Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2224/2025 29.07.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Aypara Adil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borca verilmiş pulun qaytarılması tələbi”nə dair mülki işə 29 iyul 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddia tələbi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona borclu olduğu 2500 manat pulun və iddia ərizəsinə baxılması üçün dövlət rüsumu olaraq ödədiyi 45 manatın alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsası İddiaçı X2 iddia tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh onun qızı Salahova (Mustafayeva) Ülviyyə Qüdrət qızının həyat yoldaşıdır. Onların nikahı Ağdam rayon Qeydiyyat şöbəsində 16 may 2023-cü il tarixdə 66 nömrə ilə qeyd edilməklə evlənib, ailə qurublar. Hazırda qızı Ülviyyə tərəfindən onların nikah qeydinin pozulması ilə əlaqədar hüquqi prosedur başladılmışdır, onlar faktiki olaraq bir neçə aydır ki, ayrılmış və ayrı-ayrı yerlərdə yaşayırlar, odur ki, evlilikləri formal olaraq yalnız nikah haqqında şəhadətnamə üzərində qalmışdır. Cavabdeh 2024-cü ilin aprel-may aylarında ondan borc olaraq cəmi 2500 manat pul almışdır. Belə ki, cavabdeh 2024-cü ilin aprel ayının 3-cü yarısında ona ***-***-**-** nömrəli mobil telefonla zəng edərək Bakı şəhərində olduğunu, müalicə olunmaq üçün gəldiyini, lakin pulunun tükəndiyini bildirmiş, ondan borc olaraq ona 3-4 min manat pul verməyini xahiş etmiş və vəd etmişdir ki, borcunu müalicədən qayıtdıqdan sonra ən geci 2024-cü ilin iyul-avqust ayına kimi qaytaracaqdır. Cavabdeh ona bildirmişdir ki, ona borca verəcəyim pulu Mustafaağalı kəndində yerləşən kənd təsərrüfat tayinatlı 10 ha torpağının bir hissəsini, yaxud Mustafaağalı kəndində yerləşən ona məxsus 2 dükanından birini satmaq hesabına qaytaracaqdır. Ona məlum idi ki, cavabdehin həqiqətən də Mustafağalı kəndində 10 hektar torpaq sahəsi və 2 dükanı vardır. Həm bu səbəbdən, həm də qızının həyat yoldaşı olduğu üçün vədlərinə inanaraq Cavabdeh bir neçə gün fasilələrlə 12-13 gün ərzində 3 dəfəyə cəmi 2500 manat pulu köçürmə yolu ilə göndərib. Həmin pulları aşağıdakı qaydada göndərmişdir.
1. xx.xx.2024-cü il tarixdə saat 07:40-da 1000 ( bir min) manat. Həmin məbləği Bərdə rayonu Hacılar kəndində yerləşən "Bizim market" adlanan ticarət obyektindəki Mpay ödəniş terminalı vasitəsi ilə və son 8 rəqəmi 67513592 olan bank kartına köçürməklə göndərib. Ödəniş qəbzindəki qeydlərə əsasən həmin kart Leobanka məxsus olan bank kartıdır, kartın müştərisi isə Cavabdehdur. Bank kartının nömrəsini Cavabdeh özü ona bildirərək tapşırmışdı ki, pulu həmin nömrəli karta yükləsin.
2. xx.xx.2024-cü il tarixdə saat 17:12-də 500 (beş yüz) manat. Həmin məbləği də Bərdə rayon Hacılar kəndində yerləşən "Bizim market" adlanan ticarət obyektindəki Mpay ödəniş terminalı vasitəsi ilə, lakin 416973xxxxxx3683 nömrəli bank kartına köçürməklə göndərib. (Kapital Banka məxsus bank kartıdır). Ödəmə qəbzindəki qeydlərə əsasən kartın sahibi-müştəri H xxxxx E xxxxx C xxxxx oğludur. Bu bank kartının nömrəsini də Cavabdeh özü ona bildirərək tapşırmışdı ki, pulu bu dəfə həmin nömrəli karta yükləsin.
3. xx.xx.2024-cü il tarixdə saat 20:53-də 1000 (bir min) manat. Həmin məbləği də Bərdə rayonu Hacılar kəndində yerləşən “Bizim market" adlanan ticarət obyektindəki Mpay ödəniş terminalı vasitəsi ilə və son 8 rəqəmi 67513592 olan bank kartına köçürməklə göndərib. Leo Banka məxsus olan və Cavabdeh özünə aid olan bank kartıdır. Pulu bu dəfə həmin bank kartına yükləməyi Cavabdeh özü tapşırmışdı. 2024-cü ilin avqust ayı da başa çatmasına baxmayaraq Cavabdeh ondan borc aldığı 2500 manat pulu qaytarmadı. Əksinə qızı Ülviyyə ilə münasibətlərini gərginləşdirərək, rəsmən olmasa da, faktiki olaraq ayrıldılar. 2024-cü ilin payız aylarından başlayaraq 2025ci ilin ilk aylarına kimi Cavabdeh dəfələrlə xahiş və tələb edib ki, ondan borc aldığı 2500 manat pulumu qaytarsın. O əvvəllər pulunu qaytaracağını vəd edirdisə də, lakin qaytarmadı. Axırda isə qəti olaraq bildirdi ki, ona olan borcunu qaytarmayacaqdır. Odur ki, bu iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Tərəflərin izahatı Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, məhkəmə iclasında nümayəndəsinin iştirakını heç bir üzrlü səbəb olmadan təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsinin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixdə saat 07:40-da Mpay ödəniş terminalı ilə X4 aid karta 1000 manat pul ödənilmişdir. xx.xx.2024-cü il tarixdə saat 17:13-də Mpay ödəniş terminalı ilə H****E****C**** adlı kart sahibinə 500 manat pul ödənilmişdir. xx.xx.2024-cü il tarixdə saat 20:53-də Mpay ödəniş terminalı ilə Cavabdeh kartına 1000 manat ödəniş edilmişdir. AZ-İİ 463167 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X1 xx.xx.2023-cü il tarixdə nikahları qeyd edilmişdir AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1949-cu ildə Bərdə rayonu Göyüşlü kəndində doğulmuşdur. Bərdə rayonu Göyüşlü kəndində qeydiyyatdadır. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1988-ci ildə Bərdə rayonu Mustafaağalı kəndində doğulmuşdur. Bərdə rayonu Mustafaağalı kəndində qeydiyyatdadır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi Məhkəmə qeyd edir ki, cavabdehə məhkəmə iclasında iddiaya münasibətinin müəyyənləşdirilməsi məqsədilə kifayət qədər vaxt və imkan yaradılmış, lakin cavabdeh məhkəmə iclaslarında iştirak etməmişdir. Sübut olunur ki, iş materiallarında qəbzlərə əsasən müxtəlif vaxtlarda 1000, 1000, 500 manat olmaqla, cəmi 2500 manat məbləğində pul Cavabdeh kart hesabına köçürülmüşdür. Göstərilən əsasla, Cavabdeh 2500 (iki min beş yüz) manat məbləğində pul və ödənilmiş 45 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220,227,233,357-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 2500 (iki min beş yüz) manat məbləğində pul və ödənilmiş 45 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsinə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə elektron qaydada) apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Ziya Abdullayev