Məhkəmə qərarları › İş №2(021)-220/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-220/2025

07.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-220/2025 07.01.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, Miryusifli Mirhaşimi Ağa oğlunun katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3219 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Bərdə rayon sakini Cavabdeh avtomobil satmaq adı ilə aldadaraq onun oğlu X1 1070 manat (bir min yetmiş manat) pulu almışdır. Xaliq onlara nə avtomobil satmışdı nə də 1070 manatı geri qaytarmamışdır. Xaliq 2024-cü ildə yanvar ayından sonra qardaşı Elçinin təkifindən sonra iki dəfə ona ayrı-ayrı aylarda iki dəfə 100 manat pul qaytarmışdır. Hal-hazırda Cavabdeh onun 870 manat pulu qalmışdır. Cavabdeh ona maddi və mənəvi zərər vurmuşdur. Onun 870 manat pulu öz dəyərini itirib. Ona görə də həmin pulun dəyərinin itməməsi üçün 870 manata görə hər ay 87 manat pul ödəməli idi. 27 ayın hər ayına 87 manatdan hesablayanda cavabdehin onun büdcəsinə vurduğu ziyan 2349 manat edir. Qeyd olunanlara əsasən iddia tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərərk iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmiş, buna baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə ki, Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsində isə göstərilir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İşdə iştirak edən şəxsin izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş Seriya AA******* saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci il tarixdə anadan olmuşdur. Mülki işə əlavə olunmuş №049559 nömrəli Vəsiqənin surətindən görünür ki, İddiaçı Qarabağ müharibəsinin əlilidir. Mülki işə əlavə olunmuş №277765 nömrəli Müqavilədən və Girov Biletindən görünür ki, İddiaçı Lider-Lombarddan girov qoyaraq 1300 manat kredit götürmüşdür. Mülki işə əlavə olunmuş ödəniş qəbzlərindən görünür ki, İddiaçı Lider-Lombarddan götürdüyü kreditdən cəmi 430 manat ödəniş etmişdir. Mülki işə əlavə olunmuş Bakı şəhər Binəqədi RPİ-nin “cinayət işinin başlanmasının rədd olunması haqqında” qərardan görünür ki, İddiaçı Azərbaycan Respublikası DİN-in 102 xidmətinə və Binəqədi RPİ-nin 6-cı PB-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, 20 gün əvvəl X6 onun oğlu X2 avtomobil satmaq adı ilə "Platin" adlı kafeyə çağırmış, oğlunu 10-15 gün girov götürüb buraxmamış oğlunu hədələməsini bildirmiş və daxil olmuş müraciətə əsasən araşdırma aparılmışdır. Araşdırma zamanı izahatı alınmış Cavabdeh izahatında İddiaçı oğlu Zabildən 1070 manat pul aldığını etiraf etmişdir. Toplanmış material üzrə cinayət işinin başlanması rədd olunmuş, tələb mülki xarakterli olduğundan məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, İddiaçı oğlu X4 vasitəsi ilə Cavabdeh avtomobil almağa kömək etməsi üçün 1070 manat pul vermişdir. Lakin cavabdeh vədinə əməl etməmiş və aldığı pulu bu günə qədər geri qaytarmamışdır. İddiaçı bu barədə Bakı şəhər Binəqədi RPİ–nə müraciət etmiş, aparılmış araşdırma zamanı Cavabdeh izahatında 1070 manat pul aldığını etiraf etmiş və Bakı şəhər Binəqədi RPİ–nin xx.xx.2023-cü il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanması rədd olunmuşdur. İddiaçı isə iddia ərizəsində Cavabdeh ona olan 1070 manat borcundan cəmi 200 manat qaytardığını və hazırda 870 manat borcu qaldığını qeyd etmişdir. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki Məcəllənin 152-ci maddəsində mülkiyyət hüququ mülkiyyətçiyə özünə mənsub olan əmlaka öz istədiyi kimi sahiblik, istifadə və sərəncam verməsi kimi ifadə edilmiş və həmin hüquqların leqal anlayışları verilmişdir. Həmin maddəyə müvafiq olaraq sahiblik hüququ – əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin, istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin, sərəncam hüququ isə əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Sahiblik və istifadə hüquqları nəticəsində şəxs əmlaka malik olur və onu istismar edə bilir. Sərəncam hüququnun həyata keçirilməsi əmlakın mənsubluğunun, vəziyyətinin və ya təyinatının dəyişdirilməsi ilə nəticələnir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 164.2-ci maddəsinə əsasən, sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-cı maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, yuxarıda göstərilənlər nəzərə alınmaqla, Cavabdeh 870 (səkkiz yüz yetmiş) manat alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində əldə çıxmış faydanın ödənilməsini tələb etsə də, təqdim etdiyi sənədlərlə bu hal sübuta yetməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki 2 hissədən ibarətdir - real zərər və əldən çıxmış fayda. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə, əldən çıxmış fayda dedikdə, hüququ pozulmasaydı, şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin başa düşülməsini nəzərdə tutur. Bu mənada əldən çıxmış fayda ehtimala əsaslanır. Burada zərər, şəxsin əmlakında zərər vurmadan sonrakı vəziyyət və zərər vurma olmasaydı, baş verməsi ehtimal olunan vəziyyət arasındakı fərqi ifadə edir. Bu baxımdan, zərər vurma olmasaydı, zərər çəkən şəxsin əmlakında bir artımın olacağından əmin olmaq zəruridir. Belə bir artımın olma ehtimalının əsaslılığını sübut etmək vəzifəsi isə iddiaçının üzərinə düşür. İddiaçı, cavabdehin göstərilən hərəkəti nəticəsində əldən çıxmış faydanın məbləğini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, əldən çıxmış faydanın sübut olunması üçün iddiaçının hər hansı bir sübut təqdim edə bilmədiyindən iddia tələbi həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin olunduğundan və iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2 və 124.1-ci maddələrinə əsasən iş üzrə ödənilməli olan 52,19 manat dövlət rüsumunun iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq 30 manatı Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220,227,233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 870 (səkkiz yüz yetmiş) manat alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. Cavabdeh iş üzrə ödənilməli olan 52,19 manat dövlət rüsumunun iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq 30 manatı alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar