Məhkəmə qərarları › İş №2(021)-198/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-198/2021

16.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-198/2021 16.09.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X16 oğlunun və Cavabdeh oğlunun iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh oğluna qarşı «maddi ziyan» tələbinə dair iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh oğluna qarşı « maddi ziyan» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X6 tərəfindən mənimsənilmiş 31422.08 manat ziyanın onun hüquqi varisi Cavabdeh oğlundan tutularaq İddiaçı MMC–yə ödənilməsi dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, X6 İddiaçı MMC-nin Ağdam Poçt filialının Qaradağlı poçt şöbəsinin rəisi vəzifəsində işləyərkən, ona etibar edilmiş X14 məxsus 31422.08 manat pulu mənimsəmişdir. Belə ki, Ağdam Rayon Prokurorluğunda cinayət işi açılmış, X3 X14 məxsus 31422.08 manat pulu mənimsəməsi xüsusatı üzrə onun barəsində 01.11.2019-cu il tarixdə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən cinayət təqibinə ittihamedici əsaslarla xitam verilmişdir. Aparılmış istintaqla müəyyən edilmişdir ki, Əkbərov Xəyal Ramiz oğlu X6 ilə münasibət yaradaraq onun etibarını qazanıb aldatma yolu ilə mütəmadi olaraq pulunu ələ keçirmişdir. Ağdam Rayon Məhkəməsiin 19.05.2020-ci il tarixli hökmü ilə Əkbərov Xəyal Ramiz oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 2 il 6 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Əkbərov Xəyal Ramiz oğlundan 30118 manat pulun alınaraq zərərçəkmiş şəxs X3 hüquqi varisi- Cavabdeh oğluna ödənilməsi müəyyən edilmişdir. Halbuki sözü gedən zərər Cavabdeh oğluna deyil, İddiaçı MMC-yə dəymişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi X16 oğlu iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh oğlu iddia tələbini qəbul etmədiyini bildirərək, iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Seriya AZE № 15131810 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh oğlu 05.05.1981-ci il tarixdə Ağdam rayonu Qaradağlı kəndində anadan olmuşdur. ünvan 1 ünvanında qeydiyyatdadır. Mülki işə əlavə olunmuş Ağdam Rayon Prokurorluğunun “cinayət işi üzrə icraata hissəvi xitam verilməsi və istintaq aidiyyatı üzrə göndərilməsi haqqında” 01.11.2019-cu il tarixli qərarından görünür ki, ********* nömrli cinayət işi üzrə X3 özünü asaraq intihar etməsi faktı üzrə cinayət hadisəsi olmaması əsasına görə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən hissəvi xitam verilməsi, X3 X14 məxsus 31422.08 manat pulu mənimsəməsi ilə bağlı onun barəsində Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən cinayət təqibinə ittihamedici əsaslarla xitam verilməsi, cinayət işi üzrə istintaqın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə davam etdirilməsi üçün cinayət işinin istintaq aidiyyatı üzrə Ağdam Rayon Polis Şöbəsinə göndərilməsi qərara alınmışdır. Mülki işə əlavə olunmuş Ağdam Rayon Prokurorluğunun “zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında” 10.06.2019-cu il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Cavabdeh oğlu zərərçəkmiş şəxs X3 hüquqi varisi qismində tanınmışdır. Mülki işə əlavə olunmuş Ağdam Rayon Məhkəməsiin 19.05.2020-ci il tarixli hökmündən görünür ki, Əkbərov Xəyal Ramiz oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 2 il 6 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Əkbərov Xəyal Ramiz oğlundan 30118 manat pulun alınaraq zərərçəkmiş şəxs X3 hüquqi varisi- Cavabdeh oğluna ödənilməsi hökm edilmişdir. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bərdə Regioanl ASAN-Xidmət Mərkəzində notariat ofisi tərəfindən verilmiş arayışdan görünür ki, Püstə Mərkəz qızının barəsində “Elekton notariat” avtomatlaşdırılmış informasiya sisteminin məlumat axtarışında vərəsəlik işinin açılması ilə əlaqədar notariat hərəkətinin rəsmiləşdirilməsi aşkar edilməmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən olundu ki, X6 İddiaçı MMC-nin Ağdam Poçt filialının Qaradağlı poçt şöbəsinin rəisi vəzifəsində işləyərkən, ona etibar edilmiş X14 məxsus 31422.08 manat pulu mənimsəmişdir. Həmin mənimsədiyi pulu Əkbərov Xəyal Ramiz oğluna vermişdir. X1 özünü asaraq intihar etmişdir. Ağdam Rayon Məhkəməsinin 19.05.2020-ci il tarixli hökmü ilə Əkbərov Xəyal Ramiz oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Əkbərov Xəyal Ramiz oğlundan 30118 manat pulun alınaraq zərərçəkmiş şəxs X3 hüquqi varisi- Cavabdeh oğluna ödənilməsi hökm edilmişdir. Lakin həmin pulun Cavabdeh ödənilməmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Əvvəla Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Qeyd olunan prosessual normanın hazırkı işə münasibətdə tətbiqindən görünür ki, təqsirli olan şəxs Əkbərov Xəyal Ramiz oğludur. İddiaçı isə iddia tələbini X.Əkbərova qarşı irəli sürməli olduğu halda, hazırkı iş üzrə Cavabdeh oğluna qarşı irəli sürmüşdür. Bu isə o deməkdir ki, Cavabdeh iddiaya cavab verməli olan şəxs deyil. Qanunvericiliyin qeyd olunan müddəasının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. MM-in 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixlə Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsində göstərilir ki, işdə iştirak şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası MM-nin 1306.1-ci maddəsinə əsasən Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1306.2-ci maddəsinə əsasən, əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1313-ci maddəsinə əsasən tələblərin ödənilməsi zamanı miras qoyanın kreditorları vərəsənin kreditorları qarşısında üstünlüyə malikdirlər. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. İş materiallarından görünür ki, X3 ölümü ilə əlaqədar vərəsəlik işi açılmamışdır. Onun Azərpoçdan əldə etdiyi pul miras aktivinin artırılmasına xidmət etməmiş, həmin pul Əkbərov Xəyal Ramiz oğluna verilmiş və onun da barəsində qanuni qüvvəyə münmiş hökm var. Odur ki, iddia tələbi təmin oluna bilməz. Göstərilənləri və MPM-nin 213, 214, 216-220, 227, 233.1-ci maddələrini əldə rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı MMC-nin Cavabdeh oğluna qarşı «maddi ziyan» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar