Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-221/2022 12.04.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyan və mənəvi zərər” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh avtomobilinə dəymiş ziyana görə 62049 manat məbləğində maddi və 2000 manat məbləğində mənəvi ziyanın, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin alınıb ona verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “Lexus LX 470 minik” markalı 99BG 097 dövlət nömrə nişanlı avtomaşın onun xüsusi mülkiyyətindədir. 21 iyun 2021-ci il tarixdə saat 14:30 radələrində ona məxsus avtomaşınla Bakı şəhərindən Gəncə şəhərinə gedərkən Bakı–Qazax yolunun 231-ci km-də avtomobilində sağ dönmə siqnalını yandırıb yolun sağ ehtiyat hissəsinə çıxarkən dayanmışdır. Bu zaman arxadan gələn “Ford Transit yük “ markalı 09BP069 dövlət nömrə nişanlı avtomaşının sürücüsü, adını sonradan bildiyi Cavabdeh düzgün manevr etməyərək idarə etdiyi avtomaşının sol arxa hissəsini vurmuşdur. Yol hərəkət qaydalarını pozmuş “Ford Transit yük“ markalı 09BP069 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh barəsində inzibati qərar çıxarılaraq AR İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Cavabdeh təqsirli hərəkətləri nəticəsində iddiaçıya məxsus avtomaşına 62049 (altmış iki min qırx doqquz manat) məbləğində maddi ziyan dəymişdir. Ona dəymiş ziyan Tayota Bakı Mərkəzi MMC-nin 31.07.2021-ci il tarixli qiymətləndirmə aktı ilə müəyyən edilmişdir. Bundan başqa cavabdehin inzibati xəta törətməsi nəticəsində iddiaçı və ailə üzvləri qorxu, həyəcan, daxili iztirab və əzablar keçirib, səhhətləri korlanmışdır. Qəza törədilən vaxtdan avtomobilsiz qalmış, taksilərlə hərəkət etmək məcburiyyətində olmuş, narahatçılıq keçirmiş və buna xeyli vaxt sərf etmiş, əsəb keçirmişlər. Bununla da ona 2000 manat məbləğində mənəvi zərər dəymişdir. Həmçinin qeyd edir ki, cavabdeh ona dəyən ziyanı ödəməkdən boyun qaçırır. Odur ki, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Onun məhkəmə iclasına gəlməməsinin səbəbləri haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Mülki işə əlavə olunmuş Seriya AZE № ******** saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1980-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospekti ünvanda qeydiyyatdadır. Mülki işə əlavə olunmuş 21 iyun 2021-ci il tarixli 261 nömrəli Sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədən aktdan görünür ki, hadisə zamanı sürücü İddiaçı sərxoş olmamışdır. Mülki işə əlavə olunmuş 21 iyun 2021-ci il tarixli 262 nömrəli Sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədən aktdan görünür ki, hadisə zamanı sürücü Cavabdeh sərxoşluğu olmamışdır. Mülki işə əlavə olunmuş Cavabdeh tərəfindən verilmiş izahatdan görünür ki, o, 21.06.2021-ci il tarixdə özünə məxsus olan X4 markalı ** BP *** nömrəli avtomobillə Bakı şəhərindən Ağdaş rayonuna gələrkən Bakı Qazax yolunun 231-ci km-də Qazax istiqamətində hərəkətdə olan zaman manevr etmişdir və həmin zaman sağ ehtiyat hissəsində dayanmış Lexus markalı 99BG097 nömrəli avtomobili sol arxa hissəsindən vuraraq hadisə törətmişdir. Baş vermiş hadisə zamanı avtomobildə tək olmuşdur. Heç bir bədən xəsarəti olmamışdır. Mülki işə əlavə olunmuş İddiaçı tərəfindən verilmiş izahatdan görünür ki, o, 21.06.2021-ci il tarixdə saat 14:30 radələrində özünə məxsus olan Lexus markalı ** BG *** nömrəli avtomobili ilə Bakı şəhərindən Gəncə şəhərinə gedərkən Bakı Qazax yolunun 231-ci km-də avtomobili ilə sağa dönmə siqnalını yandırıb yolun sağ ehtiyat hissəsinə çıxıb və dayanmışdır bu zamanlar arxadan gələn Ford Tranzit markalı ** BP *** nömrəli avtomobilin sürücüsü düzgün manevr etməyərək idarə etdiyi avtomobilin sol arxa hissəsindən vurmuşdur. Baş vermiş hadisə zamanı avtomobildə 3 nəfər qohumlarıyla birlikdə olmuşdur. Heç biri bədən xəsarəti almamışdır. Mülki işə əlavə olunmuş TP4441973 saylı İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 40 manat məbləğində cərimə tətbiq olunmuşdur. Mülki işə əlavə olunmuş Toyota Bakı mərkəzi tərəfindən verilmiş qiymətləndirmə aktından görünür ki, Lexus markalı ** BG *** nömrəli avtomobilinə dəymiş ziyan cəmi 62049.00 manat hesablanmışdır.. Mülki işdə olan Məhkəmə ekspertizası mərkəzinin 9/8744 saylı ekspert rəyindən görünür ki, tədqiq edilən “ Lexus LX 470 “ markalı, ** BG *** dövlət nömrə nişanlı avtomobil hazırki vəziyyətdə əksər hissələri dəyişdirilməklə, əsaslı təmir olunması retabelli hesab olunmur və zərərçəkmişə dəymiş maddi ziyanın məbləği salamat qalan yararlı hissələrin dəyərini çıxmaqla təxminən 9600,0 (32000, 0 m-70 %) manat müəyyən edilir. Mülki işdə olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4-cü maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1. öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunvericiliyin qeyd olunan müddəasının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. MM-in 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixlə Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məhkəmə ekpert rəyini nəzərə alaraq hesab edir ki, iddia tələbi maddi ziyan hissəsində qismən təmin olunmalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçı maddi ziyanla yanaşı mənəvi zərərin ödənilməsi tələbi də irəli sürmüşdür. Məhkəmə hesab edir ki, iddia tələbi mənəvi zərər hissəsində təmin oluna bilməz. Belə ki, iddiaçı mənəvi zərər çəkməsi ilə bağlı hər hansı bir sübut təqdim etməmişdir. Həmin tələblə bağlı məhkəmə ilkin olaraq qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixlə Qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmələrə izah edilsin ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Plenum qərarında daha sonra göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri–inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi zərərin ödənilməsi tələbi bu tələbin irəli sürülməsinə səbəb olmuş iddia ilə birlikdə və yaxud belə iddia olmadan müstəqil, habelə cinayət mühakimə icraatı zamanı irəli sürülə bilər. Plenum qərarında daha sonra göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən ödənilmiş 30 manat məbləğində rüsumu cavabdeh Cavabdeh oğundan alınaraq İddiaçı oğluna ödənilməlidir. Ekspertiza tədqiqatının dəyəri 100 manat cavabdeh Cavabdeh oğundan alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin olunsun. Cavabdeh oğundan 9600 manat və iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı oğluna ödənilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. Ekspertiz tədqiqatının dəyəri 100 manat Cavabdeh oğundan tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-221/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-221/2022
12.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver