Məhkəmə qərarları › İş №2(021)-2074/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2074/2024

19.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2074/2024 19.09.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Babək Vaqif oğlu Tağıyevin katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Pul tələbi”nə dair mülki işə 19 sentyabr 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər - Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 10520 (on min beş yüz iyirmi) manat borc pulun, hüquqi yardıma görə ödənilmiş 320 (üç yüz iyirmi) manat məbləğində vəkil xərcinin və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 122 (bir yüz iyirmi iki) manat dövlət rüsumunun alınaraq İddiaçı xeyrinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X3 Cavabdeh1 ilə qohumdur, Cavabdeh2 isə Cavabdeh1 vasitəsilə tanımışdır. Cavabdeh1 2019-cu ilin əvvəlində iddiaçıdan 7000 manat borc pul almış və tezliklə qaytaracağnı bildirmişdir. Sonradan yəni 2019-cu ilin ortalarında Cavabdeh1 Rafil Məmmədovla iddiaçını tanış edərək bildirmişdir ki, onlara əlavə olaraq 3500 manat borc pul verildiyi halda yaxşı qazanc əldə etmək olar. Cavabdehlər bildirmişlər ki, qazanc etdikləri puldan iddiaçıya da verəcəklər. Həmin tarixdə iddiaçı onlara əlavə olaraq 3500 manat borc pul vermişdir. Cavabdehlər həmin pulla əkinbiçin işləri və ticarətlə məşğul olmuşlar, iddiaçı cavabdehlərin vədlərinə inanaraq 2019-cu ilin sentyabr ayına kimi onlara ümumilikdə 21 000 (iyirmi bir min) manat pul vermişdir. İddıaçı ilə Cavabdeh2 arasında dostluq münasibəti yaranmış, hətta ailəvi dostluq etmişlər, cavabdehlər tərəfindən iddiaçıya 2020-ci ilin əvvəlinə kimi qazanc kimi hissə-hissə ümumilkdə 4000 (dörd min) manat məbləğində pul ödənilmişdir. 2020-ci lin əvvəllərində ölkədə pandemiya dövrü başlamışdır. Cavabdeh2 2020-ci ilin may və iyun aylarında borclu olduqları pulu tam şəkildə ödəyəcəklərinə söz vermişdir. Cavabdeh2 2020-ci ilin iyun ayında iddiaçıya bildirmişdir ki, borc əvəzinə avtomobli götürülsün və həmin pulu özü ödəyəcəkdir. 2020-ci ilin sentyabr ayında vətən müharibəsi başladığından və iddiaçı cavabdehlərlə yaxın münasibətdə olduğundan, cavabdehlərlə qarşılıqlı razılığa gəlmişdir ki, müharibə bitdikdən sonra pul tam ödənilsin. Müharibə qurtardıqdan sonra təxminən 2021-ci ilin axırlarına kimi cavabdehlər borclu olduqları puldan hissə-hisə ümumilikdə 8000 manat ödəniş etmişlər. Cavabdeh2 borclu olduqları pulu özü tezliklə ödəyəcəyinə söz vermişdir. Lakın keçən müddət ərizndə pul ödənilmədiyndən iddiaçı ilə Cavabdeh1 arasında mübahisə yaranmışdır. Belə ki, iddiaçı Cavabdeh1 öz iradını bildirmişdir ki, digər cavabeh Cavabdeh2 onun vaistəsilə tanımışdır. Bundan sonra Cavabdeh1 iddiaçı ilə birlikdə 30 sentyabr 2022-ci ildə Rafil Məmmədovun yanına getmişlər, Rafil Məmmədov borclu qaldıqları pulu maddi imkansızlıqla bağlı ödəyə bılmədiyini demişdir. 2022-cı ilin oktyabr və noyabr aylarına kimi iddiaçıya hissə-hissə 1480 manat pul ödənilmişdir. Cavabdehlər borclu qaldıqları 10 520 (on min beş yüz iyirmi) manat pulu ödəmədikləri üçün iddiaçı məcbur olub Bərdə rayon polis şöbəsinə şikayət etmişdir. Bərdə rayon polis şöbəsində İddiaçı şikayəti əsasında Cavabdeh1 və Cavabdeh2 qanunsuz əməlləri barədə material toplanmış və araşdırılma aparılmışdır. Bərdə rayon polis şöbəsinin 13 aprel 2024cü il tarixli qərarına əsasən toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Cavabdeh1 və Cavabdeh2 araşdırma zamanı izahatlarında borclu olduqları pulu dolayı yolla tam etiraf etmişlər. Lakin izahatlarına əlavə etmişlər ki, “guya” borclu olduqları pulu iddiaçıdan faiz (sələm) şəkilində götürmüşlər, borclu olduqları pulu 15 ay ərzində qaytarmışlar. Cavabdehlər borclu olduqları pulları tam ödəmələri barədə heç bir mötəbər sübutu polis şöbəsinə təqdim etməmişlər. Bu səbəbdən də iddiaçı məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabeh Cavabdeh1 bildirdi ki, iddiaçıdan müxtəlif vaxtlarda 7 000 manat borc pul almışdır və həmin puldan hər ay 700 manat pul ödəyirdi.Təxminən 15 ay ərzində hər ay 1400 manat pul ödəyib. Sonradan iddiaçı ilə danışaraq 10 500 manat pul qaytarmışdı və daha sələm ödəməyəcəyini bildirmişdir. Ümumilikdə 30 000 manatdan artıq pul ödəmişdir. İddiaçıya borcu artıqlaması ilə ödəyib. Məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında cavabeh Cavabdeh2 bildirdi ki, iddiaçıdan müxtəlif vaxtlarda 14 000 manat borc pul almışdır və həmin puldan hər ay 1400 manat pul ödəyirdi. Təxminən 15 ay ərzində hər ay 700 manat pul ödəyib. Sonradan iddiaçı ilə danışaraq borcu tam qaytarmışdır və daha sələm ödəməyəcəyini bildirmişdir. İddiaçıya borcu artıqlaması ilə ödəyib. Məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1978-ci ildə Bərdə rayonu Qaradəmirçi kəndində doğulmuşdur. Bərdə rayonu Qaradəmirçi kəndində qeydiyyatdadır. Bərdə rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı polis mayoru X2 cinayət işi başlanılmasının rədd edilməsi haqqında 13 aprel 2024-cü il tarixli qərardan müəyyən olunur ki, toplanmış HK-1-1317 saylı material üzrə X1 müraciəti əsasında cinayət işinin başlanması rədd edilmişdir. İddiaçı qarşılıqlı pul tələbi ilə bağlı olan xüsusatlarla əlaqədar xüsusi ittiham və mülki qaydada məhkəmədə iddia qaldırmaq hüquqlarının olması izah edilmişdir. Qəbul edilmiş qərarın surəti tərəflərə göndərilməklə, onlara qəbul edilmiş qərardan Azərbaycan respublikası CPM-nin 212-ci maddəsinə əsasən rayon prokuroruna, yuxarı prokurora və rayon məhkəməsinə müraciət etmək hüquqlarının olması izah edilmişdir. AR-İİİ seriyalı 283371 nömrəli etibarnamədən görünür ki, Cəfərov X4 Fehruz Novruz oğunun etibarnamə üzrə nümayəndəsidir. 0396862 nömrəli vəkil orderindən görünür ki, Cəfərov X4 Fehruz Novruz oğunun vəkilidir. xx.xx.2024-cü il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 122 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 164.2-ci maddəsinə əsasən, sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsində qeyd edilmişdir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddədə qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 222.1-ci maddəsinə əsasən, məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. 13 aprel 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən müəyyən olunur ki, cavabdehlər həqiqətən 10520 manat məbləğində pulu iddiaçıdan qəbul etmişlər. Eyni zamanda qeyd olunur ki, cavabdehlər tərəfindən sözügedən vəsaitin qaytarılması göstərilsə də, qeyd olunan qaytarılma hal hər hansı mötəbər sübutlarla müəyyən olunmur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Pul” tələbinə dair iddiası təmin olunmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi təmin edildiyindən Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 122 manat dövlət rüsumu cavabdelərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220,227,233,357-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ:

1. İddia təmin edilsin.

2. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 10 520 (on min beş yüz iyirmi) manat məbləğində pul, hüquqi yardıma görə ödənilmiş 320 manat və ödənilmiş 122 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun.

3. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsinə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə elektron qaydada) apellyasiya şikayəti verə bilər.

4. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar