Məhkəmə qərarları › İş №2(021)-2380/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2380/2025

09.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2380/2025 09.07.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Aypara Adil qızı Məmmədovanın katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “Pul tələbi”nə dair mülki işə 09 iyul 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 16000 manat məbləğində pulun alınaraq onun xeyrinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə tanışdır. Cavabdeh iddiaçıdan 2024-cü ilin iyun-iyul aylarında və müxtəlif vaxtlarda hissə-hissə olmaqla 50 min manat borc pul almışdır, həmin puldan ümumilikdə 19000 manat qaytarmışdır. Hazırda həmin pulun 16000 manatını iddiaçıya, digər 15000 manatını isə iddiaçının qohumuna borcludur. Müxtəlif vaxtlar qoyulsa da, heç bir ödəniş etməmişdir. İddiaçının təkliflərinə baxmayaraq, cavabdeh müxtəlif bəhanələr gətirərək borcunu ödəməkdən imtina edir. Bu səbəbdən də iddiaçı məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iddiaçı iddia tələbinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabeh Cavabdeh bildirdi ki, o iddiaçıdan sələmə, yəni faizə olaraq 1-2-5-10-15 gün müddətində 5000 manat, 10000 manat, 11000 manat, 15000 manat 20000 manat və 30000 manat pullar götürüb alver ediblər və daha sonra götürmüş olduğu pulu geri qaytarıb. O bildirir ki, götürmüş olduğu hər 100 manat pula görə 7-8 manat faizə pul ödəmişdir. Daha sonra yenidən iddiaçıdan 35000 manat faizə pul istəmiş və həmin pulun 19000 manatını geri qaytarmışdır. Lakin qalan 16000 manatı geri qaytara bilməmişdir. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1979-cu ildə Laçın rayonunda doğulmuşdur. Bərdə rayonu Qarabağ qəsəbəsində qeydiyyatdadır. Bərdə rayon Polis Şöbəsinin istintaq bölməsinin baş müstəntiqi, polis mayoru X1 cinayət işi başlanılmasının rədd edilməsi haqqında 28 fevral 2025-ci il tarixli qərardan müəyyən olunur ki, toplanmış HK-1/689 və HK-1/690 saylı materiallar üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İddiaçı qarşılıqlı pul tələbi ilə bağlı olan xüsusatlarla əlaqədar xüsusi ittiham və mülki qaydada məhkəmədə iddia qaldırmaq hüquqlarının olması izah edilmişdir. Qəbul edilmiş qərarın surəti tərəflərə göndərilməklə, onlara qəbul edilmiş qərardan Azərbaycan respublikası CPM-nin 212-ci maddəsinə əsasən rayon prokuroruna, yuxarı prokurora və rayon məhkəməsinə müraciət etmək hüquqlarının olması izah edilmişdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 164.2-ci maddəsinə əsasən, sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsində qeyd edilmişdir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddədə qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 222.1-ci maddəsinə əsasən, məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. 28 fevral 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara və cavabdehin məhkəmə iclasındakı borcun etirafına əsasən müəyyən olunur ki, cavabdeh həqiqətən 16000 manat məbləğində pulu iddiaçıdan qəbul etmişdir. Eyni zamanda qeyd olunur ki, cavabdeh tərəfindən sözügedən vəsaitin qaytarılması göstərilsə də, qeyd olunan qaytarılma hal hər hansı mötəbər sübutlarla müəyyən olunmur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, İddiaçı Cavabdeh qarşı “Pul” tələbinə dair iddiası təmin olunmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi təmin edildiyindən Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 138 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220,227,233,357-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 16.000 (on altı min) manat məbləğində pul və ödənilmiş 138 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsinə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə elektron qaydada) apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar