Məhkəmə qərarları › İş №2(021)-2531/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2531/2022

21.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2531/2022 21.09.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Bayramov Orxan Elşən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyan” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E TD İ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh torpağa çəkilən xərclər hesabına 600,00 manat, əldən çıxmış faydaya gör 3500 manat, torpağın icarəsinə ödənilmiş 1720 manat pulun və dövlət rüsumu hesabına ödənilmiş 77 manatın, ümumilikdə 5897,00 manat pulun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2021-ci ildə həmkəndlisi Cavabdeh ailə üzvlərinə məxsus 2,00 ha pay torpaq sahəsini 2023-cü ilin sentyabr ayına qədər 2 (iki) illik 1720 manata icarəyə götürmüşdür. İcarəyə götürdüyü 2,00 ha torpaq sahəsində arpa əkmişdir. Ancaq Cavabdeh aralarında olan anlaşmanı pozmuş, 2022-ci ilin mart ayında minbir əziyyətlə əkdiyi arpanı şumlatdırmış,həmin torpaq sahəsinə yonca əkmişdir. Bununla da ona xeyli miqdarda ziyan vurmuşdur. Yəni 2,00 ha torpaq sahədə arpa əkib becərilməsində aşağıda qeyd edilən xərc çəkilməklə ailə büdcəsinə ziyan dəymişdir: 2,00 ha torpaq sahəsinin əkilməsinə 100 manat pulu traktorçu Niyaməddinə, 2,00 ha torpaq sahəsinə traktorla mala çəkilməsinə traktorçu Niyaməddinə 80 manat, 2,00 ha torpaq sahəsində səpinə traktorçu Seyfəddinə 60 manat, 2,00 ha torpaq sahəsinə səpilməsi üçün arpa toxumuna 240 manat satıcı Bayrama, 2,00 ha torpaq sahəsinə suvarma üçün arx çəkilməsinə traktorçu Suliddinə 40 manat, 2,00 ha torpağın suvarılmasına qardaşı Xəyala 80 manat vermişdir. Ümumilikdə 600,00 manat xərc çəkmişdir. Əldən çıxmış faydaya görə də ondan pulunu tələb edir. Belə ki, 2,00 ha torpaq sahəsindən bir mövsümdə 7000 kq arpa məhsul götürə bilərdi ki, o buna imkan verməmişdir. Bir kiloqram arpanın bazar qiyməti 0,50 manat olduğundan 7000 kg x 0,50 manat = 3500 manat əldən çıxmış fayda hesabına ziyana düşmüşdür. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbinin təmin ounmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh qanununla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq o heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsində isə göstərilir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Seriya AA № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1994-cü il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Mehdixanlı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 199 saylı Arayışdan görünür ki, İddiaçı Bərdə rayon Hacallı kəndində yaşayır. İş materiallarına əlavə olunmuş Bərdə rayon X2 tərəfindən verilmiş 05 saylı xx.xx.2022-ci il tarixli arayışda qeyd olunmuşdur ki, İddiaçı 2021-ci il tarixdə həmin kənd sakini Cavabdeh ailə üzvlərinə məxsus 1.77 ha pay torpaq sahəsini 2023-cü il sentyabr tarixinə qədər icarəyə götürmüş və həmin sahədə arpa əkmişdir. Lakin Cavabdeh öz aralarında olan razılaşmanı pozaraq 2022-ci ilin mart ayında həmin arpa sahəsini şumlayaraq özü yonca əkmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Bərdə X4 Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Arayışda qeyd olunur ki, Bərdə rayon Hacallı kəndində əkinə yararli 1 ha torpaq sahəsindən 1 il ərzində agro-texniki qaydada qulluq edilməklə 35 sentner, yəni 3500 kq arpa məhsulu əldə etmək mümkündür ki, bu da 2 ha torpaq sahəsindən 7000 kq arpa məhsulu deməkdir. İş materiallarına əlavə olunmuş Bərdə Rayon Polis Şöbəsinin cinayət işinin başlanmasının rədd olunması haqında xx.xx.2022-ci il tarixli qərarından görünür ki, xx.xx.2022-ci il tarixdə Bərdə Rayon Mərkəzi Xəstəxanasından (DM) tibb bacısı A.Qocayeva telefonla rayon Polis Şöbəsinə malumat verərək, Bərdə rayonu Hacallı kəndində yaşayan 2000-ci il təvəllüdlü Cavabdeh bud nahiyəsindən bıçaq xəsarəti almasını və Bardə rayon MRX-na daxil olduğunu bildirmişdir. Bundan başqa Bərdə rayonu 2-ci Hacallı kəndində yaşayan Cavabdeh xx.xx.2022-ci il tarixdə rayon polis şöbəsinə ərizə ilə müraciət edərək, xx.xx.2022-ci il tarixdə saat 02 radələrində ona məxsus Bərdə rayonu 2-ci Hacallı kəndində yerləşən torpaq sahəsində həmkəndlisi İddiaçı ilə şəxsi münasibətlər zəminində mübahisə edib dalaşdığını, bıçaqla onun sağ bud nahiyasinə 5 zərbə vuraraq xəsarətlər yetirdiyini bildirmişdir. Həmin faktlar əsasında araşdırma zamanı müəyyən edilmişdir ki, Cavabdeh Mayis oğlunun nənəsi Lətifə Fərzəliyeva məxsus 1.8 hektar torpaq sahəsini şifahi olaraq icarəyə verdiyi Bardə rayonu ikinci Hacallı kənd sakini İddiaçı ilə xx.xx.2022-ci il tarixdə əkin sahəsinin üzərində sözlü mübahisə yaranmış, mübahisə zamanı həmkəndlilər bir-birilərini əlləri ilə itələmişlər. Həmin vaxt Cavabdeh sağ bud nahiyəsinin səthi kəsilmiş-deşilmiş yarası ilə müşayiət olunan sağlamlığa zərər vurmayan və dərəcələri təyin edilməyən xəsarətlər almışdır. “MTE Və PA” Birliyinin Berde rayonlararası zona mərkəzinin 18 mart 2022-ci il tarixli, 158 nömrəli rəyindən də görünür ki. Cavabdeh aldığı xəsarətlər öz-özüna yetirilməyə xarakterikdir. Həmin xüsusat "MTE və PA” Birliyinin Bərdə rayonlararası zona mərkəzinin 18 mart 2022-ci il tarixli, 158 nömrəli rəyi və şahidlərin izahatları ilə öz təsdiqini tapmışdır. X1 xəsarət alması ilə bağlı toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinin əsasən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında əlavə xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 77 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbi icarə müqaviləsində irəli gələn maddi ziyan tələbindən ibarətdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında icarə müqaviləsi olmayıb, iddiaçı həmin müqavilənin olmasına dair məhkəməyə sübut təqdim edə bilməmişdir. Həmçinin cavabdeh məhkəmə iclaslarna gəlməmiş və iddianı etiraf etməmişdir. Odur ki, olmayan müqavilə münasibətlərindən irəli gələn ziyan tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1. öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbi rədd olunduğundan iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı “maddi ziyan” tələbinə dair iddia tələbi təmin edilməsin. İiş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar