Məhkəmə qərarları › İş №2(021)-2441/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2441/2023

23.08.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2441/2023 23.08.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X2 iclas kаtibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “torpaqdan çıxarılma və evə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2004-cü ildən onun mülkiyyətində olan və hal-hazırda zəbt olunmuş Bərdə rayon Kələntərli kəndində yerləşən 0.06 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evindən Cavabdeh çıxarılması və onun yaşayış sahəsinə köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Kəlbəcər rayonundan məcburi köçkün olmaqla Bərdə rayonunda məskunlaşıb ailə üzvləri ilə birlikdə yaşayır. Bərdə rayonunda bir çox ərazilərdə kirayələrdə yaşamışdır. Ən son isə 2004-cü il tarixdə Bərdə rayon Kələntərli kəndində yerləşən 0.06 ha torpaq sahəsini və torpaq sahəsi üzərində inşa edilmiş 2 otaqlı daxmanı ailə üzvləri ilə birlikdə yaşamaq üçün Alim adlı şəxsdən almışdır. Uzun müddət həmin evdə övladları ilə birlikdə yaşamışdır. Lakin 2017-ci il tarixdə oğlu Bərdə rayon Məhkəməsinin hökmü ilə tutulduqdan sonra o, evdə tək yaşaya bilmədiyindən fermalarda işləmək üçün evdən çıxıb getmişdir. Fermalarda işləsə də evə baş çəkmək üçün ara-sıra gəlmişdir. Oğlu həbsdən çıxıb gəldiyi zaman 2022-ci ilin sentyabr ayının 30-da 2 otaqlı evləri olan Bərdə rayon Kələntərli kəndində yerləşən daxalda yaşamaq üçün getmiş, lakin hazırki iş üzrə Cavabdeh onun evini sökdüyünü və torpaq sahəsini zəbt etdiyini görmüşdür. Cavabdeh torpaq sahəsini nə üçün zəbt etdiyini və torpaq sahəsinin 2004-cü il tarixdən ona məxsus olduğunu bildirmiş, Məzahir kobud səslə torpaq sahəsinin artıq ona məxsus olduğunu bildirmişdir. Cavabdeh onun torpaq sahəsini və evini zəbt etməsi nəticəsində övladları ilə birlikdə kirayələrdə, bacı və qardaşının evində qalmışdır. Cavabdeh 2004-cü il tarixdən ona məxsus olan 0.06 ha torpaq sahəsindən və torpaq sahəsində inşa edilmiş 2 otaqlı daxmadan çıxmasını tələb etmiş, lakin Məzahir imtina etdiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, məhkəmədən Cavabdeh 2004-cü il tarixdən ona məxsus olan 0.06 ha torpaq sahəsindən və torpaq sahəsində inşa edilmiş 2 otaqlı daxmadan çıxması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə və iddia ərizəsində göstərilənlərə uyğun ifadə verərək göstərdi ki, uzun müddət mübahisə predmeti olan Bərdə rayon Kələntərli kəndində yerləşən 0.06 ha torpaq sahəsində yerləşən 2 otaqlı evdə yaşamış, lakin oğlu həbs edildiyindən həmin evdə tək qalmamış, başqa yerdə yerləşən fermada işləmiş və orada da qalmışdır. Arabir həmin evə baş çəkmiş, evə heç kim toxunmadığını görmüşdür. Oğlu həbsdən çıxdıqdan sonra həmin evə getmiş, torpaq sahəsinin, evin Məzahir tərəfindən zəbt edildiyini və yaşadıqları evin söküldüyünü görmüşdür. Cavabdehdən onun yaşadığı evə və torpaq sahəsini hansı səbəbdən zəbt etdiyini, evini isə sökdüyünü soruşmuş, Məzahir həmin torpaq sahəsini aldığını və yerində yeni ev dikdirməsi üçün daxalı sökdüyünü bildirmişdir. Məzahirdən torpaq sahəsindən çıxmasını tələb etmiş, lakin Məzahir bundan imtina etmişdir. Məhkəmədən tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə cavabdehi dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, AZE seriyalı, №******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2022-ci il tarixli, ******* nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.1966-cı ildə Kəlbəcər rayonu, Keştək kəndində doğulmuşdur, Kəlbəcər rayonu, Keştək kəndində qeydiyyatdadır. Bərdə rayonu Kələntərli Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 23 nömrəli arayışdan görünür ki, Kəlbəcər rayonundan məcburi köçkün olan İddiaçı Bərdə rayonu, Kələntərli kənd qaçqın Qəsəbəsi adlanan ərazidə 0.06 ha torpaq sahəsini 2004-cü ildən zəbt edərək 2 otaqlı evdə yaşamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ********** nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət edərkən 100 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqını ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehnın ona məxsus olan Bərdə rayonu, Kələntərli kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində inşa edilmiş 2 otaqlı evdən çıxarılması, onu həmin yaşayış sahəsinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Konstitusiyanın 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-n 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. MM-in 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa Məhkəməsi mülkiyyət hüququna daha geniş təfsir imkanları olan “dəyərlilik” konsepsiyası baxımından yanaşır. Konvensiya anlamında "Mülkiyyət" üçün mühüm və həlledici olan sözügedən marağın iqtisadi dəyəridir. Mülkiyyət özündə daşınan və daşınmaz əmlakı, maddi və qeyri-maddi əmlakı birləşdirir. Yəni, “maddi nemətlər”də (pul, əmlak və s.) mülkiyyət hüquqlarının hüdudları daxilində dəyərləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: - mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması; - mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; - mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş veribverməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. Məhkəmə iddiaya münasibət bildirərək qeyd edir ki, hazırki iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına və təqdim edilmiş sənədlərə əsasən iş üzrə İddiaçı ona məxsus olmasını iddia etdiyi Bərdə rayonu, Kələntərli kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüququ yoxdur və ya mülkiyyət hüququnun olmasına dair mötəbər sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. İş materiallarındakı Bərdə rayon Kələntərli bələdiyyəsinin müvafiq arayışına əsasən iddiaçının mübahisələndirdiyi ev və torpaq sahəsinin İddiaçı tərəfindən 2004-cü ildə zəbt edilərək yaşadığı qeyd edilmişdir. Belə qənaətə gəlmək olar ki, həmin torpaq sahəsi Bərdə rayonu Kələntərli bələdiyyəsinin mülkiyyətindədir. Belə olduğu halda iddaçı İddiaçı Cavabdeh qarşı hazırki tələblə məhkəməyə müraciət etməyə, yəni iddia tələbi irəli sürməyə subyektiv hüququ yoxdur. Həmçinin, arayışdan da göründüyü kimi İddiaçı Bərdə rayonu, Kələntərli kənd Qaçqın qəsəbəsi adlanan ərazidə 0,06 ha torpaq sahəsini zəbt etmişdir. Bu isə zəbtin heç bir hüquqi əsasının olmadığını və qanunsuz olmasını təsdiq edir. Bu səbəbdən məhkəmə tərəfindən əlavə araşdırma aparmağa zərurət qalmır və məhkəmə hesab edir ki, İddiaçı özünə məxsus olmasını iddia etdiyi Bərdə rayonu, Kələntərli kəndində yerləşən 0,06 ha torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində inşa edilmiş evdən Cavabdehnın çıxarılmasına və ora köçürülməsi tələbinə dair iddia tələbi rədd olunmalıdır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarına görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etməkhüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə həmçinin qeyd edir ki, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Republikası Konstitusiya Məhkəmə Plenumunun 30 iyul 2008-ci il Qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Sübutlarla bağlı məhkəmə qeyd edir ki, sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Qanunvericiliyin tələblərinə görə, işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktlar tədqiq edilməli, həmçinin mübahisənin düzgün həllinə təsir edən digər hallar da araşdırılmalıdır. Mülki işlər üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. MPM-in 217.4-cü maddəsinə əsаsən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). MPM-in 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Bundan başqa məhkəmə qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət edərkən 100 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqını, ümumilikdə 101 manat dövlət nəfinə ödəniş etmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, iddiaçı Qılıcova X1 rayonundan məcburi köçkündür. Azərbaycan Respublikasının Dövlət rüsumu haqqında Qanunun 9.1.20.-ci bəndinə əasasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində məhkəmə xərci ona geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “torpaqdan çıxarılma və evə köçürülmə” tələbinə dair iddia ərizəsi təmin edilməsin. İddiaçı tərəfindən iş üzrə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qətnamənin Dövlət rüsumunun qaytarılması hissədə icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bərdə rayon X4 həvalə edilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, rəsmi təqdim edildiyi gündən 1(bir) аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Hakim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar