Məhkəmə qərarları › İş №2(021)-2097/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2097/2021

17.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2097/2021 17.08.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X1 katibliyi İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 Cavabdeh Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən e t d i: İddiaçı "xxxx" ASC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh istehlak etdiyi elektrik enerjisinə görə yaratmış olduğu 922,57 manat borc və 30 manat məbləğində dövlət rüsumunun tutulraq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 10.02.2015-ci ii tarixli sərəncamı ilə təsis edilmiş "xxxx" ASC istehlakçıları elektrik enerjisi ilə təmin edən yeganə təchizatçıdır. İstehlakçılara verilən elektrik enerjisi sayğac vasitəsilə ölçülür və Tarif Şurasının qərarı ilə müəyyən olunmuş tarif qiyməti əsasında istehlakçı tərəfindən ödənilir. Bildiririk ki, Cavabdeh elektrik enerjisinin istehlakçısı (məişət abonenti) kimi Bərdə EŞ-nin “Proqram bazası”nda **********00266 saylı istehlakçı kodu ilə qeydiyyatda olmaqla elektrik enerjisindən yaşadığı evə quraşdırılmış DDS-26 tipli, zavod nömrəsi ********** olan elektrik hesablama sayğacı vasitəsi ilə 01.08.2010-cu il tarixdən 10.08.2017-ci il tarixinə kimi istifadə etmişdir. 10.08.2017-ci il tarixindən 19.12.2017-ci il tarixinə kimi VİKO- M580DB0T tipli zavod nömrəsi ******* olan elektrik hesablama sayğacı vasitəsi ilə,19.12.2017-ci il tarixdən halhazıra kimi isə PAUD-MP 106 tipli, zavod nömrəsi **********8 olan elektrik hesablama vasitəsi ilə istifadə edir. Tərəflər arasında “Elektrik enerjisinin alqı-satqısının bir tipli müqaviləsi” bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən “enerji təchizatı müəssisəsi istehlakçını (məişət abonenti) keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təchiz edir, abonent isə istehlak edilmiş elektrik enerjisinin dəyərini yaşadığı evə quraşdırılmış elektrik hesablama sayğacının göstəricilərinə əsasən ona təqdim edilmiş “Bildiriş-Xəbərdarlığ”a uyğun olaraq ödəyir. Elektrik enerjisinə görə hesablaşma dövrü 1 ay qəbul olunur. Cavabdeh elektrik enerjisindən istifadəyə görə 11.10.2015-ci il tarixinə 644.74 manat məbləğində debitor borcu olmuşdur. Həmin tarixdən 08.04.2021-ci il tarixinə kimi Cavabdeh yaşadığı evə quraşdırılmış elektrik hesablama sayğaclarının enerji sərfiyyatı göstəricilərinə əsasən dəyəri 436.94 manat təşkil edən 6739 kvt saat miqdarında elektrik enerjisi istehlak etmişdir. Beləliklə Cavabdeh tərəfindən bu günə kimi istehlak edilmiş elektrik enerjisinin dəyərindən ödəniş edilmədiyi üçün onun 08.04.2021-ci il tarixinə ödənilməli olan 922.57 manat məbləğində debitor borcu vardır. Tərəflərindən Cavabdeh yaşadığı ünvana 02 fevral 2021-ci il tarixli 126 №-li Pretenziya göndərilərək həmin tarixə elektrik enerjisindən istifadəyə görə yaratmış olduğu 922.57 manat məbləğində debitor borcun 7 gün ərzində ödənilməsinin təmin edilməsi, əks təqdirdə “borcun ödənilməsi” tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Cavabdeh 23.02.2021-ci il tarixdə ona ünvanlanmış “Pretenziya”nı şəxsən almasına baxmayaraq borcdan ödəniş etməmişdir. Cavabdeh yaşadığı əraziyə xidmət edən nəzarətçi mühəndis tərəfindən sayğac göstəriciləri hər ay mini kompyuter vasitəsi ilə oxunaraq istehlak edilmiş elektrik enerjisinin miqdarı, dəyəri və qalıq borc məbləği göstərilən “Bildiriş-xəbərdarlıq” təqdim edilməsinə baxmayaraq o ödəniş etməkdən qəsdən yayınmaqla cavabdeh "xxxx" ASC-yə 922.57 (doqquz yüz iyirmi iki manat əlli yeddi qəpik) manat məbləğində ziyan vurmuşdur. Qeyd olunanlar Cavabdeh Bərdə EŞ-nin ”Proqram bazasında qeydiyyatda olan istehlakçı kodu üzrə “İstehlak edilmiş elektrik enerjisinin miqdarı, dəyəri və ödənişini əks etdirən” Abunə haqqında məlumatda öz təsdiqini tapır. Aşağıdakı hüquqi əsaslara görə iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-cı il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.14-cü bəndinə əsasən, istehlakçı hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 4-cü maddəsinin tələbinə görə (müdafiə üçün məhkəməyə müraciət etmək hüququ) bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. "xxxx" ASC mülki hüquq subyektidir və digər şəxslər tərəfindən pozulmuş huquqları qanunvericiliyə uyğun olaraq bərpa edilməlidir. Qeyd edilənlərə əsasən hesab edirlər ki, "xxxx" ASC-nin iddası əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X3 ərizəsini müdafiə edərək, iddia ərizədə göstərilənlərə uyğun izahat vermiş, ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, Bərdə rayonu, Birinci Qaradəmirçi kəndində yaşayır. Yaşadığı evə elektrik enerjisindən istifadəyə görə elektrik sayğacı quraşdırılmışdır. İddia ərizəsində onun 2015-ci ildən borcunun yarandığı göstərilmişdir. Həmin vaxtdan 5 ildən artıq müddət keçnişdir. İddia müddətini tətbiq etməklə iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işdə olan sənədləri araşdıraraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan abonentin saldosundan müəyyən olunur ki, Cavabdeh hazırkı vaxtadək cəmi 922,27 manat elektrik enerjisindən istifadəyə görə borcu vardır. Həmin borcdan 644,74 manatı 11.10.2015-ci ildə yaranmışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, qeyd olunan borcdan 644,74 manatı 2015-ci ildə yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Bu Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. X5 Məhkəməsinin Mahmudov Rusiyaya qarşı 26 iyul 2007-ci il tarixli 35082/-04 saylı qərarında qeyd olunmuşdur ki, məhkəmə Konvensiya çərçivəsində sübutlara qiymət verərkən belə hesab edir ki, sübut təqdim etmək vəzifəsi faktı təkzib edənin üzərinə deyil, təsdiq edənin üzərinə düşür. Sübutlar kifayət qədər əsaslı, açıq və digər sübutlarla təsdiq olunan hallara əsaslanmalıdır. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək iddia müddətini tətbiq etməklə iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının MM-nin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 373.3-cü maddəsinə görə vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Bu Məcəllənin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Bu Məcəllənin 551.2.1-ci maddəsinə görə kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi 31 may 2021-ci ildə Bərdə Rayon Məhkəməsinə daxil olmuşdur. Göründüyü kimi cavabdeh vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələbinin 644,74 manat hissəsi üzrə nəzərdə tutulmuş 3 il iddia müddətini ötürmüşdür. İddiaçı iddia ərizəsində 922,57 manat məbləğində borcun cavabdehdən alınıb verilməsini tələb etsə də iş materiallarında olan sənədlərdən müəyyən olunur ki, həmin məbləğin 644,74 manat hissəsi 2015-ci ildə yaranmış borc məbləğidir. Qanunvericiliyin tələbinə görə isə vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Ona görə də iddia tələbi 644,74 manat borcun tutulması tələbinə dair hissədə təmin edilə bilməz. Məhkəmə qeyd olunan sübutların məcmusuna qiymət verərək hesab edir ki, Cavabdeh elektrik enerjisindən istifadə etməsinə görə 277,83 manat məbləğində borcu yaranması sübuta yetirildiyindən iddia həmin hissədə təmin olunmalıdır. Cavabdeh 277.83 manat məbləğində borcu ödəməsini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 329.2.-ci maddəsi əsasında əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsi əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1.-ci maddəsinə müvafiq olaraq əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə yuxarıda göstərilən maddi və prosessual hüquq normalarına əsasən hesab edir ki, Cavabdeh təbii qazdan istifadəyə görə 277,83 manat məbləğində borcu olması sübuta yetirildiyindən iddia tələbi həmin məbləğdə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddia tələbinin təmin olunmuş hissəsinə münasib olaraq ödənilmiş 9 (doqquz) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı "xxxx" ASCnin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borc tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh təbii qazdan istifadəyə görə 277.83 (iki yüz yetmiş yeddi manat səksən üç qəpik) manat məbləğində pul və 9 (doqquz) manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx" ASC-nin hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar