Məhkəmə qərarları › İş №2(021)-2/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2/2023

10.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2/2023 10.01.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçı ASC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə əsas məbləğ üzrə 4172 ABŞ dolları əsas, 1388 ABŞ dolları faiz, 50 ABŞ dolları cərimə olmaqla cəmi 5610 ABŞ dolları məbləğində kredit borcunun və ödənilmiş 20 manat dövlət rüsumunun tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 27 yanvar 2017-ci il tarixli 2(021)-1325/2017 nömrəli əmri ilə borclu Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə əsas məbləğ üzrə 4172 ABŞ dolları əsas, 1388 ABŞ dolları faiz, 50 ABŞ dolları cərimə olmaqla cəmi 5610 ABŞ dolları məbləğində kredit borcunun və ödənilmiş 20 manat dövlət rüsumunun tutulması qərara alınmışdır. X1 etirazla məhkəməyə müraciət edərək, Bərdə Rayon Məhkəməsinin 27 yanvar 2017-ci il tarixli 2(021)-1325/2017 nömrəli məhkəmə əmrininin ləğv edilməsini və materialların iddia icraatına keçirilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəsəminin 20 iyun 2018-ci il tarixli, 2(021)-1325/2017 nömrəli qərardadı ilə 27 yanvar 2017-ci il tarixli 2(021)-1325/2017 nömrəli məhkəmə əmri ləğv edilərək, iş iddia icraatına keçirilmişdir. Bərdə Rayon Məhkəsəminin 2(021)-3702/2018 saylı, 04 sentyabr 2018-ci il tarixli qiyabi qətnaməsi ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə əsas məbləğ üzrə 4172 ABŞ dolları əsas, 1388 ABŞ dolları faiz, 50 ABŞ dolları cərimə olmaqla cəmi 5610 ABŞ dolları məbləğində kredit borcunun və ödənilmiş 20 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Borclu Cavabdeh1 məhkəməyə ərizə verərək, Bərdə Rayon Məhkəsəminin 2(021)- 3702/2018 saylı, 04 sentyabr 2018-ci il tarixli qiyabi qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli qərardadı ilə 2 (021)-3702/2018 saylı, 04 sentyabr 2018-ci il tarixli qiyabi qətnaməsi ləğv edilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırılmışdır ki, İddiaçı ASCnin “Bərdə” filalı ilə Cavabdeh1 arasında 09 oktyabr 2015-ci il tarixli 5728 saylı kredit müqaviləsi bağlanaraq borcalana 24 (iyirmi dörd) ay müddətinə illik 25 (iyirmi beş) faiz ödəmək şərti ilə 4500 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən borcalan krediti və ona hesablanmış faizləri bankın kassasına nağd şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq hal-hazıradək kredit müqaviləsi üzrə götürülmüş öhdəliklər yerinə yetirilməmiş, borc ödənilməmişdir. Götürülmüş kredit üzrə İddiaçı ASC-nin “ Bərdə “filalı ilə Cavabdeh2 və Cavabdeh3 arasında 09 oktyabr 2015-ci il tarixli 5728 saylı zaminlik müqaviləsi bağlamışdır. Zaminlik müqaviləsinin 2.2-ci bəndinə əsasən zamin kreditor qarşısında borclunun 09 oktyabr 2015-ci il tarixli 5728 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürür. Hazırda cavabdehin banka 4172 ABŞ dolları əsas, 1388 ABŞ dolları faiz, 50 ABŞ dolları cərimə olmaqla cəmi 5610 ABŞ dolları borcu vardır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 5.1-ci maddəsinə əsasən borclu götürdüyü öhdəlikləri vaxtında yerinə yetirmədikdə yaranmış mübahisələr məhkəmə qaydasında həll edilir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X5 iddianı müdafiə edib, iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin heç bir üzürlü səbəb olmadan cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan 09 oktyabr 2015-ci il tarixli 5728 saylı kredit müqaviləsindən müəyyən olunur ki, İddiaçı ASC məbləği 4500 ABŞ dolları olan krediti illik faiz dərəcəsi 25% faiz olmaqla 24 ay müddətinə kredit alana verir. Kredit alan bu kredit razılaşmasının hissəsi olan ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə banka qaytarmağı öz öhdəsinə götürür. İş materiallarında olan məxaric orderinin surətindən görünür ki, Cavabdeh1 4500 ABŞ dolları kredit verilmişdir. İş materiallarında olan 09 oktyabr 2015-ci il tarixli 5728 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh2 və Cavabdeh3 ilə Cavabdeh1 götürdüyü kreditin təminatı olaraq zaminlik müqavləsi bağlanılmışdır. İş materiallarında olan xəbərdarlıq məktubunun surətindən müəyyən olunur ki, Cavabdeh1 kredit borcunun ödənilməsi xəbərdarlıq edilmişdir. Bərdə Rayon Məhkəməsinin 16 avqust 2022-ci il tarixli, 2(021)-3/2022 saylı qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nairliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10 noyabr 2022-ci il tarixli, 9/7388 rəydən göstərilmişdir ki, təqdim olunmuş iş materiallarında olan maliyyə arayışı məlumatları, hesabdan çıxarış məlumatları və tərəflər arasında imzalanmış 09 oktyabr 2015-ci il tarixli 5728 saylı kredit müqaviləsinin qeyd olunan surətlərini nəzərə alaraq Cavabdeh1 İddiaçı ASC-nə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının tarixinə olan borcu aşağıdakı kimi müəyyən edilir: əsas borc-4196.37 ABŞ dolları, faiz borcu 1391.45 ABŞ dolları. Bundan başqa qeyd edilir ki, iş materiallarında olan hesabdan çıxarış məlumatlarında “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən Cavabdeh1 hesablanmış borclarının ödənilməsinə yönəldilən kompensasiya məbləği 469.26 ABŞ dolları məbləğində göstərilmişdir. Bundan başqa Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli fərmanında aşağıdakılar göstərilmişdir:-6.2. fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsi və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər.-8.9. faizlərin silinməsi dedikdə vaxtəə keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pyulunun (cərimə, peniya) silinməsi; Bundan başqa bildirilir ki, cavabdeh tərəfindən 28 fevral 2019-cu il tarixdən sonra da ayrı-ayrı tarixlərdə ümumilikdə 329.08 ABŞ dolları məbləğində olmaqla ödənişlər aparılmışdır, o, cümlədən 04 iyun 2021-ci il 235.29, 30 noyabr 2021-ci il 93.79. Belə olduğu halda, yəni Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının yuxarıda qeyd olunan şərtlərinə əsasən Cavabdeh1 İddiaçı ASC-ə olan borcu əsas borc üzrə 4196.37 ABŞ dolları, 469,26 ABŞ dolları kompensasiya məbləği, 329,08 ABŞ dolları sonradan aparılan ödənişlər olmaqla, cəmi borcu 3398,03 ABŞ dolları təşkil edir. Məhkəmə mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739-cu maddəsinə müvafiq olaraq, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 09 oktyabr 2015-ci il tarixli, 5728 saylı kredit müqaviləsi üzrə 3398.03 ABŞ dolları məbləğində borc və 20 manat dövlət rüsumu alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə müvafiq olaraq, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadağını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən isə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 09 oktyabr 2015ci il tarixli, 5728 saylı kredit müqaviləsi üzrə cəmi 3398.03 ABŞ dolları (üç min üç yüz doxsan səkkiz dollar üç sent) və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HakimElsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar