Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2211/2025 17.06.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X3 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı “Pul tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 4450 (dörd min dörd yüz əlli) manatın və 65 (altmış beş) manat dövlət rüsumuna görə ödəmiş olduğu pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehi, onun sahibliyində və istifadəsində olmuş **-BF-*** dövlət qeydiyyat nişanlı, VAZ-21074 markalı minik avtomaşınını xx.xx.2023-cü il tarixdə Bərdə maşın bazarından satın alarkən tanımışdır. Qeyd etdiyi kimi xx.xx.2023-cü il tarixdə Bərdə rayonu ərazisində yerləşən maşın bazarından avtomaşın almaq üçün getmiş və cavabdehin sahibliyində olan **-BF-*** dövlət qeydiyyat nişanlı, VAZ-21074 markalı minik avtomaşınını almaq barədə onunla maşının dəyərini 4450 (dörd min dörd yüz əlli) manata razılaşmışlar. Bundan sonra cavabdehə təklif etmişdir ki, avtomaşını həmin qiymətə almaq istəyir, buna görə alqı-satqı yolu ilə avtomaşını onun mülkiyyətinə keçirmək lazımdır. Ancaq, cavabdeh maşının alqısatqısını rəsmiləşdirməyə vaxtının olmamasını, çünki avtomaşının mülkiyyətçisinin özünün olmamasını, baş vəkalətnamə əsasında avtomaşın üzərində bütün hüquqları o, cümlədən satmağı, bağışlamağı və sair səlahiyyətləri ona mülkiyyəçinin adından verəcəyi barədə baş vəkalətnamə verə biləcəyini, əgər avtomaşınla bağlı hər hansı problemin yaranacağı halda özünün cavabdeh olacağı barədə əminlik etməsindən sonra 4450 manat pulu cavabdehə vermiş və cavabdeh, Bərdə Regional “ASAN xidmət” mərkəzinin Notariat Ofisində xx.xx.2023-cü il tarixdə 7E-20935 saylı reyestrlə qeydiyyata alınmış baş vəkalətnaməni avtomaşının texniki pasport üzrə mülkiyyətçisi Göyçay rayonu Şıxbəy kənd sakini X1 adından xx.xx.2024-cü il tarixədək qüvvədə olmaqla ona vermişdir. Onun da təcili pula ehtiyacının olmasına görə xx.xx.2023-cü il tarixdə cavabdehdən həmin tarixli baş vəkalətnamə əsasında 4450 manata satın aldığı **-BF-*** dövlət qeydiyyat nişanlı, VAZ-21074 markalı minik avtomaşınını Tovuz rayonu ərazisində yerləşən avtomaşın bazarında Qazax rayonu Daş Salahlı kənd sakini X2 xx.xx.2023-cü il tarixli ƏN-İX 095314 nömrəli reyestrlə qeydə alınmış baş vəkalətnamə əsasında avtomaşının texniki pasport üzrə mülkiyyətçisi Göyçay rayonu Şıxbəy kənd sakini X1 adından xx.xx.2024-cü il tarixədək qüvvədə olmaqla 5000 (beş min) manata satmışdır. Həmin avtomaşının sonuncu alcısı Ülkər Xəlilova da həmin avtomaşını dərhal öz mülkiyyətinə rəsmiləşdirməməsi nəticəsində həmin avtomaşının texniki pasport üzrə mülkiyyətçisi X1 yaşayış yeri üzrə Göyçay Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən **- BF-*** dövlət qeydiyyat nişanlı, VAZ-21074 markalı minik avtomaşınının üzərinə həbs qoyularaq avtomaşın sonuncu saibindən alınıb cərimə meydançasına yerləşdirilmiş, nəticədə avtomaşının soununcu sahibi Ülkər Xəlilova ondan avtomaşını satarkən aldığı beş min manat pulunun geri qaytarmasını tələb etmiş və Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(062)-3007/2024 saylı qətnaməsi ilə Ülkər Xəliovanın iddiası təmin edilmişdir. Ona görə də cavabdehdən həmin avtomaşını satın alarkən ona ödəmiş olduğu 4450 manat pulunun geri qaytarmasını tələb edir. Ancaq cavabdeh könüllü qaydada pulunu qaytarmadığından ona qarşı məhkəmədə iddia qaldırmalı olmuşdur. Məhkəmə iclasında İddiaçı ərizəsini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək göstərdi ki, Bərdə rayonunda yerləşən maşın bazarında Göyçay rayon sakinindən VAZ-21074 markalı **-BF- *** dövlət qeydiyyat nişanlı avtomobil almış, avtomobili 3-4 ay idarə etdikdən sonra İddiaçı 4450 manata satmışdır. Ancaq iddiaçı ilə aralarında alqı-satqı müqaviləsi olmamışdır. Alqısatqını etibarnamə əsasında etmişlər. Sonuncu isə avtomobili başqa şəxsə satmışdır. O, avtomobili satarkən avtomobilin üzərinə həbs qoyulmamışdır. Sonradan mülkiyyətçinin aliment borcuna görə avtomobilin üzərinə həbs qoyulmuşdur. İddiaçının pulunu qaytarmağa imkanı yoxdur. İddianın təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1990-cı ildə Tovuz rayonu Girzan kəndində anadan olmuşdur, Tovuz rayonu Hunanlar kəndində qeydiyyatdadır. Şəxsiyyət vəsiqəsi məlumatından görünür ki, Cavabdeh xx.xx.1981-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur, Bərdə rayonu Kələntərli kəndində qeydiyyatdadır. xx.xx.2023-cü il tarixli 7E-20935 reyestr nömrəli etibarnamədən görünür ki, Göyçay rayonu Şıxbəy kənd sakini X1 mülkiyyətində olan VAZ-21074 minik markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili nümayəndəsi Cavabdeh tərəfindən sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək üçün Tovuz rayonu Hunanlar kənd sakini İddiaçı etibarnamə verilmişdir. -Etibarnamə 7 ay 27 gün müddətinə verilmişdir və xx.xx.2024-cü il saat 2359-dək qüvvədədir. xx.xx.2023-cü il tarixli ƏN-İX 095314 nömrəli, 7E-20935 reyestr nömrəli etibarnamədən görünür ki, Göyçay rayonu Şıxbəy kənd sakini X1 mülkiyyətində olan VAZ- 21074 minik markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili nümayəndəsi İddiaçı tərəfindən sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək üçün Qazax rayonu Daş Salahlı sakini X2 etibarnamə verilmişdir. -Etibarnamə 7 ay 26 gün müddətinə verilmişdir və xx.xx.2024-cü il saat 2359-dək qüvvədədir. Tovuz Rayon Məhkəməsinin 18 dekabr 2024-cü il tarixli 2(062)-3007/2024 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, cavabdeh İddiaçı 5000 (beş min) manat pul cə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 70 (yetmiş) manat pul alınaraq iddiaçı X2 verilməsi, iddinın qalan hissədə təmin edilməməsi qət edilmişdir. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 65 (altmış beş) manat məbləğində dövlət rüsumu ödəmişdir. Mülki mübahisənin gerçək hallarından görünür ki, cavabdeh xx.xx.2023-cü ildə X1 mülkiyyətində olan, etibarnamə əsasında özünün sahibliyində olan VAZ-21074 minik markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili 4450 manata iddiaçıya satmış, lakin tərəflər arasında alqı-satqı olmamış, cavabdeh iddiaçıya mülkiyyətçinin adından avtomobili sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək üçün etibarnamə vermişdir. Avtomobil üzərində məhdudiyyət olduğundan tərəflər arasında alqısatqı baş tutmamışdır. İş üzrə Cavabdeh avtomobilin mülkiyyətçisi tərəfindən etibarnamə verildiyindən o avtomobili yüklülükdən azad etmək imkanlarına malik olmasına baxmayaraq bunları etməyərək iddiaçıdan 4450 manat məbləğdə pul alaraq avtomobilin şifahi alqı-satqısına dair razılığa gəlmişdir. İddiaçı qeyd olunan avtomobili X2 eyni qayda ilə (yəni etibarnamə ilə) satsa da, avtomobil üzərində məhdudiyyət olduğundan sonuncu Tovuz Rayon Məhkəməsində İddiaçı qarşı pul tələbinə dair iddia qaldırmış və iddia tələbi təmin edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MM və ya MM): 337.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə görə, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə görə, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. İşin hallarından görünür ki, cavabdeh VAZ-21074 minik markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili iddiaçıya qeyri-rəsmi qaydada satmış, lakin alqı-satqı avtomobilin üzərində məhdudiyyət olması səbəbindən rəsmiləşdirilməmişdir. Məhkəmə iclasında cavabdeh VAZ-21074 minik markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin satılması müqabilində iddiaçıdan 4450 manat məbləğində pul aldığını etiraf etmişdir. MM-nin: 567-ci maddəsinə görə, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 570.1-ci maddəsinə görə, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi aşağıdakı məqamda icra edilmiş sayılır: 570.1.1-ci maddəsinə əsasən, müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda; 570.1.2 ci maddəsinə əsasən, əşya alıcıya və ya onun göstərdiyi şəxsə əşyanın olduğu yerdə verməlidirsə, onun alıcının ixtiyarına verildiyi məqamda. Əşya müqavilədə nəzərdə tutulan müddətdə lazımi yerdə verilməyə hazır olduqda və müqavilənin şərtlərinə müvafiq surətdə alıcı bundan xəbərdar olduqda əşya alıcının ixtiyarına verilmiş sayılır. Əgər əşya nişanlanma yolu ilə və ya başqa şəkildə müqavilənin məqsədləri üçün eyniləşdirilməyibsə, verilməyə hazır sayılmır. 572.1-ci maddəsinə görə alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Satıcının bu vəzifəni icra etməməsi alıcıya əşyanın qiymətinin azaldılmasını və ya alğı-satqı müqaviləsinin ləğvini tələb etmək hüququ verir, bu şərtlə ki, alıcının həmin əşyaya üçüncü şəxslərin hüquqları olduğunu bildiyi sübuta yetirilməsin. 596.1-ci maddəsinə əsasən, alıcı ona verilən əşyanı qəbul etməyə borcludur, amma onun əşyanı dəyişdirməyi tələb etməyə və ya alğı-satqı müqaviləsinin icrasından imtina etməyə ixtiyarı çatdığı hallar istisna təşkil edir. 596.2 ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, alıcı adətən irəli sürülən tələblərə görə müvafiq əşyanın verilməsini və alınmasını təmin etmək üçün öz tərəfindən zəruri olan hərəkətləri etməyə borcludur. 596.3-cü maddəsinə görə, alıcı alğı-satqı müqaviləsini pozaraq əşyanı qəbul etmədikdə və ya onun qəbulundan imtina etdikdə satıcı alıcıdan əşyanı qəbul etməyi tələb edə bilər və ya müqavilənin icrasından imtina edə bilər. Göründüyü kimi, Cavabdeh iddiaçı ilə şifahi müqavilə bağlasa da, sona qədər həmin müqavilənin şərtlərinə əməl etməmiş və avtomobili yüklülükdən azad edərək iddiaçıya təhvil verməmişdir. Belə olan halda isə məhkəmənin qənaətinə görə, baş tutmamış alqı-satqıya görə 4450 manat məbləğində pul almaqla cavabdeh iddiaçının hesabına əsassız olaraq varlanmışdır. Bu, həm də aşağıda qeyd edilənlərdən irəli gəlir. MM-nin: 1091.1-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə görə, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə görə, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2-ci maddəsinə görə, əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3-cü maddəsinə görə, varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. 1093.1-ci maddəsinə görə, öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. 1093.2-ci maddəsinə görə, aşağıdakı hallarda qaytarma tələbi istisna edilir: 1093.2.1. əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə; 1093.2.2. əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa. Məhkəmə iclasında iddiaçı mübahisəli avtomobilin əldə edilməsi üçün ödənilmiş pulun cavabdehdən tutulmasını xahiş etmiş, tələbini mübahisəli avtomobilin onun adına rəsmiləşdirilməməsi ilə əsaslandırmışdır. Yəni, avtomobil iddiaçının adına rəsmiləşdirilməmiş, həyata keçirilməmiş əsasa görə iddiaçı tərəfindən pul ödənilmiş və nəticədə iddiaçı qanunsuz olaraq pulundan (əmlakından) məhrum olmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının hesabına əmlak əldə etmiş və əsassız varlanmış cavabdehdən 4450 manat pulun tutulması barədə iddia əsaslıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Məhkəmə işin faktiki hallarına və yuxarıda istinad olunan hüquq normalarının göstərişlərinə əsasən hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Cavabdeh mübahisəli avtomobili iddiaçının adına rəsmiləşdirmədiyindən iddiaçı verdiyi pulu geri tələb etməkdə haqlıdır. MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 222.2-ci maddəsinə görə, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, habelə təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında da Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, İddiaçı öz iddia tələbinin haqlı olmasını mötəbər sübutlarla sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən 65 (altmış beş) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 213, 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddiaçı Cavabdeh qarşı “Pul tələbi”nə dair iddiası təmin edilsin. Cavabdeh 4450 (dörd min dörd yüz əlli) manat məbləğində pul və 65 (altmış beş) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 4515 (dörd min beş yüz on beş) manat məbləğində vəsait alınaraq İddiaçı verilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №2(021)-2211/2025
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2211/2025
17.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver