Məhkəmə qərarları › İş №2(021)-2296/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2296/2023

11.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2296/2023 11.07.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı X3 iştirakı ilə, İddiaçı X3 Cavabdeh qarşı «alimentin artırılması və müalicə xərci tələblinə» dair iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı X9 Cavabdeh qarşı «alimentin artırılması və müalicə xərci tələbinə» dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bərdə Rayon Məhhkəməsinin 25 avqust 2021-ci il tarixli 2(021)-2602/2021 saylı qətnaməsi əsasında Cavabdeh ilə birgə nikahdan olan 03 avqust 2016-cı il təvəllüdlü X12 adlı uşağının saxlanılması üçün təyin edilən 150 manat aliment məbləğinin artırılaraq, hər ay 220 manat alimentin onun xeyrinə tutulmasına və uşaq xəstə olduğundan, hər ay onun müalicəsi üçün çəkilən xərclərə cavabdehin cəlb olunması tələbinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı X9 iddia ərizəsini onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 19 dekabr 2015-ci il tarixli rəsmi nikaha daxil olmaqla ailə qurublar. Birgə nikahlarından 03 avqust 2016-cı il tarixli X13 adlı bir qız övladları anadan olmuşdur. Bərdə Rayon Məhkəməsinin 07 may 2019-cu il tarixli qətnaməsinə əsasən aralarında olan nikah pozulmuş, birgə nikahdan olan 03 avqust 2016-cı il təvəllüdlü X13 onun himayəsində saxlanılmışdır və cavabdehdən 100 manat aliment məbləği onun xeyrinə tutulması qət edilmişdir. Bərdə Rayon Məhkəməsinin 04 fevral 2020-ci il tarixli qətnaməsi ilə alimentin miqdarı dəyişdirilmiş 130 manat sabit məbləği miqdarında alimentin tutulması qət edilmişdir. Bərdə Rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli yeni qətnaməsinə əsasən alimentin miqdarı dəyişdirilmiş 150 manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir. Qeyd edir ki, övladı onun himayəsindədir, onun bütün maddi və mənəvi ehtiyaclarını o, ödəyir. Övladının normal yaşaması üçün maddi imkanı kifayət etmir. Maddi cəhətdən çətinlik çəkir. Uşağın gündəlik ehtiyacları, paltarı, həkim xərci, mənzildə işıqdan, sudan, qazdan istifadə etməsi və ödənişlərə ehtiyac olmaqla vəziyyəti ağırdır. Əlavə edir ki, X10 onkoloji xəstəlikdən əziyyət çəkir və mütəmadi olaraq müailicə alır. Cavabdeh isə ona uşağın saxlanılması üçün heç bir əlavə maddi və mənəvi yardım göstərmir, hətta uşaqla maraqlanmır, halbu ki, onun imkanı yaxşı olmaqla maddi cəhətdən təminatlıdır. Qızının müalicəsi ilə belə maraqlanmır və heç bir əlavə köməklik etmir. Məhkəmə iclasında iddiaçı X9 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada bildiriş verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X9 xx xxxx 1989-cu ildə Bərdə rayonunda doğulmuşdur, Bərdə rayonu, Gərənə kəndində qeydiyyatdadır. İş materiallarında olan AA 339648 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Cavabdeh xx xxxx 1989-cu ildə Bərdə rayonunda doğulmuşdur. İş materiallarında olan Bərdə rayon, Gülğlula kənd İƏV üzrə nümayəndəliyi tərəfndən verilmiş 382 nömrəli, 01 mart 2023-cü il tarixli arayışdan müəyyən olunur ki, X1 rayonu, Gərənə kəndində yaşayır. İş materiallarında olan AZ-İ 352936 nömrəli nikahın pozulması haqqında şəhdaətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh və X9 arasında olan nikah pozulmuşdur. İş materiallarında olan AZ-İİİ 937467 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X13 03 avqust 2016-cı ildə doğulmuşdur, atası Cavabdeh, anası X6r. İş materiallarına əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin 2(021)-2602/2021 saylı, 25 avqust 2021-ci il tarixli qətnaməsinə əsasən 03 avqust 2016-cı il tarixdə anadan olmuş X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bərdə Rayon Məhkəməsinin 04 fevral 2020-ci il tarixli, 2(021)-800/2020 saylı qətnaməsi ilə tutulan alimentin məbləği dəyişdirilərək hər ay bir uşağa görə 150 (yüz əlli) manat məbləğində müəyyən edilməklə Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilməsi, alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmış, iddia tələbi qalan hissədə isə təmin olunmamışdır. İş materiallarında olan Mediasiya Şurasının arayışından müəyyən olunur ki, tərəflər arasında razılıq olmamışdır. İş materiallarında olan 17 fevral 2023-cü il tarixli məşğulluq haqqında arayışdan müəyyən olunur ki, Cavabdeh işsiz kimi qeydiyyatdadır. İş materiallarında olan AZ-İİ 436795 nömrəli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh ilə X8 20 aprel 202-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişdir. Nikahdan sonra arvada Yusifova soyadı verilmişdir. İş materiallarında olan AZ-İV 705951 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X15 24 yanvar 2022-ci ildə doğulmuşdur, atası Cavabdeh, anası X4r. Azərbaycan Respublikasının Konstitusiyasının 17-cı maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması ücün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq Hüquqları haqqında” Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq Hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsədə məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76.2-ci maddəsinin tələbinə görə, Məcəllənin 76.1-ci maddəsində müəyyən edilmiş payların miqdarı məhkəmə tərəfindən, tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İstinad edilən maddi normalara görə uşaqların saxlanması üçün alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə ilk olaraq qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Məhkəmə həmçinin qeyd edir ki, qanunvericiliyə görə aliment 2 formada tutula bilər: qazancın və başqa gəlirlərin müəyyən hissəsi kimi və sabit pul məbləğində. Alimentin məbləği ilə bağlı olaraq isə ilk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Ailə Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanılmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə minimum təminat səviyyəsini nəzərdə tutur. Həmin minimum təminat səviyyəsindən daha yüksək məbləğdə alimentin təyin olunması isə aliment tutulan şəxsin qazancları barədə sübutların olmasından asılıdır. Hazırki halda isə məhkəmə cavabdehin aliment ödəmək imkanına malik olduğunu nəzərə alır və alimentin sabit pul məbləğində tutulması qənaətinə gəlir. Həmçinin uşaqları saxlamaq hər iki valideyinin vəzifəsi olduğunu nəzərə alır. Beləliklə məhkəmə hesab edir ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-2602/2021 saylı, 25 avqust 2021-ci il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək 03 avqust 2016-cı il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay bir uşağa görə 170 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, müalicə pulunun tutulması hissəsində iddia tələbi rədd olunmalıdır. Belə ki, həmin halı iddiaçı sübut edə bilməmiş, bununla bağlı məhkəməyə hər hansı bir sənəd təqdim etməmişdir. Məhkəmə onu da qeyd edir ki, hazırkı iş üzrə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tutulduğundan dəyişdirilmiş alimentin məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. (Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il Qərarı) . Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən 30 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə, ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 213- 220, 227, 233.1, 234, 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. 03 avqust 2016-cı il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bərdə Rayon Məhkəməsinin 2(021)-2602/2021 saylı, 25 avqust 2021-ci il tarixli qətnaməsi ilə tutulan alimentin məbləği dəyişdirilərək hər ay bir uşağa görə 170 (yüz yetmiş) manat sabit pul məbləğində müəyyən edilməklə Cavabdeh alınaraq X5 xeyrinə ödənilsin. Alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia qalan hissədə təmin edilməsin. İddia tələbi təmin edildiyindən 30 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar