Məhkəmə qərarları › İş №2(021)-2073/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2073/2022

14.12.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2073/2022 14.12.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Bayramov Orxan Elşən oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı su yolunun açılması və cavabdehin hərəkətlərinə qadağa qoyulması tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E T D İ: İddiaçı məhkəmədə iddia qaldıraraq Bərdə rayonu, Mustafaağalı kənd sakini Cavabdeh həyətindən keçən su yolunun (su arxının) bərpa edilməsinə, suyun təbii axımının təmin edilməsinə, arxın əvvəlki vəziyyətinə gətirilməsinə və Cavabdeh qanunsuz hərəkətlərinə qadağan qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 1952-ci il təvəllüdlüdür, üç uşaq anasıdır, dul qadındır, pensiyaçıdır. Bərdə rayonu, Mustafaağalı kənd sakinidir. Qonşusu, həmkənlisi Bərdə rayonu, Mustafaağalı kənd sakini Cavabdeh həyətinə gələn su yolunu kəsmişdir. O, burada yaşayandan su yolu Cavabdeh həyətindən keçir. Başqa bir yerdən suyun gətirilməsi mümkün deyildir, dəfələrlə aidiyyatı qurumlara müraciət etsə də bir nəticəsi olmamışdır. Yəni su yolu açılmamışdır, bu səbəbdən həyətyanı torpaq sahəsindən istifadə edə bilmir. Ona xeyli ziyan dəymişdir, ailəsinin maddi durumunun ağırlaşmasına səbəb olmuşdur. Bərdə rayonu, Mustafaağalı kənd sakini Cavabdeh həyətindən keçən su yolunun (su arxının) bərpa edilməsinə, suyun təbii axımının təmin edilməsinə, arxın əvvəlki vəziyyətinə gətirilməsinə və Cavabdeh qanunsuz hərəkətlərinə qadağa qoyulmasına dair məhkəmə qətnaməsinə ehtiyacı var. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında iddianı qəbul etməyərək, göstərdi ki, iddiaçının başqa tərəfdən su gətirməyə imkanı var. İddia əsassızdır, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Seriya AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı 10 avqust 1952-ci ildə Bərdə rayonunda doğulmuşdur, Bərdə rayonu, Mustafaağalı kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Bərdə rayon Mustafaağalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 102 saylı, 06 mart 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı Bərdə rayonu, Mustafaağalı kəndində daimi yaşayır. İş materiallarına əlavə olunmuş AZ-İ 712912 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X5 17 fevral 2016-cı ildə ölmüşdür. İş materiallarına əlavə olunmuş JN 563 A KOD 61000078 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən müəyyən olunur ki, X2, İddiaçı, X3 və X1 mülkiyyətinə Bərdəd rayonu, Mustafaağalı kəndində Bərdə rayonu Aqrar İslahat Komissiyasının 31 avqust 1998-ci il tarixli, 12 saylı qərarına əsasən 0.36 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş üzrə Bərdə Rayon Məhkəməsinin 02 avqust 2022-ci il tarixli, 2(021)-2073/2022 saylı qərardadı ilə torpaqşünasslıq ekspertizası göndərilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş rəydə göstərilmişdir ki, İddiaçı Bərdə rayonu, Mustafaaağalı kəndində yerləşən torpaq sahəsinə gedən su arxı Cavabdeh tərəfindən onun istifadəsində olan həyətyanı torpaq sahəsinə keçən hissəsində metal maneə ilə bağlanmışdır. Məhkəmə yuxarıda qeyd olunan sübutların məcmusuna qiymət verərək hesab edir ki, Cavabdeh iddiaçının həyətinə gedən su arxının qarşısını bağlaması sübuta yetirilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə mövcud sübutları müqayisəli qaydada təhlil edərək müəyyən etdi ki, İddiaçı mülkiyyətində olan Bərdə rayonu, Mustafaağalı kəndində yerləşən həyətyanı torpaq sahəsinə gələn su arxının qarşısı cavabdeh X6 tərəfindən bağlanmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X4 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, birbirinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində ona ziyan dəyirsə, tələb edə bilər ki, yuxarıdakı mülkiyyətçi öz hesabına aşağı torpaq sahəsindən nov çəksin. Həmin Məcəllənin 170.4-cü maddəsinə əsasən bir neçə torpaq sahəsindən axan tullantı və yeraltı suların istiqamətini dəyişdirərək və ya onları qarışdıraraq başqa torpaq sahələrində suyun miqdarını azaltmaq və ya keyfiyyətini pisləşdirmək yolverilməzdir. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarının tələblərinə uyğun olaraq hesab edir ki, İddiaçı iddiası təmin edilməli və Bərdə rayonu Mustafaağalı kəndində yerləşən həyətyanı torpaq sahəsində gedən, Cavabdeh tərəfindən bağlanmış su yolunun təbii axımı bərpa edilməli, mübahisəli arx əvvəlki vəziyyətinə gətirilməli və Cavabdeh qanunsuz hərəkətlərinə qadağa qoyulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213- 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı su yolunun açılması və cavabdehin hərəkətlərinə qadağa qoyulması tələbinə dair iddiası təmin edilsin. İddiaçı mülkiyyətində olan Bərdə rayonu Mustafaağalı kəndində yerləşən həyətyanı torpaq sahəsində gedən, Cavabdeh tərəfindən bağlanmış su yolunun təbii axımı bərpa edilsin, mübahisəli arx əvvəlki vəziyyətinə gətirilsin və Cavabdeh qanunsuz hərəkətlərinə qadağa qoyulsun. İş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HakimElsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar