Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2072/2021 18.11.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X1 katibliyi Cavabdeh Cavabdeh4 iştirakı ilə İddiaçı "xxxx" MM QBKT-nın cavabdehlər Cavabdeh1 və Cavabdeh4 qarşı borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MM QBKT iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada əsas borc üzrə 8894.80 manat, faiz borcuna görə 00,00 manat, cərimə borcuna görə 0,00 manat, cəmi 8894.80 (səkkiz min səkkiz yüz doxsan dörd manat,səksən qəpik) manat məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun "xxxx" MMQBKT-nın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" MM QBKT iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ММ QBKT ilə Cavabdeh1 arasında bağlanmış 05.02.2015-ci il tarixli, **********4996 saylı kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün illik 25% faiz dərəcəsi olmaqla 18 ay müddətinə 20000 (iyirmi min) manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 1347 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin, kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən, zamin, kredit alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin Cavabdeh1 Bunyət oğlu üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Həmçinin, 05.02.2015-ci il tarixli, **********4996 saylı kredit müqaviləsi 14.06.2016-ci il tarixli **********1621 hesab nömrəli sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, əsas borc 11924.00 manat, faiz 0,00 manat, cərimə 0,00 manat müəyyən edilmişdir. Eyni tarixli, **********5635 -948990 saylı zaminlik müqaviləsi ilə Cavabdeh3, **********5635 -1155327 saylı zaminlik müqaviləsi ilə Cavabdeh2 və **********5635-948986 saylı zaminlik müqaviləsi ilə Cavabdeh4 yaranmış öhdəliklərin icrasına təminat olaraq zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Beləliklə, 07.05.2021-ci il tarixinə olan maliyyə arayışına əsasən Cavabdeh1 əsas borc üzrə 8894.80 manat, faiz borcuna görə 00,00 manat, cərimə borcuna görə 0,00 manat, cəmi 8894.80 (səkkiz min səkkiz yüz doxsan dörd manat, səksən qəpik) manat təşkil edir. Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı "xxxx" MM QBKT Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin azaldılmasına dair məhkəməyə ərizə verərək cavabdehlər Cavabdeh1 Bünyat oğlundan və Cavabdeh4 müştərək qaydada əsas borc üzrə 8894.80 manat, faiz borcuna görə 00,00 manat, cərimə borcuna görə 0,00 manat, cəmi 8894.80 (səkkiz min səkkiz yüz doxsan dörd manat, səksən qəpik) manat məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun "xxxx" MMQBKT-nın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" MMM Qeyri Bank Kredit Təşkilatının nümayəndəsi Ramil Heydərov məhkəməyə teleqram göndərərək işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh4 iddianı qəbul etməyərək göstərmişdir ki, Cavabdeh1 05.02.2015-ci ildə "xxxx" MMM Qeyri Bank Kredit Təşkilatından 20 000 manat məbləğində kredit götürmüş, özü də sonuncuya zamin olmuşdur. Hazırda Cavabdeh1la aralarında münaqişə var. Onun krediti ödəməyə maddi imkanı yoxdur. Bundan başqa zaminlik müqaviləsinin bağlandığı vaxtdan 6 il keçmişdir. Ona görə də onun zaminlər siyahısından çıxarılmasını və ona münasibətdə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin heç bir üzürlü səbəb olmadan cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsinin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.Məhkəmə mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə Cavabdeh4 izahatını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 05 fevral 2015-ci il tarixli **********4996 nömrəli kredit müqaviləsindən müəyyən edilir ki, "xxxx" MMM Qeyri Bank Kredit Təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış müqaviləyə əsasən borcluya bu müqaviləyə əsasən, kredit verən kredit alana sonuncunun biznes məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması üçün 18 ay müddətinə 20000 manat məbləğində pul vəsaitini verməyi, Kredit alan isə verilmiş Krediti, o cümlədən Kredit üzərində hesablanan faizləri və digər ödənişləri, vaxtında Kredit verənə ödəməklə öz öhdəliyini tam yerinə yetirməyi, zamin isə kredit alan tərəfindən müqavilə öhdəliklərini hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürürlər. -Kredit üzərində 25,00% illik faiz hesablanacaqdır və nominal faiz ilin 360 gündən ibarət olması nəzərə alınmaqla həqiqi ötən günlər əsasında hesablanacaqdır. -Kreditin verilməsinə görə Kredit Alan Kredit Verənə kredit məbləğinin 2.00%-i miqdarında komissiya ödəyir. Kredit alan tərəfindən bu məbləğin nağd şəkildə ödənilməsi baş vermədikdə, Kredit alan Kredit verənə müqavilənin bu bəndində nəzərdə tutulmuş kredit məbləğindən komissiyanı tutmasını həvalə və etibar edir. -Kredit Alan Kredit üzrə əsas borcu və faizləri bu Müqavilənin tərkib hissəsi olan "Kreditin Qaytarılması Cədvəlinə" (bundan sonra "Cədvəl") müvafiq olaraq ödəyir. Cədvələ əsasən ödənişlər kreditin məbləğindən və faiz ödənişlərindən ibarət olub aylıq bərabər hissələrlə həyata keçirilir. Kredit Alan Kredit məbləğinin bir hissəsini və Kreditdən istifadəyə görə faizi kreditin ödəmə günündən gec olmayaraq təyin olunmuş vaxtda manat ilə ödəməyi öhdəsinə götürür. X4 1.2 - ci bəndi də daxil olmaqla, bu Müqavilənin hər hansı bəndi arasında ziddiyyət yaranarsa, Cədvəldə göstərilən rəqəmlər üstün tutulacaqdır. -Kredit üzrə Faktiki illik faiz dərəcəsi (bundan sonra “FİFD”) 28.02 təşkil edir. Bu Müqaviləyə tərəflər anlayır və qəbul edirlər ki, burada nəzərdə tutulan FİFD Azərbaycan Respublikası Mərkəzi Bankının müvafiq təlimatlarına və göstərişlərinə müvafiq olaraq müəyyən edilmişdir və Müqavilədə göstərilən FİFD-də girov və ipoteka predmeti olan əmlakın qiymətləndirilməsi və sair xərclərlə bağlı ola biləcək hər hansı əhəmiyyətli olmayan dəyişikliyə və ya uyğunsuzluğa görə Kredit Verən heç bir məsuliyyət daşımayacaqdır. -Kredit Kredit Alana müəyyən edilmiş bankların və ya Kredit Verənin öz kassaları vasitəsilə nağd şəkildə verilir. İş materiallarında olan 14.06.2016-cı il tarixli **********5635-948986 saylı zaminlik müqaviləsindən müəyyən olunur ki, Zamin-Cavabdeh4 10.06.2016-cı il tarixli, **********5635 saylı kredit müqaviləsinə əsasən ("Kredit Müqaviləsi"), həmin müqavilə üzrə Kredit Alan olan Cavabdeh1 ("Kredit Alan") tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl etmədiyi hallarda, əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit Verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Kredit Müqaviləsinə əsasən Kredit Alan 57 ay müddətində 11924.00 manat məbləğində pul vəsaitini illik 1.00 faiz dərəcəsi ilə Kredit Verənə qaytarmağı öz öhdəsinə götürmüşdür. -Zamin bu Müqavilənin 1.1-ci bəndində nəzərdə tutulan öhdəliyini Kredit Alanın Kredit Müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi barədə Kredit Verən tərəfindən göndərilən və ya təqdim edilən xəbərdarlığı aldıqdan 3 (üç) gün sonra icra etməyə borcludur. -Bu Müqavilə üzrə Zaminin ünvanına göndəriləcək xəbərdarlıq Zaminin göstərdiyi aşağıdakı ünvana göndərilməlidir: Ünvan: Tərtər, Qazyan kəndi -Bu ünvan dəyişdiyi təqdirdə Zamin 7 (yeddi) gün müddətində Kredit Verəni yazılı şəkildə xəbərdar etməyə borcludur. Əks təqdirdə. Kredit Verən tərəfindən xəbərdarlığın köhnə ünvana göndərilməsi Kredit Verən tərəfindən xəbərdarlıq etmək öhdəliyinin tam şəkildə yerinə yetirilməsi kimi qiymətləndiriləcək. İstənilən halda Kredit Verənin hüququ var ki, bu xəbərdarlığı həm yazılı, həm də şifahi yolla Zaminin nəzərinə çatdırsın. -Zamin bu Müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyi və ya tam şəkildə yerinə yetirmədiyi təqdirdə. Kredit Verən öz tələblərini Zaminin əmlakına yönəldə bilər. -Zamin bu Müqavilə üzrə üzərinə düşən bütün öhdəlikləri tam şəkildə yerinə yetirdikdən sonra, ödədiyi bütöv məbləği öhdəlik kreditoru kimi Kredit Alandan tələb etmək hüququnu qazanır. Lakin bu hüquq heç bir halda Zaminin Kredit Verən qarşısında olan öhdəliklərinin icrasına təsir etməməlidir. -Zamin olan şəxs Kredit Verənə bu müqavilənin tərtib olunması zamanı gəlir əldə etmək məqsədini daşımadığına zəmanət verir. İş materiallarında olan 07 may 2021-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh1 07 may 2021-ci il tarixə 8894,80 manat əsas kredit borcu vardır. İş materiallarında olan 16 may 2021-ci il tarixli ödəniş qəbzindən müəyyən edilir ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Bərdə Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli qərardadına əsasən iddiaçı "xxxx" MM QBKT-nın cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı borc tələbinə dair mülki iş üzrə məhkəmə-xətşünaslıq və sənədlərin texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 4/1147 saylı 27 avqust 2021-ci il tarixli rəyindən müəyyən olunur ki, ekspertizaya təqdim edilmiş, 2(021 )-2072/2021 nömrəli milki işin 13-cü vərəqinin üz tərəfində olan 03 noyabr 2015-ci il tarixli **********1621 saylı kredit müqaviləsinin restrukturizasiyasına dair 14 iyun 2016-cı il tarixli sazişdə “Kredit Alan Elmir Cavabdeh2 İmzası” qrafasındakı imza, 13-cü vərəqinin arxa tərəfində və 14-cü vərəqində olan 03 noyabr 2015-ci il tarixli **********1621 saylı kredit müqaviləsinin restrukturizasiyasına dair 14 iyun 2016-cı il tarixli sazişə əlavədə “Kredit Alan Elmir Cavabdeh2” qrafalarındakı imzalar-Cavabdeh1 Bünyat oğlu tərəfindən icra olunmuşdur. -Ekspertizaya təqdim edilmiş, 2(021 )-2072/2021 nömrəli milki işin 17-ci vərəqində olan 14 iyul 2016-cı il tarixli **********5635-948986 saylı zaminlik müqaviləsində “X6 Məmmədova” qrafasındakı imza - Cavabdeh4 tərəfindən icra olunmuşdur. -Ekspertizaya təqdim edilmiş, 2(021)-2072/2021 nömrəli mülki işin 16-cı vərəqində olan 14 iyul 2016-cı il tarixli **********5***-******* saylı zaminlik müqaviləsində “X5 Zeynalov” qrafasındakı imza-Cavabdeh2 tərəfindən icra olunmuşdur. Cavabdeh1 iddia müddətinin tətbiq edilməsinə dair məhkəməyə ərizə göndərərək İddiaçı MMC QBKT-nın ona qarşı 8894,80 manat məbləğində pul tələbinə dair iddiası iddia müddətinin ötürülməsi ilə əlaqədar əsassız olduğu üçün, iş üzrə iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 374.1-ci maddəsinə əsasən əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. Göstərilən Məcəllənin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə” dair 03 iyun 2013-cü il tarixli qərarında qeyd olunmuşdur ki:
1. Kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir;
2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır;
3. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X3 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə hesab edir ki, iddiaçıya məxsus pul vəsaitinin cavabdehdə olması iddiaçının həmin pul məbləği üzərində mülkiyyət hüququnu pozur. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh1 iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsi barədə vəsatəti təmin edilə bilməz. Cavabdeh4 zaminlikdən çıxarılması və zaminlik müqaviləsinə xitam verilməsinə dair vəsatəti ilə bağlı məhkəmə qeyd edir ki, Cavabdeh4 kreditor "xxxx" MM QBKT qarşısında borc öhdəliyinin icrasına görə borclu ilə eyni həcmdə birgə məsuliyyət daşıdığından vəsatət təmin oluna bilməz. Məhkəmə iş üzrə sənədləri araşdıraraq müəyyən etdi ki, Cavabdeh1 05 fevral 2015ci il tarixli, **********4996 saylı kredit müqaviləsinə əsasən ona verilmiş 20 000 manat məbləğində krediti vaxtında icra etmədiyindən, hazırda onun 8894,80 manat borcu yaranmışdır. Cavabdehə dəfələrlə borcunu ödəməsi üçün yazılı və şifahi məlumat verilsə də, o, borcunu ödəməkdən yayınmışdır. Məhkəmə yuxarıda qeyd olunan sübutların məcmusuna qiymət verərək hesab edir ki, Cavabdeh1 20 000 manat məbləğində kredit alması və həmin kredit üzrə 8894,80 manat borcu yaranması sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Cavabdeh1 05 fevral 2015-ci il tarixli, **********4996 saylı kredit müqaviləsi üzrə yaranmış 8894,80 manat borcunu ödəməsini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.2-ci maddəsinə görə, kredit müqaviləsi üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kredit) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Bu səbəbdən zamin Cavabdeh4 kreditor "xxxx" MMM Qeyri Bank Kredit Təşkilatı qarşısında borc öhdəliyinin icrasına görə borclu ilə eyni həcmdə birgə məsuliyyət daşıyır. Məhkəmə yuxarıda göstərilən maddi və prosessual hüquq normalarına əsasən hesab edir ki, Cavabdeh1 20 000 manat məbləğində kredit alması və həmin kredit üzrə 8894,80 manat borcu yaranması sübuta yetirildiyindən iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada alınaraq iddiaçı "xxxx" MMM Qeyri Bank Kredit Təşkilatının xeyrinə ödənilməlidir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 27 avqust 2021-ci il tarixli 4/1147 nömrəli bildirişdən müəyyən edilir ki, məhkəməxətşünaslıq ekspertiza tədqiqatının dəyəri 126 (bir yüz iyirmi altı) manat təşkil edir. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri 126 (bir yüz iyirmi altı) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
Q Ə T E T D İ :
İddiaçı "xxxx" MM QBKT-nın cavabdehlər Cavabdeh1 və Cavabdeh4 qarşı borc tələbinə dair iddiası təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada 8894,80 (səkkiz min səkkiz yüz doxsan dörd manat səksən qəpik) manat məbləğində borc və 30 (otuz) manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx" MMM Qeyri Bank Kredit Təşkilatının xeyrinə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri 126 (bir yüz iyirmi altı) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.