Məhkəmə qərarları › İş №2(021)-2400/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2400/2022

23.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2400/2022 23.09.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Bayramov Orxan Elşən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2010-cu ildə anadan olmuş X9 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 100 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsinə dair Bərdə Rayon Məhkəməsinin 31 may 2019-cu il tarixli, 2(021)-2398/2019 saylı qətnaməsi və xx.xx.2017-ci ildə anadan olmuş X7 yetkinlik yaşma çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 100 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsinə dair Bərdə Rayon Məhkəməsinin xx.xx.2018ci il tarixli, 2(021)-3619/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin artırılaraq Cavabdeh X9 və X7 yetkinlik yaşma çatana kimi saxlanılmaları üçün hər uşağa görə hər ay 193 manat, ayda cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində alimentin alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, Cavabdeh ilə nikahlarını 17 dekabr 2007-ci ildə rəsmi qeydiyyatdan keçirməklə evlənmişdirlər. Həmin evlilikdən 12 fevral 2010-cu ildə X14 və 18 oktyabr 2017-ci ildə X10 adlı 2 uşaqları olmuşdur. Bərdə Rayon Məhkəməsinin qanuni qüvvəyə minimiş xx.xx.2019-cu il tarixli, 2(021)-2417/2019 saylı qətnaməsi ilə onunla Cavabdeh arasında xx.xx.2007-ci ildə Bərdə rayon Qeydiyyat şöbəsində 23 nömrə ilə qeydə alınmış nikahları pozulmuş, birgə nikahdan olan uşaqları X14 və X7 nikahın pozulmasından sonra onların yetkinlik yaşma çatanadək onun yanında saxlanılmaları da həmin qətnaməsi ilə qərara alınmışdır. Cavabdeh birgə nikahdan olan uşaqlarını saxlamaqdan və onların qayğısına qalmaqdan imtina etdiyinə görə onun “uşağın himayədə saxlanılması və aliment tələbinə dair” iddia ərizəsinə baxan Bərdə Rayon Məhkəməsi 09 avqust 2018-ci il tarixli, 2(021)-3619 saylı qətnaməsi ilə iddia tələbini qismən təmin edərək X7 onun himayəsində saxlanılmasına və onun yetkinlik yaşına çatana kimi Cavabdeh 12 iyul 2018-ci il tarixindən başlayaraq hər ay 100 (bir yüz) manat məbləğində aliment tutularaq ona ödənilməsini qət etmişdir. Bərdə Rayon Məhkəməsinin 17 dekabr 2018-ci il tarixli, 2(021)-4091/2018 saylı qətnaməsi ilə onun uşaq tələbinə dair iddiası təmin edilərək xx.xx.2010-cu ildə anadan olmuş İsmixanlı Rüfət qızının atası Cavabdeh alınaraq ona verilməsi qərara alınmışdır. Həmin qətnamədən Cavabdeh Knyaz oğlunun verdiyi apellyasiya şikayətinə baxan Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(104)-1682/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir. Daha sonra Bərdə Rayon Məhkəməsi 31 may 2019-cu il tarixli, 2(021)-2398/2019 saylı qətnaməsi ilə onun “aliment tələbinə dair” iddiasını qismən təmin edərək qərara alınmışdır ki, xx.xx.2010-cu ildə anadan olmuş X9 yetkinlik yaşma çatana kimi saxlanılması üçün Cavabdeh 03 may 2019cu ildən başlayaraq ayda 100 (bir yüz) manat sabit pul məbləğində aliment alınaraq ona verilsin. Beləliklə də qızları X1 üçün aylıq 100 manat sabit pul məbləğində aliment təyin edildiyi gündən təxminən 4 il (Bərdə Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(021)- 3619/2018 saylı qətnaməsi), qızları X2 üçün aylıq 100 manat sabit pul məbləğində alimentin təyin edildiyi gündən isə 3 ildən çox müddət keçmişdir. (Bərdə Rayon Məhkəməsinin 31 may 2019-cu il tarixli, 2(021)-2398/2019 saylı qətnaməsi) Yəni bu qətnamələrin qəbulundan sonra keçən müddətdə qızı Mehparə 4 yaş, qızı Nuray isə 3 yaş böyümüşdür. Təbidir ki, onların böyüməsi ilə əlaqədar saxlanılması xərcləri də artmışdır, onlar normal qidalanması, normal tərbiyə və təhsil almaları, sağlam böyümələri, normal geyinmələri və mədəni-mənəvi inkşafları üçün ötən 3-4 ilə nisbətən indi 2 dəfə çox xərc tələb olunur. O isə günəmuzd işlərlə məşğul olmaqla evlərdə təmizlik işlərini yerinə yetirir, bəzən hətta həftədə 2-3 gün belə işlərin görülməsi üçün sifarişlər də olmur. Belə sifarişlər olduqda isə gün ərzində qazancı 15-20 manatdan çox olmur. Bundan başqa uşaqları ilə birlikdə Bərdə şəhərində yuxarıda göstərilən ünvanda kirayədə yaşayır. Cavabdeh isə nəinki uşaqlarının saxlanılması üçün əlavə heç bir maddi kömək göstərmir, hətta onlar üçün məhkəmə qətnamələri ilə müəyyən olunmuş aylıq cəmi 200 manat aliment də tam ödəmir, borcl yığılıb qalmışdır. Məhkəmənin diqqətinə çatdırır ki, Cavabdeh aylıq hər uşağa görə dövlətin müəyyən etdiyi minimum yaşayış məbləği olan 193 manat ödəməyə hər cür imkanı vardır. Belə ki, o, Bakı şəhərində evlərdə rəngsaz işi görməklə məşğul olur, bundan başqa fərdi yaşayış evləri tikir. Otuzikilər kəndində həyətyanı torpaq sahəsi və pay torpaq sahəsi var. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh qanununla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq o heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsində isə göstərilir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş Seriya AA ******* saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1987-ci il tarixdə anadan olmuşdur. Mülki işə əlavə olunmuş Seriya AZE ******** saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx xxxxxx 1987-ci il tarixdə anadan olmuşdur. Mülki işə əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 3364 saylı xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı Bərdə şəhəri, A.Əhmədov küçəsi 5-də yaşayır. Mülki işə əlavə olunmuş Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ 333808 saylı xx.xx.2019-cu il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X6 arasında olan nikah ləğv edilmişdir. Nikah pozulduqdan sonra ərə İsmixanov, arvada Rüstəmova soyadı verilmişdir. Mülki işə əlavə olunmuş Bərdə rayonu Otuzikilər kənd İƏD üzrə icra nümayəndəliyi tərəfindən verilmiş AZ-İİ 431027 nömrəli doğum haqqinda şəhadətnamənin surətindən görünür ki, X14 12 fevral 2010-cu il tarixdə anadan olmuşdur. Ata qrafasında atası kimi Cavabdeh, ana qrafasında anası kimi X4r. Mülki işə əlavə olunmuş Bərdə rayonu Otuzikilər kənd İƏD üzrə icra nümayəndəliyi tərəfindən verilmiş AZ-İV 028251 nömrəli doğum haqqinda şəhadətnamənin surətindən görünür ki, X10 18 oktyabr 2017-ci il tarixdə anadan olmuşdur. Ata qrafasında atası kimi Cavabdeh, ana qrafasında anası kimi X4r. Mülki işə əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin 2(021)-3619/2018 saylı, 09 avqust 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X3 Cavabdeh qarşı uşağın himayədə saxlanılması və aliment tələbinə dair iddiası qismən təmin edilmiş, tərəflərin birgə nikahından 18 oktyabr 2017-ci ildə anadan olmuş X7 iddiaçı X3 himayəsində qalması, 18 oktyabr 2017-ci ildə anadan olmuş X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh 12 iyul 2018-ci ildən başlayaraq ayda 100(bir yüz) manat sabit pul məbləğində aliment alınaraq iddiaçı X5 verilməsi, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə keçirilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Mülki işə əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin 2(021)-2398/2019 saylı, 31 may 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Rüstəmova (İsmixanova) Lamiyyə Məhəmməd qızının Cavabdeh qarşı aliment tələbinə dair iddiası qismən təmin edilmiş, 12 fevral 2010-cu ildə anadan olmuş X11 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh 03 may 2019-cu ildən başlayaraq ayda 100(bir yüz) manat sabit pul məbləğində aliment alınaraq iddiaçı Rüstəmova (İsmixanova) Lamiyyə Məhəmməd qızına verilməsi, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə keçirilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Mülki işə əlavə olunmuş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı “Mediasiya haqqında“ Azərbaycan Respublikasının Qanununun 29.2-ci maddəsinin tələblərinə uyğun olaraq arayış verilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Bərdə Rayon Məhkəməsinin 2(021)- 3619/2018 saylı, 09 avqust 2018-ci il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahlarından anadan olmuş 18 oktyabr 2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay bir uşaq üçün 100 manat alimentin alınaraq İddiaçı xeyrinə verilməsi və Bərdə Rayon Məhkəməsinin 2(021)-2398/2019 saylı, 31 may 2019-cu il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahlarından anadan olmuş 12 fevral 2010-cu il təvəllüdlü X9 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay bir uşaq üçün 100 manat alimentin alınaraq İddiaçı xeyrinə verilməsi müəyyən olunmuşdur. Hazırda iddiaçı aliment məbləğinin artırılmasını tələb edir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-cı maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra-AM) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. AM-in 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması ücün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq Hüquqları haqqında” Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq Hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsədə məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Ailə Məcəlləsinin 76.2-ci maddəsinin tələbinə görə, Məcəllənin 76.1-ci maddəsində müəyyən edilmiş payların miqdarı məhkəmə tərəfindən, tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İstinad edilən maddi normalara görə uşaqların saxlanması üçün alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə ilk olaraq qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Məhkəmə həmçinin qeyd edir ki, qanunvericiliyə görə aliment 2 formada tutula bilər: qazancın və başqa gəlirlərin müəyyən hissəsi kimi və sabit pul məbləğində. Alimentin məbləği ilə bağlı olaraq isə ilk növbədə nəzərə alınmalıdır ki, Ailə Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanılmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə minimum təminat səviyyəsini nəzərdə tutur. Həmin minimum təminat səviyyəsindən daha yüksək məbləğdə alimentin təyin olunması isə aliment tutulan şəxsin qazancları barədə sübutların olmasından asılıdır. Hazırki halda isə məhkəmə cavabdehin aliment ödəmək imkanına malik olduğunu nəzərə alır və alimentin sabit pul məbləğində tutulması qənaətinə gəlir. Həmçinin uşaqları saxlamaq hər iki valideyinin vəzifə olduğunu nəzərə alır. İddia tələbi hər uşaq üçün 150 (bir yüz əlli) manatdan artıq alimentin tutulması hissəsində təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin, bu halda İddiaçı cavabdehin qeyd olunan məbləğdə alimenti ödəmək iqtidarında olması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddianın tam şəkildə təmin edilməsi Cavabdeh üzərinə icrası mümkün olmayan öhdəliyin qoyulması ilə nəticələnə bilər. Beləliklə, məhkəmə hesab edir ki, Bərdə Rayon Məhkəməsinin qətnamələri ilə tutulan aliment dəyişdirilərək 12 fevral 2010-cu il təvəllüdlü X9 və 18 oktyabr 2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 300 (üç yüz) manat məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə onu da qeyd edir ki, hazırkı iş üzrə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tutulduğundan dəyişdirilmiş alimentin məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. (Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il QƏRARİ) . Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 213-220, 227, 233.1, 234, 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. 12 fevral 2010-cu il təvəllüdlü X9 və 18 oktyabr 2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün Bərdə Rayon Məhkəməsinin 2(021)-3619/2018 saylı, 09 avqust 2018-ci il tarixli və Bərdə Rayon Məhkəməsinin 2(021)-2398/2019 saylı 31 may 2019-cu il tarixli məhkəmə qətnamələri ilə tutulan alimentin məbləği dəyişdirilərək hər ay bir uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat məbləğində müəyyən edilməklə Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilsin. Alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar