Məhkəmə qərarları › İş №2(021)-2090/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2090/2025

26.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2090/2025 26.09.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tağıyev Babək Vaqif oğlunun katibliyi, İddiaçı nümayəndəsi X6, İddiaçı nümayəndəsi və vəkili X4 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun 12500 ABŞ dolları (21250 manat) pulun alınıb ona qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsində qeyd edilən işin halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o əvvəllər Tətər rayonunun Mamırlı kəndində yaşamışdır. Həmin kənddə qeydiyyatdadır. 5 il olar ki, Ukrayna Respublikasının Xarkov şəhərində yaşayır. Hər il Tərtər rayonun Mamırlı kəndinə gələrək ailə üzvləri ilə görüşmüşdür. O 2016-cı ilin sentyabr ayında Bərdə rayonu Zümürxan kədində yaşayan Cavabdeh ilə ailə həyatı qurmuş, Birgə nikahlarından 30 yanvar 2018-ci il təvəllüdlü X13 anadan olmuşdur. Xasiyyətləri uyğun gəlmədiyi üçün 30 avqust 2022-ci ildə boşanmışlar. X23 himayəsində qalmışdır. O rəsmiyyətdən kənar olaraq mütamadi şəkildə Könülə və oğluna maddi cəhətdən yardım etmişdir. O öz adına Bərdə şəhərində ev almaq istəyirdi. Həmin evdə müvəqqəti olaraq Könüllə Nicatın yaşamağını istəmişdir.Bu məqsədlə Könülə 12500 ABŞ dolları(21250) manat pul vermişdir ki, saxlasın ki makler ev tapanda pulu verib ev alsınlar. Makler 60.000 manata Bərdə şəhəri ərazisində Saray dyilən yerdə həyət evi tapmışdır. O gəlib Könüldən ona vermiş olduğu 12500 ABŞ dollarını( 21250 manat) pulu istəmişdir ki, üstünü düzəldib həmin evi alsın. Hətta Könüllə birlikdə gedib evə baxmışdırlar. Könül ona evi onun adına rəsmiləşdirəcəyi halda pulu verəcəyini demişdir.O bununla razılaşmamışdır. Belə olan halda Könül ona pulu verməyəcəyini bildirmiş və 12500 ABŞ dolları (21250 manat) pul onda qalmışdır. Sonradan Dəfələrlə pulu istəmiş lakin Könül pulu qaytarmamışdır.Hətta bu barədə Könülün səs yazısı da vardır. Ona görə də Cavabdeh 12500 Abş dolları(21250 manat) pulun alınıb ona qaytaraılmasına dair qətnamə qbul edilməsini istəyir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı nümayəndəsi (anası) X8 iddia ərizəsinə uyğun izahat verərək əlavə olaraq göstərmişdir ki, İddiaçı onun oğludur. Oğlu ilə cavabdeh X22 qızı ilə 2022-ci ildə rəsmi boşandıqdan sonra yenidən barışaraq bir müddət bir yerdə yaşamışlar. Oğlu 12500 ABŞ dollarını həmin vaxt cavabdehə vermiş, sonradan cavabdeh uşağı ilə birlikdə onların yaşadığı evdən çıxıb gedərək Bərdə şəhərində kirayədə yaşamışdır. Cavabdehə uşağın saxlanması üçün ara-sıra köməklik göstərmişlər. Oğlu Ukrayadan gələrək Bərdə şəhərində ev almaq istəmiş, cavabdehdən pulu istəmiş cavabdeh isə evi onun adına almağı tələb etmiş, oğlu bununla razılaşmadıqda isə pulu verməkdən imtina etmişdir. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X2 Mətanət Salman qızı ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı ilə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar. Birgə nikahlarından bir uşaqları anadan olmuşdur. 2022-ci ildə ayrılmışlar, nikahları məhkəmə qaydasında pozulmuş, nikahlarının pozulması formal xarakter daşımış, belə ki, iddiaçı Ukrayna Respublikası vətəndaşlığı qəbul etmək üçün nikahları pozulmuşdur. Nikah pozulduqdan bir neçə gün sonra iddiaçı ona ev almaq məqsədilə, o cümlədən zəruri ehtiyacları qarşılamaq məqsədilə 12500 manat pul vermişdir. Nikahın pozulması sırf formal xarakter daşıdığına görə o 2023-cü ilin avqust ayınadək qaynanasının evində yaşamışdır. Qaynanasıgildə yaşadığı müddət ərzində qayını ona qarşı əxlaqsız hərəkətlər etdiyindən o, 2023-cü ilin avqust ayında ayrıca kirayə mənzil götürərək övladı ilə birlikdə həmin mənzildə yaşamışdır. Ayrı yaşadığından o, oğlu X1, kirayə mənzil haqqının ödənilməsi məqsədilə iddiaçı tərəfindən ona verilmiş 12500 manat məbləğində vəsaiti xərcləmişdir. İddiaçı 2025-ci ilin yanvar ayında Azərbaycana gəldikdə mənzil almaq üçün pulu istəmiş o, isə mənzili onun adına rəsmiləşdirilməsini tələb etmiş, eləcə də uşağın saxlanılması üçün həmin vəsaiti xərclədiyini bildirmişdir. İddiaçı onun uşağın saxlanılması ilə əlaqədar aliment tələbi ilə məhkəməyə müraciət etməsi səbəbindən məhkəmədə iddia qaldıraraq ona verdiyi 12500 manat məbləğində vəsaitin qaytarılmasını tələb edir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməməsini xahiş edir. İş materiallarına istinad: Mülki işə əlavə olunmuş Tərtər rayon İcra Hakimiyyəti Başçısının Mamırlı kənd İnzibati Ərazi Dairəsi Üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 aprel 2025-ci il tarixli, 102 nömrəli arayışdan görünür ki, İddiaçı Tərtər rayonu, Mamırlı kəndində yaşayır. Mülki işə əlavə olunmuş Tərtər rayon İcra Hakimiyyəti Başçısının Mamırlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 10 fevral 2025-ci il tarixli, 45 nömrəli arayışdan görünür ki, X3 rayonu Mamırlı kəndində yaşayır. Mülki işə əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)- 2640/2022 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh İddiaçı qarşı nikahın pozulması tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh ilə cavabdeh İddiaçı arasında Bərdə Regional “ ASAN-Xidmət” X7 06 iyun 2017-ci ildə bağlanmış 606 nömrə ilə qeyd edilmiş nikah pozulmuşdur. Mülki işə əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(021)- 2074/2025 nömrəli qətnaməsindən görünür ki, xx.xx.2018-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq 2025-ci il üçün hər ay hər uşağa görə cavabdeh İddiaçı X11 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.5 misli həddində aliment tutulması qət edilmişdir. Mülki işə əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Zümürxan kənd İnzibati Ərazi Dairəsi Üzrə nümayəndəliyi tərəfindən verilmiş 02 aprel 2025-ci il tarixli, 8817 nömrəli arayışdan görünür ki, Cavabdeh Bərdə rayonu kəndində yaşayır. Mülki işə əlavə edilmiş AZE******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən İddiaçı xx.xx.1990-cı ildə Tərtər rayonu, Mamırlı kəndində anadan olmuş, həmin ünvanda qeydiyyatdadır. Mülki işə əlavə edilmiş 17 mart 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçının nümayəndəsi X8 tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət etmək üçün 154 manat dövlət rüsumu ödəmişdir. Mülki iş materiallarına iddiaçı tərəfindən təqdim edilmiş bir ədəd CD diskə baxış keçirərkən diskdə olan video görüntüdə tərəflərin aralarında pulla bağlı mübahisənin olduğu görünsə də, cavabdeh tərəfindən pulun məbləğinin etirafı görünmür. Mülki iş materiallarına cavabdeh tərəfindən təqdim edilmiş bir ədəd CD diskə baxış keçirərkən diskdə olan səs yazılarında cavabdehə verilmiş pul vəsaitinin xərclənməsi ilə bağlı iddiaçının mövqeyi dəqiq bildirilmir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ali Məcəlləsinin: 29.1. Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. Maddə 31. Ər-arvadın əmlakının qanuni rejimi anlayışı 31.1. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. 31.2. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. Maddə 32. Ər-arvadın birgə mülkiyyəti 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Maddə 33. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ 33.1. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Maddə 35. Ər-arvadın hər birinin əmlakının onların birgə mülkiyyəti sayılması Nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Maddə 36. Ər-arvadın ümumi əmlakının bölünməsi 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 9 dekabr 2022-ci il tarixli 675-VİQD nömrəli Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 5 dekabr 2023-cü il tarixli 1031-VİQ nömrəli Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 16 dekabr 2024-cü il tarixli 96-VİİQ nömrəli Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli 1/2024 nömrəli Qərarına əsasən: 3.1. Azərbaycan Respublikasında ər-arvadın əmlakının qanuni rejimini tənzimləyən Mülki Məcəllənin 225-ci maddəsinə və Ailə Məcəlləsinin 7-ci fəslinə (31-37-ci maddələr) əsasən ər-arvadın nikah dövründə əldə etdikləri əmlak (əgər nikah müqaviləsində və ya onlar arasındakı digər razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa) onların ümumi birgə mülkiyyəti sayılır. 3.2. Nəzərə alınmalıdır ki, ailə birliyi ümumi təsərrüfatı özündə ehtiva etdiyi üçün nikah müddətində əldə edilmiş əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanıldığı ehtimal olunur. Ailə Məcəlləsinin 32-ci maddəsinin mənasına görə əmlakın ərarvadın ümumi vəsaiti hesabına qazanılması yalnız pul və digər əşya qarşılığında deyil, həmçinin nikah dövründə birlikdə və ayrılıqda çəkilmiş zəhmət, əmək və başqa səylər nəticəsində əldə olunmasını nəzərdə tutur. Bu səbəbdən Ailə Məcəlləsinin 32.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. 3.3. Beləliklə, Mülki Məcəllənin 225.1 və Ailə Məcəlləsinin 32.1-ci maddələri nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ər-arvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiyanı ehtiva edir. 3.4. Prezumpsiya dedikdə, əksi sübut edilənədək həqiqi sayılan ehtimal başa düşülür. Qeyd edilən ehtimala əsas verən hər hansı hüquqi faktın və ya hadisənin mövcudluğuna istinad edilərək, bəlli olmayan digər bir hal (prezumpsiyanın nəticəsi) təsbit olunur. Bu halda şəxs prezumpsiyanın nəticəsini deyil, onun təməlini təşkil edən halı sübut etməklə prezumpsiyanın nəticəsini ayrıca sübut etmək yükündən azad olur. 3.16. Sözügedən məsələ ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu (bundan sonra – Konstitusiya Məhkəməsi) 2021-ci il 23 iyul tarixli Qərarında belə nəticəyə gəlmişdir ki, Mülki Məcəllənin 225, Ailə Məcəlləsinin 32 və 41.2ci maddələrinin tələblərinə uyğun olaraq nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Konstitusiya Məhkəməsi həmin qərarında vurğulamışdır ki, hər hansı daşınar və ya daşınmaz əşya üzərində mülkiyyət və s. əşya hüquqlarının, tələb hüquqlarının, habelə mövcud öhdəliklərin ər-arvadın ümumi əmlakına daxil olub-olmaması məsələsi həll edilərkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, ər-arvadın rəsmi nikah münasibətlərində olsalar da, ailə münasibətlərinə xitam verib-verməməsi, birgə təsərrüfat aparıb-aparmaması, götürülmüş borcun ailə məqsədləri üçün istifadə olunub-olunmaması kimi işin əhəmiyyətli hallarını araşdırmalıdır 4.1. Aktiv dedikdə, pulla qiymətləndirilə bilən bütün iqtisadi dəyərlər (əşyalar, hüquqlar və s.) nəzərdə tutulur. Ailə Məcəlləsinin 32.1-ci maddəsinin məqsədinə görə əldə etmə dedikdə, aktivlər üzərində əmlak hüquqlarının qazanılması başa düşülür. 4.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə daxil olan aktivlərin siyahısı Ailə Məcəlləsinin 32.2-ci maddəsində göstərilmişdir: onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak. 4.3. Nəzərə alınmalıdır ki, bu siyahı məhdudlaşdırıcı deyil, sadalayıcı mahiyyətdədir və konkret işin hallarından asılı olaraq qanunda nəzərdə tutulan şərtlərə cavab verən digər aktivlər də ər-arvadın ümumi birgə əmlakı sayıla bilər. 6.29. Bölgü zamanı hər bir halda mütənasiblik nəzərə alınmalı, bu cür bölgünün məqsədinin ərin (arvadın) daha çox əmlak əldə etməsi deyil, uşaqların üstün mənafelərinin təmin edilməsi olduğu daim diqqətdə saxlanılmalıdır. Tərəflərin ümumi mülkiyyətində daha artıq sayda əmlak varsa, yetkinlik yaşına çatmayan uşaqların ayrı yaşayan valideynlərdən birinin himayəsində qalmasına istinadla ümumi əmlak üzərində tərəflərin paylarının qeyribərabər müəyyən edilməsi Ailə Məcəlləsinin 37.2-ci maddəsinin yuxarıda ifadə edilmiş məqsədlərinə xidmət etmir. 6.33. Nəzərə alınmalıdır ki, ər-arvaddan birinin gəlir əldə etməməsi o halda əmlakın qeyri-bərabər bölünməsinə əsas verə bilər ki, ər və ya arvad heç bir üzrlü səbəb olmadan ailənin rifahı üçün birgə fəaliyyətdə iştirak etməkdən yayınmış olsun. Ailə Məcəlləsinin 32.3-cü maddəsinə əsasən nikah dövründə gəlir gətirən hər hansı fəaliyyətlə məşğul olmasa da, ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olan, yaxud müstəqil qazancının olmaması digər üzrlü səbəblərlə (o cümlədən sağlamlıq vəziyyəti ilə) bağlı olan ər (arvad) da ümumi əmlak üzərində bərabər pay hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmənin mövqeyi: Mülki işin mübahisəsiz halları: - xx.xx.2022-ci li tarixdə tərəflərin nikahının məhkəmə qaydasında pozulması formal xarakter daşımışdır. - Cavabdehin 2023-cü ilin avqust ayından etibarən övladı X14 ilə birlikdə iddiaçının ata evindən köçmüşdür. Məhkəmə hesab edir ki, mülki işin materiallarını və tərəflərin izahatlarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, İddiaçı Cavabdeh 12500 ABŞ dolları pul verdiyini göstərsə də, məhkəməyə pulun məhz ABŞ dolları ilə verildiyini təsdiq edən heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Cavabdeh iddiaçının ona 12500 manat verdiyini etiraf edərək həmin pulu uşağının ehtiyacı üçün xərclədiyini bildirmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, tərəflərin izahatı ilə müəyyən olunur ki, cavabdeh 2023-cü ilin avqust ayınadək iddiaçının ailə üzvləri ilə birlikdə yaşamış, sonradan uşağı ilə birlikdə ayrılaraq Bərdə şəhərində kirayədə yaşamış, xx.xx.2025-ci il tarixədək himayəsində olan X12 təkbaşına böyütmüşdür. Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(021)-2074/2025 nömrəli qətnaməsi ilə xx.xx.2018-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq 2025-ci il üçün hər ay hər uşağa görə İddiaçı X11 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.5 misli həddində aliment tutulması qət edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə verilmiş vəsait tərəflərin birgə nikah dövründə əldə etdikləri vəsaitdir. Qeyd edilən məbləğin 12500 ABŞ dolları dəyərində olması iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Cavabdeh tərəfindən etiraf edilən 12500 manat məbləğində vəsait isə tərəflərin birgə nikahından olan X10 xx.xx.2025-ci il tarixədək saxlanılmasına xərclənmişdir. Sözügedən və ümumi birgə mülkiyyətində olan 12500 manat məbləğində vəsait üzrə hər iki tərəf uşağın saxlanılması üçün bərabər həcmdə öhdəlik daşıyırlar. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 9 dekabr 2022-ci il tarixli 675-VİQD nömrəli Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 5 dekabr 2023-cü il tarixli 1031-VİQ nömrəli Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 16 dekabr 2024-cü il tarixli 96-VİİQ nömrəli Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. İşin mübahisəsiz halıdır ki, cavabdeh uşaqla 2023-cü ilin avqust ayından etibarən iddiaçının ailə üzvləri ilə birlikdə yaşamır. 2023-cü ilin avqust ayından dekabr ayının 31-dək yaşayış minimumu uşaqlar üçün 220 manat təşkil etmişdir. Beş aylıq müddət çərçivəsində uşağın saxlanılması üçün 1100 manat (5 (ayların sayı) X220(yaşayış minimumu)=1100 manat); 2024-cü ildə yaşayış minimumu uşaqlar üçün 235 manat təşkil etmişdir. Beş aylıq müddət çərçivəsində uşağın saxlanılması üçün 2820 manat (12 (ayların sayı) X235(yaşayış minimumu)=2820 manat); 2025-ci ildə yaşayış minimumu uşaqlar üçün 246 manat təşkil etmişdir. Məhkəmə qətnaməsi üzrə alimentin təyin edildiyi tarixə yəni, xx.xx.2025-ci il tarixə üç aylıq müddət çərçivəsində uşağın saxlanılması üçün 2820 manat (3 (ayların sayı) X 246 (yaşayış minimumu)=738 manat) məbləğində olmaqla ümumilikdə 4658 manat məbləğində minimum xərclərin çəkildiyini məhkəmə qəbul edir. Məhkəmə hesab edir ki, iddiaçı və cavabdehin ümumi mülkiyyətində olan 12500 manat məbləğində vəsaitdən 1 il 8 ay ərzində uşağa çəkilmiş xərclər çıxıldıqdan sonra qalıq 7842 manat məbləğ (12500- 4658=7842 manat) tərəflər arasında bərabər bölünməlidir. Qalıq məbləğ tərəflər arasında bərabər bölündükdən sonra 3921 manat məbləğində (7842 : 2) vəsait iddiaçıya ödənilməlidir. İddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumu da həmin hissədə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 3921 (üç min doqquz yüz iyirmi bir) manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddiaçının nümayəndəsi (anası) X8 tərəfindən ödənilmiş 59.21 (əlli doqquz manat iyirmi bir qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Bayram Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar