Məhkəmə qərarları › İş №2(021)-1966/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1966/2024

16.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1966/2024 16.07.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X1 məhkəmə iclas kаtibliyi ilə, İddiаçı İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən icarə haqqı olan 3000 (üç min) manat, mühərrik yağının dəyəri olan 160 (yüz altmış) manat, yanacaq filterinin dəyəri olan 40 (qırx) manat, müqavilə üzrə icarə müddətinin bitmə tarixi olan 14 noyabr 2023-cü il tarixdən hazırkı iddia ərizəsinin məhkəməyə göndərildiyi 15 aprel 2024-cü il tarixədək, 153 gün müddətində əsas borcdan yaranmış 4896 (dörd min səkiz yüz doxsan altı) manat faiz borcunun (3200 AZN/100 %= 32 AZNX153 gün = 4896 AZN) və 100,96 (yüz manat doxsan altı qəpik) manat ödənilmiş dövlət rüsumunun, cəmi 8196,96 (səkkiz min yüz doxsan altı manat doxsan altı qəpik) manat pulun alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh təsisçisi və direktoru olduğu "xxxx" MMC ilə 14 oktyabr 2023-cü il tarixli "Avtomobil icarə müqaviləsi” bağlayaraq mülkiyyətimdə olan **-HG-*** dövlət qeydiyyat nişanlı “HYUNDAİ SANTA FE” markalı nəqliyyat vasitəsini hər günü 100 (yüz) manat olmaqla 30 (otuz) gün müddətinə icarəyə götürüb müqavilənin 1.1 və 3.1-ci bəndi). Tərəflər arasında olan razılaşmaya əsasən cavabdeh icarə haqqını icarə müddətinin sonuncu günü olan 14 noyabr 2023-cü il tarixdə ödəməli olsa da, cavabdeh icarə haqqı olan 3000 (üç min) (30 gün X 100 AZN=3000 AZN) manatı onu ödəməkdən bu günədək imtina edib. Bundan başqa, Cavabdeh tərəflər arasında bağlanmış müqavilənin 2.4.9-cu bəndinə əsasən nəqliyyat vasitəsinin dəyəri 160 (yüz altmış) manat olan mühərrik yağını və dəyəri 40 (qırx) manat olan yanacaq filterini dəyişməli olsa da, mühərrik yağını və yanacaq fılterini dəyişməkdən imtina edib. Beləliklə, cavabdehin ona 3200 (üç min iki yüz) manat əsas borcu yaranıb. Göstərilənləri nəzərə alaraq Cavabdeh icarə haqqı olan 3000 (üç min) manat, mühərrik yağının dəyəri olan 160 (yüz altmış) manat, yanacaq fılterinin dəyəri olan 40 (qırx) manat, müqavilə üzrə icarə müddətinin bitmə tarixi olan 14 noyabr 2023-cü il tarixdən hazırkı iddia ərizəsinin məhkəməyə göndərildiyi 15 aprel 2024-cü il tarixədək, 153 gün müddətində əsas borcdan yaranmış 4896 (dörd min səkiz yüz doxsan altı) manat faiz borcunun (3200 AZN /100 % = 32 AZNX153 gün = 4896 AZN) və 100,96 (yüz manat doxsan altı qəpik) manat ödənilmiş dövlət rüsumunun, cəmi (səkkiz min yüz doxsan altı manat doxsan altı qəpik) manat pulun alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. İddiaçı məhkəməyə ərizə göndərərək məhkəmə iclasında üzürlü səbəblərdən iştirak edə bilmədiyini və buna görə işə onun iştirakı olmadan baxılıb qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Belə olan halda məhkəmə işə iddiaçının və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, **********695400 saylı çıxarışdan göünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2016-cı il tarixdə dövlət qeydiyyatına alınmışdır. Təşkilati hüquqi forması Məhdud Məsuliyyətli Cəmiyyətdir. AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1986-ci il tarixdə anadan olmuşdur. Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş arayışından və AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1986-cı il tarixdə anadan olmuşdur, Bərdə rayonu, Kətəlparaq Ərazi Dairəsinin Kətəlparaq kəndində qeydiyyatdadır və yaşayır. Sürücülük vəsiqəsinin surətindən görünür ki, Cavabdeh BC.C dərəcəli sürücülük hüququ verilmişdir. İş materiallarında olan “İcarəyə verən” direktor İddiaçı şəxsində təmsil olunan "xxxx" MMC ilə “İcarəçi” Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 6 saylı Avtomobil icarə müqaviləsindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh “HYUNDAİ SANTA FE” markalı, **-GV-*** dövlət qeydiyyat nişanlı avtomobil günlük 100 manat ödəmək şərti ilə icarəyə verilmiş, icarəçi Cavabdeh icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “HYUNDAİ SANTA FE” minik markalı, **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi İddiaçıdur. xx.xx.2023-cü il tarixli 6 saylı PREMİUM SERVİCE-2016 Renta A CAR Yol vərəqəsindən görünür ki, Cavabdeh “HYUNDAİ SANTA FE” minik markalı, **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməsi üçün xx.xx.2023-cü il tarixdən saat 17:30da xx.xx.2023-cü il tarixədək saat 17:30-dək yol vərəqi yazılmışdır. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs X2 tərəfindən verilmiş 1/24 saylı 05 fevral 2024-cü il tarixli məktubdan görünür ki, şifahi sorğuya cavab olaraq bildirilmişdir ki, 2015-ci il buraxılışlı “HYUNDAİ SANTA FE” markalı nəqliyyat vasitəsinin mühərrik yağının dəyişdirilməsi 160 manat, yağ filterinin dəyişdirilməsi xərci 40 manat təşkil edir. xx.xx.2024-cü il tarixli, 84/24 saylı və xx.xx.2024-cü il tarixli, 195/24 saylı pretenziyalardan görünür ki, borcluya müqavilə üzrə mübahisənin məhkəmədən kənar qaydada həlli məqsədi ilə pretenziya məktubu göndərilmiş, borcun ödənməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə məlumat verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırılması üçün 101 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiаçı İddiaçı Cavabdeh icarə haqqı olan 3000 (üç min) manat, mühərrik yağının dəyəri olan 160 (yüz altmış) manat, yanacaq filterinin dəyəri olan 40 (qırx) manat, müqavilə üzrə icarə müddətinin bitmə tarixi olan 14 noyabr 2023-cü il tarixdən hazırkı iddia ərizəsinin məhkəməyə göndərildiyi 15 aprel 2024-cü il tarixədək, 153 gün müddətində əsas borcdan yaranmış 4896 (dörd min səkiz yüz doxsan altı) manat faiz borcunun (3200 AZN/100 %= 32 AZNX153 gün = 4896 AZN) və 100,96 (yüz manat doxsan altı qəpik) manat ödənilmiş dövlət rüsumunun, cəmi 8196,96 (səkkiz min yüz doxsan altı manat doxsan altı qəpik) manat pulun alınaraq İddiaçı ödənilməsi barədə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. 442-ci maddəsinə əsasən, öhdəliyin icrа edilməməsi dedikdə оnun pоzulmаsı və yа lаzımıncа icrа edilməməsi (vаxtındа icrа edilməməsi, mаllаrdа, işlərdə və xidmətdə qüsurlаrlа və yа öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pоzmаqlа icrа edilməsi) bаşа düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icrа etməyən bоrclu kreditоrа dəymiş zərərin əvəzini ödəməyə bоrcludur. 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3-cü maddəsinə görə əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Bundan başqa tərəflər arasında bağlanmış 14 oktyabr 2023-cü il tarixli 6 saylı Avtomobil icarə müqaviləsinin 2.2.11-ci bəndinə əsasən İcarəyə verən İcarəçidən Müqavilə dəyəri, həmçinin vurulmuş zərərə və digər ödənişlərin gecikməsinə görə gecikdirilən hər gün üçün müqaviləds nəzərdə tutulan miqdarda faiz tələb etmək hüququna malikdir. Həmin Müqavilənin 2.4.7-ci bəndinə əsasən İcarəyə verənin Müqavilə dəyəri, həmçinin vurulmuş zərər, cərimə, boşdayanma və sair bütün növ digər ödənişlərin gecikməsinə görə hər gün üçün müqavilədə nəzərdə tutulan miqdarda faizləri tələb etmək hüququ var. Həmin Müqavilənin 2.4.9-cu bəndinə əsasən İcarəçinin müqavilə dəyərindən əlavə yanacaq, yuma, dayanacaq, zərurət olduğu halda yağdəyişmə, əyləc mayesi və sair xərcləri ödəmək vəzifəsi var. Məhkəmə göstərilənlərlə əlaqədar qeyd etməyi vacib hesab edir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmə yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə müvafiq olaraq, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. İcarə Müqaviləsi də onun iştirakçılarının balanslaşdırılmış marağa nail olmaları ilə xarakterizə olunur. İcarə müqaviləsi ilə bağlı onu vurğulayaq ki, həmin müqaviləni bağlayan şəxslərin iqtisadi marağı onda ifadə olunur ki, bir tərəf – icarəyə verən əmlak və ya əşyanı icarəçinin istifadəsinə verməyi, icarəçi isə əmlakdan istifadə müqabilində icarə haqqı ödəməyi öhdəsinə götürür və əmlakdan istifadə nəticəsində gəlir əldə edir ki, nəticədə hər iki tərəfin iqtisadi marağı təmin edilir. Məhkəmə işin faktiki hallarına və yuxarıda şərh olunan hüquq normalarının göstərişlərinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi qismən əsaslıdır. Cavabdeh icranı gecikdirməklə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etmədiyi üçün iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda məhkəmə qeyd edir ki, tərəflərin mübahisəli hüquq münasibətləri üzrə iddia tələbi iddiada faiz qismində göstərilən dəbbə puluna münasibətdə qismən təmin edilməlidir. Belə ki, iddiaçı tərəfindən verilmiş iddia ərizəsindən görünür ki, iddiaçı cavabdehdən 4896 manat məbləğində faiz (cərimə) olan gecikmə borcunun tutulmasını məhkəmədən xahiş etmişdir. Belə ki, dəbbə puluna görə cavabdehin məsuliyyətli olub-olmaması məsələsi ilə bağlı qeyd olunmalıdır ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə müvafiq olaraq, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Maddənin məzmunundan göründüyü kimi, dəbbə pulu öhdəliyin icrasının təmini üsulu olmaqla yanaşı, həm də borclunun öz öhdəliyini icra etməməsi və ya lazımınca icra etməməsinə görə tərəflərin müəyyən etdiyi məsuliyyət növüdür. Lakin nəzərə alınmalıdır ki, məsuliyyətin bir növü olaraq dəbbə pulunun ödənilməsini kreditor yalnız borclunun, təqsiri olduğu təqdirdə tələb edə bilər. Mülki Məcəllənin 462.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. Beləliklə, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsində borclunun təqsiri olduğu halda kreditor dəbbə pulunun ödənilməsi ilə bağlı tələbi bu hərəkətləri törətmiş şəxsə qarşı irəli sürə bilər. Məhkəmə hesab edir ki, həmin məbləğ hazırki vəziyyətdə işin hаllаrınа tam uyğun deyildir və tənаsübsüz surətdə yüksəkdir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsinin “Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 449-cu mаddəsinin bəzi müddəаlаrının şərh оlunmаsınа dаir 09 iyul 2009-cu il tаrixli Plenum qərаrı”ndа göstərilmişdir ki, “digər tərəfdən, bоrclu şəxsin mülkiyyət mаrаqlаrı qоrunmаlı və оnun həddən аrtıq mаliyyə məsuliyyətinə cəlb оlunmаsının qаrşısı аlınmаlıdır”. Məhkəmə hesab edir ki, cərimənin miqdаrının bu qədər çоx оlmаsı cavabdehin mülkiyyət mаrаqlаrının qоrunmаsı və оnun həddən аrtıq mаliyyə məsuliyyətinə cəlb оlunmаsının qаrşısının аlınmаsı bаxımındаn məqsədəmüvаfiq deyildir. Ona görə də məhkəmə hesаb edir ki, cаvаbdehdən öz öhdəliyini lаzımıncа yerinə yetirməməkdə ifаdə оlunаn ümumi mаrаqlа оnun mülkiyyət hüquqlаrının müdаfiəsi аrаsındа ədаlətli tаrаzlığа nаil оlunmаsı bаxımındаn cərimənin miqdаrının аzаldılаrаq cavabdehdən 100 manat məbləğində tutulmasının müəyyən edilməsi məqsədəuyğun hesab oluna bilər. Həmçinin, tərəflər arasında müqavilə ilə razılaşdırıldığından cavabdehdən 160 manat mühərrik yağının dəyəri və 40 manat yanacaq filterinə görə vəsait də tutulmalıdır. MPM-in 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Belə ki, MPM-in 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə əsasən, məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında da Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilən 101 manatın 81 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalı, geri qalan 20 manat hissə isə və dövlət rüsumu ödənilərkən ödənilmiş 0,40 manat xidmət haqqı iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh icarə haqqı olan 3000 (üç min) manat, mühərrik yağının dəyəri olan 160 (yüz altmış) manat, yanacaq filterinin dəyəri olan 40 (qırx) manat, 100 (yüz) manat faiz borcu və 81 (səksən bir) manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun 20 manat hissəsi və dövlət rüsumu ödənilərkən ödənilmiş 0,40 manat xidmət haqqı iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar