Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1943/2024 02.07.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X2 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı “Pul tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 900 (doqquz yüz) manat məbləğində pulun və banka ödədiyi 30 manat dövlət rüsumu məbləğinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, 2024-cü ilin yanvar ayının axırlarında Cavabdeh ilə aralarında olan “QAZel” markalı avtomaşının alqı-satqısı ilə əlaqədar cavabdehin ona 900 (doqquz yüz) manat məbləğində borcu qalmışdır. Cavabdeh yaranmış 900 manat məbləğində borcunu 2024-cü ilin mart ayının axırlarına kimi ona ödəməyini öhdəsinə götürmüşdür. Dəfələrlə tələb etməsinə baxmayaraq Cavabdeh verdiyi vədinə əməl etməyərək ona olan 900 manat məbləğində borcunu qaytarmamışdır. Ona görə də hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı ərizəsini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və göstərdi ki, “QAZel” markalı avtomaşının satış qiymətini Cavabdeh ilə qarşılıqlı razılıq əsasında 4900 (dörd min doqquz yüz) manata qiymətləndirmişlər. Razılıqlarına uyğun olaraq cavabdeh özünə məxsus olan “VAZ 2106” markalı avtomobili barter qaydasında ona vermiş, həmin avtomobili 3100 (üç min yüz) manata qiymətləndirmişlər. Cavabdeh qalan 1800 (min səkkiz yüz) manatın 900 (doqquz yüz) manatını dərhal ödəmiş, 900 (doqquz yüz) manat isə borclu qalmışdır. Cavabdeh düzgün izahat vermir, cavabdehin borclu olduğu puldan ona 500 manat güzəşt etməmiş, ümumiyyətlə aralarında belə bir söhbət olmamışdır. Maşını cavabdehə satarkən sonuncu bilmişdir ki, maşının ötürücü qutusunda nasazlıq var və cavabdeh avtomaşını həmin nasazlıqla qəbul etməyə razılaşmışdır. Sonradan cavabdeh yanına gələrək maşının ötürücü qutusunda olan nasazlığa görə ona kömək etməsini istəmiş, o da borclu olduğu pulu əgər indi verərsə 300 manat kömək edə biləcəyini bildirmişdir. Lakin cavabdeh pulu gətirməmiş, bu səbəbdən də aralarında olan razılaşma pozulmuşdur. İddiasının təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək göstərdi ki, onların aralarında gerçəkdən avtomobil alqı-satqısı olmuşdur, lakin iddiaçı düz danışmır. Belə ki, onun “VAZ 2106” markalı avtomobili olmuş, həmin avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçının isə “QAZel” markalı avtomobili olmuş və o, öz avtomobilini satmaq istəmişdir. Onlar avtomobillərini barter yolu ilə dəyişmək qərarına gəlmiş və onun avtomobilini 3100 manata qiymətləndirmişlər. İddiaçının “QAZel” markalı avtomobilini isə 4900 (dörd min doqquz yüz) manata qiymətləndirmişlər. Beləliklə də, onun İddiaçı 1800 manat borcu qalmışdır ki, həmin puldan da 900 manatını vermişdir. Yasinə 900 manat borcu qalmış, həmin borcunu mart ayında verməyi öhdəsinə götürmüşdür. İddiaçı ona avtomobili baş etibarnamə əsasında satmış, o da gedib avtomobili öz mülkiyyətinə rəsmiləşdirmişdir. Bir neçə gün sonra avtomobildə nasazlıqlar əmələ gəlmiş və İddiaçı zəng edərək satdığı avtomobilin xarab olduğunu, avtomobili qaytarmaq istədiyini bildirmişdir. İddiaçı isə ona bildirmişdir ki, onunla dəyişdiyi “VAZ 2106” markalı avtomobili artıq başqa şəxsə satmışdır. İddiaçı ondan borclu qaldığı 900 manatı istədikdə isə avtomobilin xeyli xərci olduğunu, bu barədə danışmalarını bildirmişdir. İddiaçı ona 900 manat puldan verdiyi maşında olan nasazlığa görə 500 manatı çıxdığını bildirərək, ona 400 manat qaytarmasını təklif etmiş, lakin o, bu təklifə razılaşmamışdır. Hesab edir ki, onun iddiaçıya heç bir borcu yoxdur. Əvvəl avtomobilin ötürücü qutusunda problemlər əmələ gəlmiş, sonra differensial körpü səs etməyə başlamış, təkərləri artıq yararsız hala düşmüşdür. Dəfələrlə iddiaçıya onun avtomobilini qaytarıb öz avtomobilini geri götürməsini təklif etmişdir. Lakin iddiaçı “VAZ 2106” markalı avtomobili satdığını bildirmişdir. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2000-ci ildə Yevlax rayonu Rüstəmli kəndində anadan olmuşdur, Yevlax rayonu Qaraməmmədli kəndində qeydiyyatdadır. Şəxsiyyət vəsiqəsi məlumatından görünür ki, Cavabdeh xx.xx.1988-ci ildə Bərdə rayonu Həsənqaya kəndində anadan olmuşdur, Bərdə rayonu Həsənqaya kəndində qeydiyyatdadır. Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının Qaraməmmədli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 03 aprel 2024-cü il tarixli, 5-9-8/2-110/2024 nömrəli arayışdan görünür ki, Ağayev X1 rayonu Rüstəmli kəndində yaşayır. İddiaçı Cavabdeh ünvanladığı 03 aprel 2024-cü il tarixli pretenziya-xəbərdarlıq məktubundan görünür ki, İddiaçı aralarında olan avtomaşının alqı-satqısı ilə əlaqədar ödənilməmiş qalan və ona borclu olduğu 900 manat məbləğində pulu 31 mart 2024-cü il tarixədək qaytarmağı öhdəsinə götürdüyünü, lakin həmin borcu qaytarmadığını qeyd edərək 900 manat məbləğində borcunu 10 gün ərzində qaytarmasını tələb etmiş, əks halda barəsində borc tələbi ilə bağlı məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir. 23 aprel 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, Cavabdeh 2024-cü ilin yanvar ayında İddiaçı “QAZel” markalı avtomaşın almış, tərəflər qarşılıqlı razılıq əsasında“QAZel” markalı avtomaşını 4900 (dörd min doqquz yüz) manata qiymətləndirmişlər. Razılıqlarına uyğun olaraq cavabdeh özünə məxsus olan “VAZ 2106” markalı avtomobili barter qaydasında iddiaçıya vermiş, həmin avtomobili isə 3100 (üç min yüz) manata qiymətləndirmişlər. Cavabdeh qalan 1800 (min səkkiz yüz) manatın 900 (doqquz yüz) manatını iddiaçıya dərhal ödəmiş, 900 (doqquz yüz) manat isə borclu qalmışdır. Cavabdeh borcunu 2024-cü ilin mart ayının sonunadək qaytaracağına söz versə də, qaytarmamışdır. Cavabdeh məhkəmə iclasında “QAZel” markalı avtomobili aldıqdan sonra ötürücü qutusunda, differensial körpüdə nasazlıq olduğunu, təkərlərin yararsız hala düşdüyü bildiyini və bu barədə iddiaçıya dedikdə sonuncunun borclu olduğu puldan 500 manat güzəşt etdiyini qeyd etmişdir. İddiaçı isə bununla razılaşmayaraq, cavabdehlə aralarında belə bir razılaşmanın olmadığını bildirmişdir. Cavabdeh “QAZel” markalı avtomaşına görə iddiaçıya 900 manat borclu qaldığını etiraf etmiş, lakin həmin puldan iddiaçının ona 500 manat güzəşt etməsi barədə məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. O cümlədən, məhkəmə iclasında tərəflərin izahatları ilə həmin 900 manat məbləğində pulun cavabdeh tərəfindən iddiaçıya ödənilmədiyi sübut olunur. Göründüyü kimi, cavabdehin iddiaçıya 900 manat məbləğində borcunun olması məhkəmə iclasında araşdırılmış mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MM və ya MM): 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 329.2.-ci maddəsinə görə, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3-cü maddəsinə görə, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Mülki mübahisənin gerçək hallarından görünür ki, cavabdeh iddiaçıdan “Qazel” markalı avtomaşın almış, aldığı avtomaşının pulunun bir hissəsini ödəsə də, 900 manat məbləğində borclu qalmışdır, cavabdeh borcunu 2024-cü ilin mart ayının sonunda ödəyəcəyinə söz versə də, ödəməmişdir. Azərbaycan Respublikasının MM-nin: 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.1-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 427.2-ci maddəsinə görə, əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 427.4-cü maddəsinə görə, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə göstərilənlərlə əlaqədar qeyd etməyi vacib hesab edir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmə yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu müəyyən etməlidir. Məhkəmə hesab edir ki, cavabdeh 900 manat məbləğində pulu iddiaçıya ödəməsini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etmədiyindən, cavabdeh həmin məbləğin iddiaçıya qaytarılması üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə müvafiq olaraq, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Məhkəmə işin faktiki hallarına və yuxarıda şərh olunan hüquq normalarının göstərişlərinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Borclu icranı gecikdirməklə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etmədiyi üçün iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Məhkəmə işin faktiki hallarını araşdırıb və yuxarıda göstərilən qanunvericilik normalarının məna və mahiyyətini nəzərə alıb hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 222.2-ci maddəsinə görə, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, habelə təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında da Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, İddiaçı öz iddia tələbinin haqlı olmasını mötəbər sübutlarla sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Qeyd olunanlarla yanaşı, işdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün dövlət büdcəsinə 30 manat dövlət rüsumu ödəmişdir. MPM-in 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia təmin edildiyindən iddianın qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 213, 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddiaçı Cavabdeh qarşı “Pul tələbi”nə dair iddiası təmin edilsin. Cavabdeh 900 (doqquz yüz) manat borc pul və 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 930 (doqquz yüz otuz) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №2(021)-1943/2024
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1943/2024
02.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver