Məhkəmə qərarları › İş №2(021)-2424/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2424/2021

10.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2424/2021 10.08.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Əhməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi X8 oğlunun, İddiaçının nümayəndəsi Qədirov Fədai Ağahüseyn oğlunun, Cavabdeh iştirakları ilə, İddiaçı “X6 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı müqavilə üzrə borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı “X6 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 319 manat əsas borc, 63 manat cərimə borcu, dövlət rüsumuna görə 20 manat borcun, cəmi 402 manat pulun cavabdehdən alınaraq “X6 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, alıcı qismində (iddiaçı) “X6 Kompleksi” MMC, tədarükçü qismində “X6 Kompleksi” MMC-nin “X7 və Emalı Zavodu” filalı və fermer (cavabdeh) Cavabdeh arasında bağlanmış 2019-cu il mövsüm üzrə 05 yanvar 2018-ci il tarixli 715 saylı xam pambığın alqı-satqısı müqaviləsinə əsasən cavabdeh öhdəsində olan 2,0 hektar torpaq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkməyi və hər hektardan 24 sentnerdən az olmamaqla xam pambıq istehsal etməklə iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 802 manat 25 qəpik məbləğində avans vəsaitlər (nağd vəsait, dərman, çiyid, gübrə və. s) verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. Müqavilə şərtlərinə əsasən cavabdeh götürdüyü avansın dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra, təhvil verməli olduğu xam pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Lakin cavabdeh borcunu xam pambıqla ödəməli olduğu halda həmin borc məbləğindən heç bir ödəniş və ya xam pambıq cəmiyyətə geri təhvil vermişdir. Beləliklə cavabdeh tərəfindən 2019-cu ilin mövsümü üzrə xampambıqın alqı-satqısına dair 05 yanvar 2018-ci il tarixli, 715 saylı müqavilənin 2.1.1, 2.1.7, 5.2-ci bəndlərini pozaraq götürdüyü avans müqabilində borcunu tam ödəməmişdir. Nəticədə cavabdehin idiaçıya 319 manat borcu qalmışdır. Bundan əlavə, müqavilənin 5.2-ci bəndinə əsasən cavabdeh müqavilədə nəzərdə tutulan miqdarda xam-pambıq vermədiyi halda yerinə yetirilməyən öhdəlik üzrə xam-pambığın birinci növ qiyməti ilə (1-ci növ xam pambığın bir tonunun qiyməti 650 manatdır) 20% həcmində cərimə ödəməlidir ki, bu cərimənin də məbləği 63 manat təşkil edir. Beləliklə cavabdeh müqavilə üzrə borcunu ödəmədiyindən iddiaçı borcu qanunvericiliyə uyğun olaraq məhkəmə qaydasında tələb etmək məcburiyyətindədir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, izahatında göstərdi ki, iddiaçı təşkilata olan borcunu tam şəkildə ödəmişdir, bu barədə sənədləri məhkəməyə təqdim edərək borcu olmadığına görə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, mülki işə əlavə edilmiş 05 yanvar 2018-ci il tarixli, 715 saylı müqavilədən görünür ki, “X6 Kompleksi” MMC, tədarükçü qismində “X6 Kompleksi” MMC-nin “X7 və Emalı Zavodu” filalı və fermer (cavabdeh) Cavabdeh arasında bağlanmış 2019-cu il mövsüm üzrə öhdəsində olan 2.0 hektar torpaq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkməyi və hər hektardan 24 sentnerdən az olmamaqla xam pambıq istehsal etməklə məhsulu iddiaçıya satmağı, iddiaçı isə məhsulu qəbul etməyi və onun dəyərini istehsalçıya ödəməyi öhdəsinə götürmüşdür. Mülki işə əlavə edilmiş pretenziyadan görünür ki, Cavabdeh borcun ödənilməsi üçün iddiaçı tərəfindən xəbərdarlıq olunmuşdur. Mülki işə əlavə edilmiş Seriya AZE № 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx xxxxxx 1970-ci il tarixdə Bərdə rayonunda anadan olmuşdur. Bərdə rayonu, Soğanverdilər kəndində qeydiyyatdadır. Məhkəmə iclasında cavabdeh tərəfindən təqdim edilmiş 16 iyun 2021-ci il tarixli qəbzlə Mehdiyev Bakir İdris oğlu tərəfindən Mehdiyev Mehdi İdris oğlunun borcuna görə 50 manat, 15 iyul 2021-ci il tarixli qəbzlə 269 manat ödənilmişdir. Məhkəmə iclasında cavabdeh tərəfindən təqdim edilmiş “X6 Kompleksi” MMC “X7 və Emalı Zavodu” tərəfindən erilmiş 22 iyul 2021-ci il tarixli arayışda Cavabdeh İdris oğlunun iddiaçıya heç bir borcunun qalmadığı göstərilmişdir. Mülki işə əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı “X6 Kompleksi” MMC, məhkəmədə iddia qaldırmaq üçün 20 manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında 05 yanvar 2018-ci il tarixli, 715 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, Cavabdeh 2,0 ha sahədə pambıq əkib-becərməyi və əldə edilmiş məhsulu müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində və qiymətə “X6 Kompleksi”C-yə təhvil verməyi MMC isə məhsulu qəbul etməyi və onun dəyərini istehsalçıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə öhdəliyiini tam icra etmiş cavabdehin “X6 Kompleksi” MMC-yə borcu qalmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Məhkəmə göstərilənlərlə əlaqədar qeyd etməyi vacib hesab edir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmə yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə müvafiq olaraq, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iddia tələblərinin dəlillərini araşdırarkən müəyyən edilmişdir ki, cavabdehin hazırki mübahisə üzrə iddiaçı təşkilat tərəfindən verilmiş 22 iyul 2021-ci il tarixli arayışla cavabdehin iddiaçıya borcu mövcud deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı “X6 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı müqavilə üzrə borc tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar