Məhkəmə qərarları › İş №2(021)-2396/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2396/2023

11.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2396/2023 11.07.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X12 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, iddiaçı X3 və Cavabdeh iştirakı ilə, İddiaçı X3 (bundan sonra iddiaçı və ya Aytəkin Hüseynova) Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı “Alimentin məbləğinin artırılması” tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı Aytəkin Hüseynova məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh, onun himayəsində olan, 15 dekabr 2020-ci il tarixdə anadan olmuş X8 adlı uşağının saxlanılması üçün ərizə verildiyi tarixdən başlayaraq uşaq yetkinlik yaşına çatanadək, Bərdə Rayon Məhkəməsinin qətnaməsi aliment tələbinə dair hissəsində dəyişdirilərək hər ay 220 manat məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Aytəkin Hüseynova iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2019-cu il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Birgə nikahlarından 15 dekabr 2020-ci il tarixdə X8 adlı övladları anadan olmuşdur. Bərdə Rayon Məhkəməsinin qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. 15 dekabr 2020-ci il tarixdə anadan olmuş X8 adlı övladı onun himayəsinə verilmiş və hər ay uşağın saxlanılması üçün 150 manat sabit pul məbləğində aliment və 3 yaşınadək uşağın saxlanılması üçün 50 manat məbləğində ödənilməsinə dair qətnamə qət edilmişdir. Övladının normal yaşaması üçün maddi imkanı kifayət etmir, uşağın gündəlik yeməyə, paltara, həkim xərcinə, təhsilinə, mənzildə işıqdan, qazdan, sudan istifadə etmə və s. ödənişlərə ehtiyacı olmaqla, maddi cəhətdən çətinlik çəkir. “X7” Qanuna əsasən ölkə üzrə 2023-cü il üçün bir uşağın saxlanma xərci 220 manat müəyyən edilmişdir. Bu səbəbdən də hesab edir ki, Cavabdeh 15 dekabr 2020-ci il tarixdə anadan olmuş X8 adlı uşağının saxlanılması üçün hər ay 220 manat məbləğində aliment tutulmalıdır. Məhkəmə iclasında iddiaçı Aytəkin Hüseynova ərizəsini müdafiə edərək, iddia ərizədə göstərilənlərə uyğun izahat verdi, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək göstərdi ki, Bərdə Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli qətnaməsinə əsasən iddiaçıya hər ay hər uşağa görə 150 manat, cəmi 300 manat aliment ödəyir. Uşağının xəstəliyi ilə maraqlansa da iddiaçı uşaqları ilə ünsiyyət saxlamasına imkan vermir. Fəhlə işləyir, hər ay hər uşağa görə 220 manat məbləğində aliment ödəməyə imkanı yoxdur. İddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1995-ci ildə Bərdə şəhərində anadan olmuşdur, Bərdə şəhəri Gəncə küçəsi ev 42-də qeydiyyatdadır. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1994-cü ildə Bərdə rayonu Alpoud kəndində anadan olmuşdur, Bərdə rayonu Alpoud kəndində qeydiyyatdadır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 10 may 2023-cü il tarixli 2200 nömrəli arayışdan görünür ki, X1 şəhəri, Gəncə küçəsi ev 42-də yaşayır. Bərdə regional “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 12 yanvar 2021-ci il tarixli AZ-İV 547516 saylı doğum haqqında şəhadətnamədən görünür ki, tərəflərin birgə rəsmi nikahlarından 15 dekabr 2020-ci ildə Uğur adlı uşaqları anadan olmuşdur. 15 dekabr 2020-ci il təvəllüdlü X5 “ata” qrafasında atası kimi Cavabdeh, “ana” qrafasında anası kimi İddiaçı qeyd edilmişdir. Bərdə Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli 2(021)-3508/2022 saylı qətnaməsindən görünür ki, iddiа qismən təmin edilmiş, xx.xx.2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay, bir uşağa 150 (yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi, Cavabdeh xx.xx.2020-ci il təvəllüdlü X5 3 yaşı tamam olana kimi hər ay 50 manat tutularaq İddiaçı ödənilməsi, Cavabdeh 38 mаnаt dövlət rüsumu аlınаrаq dövlət büdcəsinə ödənilməsi, alimentin tutulma müddətinin məhkəməyə müraciət edildiyi vaxtdan, yəni 06 oktyabr 2022-ci il tarixdən müəyyən edilməsi qət edilmişdir. Bərdə Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli 2(021)-1139/2023 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında 08 avqust 2019-cu il tarixdə X14 Xidmət Mərkəzində Qeydiyyat Şöbəsisndə 134 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, iş üzrə ödənilmiş 50 manat dövlət rüsumunun cavabdeh X2 alınaraq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. 02 fevral 2023-cü il tarixli MŞG1/MT007/2023-00245 nömrəli arayışdan görünür ki, İddiaçı “Mediasiya haqqında“ Azərbaycan Respublikasının Qanununun 21.8-ci maddəsinin tələblərinə uyğun olaraq arayış verilmişdir. 30 mart 2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı mediasiya xidmətinə müraciət üçün 50 manat məbləğində rüsum ödəmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin 4-ci bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyyə etmək valideyinlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun: 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinə görə, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifəsidir. BMT-nin 12 noyabr 1989-cu il tarixli “Uşaq hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı ücün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının AM və ya AM): 75.1.-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə görə, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2023-cü il üçün X7” 30 dekabr 2022-ci il tarixli Azərbaycan Respublikasının Qanununa görə, 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmənin qənaətinə görə, alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib vəzifələridir. Azərbaycan Respublikasının AM-nin: 56.1-ci maddəsinə görə, valideynlər öz uşaqları barəsində bərabər hüquqa malik olmaqla və bərabər vəzifələr daşıyırlar. 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə, valideynlərin uşaqların saxlanılması üçün bərabər məsuliyyət daşımasını, alimentin tutulması barəsində məhkəmə qətnaməsi qəbul edilməsindən 6 aydan artıq müddət keçməklə uşağın tələbatlarının artmasını, bununla yanaşı Cavabdeh qazancının qeyri-müntəzəm olmasını, iddiaçının cavabdehin işləməsi və ya gəlirlərinin artması haqqında sübut təqdim etməməsini, cavabdehin sabit pul məbləğində ayda 220 manat miqdarında aliment ödəməsinin real olmamasını nəzərə alaraq belə hesab edir ki, iddia qismən təmin edilməli, göstərilən diqqətəlayiq hallar, habelə tərəflərin maddi və ailə vəziyyəti, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutulmaqla Bərdə Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli 2(021)-3508/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin dəyişdirilərək 15 dekabr 2020-ci ildə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 170 manat məbləğində alimentin sabit pul məbləğində tutularaq iddiaçı Aytəkin Hüseynovaya verilməsi qanuna və məqsədəuyğundur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 nömrəli qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə hesab edir ki, alimentin tutulması “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli qərarına əsasən qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM): 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 222.2-ci maddəsinə görə, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Qeyd olunanlarla yanaşı, işdən görünür ki, iddiaçı mediasiya xidmətinə müraciət üçün 50 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nin: 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia təmin edildiyindən mediasiya xidmətinə müraciət üçün ödənilmiş 50 manat məbləğində rüsum cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddiaçı X3 Cavabdeh qarşı “Alimentin məbləğinin artırılması” tələbinə dair iddiası qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli 2(021)-3508/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq qətnamə qanuni qüvvəsini aldıqdan sonra 15 dekabr 2020-cı ildə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 170 (bir yüz yetmiş) manat miqdarında aliment sabit pul məbləğində tutularaq iddiaçı X4 verilsin. Mediasiya xidmətinə müraciət üçün ödənilmiş 50 (əlli) manat məbləğində rüsum Cavabdeh alınaraq iddiaçı X4 verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar