Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2518/2023 01.08.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6, İddiaçı, Cavabdeh nümayəndəsi X7 iştirakları ilə, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X5 ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı alimentin artırılması, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı alimentin azaldılması tələbinə dair iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh X12 ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı «alimentin artırılması tələbinə» dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bərdə Rayon Məhkəməsinin 2(021)-1336/2020 saylı qətnaməsinin dəyişdirilməsinə, tələbinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı alimentin azaldılması tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə ailə həyatı qurmuş, nikahları rəsmi qeydiyyata alınmış, birgə yaşayış dövründə 10 avqust 2014-cü il təvəllüdlü X8 adlı övladları doğulmuşdur. Hörmətli məhkəmə, əvvələr mehriban yaşasalar da sonradan ailə münasibətləri pozulduğu üçün ayrılmış, yəni məhkəməyə müraciət etmiş, nikahları pozulmuşdur. Bundan sonra həyat yoldaşı Cavabdeh qarşı Bərdə Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, məhkəmə qətnamə qəbul edərək, bir uşağın saxlanılması üçün 130 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq onun xeyrinə verilməsi qət edilmişdir. Artıq oğlu Nurlan böyümüş onun geyiminə, dərs ləvazmatına , yeməyinə kifayət qədər vəsait lazım olur ki, buna onun maddi imkanı çatmır. Əlavə olaraq bildirir ki, uşağı xəstədir. Odur ki, Bərdə Rrayon Məhkəməsinin qətnaməsinin dəyişdirilməsinə, alimentin artırılmasına, 10 avqust 2014-cü il təvəllüdlü oğlum Nurlanın saxlanılması üçün Cavabdeh hər ay bir uşağın saxlanılması üçün 220 manat alimentin tutularaq onun xeyrinə verilməsinə dair məhkəmə aktına ehtiyacı var. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddianı onunla əsaslandırmışdır ki, cavabdeh (ilkin iddia üzrə iddiaçı) İddiaçı ona qarşı «alimentin artırılması tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək « Bərdə rayon məhkəməsinin 2(021)-1336/2023№li, 12 may 2020-ci il tarixli qətnaməsinin dəyişdirilməsinə, alimentin artırılmasına, 10 avqust 2014-cü il təvəllüdlü qızları Nurlanın saxlanması üçün Cavabdeh hər ay bir uşağın saxlanması üçün 220 manat alimentin tutularaq onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını» xahiş etmişdir. İlkin iddianın rədd edilməsini əsaslandırmaq üçün iddia ərizəsinə etiraz yazaraq məhkəməyə təqdim etmişdir.Lakin ilkin idddianın tam rədd edilməsi üçün hüququndan istifadə edərək qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur və ümid edir ki, məhkəmə qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxaracaqdır. Belə ki, cavabdeh (ilkin iddia üzrə iddiaçı) İddiaçı iddia ərizəsində «220 manat miqdarında alimentin alınıb ona verilməsi barədə tələb» irəli sürərkən yəqin ki, « Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il yanvar ayının 1-dən etibarən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilməsinə əsaslanmışdır ki, bu da qanunun mənasının düzgün başa düşülməməsinin nəticəsidir. Belə ki,Qanunun həmin normasından çıxan nəticə ondan ibarətdir ki, 2023-cü il yanvar ayının 1- dən etibarən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsə də həmin məbləğin hamısının ata, yəni hazırkı cavabdeh tərəfindən ödənilməsinin tələb edilməsi qanunsuzdur. Çünki Azərbaycan Respublikası Konstitusiyasına və Azərbaycan Respublikası Ailə Məcəlləsinə görə kişi ilə qadının (ərlə-arvadın) hüquqları bərabərdir. Belə olan halda 220 manatın yarısı, yəni 110 manatı atası, yəni cavabdeh tərəfindən, 110 manatı isə anası ( İddiaçı ) tərəfindən ödənilməlidir. Əks halda onun ədalətli məhkəmə araşdırması hüquqları pozulmuş olacaqdır. İddianın əsassız olmasna dair ikinci dəlili ondan ibarətdir ki, əvvəla o, İİİ qrup əlildir və ailəsi ilə birlikdə kirayədə yaşayır (bu faktları təsdiq edən arayışları və kirayə müqavilələrini bu ərizəyə əlavə edir). Aylıq əmək haqqı 320 manatdır ki, bu da onun və yeni ailəsinin (onun yenidən ailə qurmasını və 2 uşağının olmasını təsdiq edən arayışı ərizəyə əlavə edir) saxlanması üçün də yetərli deyildir. Yəni o, öhdəsində olan 3 (üç) nəfər ailə üzvnü də 2023-cü il üzrə yaşayış minimumu həddində saxlaması üçün ona ayda ən azı 880 manat (4x220 manat=880manat) pul lazımdır ki, bunun da onun tərəfindən əldə edilməsi mümkün deyildir. Belə olan halda alimentin artırılmasından söhbət belə gedə bilməz. Digər tərəfdən iddiaçı iddia ərizəsində «220 manat miqdarında alimentin alınıb ona verilməsi barədə tələb irəli sürərkən qanunun tələbini pozmuşdur. Belə ki, o, ən çoxu 110 manatı ödəyə bilər. Üçüncüsü isə, alimentin 120 manat müəyyən edilməsinə dair Bərdə Rayon Məhkəməsinin 30 may 2019-cu il tarixli, 2(021)-2299/2019№-li və alimentin 130 manat müəyyən edilməsinə dair Bərdə Rayon məhkəməsinin 12 may 2020-ci il tarixli, 2(021)-1336/2020№-li qətnaməsinin çıxarılmasından keçən müddət ərzində oun əlilliklə bağlı aldığı müavinətdə heç bir irəliləyiş yoxdur. Əksinə, o, İİİ qrup əlildir, işlədiyi müəssisədə aldığı aylıq əmək haqqı 320 manatdır ki, bu da onun və yeni ailəsinin saxlanması üçündə yetərli deyildir, buna görə də alimentin miqdarı azaldılmalıdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını, qarşılıqlı iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X15 iddianı qəbul etməyərək, iddia tələbinin təmin edilməməsini, qarşılıqlı iddia ərizəsinə uyğun izahat verərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia qismən təmin edilməlidir, qarşılıqlı iddia isə təmin edilməməlidir. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx xxxxxxxx 1990-cı ildə Ağdam rayonunda doğulmuşdur, Ağdam rayonu, Şıxlar kədində qeydiyyatdadır. İş materiallarında olan AZE 09403474 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Cavabdeh 15 fevral 1980-ci ildə Tərtər rayonunda doğulmuşdur, Tərtər rayonu, Qaradağlı kəndində qeydiyyatdadır. İş materiallarında olan Bərdə rayon Mənzil Komunal İstismar Sahəsi tərəfindən verilmiş 430 nömrəli, 04 aprel 2023-cü il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı ünvan 1i ünvanında yerləşən 588 yerlik məcburi köçkün qəsəbəsi bina 2, mənzil 8 ünvanında müvəqqəti məskunlaşmışdır. İş materiallarında olan AZ-İİ 347916 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X9 10 avqust 2014-cü ildə doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Tərtər Rayon Məhkəməsinin 19 dekabr 2014-cü il tarixli, 2(61)- 1316/2014 nömrəli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında 29 yanvar 2014-cü ildə Tərtər rayon Qeydiyyat Şöbəsi tərəfindən 24 nömrə ilə n ikah akt qeydi üzrə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə yaşadıqları dövrdə 14 avqust 2014-cü ildə anadan olmuş X8 adlı uşağın anası İddiaçı himayəsində saxlanılması, Cavabdeh 10 avqust 2014-cü ildə anadan olmuş X8 adlı uşağının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 80 manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 12 may 2014-cü il tarixli, 2(021)- 1326/2020 nömrəli qətnaməsi ilə 10 avqust 2014-cü ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bərdə Rayon Məhkəməsinin 30 may 2019-cu il tarixli, 2(021) 2299/2019 saylı qətnaməsi əsasında tutulan alimentin məbləği dəyişdirilərək hər ay 130 manat məbləğində müəyyən edilməsi və qətnamə qanuni qüvvəsini aldığı vaxtdan başlayaraq Cavabdeh tutulub İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Tərtər rayon, Qarağacı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 254 saylı, 16 iyun 2023-cü il tarixli arayışdan müəyyən olunur ki, Cavabdeh Tərtər rayonu, Yuxarı Qaradağlı kəndində daimi qeydiyyatdadır, onuun ailə üzvləri arvadı X1, oğlu X13, oğlu X4 ibarətdir. İş materiallarında olan AZ-İİ 169478 nömrəli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olununur ki, Cavabdeh və X2 11 may 2017-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişdir, nikahdan sonra arvada Mehdiyeva soyadı verilmişdir. İş materiallarında ola AZE 11750678 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X14 24 may 2018-ci ildə doğulmuşdur. İş materiallarında ola AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X13 24 may 2018-ci ildə doğulmuşdur. İş materiallarında olan Tərtər şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 1022 saylı, 16 iyun 2023-cü il tarixli arayışdan müəyyən olunur ki, Cavabdeh Tərtər şəhəri, H.Cavid küçəsi ev 20-də X7 evində kirayədə yaşayır. İş materiallarında olan Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan müəyyən olunur ki, Cavabdeh 3-cü qrup əlildir. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş etirazdan görünür ki, alimentin artırılması barədə iddia tələbinə etiraz edir. İş materiallarında olan mediasiya şurasının arayışından müəyyən olunur ki, tərəflər arsında razılıq əldə olunmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 17-cı maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması ücün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq Hüquqları haqqında” Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq Hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsədə məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76.2-ci maddəsinin tələbinə görə, Məcəllənin 76.1-ci maddəsində müəyyən edilmiş payların miqdarı məhkəmə tərəfindən, tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İstinad edilən maddi normalara görə uşaqların saxlanması üçün alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə ilk olaraq qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Məhkəmə həmçinin qeyd edir ki, qanunvericiliyə görə aliment 2 formada tutula bilər: qazancın və başqa gəlirlərin müəyyən hissəsi kimi və sabit pul məbləğində. Alimentin məbləği ilə bağlı olaraq isə ilk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Ailə Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanılmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə minimum təminat səviyyəsini nəzərdə tutur. Həmin minimum təminat səviyyəsindən daha yüksək məbləğdə alimentin təyin olunması isə aliment tutulan şəxsin qazancları barədə sübutların olmasından asılıdır. Hazırki halda isə məhkəmə cavabdehin aliment ödəmək imkanına malik olduğunu nəzərə alır və alimentin sabit pul məbləğində tutulması qənaətinə gəlir. Həmçinin uşaqları saxlamaq hər iki valideyinin vəzifəsi olduğunu nəzərə alır. Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, iddia tələbi hər ay hər uşağa 150 manat alimentin tutulması hissəsində təmin edilməli, qalan hissədə isə təmin edilməməlidir, qarşılıqlı iddia tələbi isə təmin edilməməlidir. Beləliklə məhkəmə hesab edir ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-1336/2020 saylı, 12 may 2020-ci il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək 10 avqust 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay bir uşağa görə 150 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə onu da qeyd edir ki, hazırkı iş üzrə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tutulduğundan dəyişdirilmiş alimentin məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. (Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il Qərarı) . Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən 38 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə, ödənilməlidir, qarşılıqlı iddia təmin edilmədiyindən Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 213-220, 227, 233.1, 234, 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İlk iddia qismən təmin edilsin. 10 avqust 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bərdə Rayon Məhkəməsinin 2(021)-1336/2020 saylı,12 may 2020-ci il tarixli qətnaməsi ilə tutulan alimentin məbləği dəyişdirilərək hər ay bir uşağa görə 150 (yüz əlli) manat sabit pul məbləğində müəyyən edilməklə Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilsin. Alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia tələbi qismən təmin edildiyindən 38 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia tələbi təmin edilməsin. Qarşılıqlı iddia təmin edilmədiyindən Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-2518/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2518/2023
01.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver