Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2067/2024 08.10.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X22 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı5, İddiaçı6 və cavabdeh İddiaçı7 iştirakları ilə, İddiaçılar İddiaçı1 (bundan sonra iddiaçı və ya İddiaçı1), İddiaçı2 (bundan sonra iddiaçı və ya İddiaçı2), İddiaçı3 (bundan sonra iddiaçı və ya İddiaçı3), İddiaçı4 (bundan sonra iddiaçı və ya İddiaçı4), İddiaçı5 (bundan sonra iddiaçı və ya İddiaçı5), İddiaçı6 (bundan sonra iddiaçı və ya İddiaçı6) cavabdehlər İddiaçı7 (bundan sonra cavabdeh və ya İddiaçı7) və Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı “Pul tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, Tahirə Məmmədova, İddiaçı4, İddiaçı5 və İddiaçı6 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər - Bərdə rayonu Cəyirli kənd sakinləri İddiaçı7 və Cavabdeh əskik torpaq sahəsi üçün verilmiş 6450 manat pullarının və onlara dəymiş maddi və mənəvi ziyana görə 13550 manat məbləğində pulun alınıb onlara verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar İddiaçı1, İddiaçı2, Tahirə Məmmədovanın, İddiaçı4, İddiaçı5 və İddiaçı6 iddia tələbləri onunla əsaslandırılmışdır ki, Ağdam rayonundan məcburi köçkün olduqdan sonra 5 ailə məcbur qalıb Bərdə rayonu Zümürxan kəndində “Pioner” düşərgəsində məskunlaşmışlar. Həmin kənddə ailə tələbatlarını ödəmək üçün kənd işləri ilə məşğul olurlar. Yaşadıqları evlər isə öz şəxsi mülkiyyətlərində deyil. Özlərinə şəxsi evlər tikmək üçün torpaq sahəsi almaq qərarına gəlmişlər. Onlara məlum olmuşdur ki, Cəyirli kəndində yaşayan hazırkı iş üzrə cavabdeh İddiaçı7 torpaq sahəsi satır. 6 ailə başçısı razılaşaraq Vidadi ilə danışmışlar və Bərdə rayonu Cəyirli kəndində 8 sotu 800 manatdan, 23 sotun 1 sotu 1350 manatdan almışlar. İddiaçı7 cəmi 37450 manat məbləğində pul vermişlər. Aldıqları torpağın uzunluğu 89 metr, eni isə 6 metr olmuşdur. Torpağı almamışdan əvvəl torpaq sahəsinin rəsmi çıxarışının olduğunu, həmin torpaq sahəsində ev tikməyə icazə olub-olmadığını soruşduqda İddiaçı7 onlara “Aşağı tərəfdə evlər tikilir, biz də bu torpaqlara çıxarış alarıq” demişdir. Onlar da İddiaçı7 dediyi sözlərə inanaraq torpaq sahəsini almışlar. Onlar məcburi köçkün olduqlarından torpaq sahəsini yerli rayon sakini İddiaçı4 və X3 adına alqı-satqı edərək xx.xx.2018-ci il tarixdə almışlar. Alqı-satqı edilib pul verilən zaman Vidadidən əlavə cavabdehin arvadı Cavabdeh da alqı-satqıda iştirak etmişlər. 0,095 ha torpaq sahəsi rəsmi olaraq xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış Seriya RX ******* saylı çıxarış əsasında İddiaçı4 adına, 0,135 ha torpaq sahəsi rəsmi olaraq xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış Seriya RX ******* saylı çıxarış əsasında X3 adına sənədləşmişdir. Onlar alqı-satqı etdikdən sonra sağ tərəfdə hasar çəkib, sol tərəfdə iş görmək istəyərkən yerli qonşular onlara etiraz edərək oradan yol keçdiyini və Vidadinin onları aldatdığını demişlər. Onlar isə qonşuların sözlərinə inanmadıqları üçün qısa bir müddətdən sonra qonşular onlardan Bərdə Rayon Polis Şöbəsinə şikayət etmişlər. Torpaq sahəsini satın almalarına baxmayaraq, orada qanunsuz tikili tikdiklərinə görə onlara cərimələr yazılmışdır. Onlar torpaq sahəsinə rəsmi çıxarış alarkən onlara məlum olmuşdur ki, torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir və həmin torpaq gediş-gəliş yolu olmuşdur. İddiaçı7la əlaqə saxlamış və nə üçün onları aldatdığını soruşmuşlar. İddiaçı7 onları aldatmış, onlara az torpaq vermiş və pulu çox almışdır. İddiaçı7 onlara verdiyi torpaq sahəsindən 6 metr eni, 89 metr uzunluğunda əskikdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(021)-1880/2020 saylı, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-3019/2020 saylı qətnamələrində də torpaq sahəsindən yolun keçdiyi öz əksini tapmışdır. Lakin İddiaçı7 onların sözlərinə əhəmiyyət verməmişdir. Bunun üçün də onlar İddiaçı7 tam olaraq torpaq üçün vermiş olduqları puldan artıq olan 6450 manat pulun geri verilməsini tələb etmişlər. Lakin cavabdeh onlara pul verməyəcəyini bildirərək onlarla kobud davranmışdır. Dəfələrlə cavabdehə ona verdikləri 37450 manat puldan artıq alınmış 6450 manat pulun və onlara maddi və mənəvi ziyan vurduğuna görə 13550 manat pulun onlara geri verilməsini tələb etdikdə hər səfərində bəhanələr gətirərək verməkdən imtina etmişdir. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı5 iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdilər və iddianın təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmənin hazırlıq iclasında iddiaçılar İddiaçı2, Tahirə Məmmədova, İddiaçı4 və İddiaçı6 iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında cavabdeh İddiaçı7 iddianı qəbul etməyərək göstərdi ki, iddiaçıların qeyd etdiyi kimi, onlara torpaq sahəsi satmışdır. İddiaçılar onun torpaq sahəsini satdığını eşidib yaşadığı evə gəlmişlər. Danışıb razılaşmışlar və müəyyən məbləğə onlara torpaq sahəsi satmışdır. Torpağı satarkən iddiaçılar həmin torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olduğunu da bilmişlər. Buna baxmayaraq razılaşmışlar və onlar pul verərək həmin torpaq sahələrini ondan almışlar. İddiaçılar torpaq sahələrini öz adlarına deyil, X3 və İddiaçı4 adına rəsmiləşdirmişlər. Onlar Notariat kontoruna getmiş, orada alqı-satqı etməklə torpaq sahəsini X5 və İddiaçı4 satmışdır. Bundan sonra Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsindən torpaq sahələrinin onların mülkiyyətinə keçməsinə dair çıxarış da verilmişdir. İddiaçılar həmin torpaq sahələrində ev də inşa etmişlər. İddiaçı1 hasar çəkərkən öz torpaq sahəsindən kənara çıxmaqla digər kənd sakininin torpaq sahəsinin 4-5 metrini zəbt etmək istəmiş və bundan sonra orada yaşayan kənd camaatı ilə aralarında narazılıq yaranmışdır. Hətta bununla bağlı məhkəmə araşdırması olmuşdur. Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(021)-1880/2020 saylı qətnaməsində açılmalı olan yolun eni dörd metr deyil, iki metr göstərilmişdir. Torpaq sahəsini çoxdan satmışdır və yadında deyil hansı qiymətə razılaşmışlar. İddiaçılardan torpaq sahəsini satdığına görə pul almışdır. Lakin sənədləşdirilmə X3 və İddiaçı4 adına olmuşdur. Özünün və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsinin bir hissəsini qanunvericiliyin tələblərinə uyğun qaydada satdığından iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmənin hazırlıq iclasında üçüncü şəxs X12 göstərdi ki, Bərdə rayonu Qaradağlı kənd sakinidir. İddiaçılar cavabdeh İddiaçı7 torpaq sahəsini almış, həmin torpaq sahəsinin bir qismini onun adına rəsmiləşdirmişlər. Cavabdeh, iddiaçılar və o, Notariat ofisinə getmiş və orada alqı-satqı etməklə iddiaçılar cavabdeh İddiaçı7 torpaq sahəsi almışlar. Bunun müqabilində iddiaçılar cavabdehə pul vermişlər. İddiaçı5 onun qohumudur. İddiaçı5 cavabdeh İddiaçı7 0.135 ha torpaq sahəsini almış və həmin torpaq sahəsini onun adına rəsmiləşdirmişdir. İddiaçı5 torpaq sahəsinin bir sotunu 1350 manata almışdır. İddiaçı5 ondan xahiş etmiş, o da razılaşmışdır. Sonradan iddiaçılara məlum olmuşdur ki, həmin torpaq sahələrindən yol xətti keçir və aldıqları torpaq sahələri əskikdir. Bu səbəbdən cavabdehdən pul tələb edirlər. İddiaçılar İddiaçı2, Tahirə Məmmədovaya, İddiaçı4 və İddiaçı6 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə iddiaçılar İddiaçı2, Tahirə Məmmədovanın, İddiaçı4 və İddiaçı6 iştirakları olmadan baxılmasını mümkün saymışdır. Cavabdeh və üçüncü şəxs X5 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin cavabdeh və üçüncü şəxs heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. MPM-nin 185.5-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı3 1958-ci ildə Ağdam rayonu Xıdırlı kəndində anadan olmuşdur, Ağdam rayonu Xıdırlı kəndində qeydiyyatdadır. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı4 xx.xx.1966-cı ildə Bərdə rayonu Qaradağlı kəndində anadan olmuşdur, Bərdə rayonu Qaradağlı kəndində qeydiyyatdadır. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı5 xx.xx.1965-ci ildə Ağdam rayonu Xıdırlı kəndində anadan olmuşdur, Ağdam rayonu Xıdırlı kəndində qeydiyyatdadır. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx.xx.1967-ci ildə Gəncə şəhərində anadan olmuşdur, Ağdam rayonu Xıdırlı kəndində qeydiyyatdadır. AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı6 xx.xx.1962-ci ildə Ağdam rayonu Xıdırlı kəndində anadan olmuşdur, Ağdam rayonu Xıdırlı kəndində qeydiyyatdadır. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.1976-cı ildə Ağdam rayonu Novruzlu kəndində anadan olmuşdur, Ağdam rayonu Qullar kəndində qeydiyyatdadır. Şəxsiyyət vəsiqəsi məlumatından görünür ki, X12 xx.xx.1967-ci ildə Bərdə rayonunda anadan olmuşdur, Bərdə rayonu Qaradağlı kəndində qeydiyyatdadır. Şəxsiyyət vəsiqəsi məlumatından görünür ki, İddiaçı7 xx.xx.1957-ci ildə Bərdə rayonu Cəyirli kəndində anadan olmuşdur, Bakı şəhəri Binəqədi rayonu Cəfər Xəndan küçəsində qeydiyyatdadır. Şəxsiyyət vəsiqəsi məlumatından görünür ki, Cavabdeh xx.xx.1964-cü ildə Göyçay rayonunda anadan olmuşdur, Bərdə rayonu Cəyirli kəndində qeydiyyatdadır. Ağdam Rayon İcra Hakimiyyəti Başçısının Xıdırlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 06 may 2024-cü il tarixli 53a nömrəli arayışdan görünür ki, İddiaçı3 Ağdam rayonu Xıdırlı kənd sakini olmaqla hazırda məcburi köçkün kimi Bərdə rayonu Zümürxan “Pioner” düşərgəsində məskunlaşmışdır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Güloğlular kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 07 may 2024-cü il tarixli 585 nömrəli arayışdan görünür ki, İddiaçı4 Bərdə rayonu Güloğlular kəndində yaşayır. Ağdam Rayon İcra Hakimiyyəti Başçısının Xıdırlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 06 may 2024-cü il tarixli 50 nömrəli arayışdan görünür ki, İddiaçı5 Ağdam rayonu Xıdırlı kənd sakini olmaqla hazırda məcburi köçkün kimi Bərdə rayonu Zümürxan “Pioner” düşərgəsində məskunlaşmışdır. Ağdam Rayon İcra Hakimiyyəti Başçısının Xıdırlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 06 may 2024-cü il tarixli 52 nömrəli arayışdan görünür ki, İddiaçı2 Ağdam rayonu Xıdırlı kənd sakini olmaqla hazırda məcburi köçkün kimi Bərdə rayonu Zümürxan “Pioner” düşərgəsində məskunlaşmışdır. Ağdam Rayon İcra Hakimiyyəti Başçısının Xıdırlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 06 may 2024-cü il tarixli 51 nömrəli arayışdan görünür ki, İddiaçı6 Ağdam rayonu Xıdırlı kənd sakini olmaqla hazırda məcburi köçkün kimi Bərdə rayonu Zümürxan “Pioner” düşərgəsində məskunlaşmışdır. Bərdə Rayon Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 07 may 2024-cü il tarixli 464 nömrəli arayışdan görünür ki, Ağdam rayonundan məcburi köçkün İddiaçı1 Bərdə rayonu Həsənqaya kəndində yerləşən 866 yerlik məcburi köçkün qəsəbəsi bina 2, mənzil 26-da müvəqqəti məskunlaşmışdır. 14 avqust 2018-ci il tarixli AN-İ ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı7, Cavabdeh, X6, X1 və X7 mülkiyyətlərində olan, Bərdə rayonu Cəyirli kəndində yerləşən 0,866 ha torpaq sahəsinin 0,095 ha hissəsini İddiaçı4 1900 manata satmışlar. 14 avqust 2018-ci il tarixli AN-İ ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı7, Cavabdeh, X6, X1 və X7 mülkiyyətlərində olan, Bərdə rayonu Cəyirli kəndində yerləşən 0,866 ha torpaq sahəsinin 0,135 ha hissəsini X5 2700 manata satmışlar. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX Seriyalı ******* nömrəli Çıxarışdan görünür ki, Bərdə rayonu Cəyirli kəndində yerləşən 0,095 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mülkiyyət hüququ əsasında İddiaçı4 adına qeydiyyata alınmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX Seriyalı ******* nömrəli Çıxarışdan görünür ki, Bərdə rayonu Cəyirli kəndində yerləşən 0,135 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mülkiyyət hüququ əsasında X3 adına qeydiyyata alınmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX Seriyalı ******* nömrəli Çıxarışdan görünür ki, Bərdə rayonu Cəyirli kəndində yerləşən 0,07 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mülkiyyət hüququ əsasında X2 adına qeydiyyata alınmışdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, cavabdeh İddiaçı7 və ailə üzvləri mülkiyyətlərində olan 0,866 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,135 ha hissəsini Ruhi Nəsirova 2700 manata, 0,095 ha hissəsini isə İddiaçı4 1900 manata satmışlar. İddiaçılar iddia ərizələrində cavabdehlərə cəmi 37450 manat pul verərək 6 metr enində 89 metr uzunluğunda torpaq sahəsi aldıqlarını qeyd etsələr də, bunu məhkəmə iclasında mötəbər sübutlarla sübut edə bilməmişlər. İşdə olan sənədlərdən isə görünür ki, cavabdehlər mülkiyyətlərində olan torpaq sahələrinin bir hissəsini 14 avqust 2018-ci ildə qanunvericiliyin tələblərinə uyğun qaydada Ruhi Nəsirova və İddiaçı4 satmış, alqı-satqıdan uzun müddət keçməsinə baxmayaraq müqavilələr mübahisələndirilməmişdir. Göründüyü kimi, iddiaçılar öz iddia tələblərinin haqlı olması barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişlər. Cavabdeh İddiaçı7 isə iddianı etiraf etməyərək mülkiyyətində olan torpaq sahəsini qanunvericiliyin tələblərinə uyğun qaydada satdığını bildirmişdir. İddiaçılar tələblərinin əsası kimi İddiaçı7 onlara verdiyi torpaq sahəsindən 6 metr eni, 89 metr uzunluğunda əskik olduğunu, bunun Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(021)-1880/2020 nömrəli qətnaməsi ilə də müəyyən edildiyini bildirirlər. Lakin Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(021)-1880/2020 nömrəli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddianın qismən təmin edilməsi, Bərdə rayonu Cəyirli kəndində yerləşən və həmin mülki üş üzrə cavabdehlər olan X8 və X9 tərəfindən tutulmuş kəndarası yolun əvvəlki vəziyyətinə bərpa edilməklə açılması, cavabdehlər X8 və X4 Bərdə rayonu Cəyirli kəndində yerləşən mübahisəli kəndarası yolun tutulmasının qadağan ediməsi qət edilmişdir. Göründüyü kimi, istinad olunan qətnamə ilə mövcud kəndarası yolun əvvəlki vəziyyətinə bərpa edilməklə açılması qət edilmişdir ki, həmin mübahisəli yol hazırkı mülki iş üzrə cavabdehlər Cavabdeh və İddiaçı7 mülkiyyətlərində olmadığına görə, onlar həmin ərazini iddiaçılara sata bilməzdilər. Bundan başqa, Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə yolun açılması cavabdehlər X8 və X4 münasibətdə qət edilmişdir, sözügedən şəxslər hazırda baxılan mülki iş üzrə iddiaçı deyillər. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı deyildir, ona görə də təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdehlər İddiaçı7 və Cavabdeh qarşı “Pul tələbi”nə dair iddiası təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №2(021)-2067/2024
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2067/2024
08.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver