Məhkəmə qərarları › İş №2(104)-162/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-162/2025

17.12.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-162/2025 17.12.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Tanırverdi oğlunun cavabdehlər Cavabdeh1 Yunis oğluna və Cavabdeh2 qarşı (üçüncü şəxslər Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Şəmkir, Tovuz və Gədəbəy rayonları üzrə bölməsi və Şəmkir rayon İcra Hakimiyyəti) iş üzrə QƏTNAMƏSİ Açar sözlər: mənzildən, mənzilin yerləşdiyi həyətyanı torpaq sahəsindən çıxarılma və mənzilə köçürülmə, pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və X2 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Tanırverdi oğlunun nümayəndəsi (vəkil) Nümayəndə1, qarşılıqlı iddia üzrə iddiaçı-ilk iddia üzrə Cavabdeh2 nümayəndəsi (vəkil) Vəkil və ilk iddia üzrə Cavabdeh1 Yunis oğlunun iştirakları ilə, İddiaçı Tanırverdi oğlunun cavabdehlər Cavabdeh1 Yunis oğluna və Cavabdeh2 qarşı (üçüncü şəxslər Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Şəmkir, Tovuz və Gədəbəy rayonları üzrə bölməsi və Şəmkir rayon İcra Hakimiyyəti) mənzildən, mənzilin yerləşdiyi həyətyanı torpaq sahəsindən çıxarılma və mənzilə köçürülmə tələbi barədə ilk iddiası, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı Tanırverdi oğluna qarşı Cavabdeh1 Yunis oğlunun üçüncü şəxs qismində cəlb etdiyi pul tələbinə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 17 aprel 2024-cü il tarixli, 2(076)-287/2024 nömrəli qətnaməsindən qarşılıqlı iddia üzrə iddiaçı-ilk iddia üzrə Cavabdeh2 nümayəndəsi (vəkil) Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə 17 dekabr 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Şəmkir rayonu İcra hakimiyyəti Başçısı tərəfindən verilmiş 29 saylı orderdən (əsli) görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən bir mətəbəli, sahəsi 37.1 kv.m olan iki otaqlı yaşayış sahəsi verilmişdir.

2. Kür qəsəbə İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 674 saylı arayışdan görünür ki, İddiaçı Şəmkir rayonu, Kür qəsəbəsində qeydiyyatda olmaqla hal-hazırda Kür qəsəbə küçəsi, Şəhiyar küçəsi, ev 7 ünvanında yaşayır.

3. Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Şəmkir, Tovuz və Gədəbəy rayonları bölməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 232 nömrəli arayışından görünür ki, İddiaçı 1988-ci ildə məlum hadisələrə görə Şəmkir şəhəri, İpək yolu qəsəbəsi, H.Ərəblinski küç 13 ünvanında ailəsi ilə birgə qeydiyyatdadır.

4. xx.xx.2005-ci il tarixli borc müqaviləsindən görünür ki, Cavabdeh2 (borcverən) İddiaçı (borcalana) 45 000 000 manat məbləğində xx.xx.2009-cu il tarixə qədər pul verir. Borcalan isə göstərilən miqdarda olan pulu müəyyən edilmiş müddətə yəni xx.xx.2009-cu il tarixə qədər pulu qaytarmağı öhdəsinə götürmüşdür.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Tanırverdi oğlu cavabdehlər Cavabdeh1 Yunis oğluna və Cavabdeh2 qarşı (üçüncü şəxslər Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Şəmkir, Tovuz və Gədəbəy rayonları üzrə bölməsi və Şəmkir rayon İcra Hakimiyyəti) mənzildən, mənzilin yerləşdiyi həyətyanı torpaq sahəsindən çıxarılma və mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Şəmkir şəhəri, İpək yolu qəsəbəsi, hazırkı Ərəblinski küçəsi, 13 saylı yaşayış massivində qaçqınlar üçün tikilmiş 48 saylı mənzilə iddiaçının köçürülməsi, cavabdehlər Cavabdeh1 Yunis oğlunun və Cavabdeh2 həmin mənzildən, mənzilin yerləşdiyi 0.10 ha həyətyanı torpaq sahəsindən çıxarılmasına, 100+1 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınıb ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 və Cavabdeh1 iddiaçının ailə üzvü və ya yaxın qohumları deyillər. Onlar iddiaçıya qaçqın olaraq verilmiş və Şəmkir şəhəri, İpək yolu qəsəbəsi, qaçqınlar üçün tikilmiş yaşayış massivində Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi tərəfindən ona istifadə üçün verilmiş evin qonşuluğunda yaşayırdılar. Hazırda hər iki cavabdeh heç bir hüquqi əsas olmadan onun istifadəsinə verilmiş mənzildən istifadə etməyinə maneə yaradırlar. Onlar hər ikisi iddaçının mənzilində yaşayır və iddiaçının həmin evə köçməyinə imkan vermirlər. Buna görə də hazırkı iddia ilə məhkəməyə müraciət edir. İstəyir ki, məhkəmə onun Şəmkir şəhəri, İpək yolu qəsəbəsi, qaçqınlar üçün inşa edilmiş yaşayış massivində (hazırkı Ərəblinski küçəsi) yerləşən və onun qanuni istifadəsinə verilmiş 48 saylı mənzilə köçürülməyinə və cavabdehlərin həmin mənzildən və mənzilin yerləşdiyi 0.10 ha həyətyanı torpaq sahəsindən çıxarılmasına dair qərar versin. Köçmək istədiyi və istifadəsində olan mənzil bir mərtəbəli, iki otaqlı olmaqla 37.1 kv.m. yaşayış və qeyri yaşayış sahəsindən, köməkçi sahədən və 0.10 ha həyətyanı torpaq sahəsindən ibarətdir.

7. Bundan sonra Cavabdeh2 İddiaçı Tanırverdi oğluna qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəmkir şəhəri İpək yolu qəsəbəsi hazırki Ərəblinski küçəsi 13 saylı yaşayış massivində 0.10 ha torpaq sahəsinin üzərində yerləşən 48 saylı mənzilin alınması üçün 23.960 manat pulun və aparılan təmir-tikinti işlərin aparılması ilə əlaqədar çəkilmiş-xərclənmiş 20.125 manat pulun yəni dəymiş zərər kimi İddiaçı Tanırverdi oğlundan alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, hal-hazırki mübahisə predmeti olan torpaq sahəsi və onun üzərində yerləşən 48 saylı mülkü iddiaçı şifahi alqı-satqı yolu ilə İddiaçı almışdır. Daha sonra həmin evə əlavə tikinti və təmir işləri aparmaqla xeyli miqdarda vəsait xərcləmişdir. Uzun müddət həmin evdə mərhum dayısı Abdullayev İdris yaşamışdır. Daha sonra dayısı vəfat edəndən sonra orda hal-hazıradək yaxın qohumu Arzu yaşayır. Açığı İddiaçı gəlib ev tələb etməyi onlarda təəcüb doğurur, çünki iddiaçı həmin mülkü razılaşıb pul verib almışdır. Bununla əlaqədar həm borc müqaviləsi, həmdə öz aralarında şifahi alqı-satqı əsasında yazılı imza atılmış pulun verilməsi ilə bağlı sənədləri var. Orada tikinti və təmir işlərin aparılması ilə bağlı şahidləri də vardır. Qonşular hamısı bilir ki, orada kim yaşayıb və əmlak kimə məxsus olmuşdur. Həmçinin, iddiaçının hal-hazırda bu tələb üzrə subyektiv hüququ yoxdur. Belə ki, mübahisəli mənzil iddiaçının mülkiyyətində deyil. Digər tərəfdən həmin daşınmaz əmlakı onlar 2005-ci ildə əldə etmişik. Bəs niyə bu vaxt müddət keçəndən sonra iddiaçı indi məhkəməyə verir bizi. Halbuki MMnin müvafiq maddəsinə əsasən daşınmaz əmlakla bağlı iddia müddətləri 6 il və ümümi iddia isə 10 il nəzərdə tutulur. Odur ki, hesab edirlər ki, ilkin iddia əsassızdır müəyyən müddətin keçməsi ilə bağlı, şifahi olsada belə alqı-satqısı mövcüd olmuşdur, bu illər ərzində orada tikinti və təmir işlərinə çəkilmiş xərclər olmuşdur. Təmir-tikinti işlərinin aparılması ilə əlaqədar qonşuların hamısı bilir və X9, X4, X3, X7, X10, X6 həmin şəxsləri şahid kimi məhkəmədə dindirilməsini təmin edilməsini xahiş edir. Mənzilin alınması üçün 23.960 manat pul verilmiş, həmin mənzildə əlavə tikili işləri aparılmış və 20.125 manat pul xərclənmiş, cəmi 44.085 manat təşkil etmişdir. Tikilmiş əlavə otaq-5500 manat; tikilmiş əlavə naves-4000 manat; divar və hasar tikintisi-1400 manat; sanitar qovşağı tikintisi- 3550; yardımçı tikili-2000 manat; yer beton salmaq-1800 manat: su çəni-375 manat; həyat darvazası-1500 manat Cəmi: 20.125 manat.

9. Şəmkir Rayon Məhkəməsinin 17 aprel 2024-cü il tarixli, 2(076)-287/2024 nömrəli qətnaməsi ilə (hakim Şəfəq Məmmədova), ilkin və qarşılıqlı iddia tələbləri təmin edilməmişdir.

10. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 17, 91, 98 və 99-cu maddələrinə, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 119.1, 213-220, 227, 233.1, 234, 357-362-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

11. Həmin qətnamədən narazı qalan qarşılıqlı iddia üzrə iddiaçı-ilk iddia üzrə Cavabdeh2 nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayəti verərək, qətnamənin qarşılıqlı iddianın təmin edilməmiş hissəsində ləğv edilməsini və həmin hissədə qarşılıqlı iddianın təmin olunmasını, yəni mübahisəli mənzilin alınması üçün 23.960 manat pulun və aparılan təmirtikinti işlərin aparılması ilə əlaqədar çəkilmiş-xərclənmiş 20.125 manat pulun, cəmi 44.085 manat pulun İddiaçı Tanırverdi oğlundan alınıb ona verilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, İddiaçı Tanırverdi oğlu tərəfindən ilk iddia üzrə iddia ərizəsi verilərkən mənzilə dair order təqdim edilməmişdir. Həmin mənzilə dair order ona evi satdığı üçün ona verilmişdir. O sonuncu məhkəmə zalında yəni 17 aprel 2024-cü il tarixdə məhkəməyə təqdim etmişdir. Bu da bir daha sübut edir ki, həmin mənzil İddiaçı tərəfindən ona satılmışdır. Şəmkir Rayon Məhkəməsi heç aydınlıq gətirmədi ki, həmin ev hansı vaxtdan onların istifadələrindədir, niyə indiyənə kimi İddiaçı bu tələb ilə çıxış etməmişdir, bütün faktlar sübut edir ki, mənzil bizdə olub və ona əvəz olaraq pul ödənilib, əlavə tikinti işləri aparılıb. Həmçinin məhkəmə özü qətnaməsində qeyd edib ki, əsaslı ehtimal var ki, ev onlar tərəfindən pul müqabilində alınıb və əlavə xərclər çəkilib. Şifahi alqı-satqı ilə bağlı müəyyən sənədləri məhkəməyə təqdim etmişlər (borc müqaviləsi və iddiaçının imzası ilə təsdiq olunmuş pul əskinzlarının siyahısı). Məhkəmə iclasında Qaçqınlar və Məcburi Köçkünlər ilə İş Komitəsinin nümayəndəsi evin iddiaçı tərəfindən satmaq faktını toxunmamağı maraq doğurur, çünki uzun illər sonra evin məhz iddiaçıya verilməsini izahatında qeyd etmişdir. Belə olan halda mülkiyyətçi dövlət olmuş mənzilə niyə vaxt zamanlarında baxış keçirməmişlər niyə nəzarət etməmişlər evin təyinatı üzrə istifadə olunmasına və ya orda tikinti işlərinin aparılmasına nəzarət etməmişdir. Həmin mənzilə o əsaslı tikinti və təmir işləri aparmışdır. Bununla da ora külli miqadarda pul xərcləmişdir. Bunu usta şahid də məhkəmədə öz izahatı ilə təsdiqləmişdir.

Apellyasiya instansiyası məhkəməsində icraat, a) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixli iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı-ilk iddia üzrə Cavabdeh2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, göstərmişdir ki,o, 18 ildir, evin işıq, qaz və su pulu da onun adına gəlir. Mübahisəli evin orderinin birinci instansiya məhkəməsinə təqdim etmişdir. Bununla sübut edir ki, İddiaçı verilən evi İddiaçı orderi ona verməklə evi ona satmışdır, lakin o evi satmaq hüququ olmadığına görə alqı-satqını rəsmiləşdirmək mümkün olmamışdır, onun əvəzində qırx beş milyon manata aralarında borc müqaviləsi bağlanmışdır. Eyni zamanda həmin evin tikintisində iştirak edən ustalar var ki onlar da təsdiq edilər evdə tikinti işləri aparılmışdır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin qarşılıqlı iddianın təmin edilməmiş hissəsinin ləğv və qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı-ilk iddia üzrə Cavabdeh2 nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək və cavabdehin əvvəlki məhkəmə iclasında göstərdiyi halları təsdiq edərək, apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin qarşılıqlı iddia hissəsində ləğv, həmin hissədə yeni qətnamə çıxarılmaqla qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə Cavabdeh1 Yunis oğlu apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək, apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin qarşılıqlı iddia hissəsində ləğv, həmin hissədə yeni qətnamə çıxarılmaqla qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir.

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Tanırverdi oğlunun nümayəndəsi (vəkil) Nümayəndə1 apellyasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

18. Məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixli iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Şəmkir, Tovuz və Gədəbəy rayonları üzrə bölməsinin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxmışdır.

19. Məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixli iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, İddiaçı Tanırverdi oğlunu tanımır. Fəhləliklə məşğul olur. Usta yanında işləyir. 2004-2005-ci il tarixlərdə Şəmkir şəhəri İpək yolu qəsəbəsi hazırki Ərəblinski küçəsi 13 saylı yaşayış massivində 0.10 ha torpaq sahəsində yerləşən evin tikinti işlərində iştirak etmişdir. Belə ki, beton tökmüş, hörgü və suvax işləri görmüşdür. Görülən işlərə görə ödənişlər Cavabdeh2 tərəfindən olunmuşdur.

20. Məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixli iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, İddiaçı Tanırverdi oğlunu tanımır. Şəmkirdə usta kimi işləyir. 2004-2005-ci il tarixlərdə “ağ evlər” deyilən Şəmkir şəhəri İpək yolu qəsəbəsi hazırki Ərəblinski küçəsi 13 saylı yaşayış massivində 0.10 ha torpaq sahəsində yerləşən evin tikinti işlərində iştirak etmişdir. Həmin evdə suvax və beton işləri görmüşdür. Həmin evdə işləyən zaman Cavabdeh2 tərəfindən onlara pullar verilirdi. İşlədiyi evin isə kimə məxsus olduğunu bilməmişdir. Həmçinin, evdə yaşayış olmamışdır.

21. İş üzrə ilk iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Tanırverdi oğlu, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 və üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Şəmkir, Tovuz və Gədəbəy rayonları üzrə bölməsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların (nümayəndəsinin) iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

22. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

23. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək səlahiyyətlərindən ibarətdir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

24. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

25. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

26. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

27. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

28. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi (xx.xx.2023 cü il tarixədək qüvvədə olan 37-ci fəsil)

29. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

30. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

31. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

34. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.

38. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

39. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

41. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

42. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

43. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

44. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;

45. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.

Apellyasiya baxışının hədləri

46. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

47. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

49. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin qarşılıqlı iddianın təmin edilməmiş hissəsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədləri qətnamənin qanuniliyinin və əsaslılığının qarşılıqlı iddia tələbinin təmin olunmamış həmin hissəsinin yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

50. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir.

51. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, bu da düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

52. İşin kollegiya tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, mübahisə predmeti olan torpaq sahəsi və onun üzərində yerləşən 48 saylı mülkü ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 şifahi alqı-satqı yolu ilə İddiaçı almasını iddia etmişdir. Daha sonra həmin evə əlavə tikinti və təmir işləri aparmaqla xeyli miqdarda vəsait xərcləməsini bildirmişdir. Uzun müddət həmin evdə mərhum dayısı Abdullayev İdris yaşamışdır. Dayısı vəfat edəndən sonra orda hal-hazıradək yaxın qohumu Arzu yaşayır. Cavabdeh2 həmin mülkü razılaşıb pul verib almışdır. Bununla əlaqədar həm borc müqaviləsi, həm də öz aralarında şifahi alqı-satqı əsasında yazılı imza atılmış pulun verilməsi ilə bağlı sənədləri vardır. Orada tikinti və təmir işləri aparmışdır. Baxılan iş üzrə həmin ev qaçqınlar üçün tikilmiş yaşayış massivində dövlət tərəfindən inşa edilmiş və iddiaçıya orderlə yaşamaq üçün verilmişdir. Həmin ev alqı-satqının predmeti ola bilməz.

53. Məhkəmə kollegiyası tərəfindən bu məqsədlə ünvan 1 ünvanında yerləşən bir mətəbəli, sahəsi 37.1 kv.m olan iki otaqlı yaşayış sahəsinin təmiri üçün nə qədər vəsait xərclənməsi ilə bağlı iş üzrə məhkəmə-əmtəəşünaslıq (qiymətləndirmə) ekspertizası təyin edilmiş və ekspertizanın aparılması "xxxx" MMC-yə tapşırılmışdır. Ekspertin xx.xx.2025-ci il tarixli, G-11/25-191 nömrəli rəyi ilə, qeyd edilən fərdi yaşayış evinin təmirinə çəkilən xərc 6211 manat müəyyən edilmişdir.

54. Lakin, baxılan işdən görünür ki, təmirlə bağlı tərəflər arasında hər hansı müqavilə mövcud olmamış, əksinə evdə aparılmış təmir işlərinə sərf olunan vəsait ilk iddia üzrə Cavabdeh2 öz istəyi ilə xərclənmişdir.

55. Bununla belə kollegiya apellyasiya şikayətinin dəlillərini qismən - borc hissəsində əsaslı hesab edir. Apellyasiya şikayətinin dəlilləri qalan hissədə formal xarakter daşıyır və təmin edilə bilməz.

56. Belə ki, iş materiallarında olan xx.xx.2005-ci il tarixli borc müqaviləsindən görünür ki, Cavabdeh2 tərəfindən İddiaçı Tanırverdi oğluna xx.xx.2009-cu il tarixdək qaytarmaq şərtilə 45000000 (qırx beş milyon) manat məbləğində borc pul verilmişdir.

57. Həmin borcun hazırki dəyərini müəyyən etmək məqsədilə kollegiya tərəfindən əldə edilmiş elektron çıxarışdan görünür ki, 45000000 (qırx beş milyon) manat köhnə Azərbaycan manatının hazırki manatla ekvalenti 9000 AZN təşkil edir.

58. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, 9000 manat məbləğində pul ilk iddia üzrə iddiaçıdan tutulub, ilk iddia üzrə cavabdehə verilməlidir.

59. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Gülnarə Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.

60. MPM-in 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından əgər hər hansı sübut məhkəmə tərəfindən qəbul edərək, iş materiallarına əlavə edibsə, işdə olan sübutlar həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından dəyərləndirilməli, həmi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir.

61. Göründüyü kimi, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar tam aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar araşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Beləliklə məhkəmə qarşılıqlı iddia tələbi hissəsində maddi və prosessual hüquq normalarına düzgün qiymət verməmiş və bununla da həmin normaların tələblərini pozmuşlar.

62. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir.

63. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.

64. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

65. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

66. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

67. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

68. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).

69. Məhkəmə Kollegiyası tərəfindən işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, baxılan işdə xx.xx.2005-ci il tarixli borc müqaviləsindən görünür ki, Cavabdeh2 tərəfindən İddiaçı Tanırverdi oğluna xx.xx.2009-cu il tarixdək qaytarmaq şərtilə 45000000 (qırx beş milyon) manat məbləğində borc pul verilmişdir. Bu işin mübahisəsiz halıdır. Eyni zamanda, Məhkəmə Kollegiyası tərəfindən müəyyən edilmişdir ki, internet resurslarından Azərbaycan manatının Convertasiyasına görə qarşılıqlı iddia üzrə 2005-ci il tarixə pulun konvertasiyası 45000000:5000=9000 manat təşkil edir.

70. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qarşılıqlı iddianın təmin edilməməsi hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə çıxarılmaqla, qaşılıqlı iddia tələbi qismən - borc hissəsində - təmin edilməli, qarşılıqlı iddia tələbi qalan hissədə isə təmin edilməməlidir.

71. Eyni zamanda kollegiya hesab edir ki, Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qismən təmin edildiyindən qarşılıqlı iddia ərizəsinə görə ödənilmiş 225 manatdan 110 manatı ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Tanırverdi oğlundan tutulub, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 ödənilməli, qarşılıqlı iddia üzrə ödənilmiş 115 manat dövlət rüsumu isə Cavabdeh2 aid edilməlidir.

72. Bundan başqa 500 manat qiymətləndirmə haqqı İddiaçı Tanırverdi oğlu və Cavabdeh2 aid edilməlidir.

73. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.2, 385.1, 388, 392, 393, 402, 403.1, 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi (vəkil) Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin 17 aprel 2024-cü il tarixli, 2(076)-287/2024 nömrəli qətnaməsi qismən - qarşılıqlı iddia tələbinin təmin edilməməsi - hissəsində ləğv edilsin və həmin hissə üzrə yeni qətnamə çıxarılsın. Qarşılıqlı iddia tələbi qismən təmin edilsin. İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Tanırverdi oğlundan 9000 (doqquz min) manat alınaraq, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 verilsin. Qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia ərizəsinə görə ödənilmiş 225 (iki yüz iyirmi beş) manatdan 110 (yüz on) manatı ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Tanırverdi oğlundan tutulub, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 ödənilsin. Qarşılıqlı iddia üzrə ödənilmiş 115 (yüz on beş) manat dövlət rüsumu Cavabdeh2 aid edilsin. İş üzrə keçirilmiş qiymətləndirmənin haqqı 500 (beş yüz) manat - İddiaçı Tanırverdi oğlu və Cavabdeh2 (hər birindən 250 manat) - tutularaq "xxxx" MMC-nin VÖEN **********, "xxxx" ASC Abşeron filialı, VÖEN **********, M/h: AZ03NABZ********************, Kodu: 805539, S.W.İ.F.T. BİC: İBAZAZ2X, H/h: AZ 521BAZ******************** hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar