəmədə baxıldığından iş üzrə icraata xitam verilməli və iddiaçı inzibati məhkəməyə müraciət etməlidir. Çünki, cavabdeh təşkilat inzibati orqanların təsnifatında yer almaqla inzibati orqandır və iddiaçı cavabdehdən subsidiya ödənilməsi öhdəliyinin icrasını tələb edir. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı tələbə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı cavabdeh orqana qarşı müvafiq öhdəliyin cavabdehin üzərinə qoyulması tələbi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etməlidir. MPM-in 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.3-cü maddəsinə əsasən bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 261, 263, 264, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı “təhvil veilmiş pambığa görə dövlət büdcəsinin vəsaiti hesabına məhsul subsidiyasının ödənilməsi” tələbinə dair ərizəsi üzrə icraata xitam verilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən tələblə bağlı aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə müraciət etsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hаkim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar