Məhkəmə qərarları › İş №2(021)-2573/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2573/2021

17.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2573/2021 17.08.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Əhməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun, İddiaçı iştirakları ilə, İddiaçı cavabdeh Məhsulov Məhsul Elzamin oğluna qarşı təmir üçün verilmiş pulun geri qaytarılması tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təmir işləri üçün verilmiş 12500 manatdan, 2500 manatlıq material xərcini çıxdıqdan sonra qalıq qalan 10000 manatın, mənəvi ziyana görə 3000 manatın və ödədiyi 30 manat dövlət rüsumu, ümumilikdə 13030 manat Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən fərdi yaşayış evinin 1 qonaq otağı, 5 yataq otağı, 1 mətbəx, 2 hamam, tualet, 2 dəhliz, 1 eyvandan ibarət sahəsi 175 kv.m olan mənzilin təmir edilməsi üçün Cavabdeh ilə 05 aprel 2021-ci il tarixdə yuxarıda qeyd edilən yerlərin təmir edilməsi üçün müqavilə bağlamışlar. Müqavilə şərtlərinə uyğun olaraq ilkin 12500 manat sonra isə hissə-hissə olmaqla aylıq 1250 manat olmaqla ödəniş etməli idi. İşlərini görmək üçün pulu 12500 manat ondan müqavilə bağlanan zaman almışdır. 15 aprel 2021-ci il tarixdə Cavabdeh bir neçə fəhlə ilə gələrək 2000- 2500 manat civarında material gətirib həyətə qoymuşdur. 2-3 gün ərzində təmir məqsədi ilə gəlib bir neçə yerdə guya təmir edirlər görünüşünü yardaraq heç bir iş görmədən rayona valideynlərinin yanına getməli olduğunu və tez bir zamanda gəlib təmirə başlayacağını bildirmişdir. Cavabdeh rayona getmiş və bir daha geri dönməmişdir. Məcbur olub başqa ustalar dəvət edib evin təmirini onlar etdirmişdir. Artıq bir neçə aydır ki, evin təmiri ilə məşğul olmamışdır. Götürdüyü öhdəliyi icra etməkdən yayınmışdır. Bununla bağlı ərazi üzrə Abşeron rayon Polis İdarəsinə müraciət etmişdir. Lakin 12 iyun 2021-ci il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edərək məsələnin mülki xarakterli olmasını bildiriblər. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbini müdafiə edərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh Məhsulov Məhsul Elzamin oğluna məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh Məhsulov Məhsul Elzamin oğlunun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş üzrə iddiaçının izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş Seriya AZE 18103548 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Rzayev Məhərrəm Gəncəli oğlu 10 may 1968-ci ildə doğulmuşdur. Mülki işə əlavə edilmiş 05 aprel 2021-ci il tarixli təmir xidmətinin göstərilməsinə dair müqavilədən müəyyən olunur ki, Məhsulov Məhsul Elzamin oğlu ilə İddiaçı oğlu arasında təmir xidmətlərinin göstərilməsinə görə müqavilə bağlanmışdır. İş materiallarında olan ödəniş cədvəlindən müəyyən olunur ki, İddiaçı oğlu Məhsulov Məhsul Elzamin oğluna 5.000 və 7.500 manat olmaqla cəmi 12.500 manat pul ödəmişdir. İş materiallarında olan Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis polkovnik leytenantı X5 oğlunun cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 12 iyun 2021-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, İddiaçı ərizəsi əsasında cinayət işinin başlanılması rədd edilmişdir. İddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə müvafiq olaraq, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1-ci maddəsinə əsasən mülki qanunvericiliyin əsas vəzifələrindən biri də mülki hüquq subyektlərinin əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzimləmək və mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etməkdir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İddia tələbindən və tərəflər arasında bağlanmış müqavilədən görünür ki, tərəflər arasında podrat müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 752-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğısatqı qaydaları tətbiq edilir. Podratla bağlı smetanın tərtibi, əgər razılaşmada ayrı qayda müəyyənləşdirilməyibsə, ödənilmir. Həmin Məcəllənin 759-cu maddəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Həmin Məcəllənin 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Məhkəmə yuxarıda sadalanan maddi hüquq normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, tərəflər arasında bağlanılmış olan təmir xidmətlərinə dair müqavilə üzrə cavabdeh tərəfindən konkret işlər görülməmiş, yalnız müvafiq təmir üçün müəyyən materiallar alınmışdır. Belə olduğu təqdirdə hər hansısa bir tikinti işləri aparılmadığından ekspertiza təyin edilməsi üçün iş materiallarında hər hansısa bir əsas mövcud deyildir. Nətcə etibarılə razılaşdırılmış işlərlə bağlı iddiaçıdan müəyyən məbləğdə pullar alınmış və tikinti ilə bağlı hər hansısa bir işlər aparılmamışdır. Eləcə də məhkəmə iclasları barədə qanunamüvafiq qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və eləcə də iddia tələblərinin qəbuledilməzliyi ilə bağlı hər hansısa bir sənəd və ya sübutu əks etdirən dəlillərini məhkəməyə təqdim etməmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, cavabdehə qarşı eyni məzmunlu bir neçə mülki işlər hazırda məhkəmənin icraatındadır. Bu baxımdan məhkəmə müqavilə üzrə ödənilmiş olan 12.500 manat pul vəsaitindən 2.500 manat material üçün sərf edilmiş vəsaitin çıxılaraq qalan 10.000 manat məbləğində olan hissənin cavabdehdən alınmasına dair iddiaçının tələblərini haqlı hesab edir. İddia tələbinin 3.000 manat məbləğində mənəvi zərərə aid hissəsinə dair məhkəmə qeyd edir ki, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmələrə izah edilsin ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Plenum qərarında daha sonra göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri -əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi zərərin ödənilməsi tələbi bu tələbin irəli sürülməsinə səbəb olmuş iddia ilə birlikdə və yaxud belə iddia olmadan müstəqil, habelə cinayət mühakimə icraatı zamanı irəli sürülə bilər. Plenum qərarında daha sonra göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, mənəvi zərərin ödənilməsi ilə bağlı iddialarda şəxs maddi deyil, mənəvi aləmində, şüurunda baş vermiş mənfi halları, sarsıntını, yaşamaq eşqinin azalmasını və s. məhkəmə qarşısında sübut etməlidir. Göstərilənlərə əsasən məhkəmə iddia tələbinin mənəvi zərərə aid hissəsində iddiaçının iddia tələbrini qismən əsaslı hesab edir. Məhkəmə hazırki iddia ilə bağlı belə nəticəyə gəlir ki, İddiaçı Gəncəli oğlu cavabdeh Cavabdeh Elzamin oğluna evini təmir etmək üçün 12500 manat pul vermişdir. Cavabdeh isə həmin pulun 2000-2500 manat hissəsinə material alıb iddiaçının evinə gətirib qoymuş, qalan müqavilə üzrə üzərinə götürdüyü işləri yerinə yetirməmişdir. Mənəvi zərərlə bağlı isə məhkəmə 3.000 manat mənəvi zərəri ədalətli və ağlabat məbləğ hesab etməyərək, iddiqaçının təmir işləri işləri ilə bağlı narahatlığını, keçirdiyi sarsıntı və iztirablarını nəzərə alaraq mənəvi zərərin 500 manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq bilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarında olan dövlət rüsumunun ödənilməsi haqqında qəbzdən görünür ki, iddiaçı 30 manat dövlət rüsumu ödəmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 10000 (on min) manat maddi ziyan, 500 (beş yüz) manat mənəvi ziyan və 30 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar