Məhkəmə qərarları › İş №2(021)-259/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-259/2025

05.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-259/2025 05.03.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı Adışirin oğlunun Cavabdeh qarşı “reqress qaydasında pul” tələbinə dair iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Adışirin oğlu Cavabdeh qarşı “reqress qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 154.81 ABŞ dolları və 416.25 manat əsas borcun, maddi zərər olaraq 900 (300+600) manatın, mənəvi zərər olaraq isə 400 manat məbləğində pulun tutularaq ona verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı Adışirin oğlu iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə ayrı-ayrı ünvanlarda qeydiyyatda olsalar da, faktiki olaraq Bakı şəhəri, Xətai rayonu, 2944-cü məhəllədə yerləşən fərdi yaşayış evlərində qonşu olaraq yaşayırlar. 2013-cü ilin oktyabr ayında Cavabdeh ondan xahiş etmişdir ki, bankdan 1000.ABŞ dolları məbləğində pul götürərkən ona zamin dursun və söz vermişdir ki, bankın aylıq ödəmələrini vaxtlı-vaxtında özü ödəyəcəkdir. O da ona inanıb razılaşmışdır. Beləliklə, Cavabdeh onun zaminliyi ilə "xxxx" ASC-dən xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən bankdan 1000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Bir müddət sonra ona bankdan zəng edib bildirmişdirlər ki, Cavabdeh bankın aylıq borclarını lazımı qaydada ödəmir və banka xeyli borcu qalmışdır. Bu barədə Cavabdeh dedikdə o, söz vermişdir ki, ödəyəcək, lakin o, borcunu ödəməmişdir. Bərdə rayon Məhkəməsinin 2(021)-1254/2015 saylı, xx.xx.2015-ci il tarixli əmri ilə Cavabdeh, onun həmin banka borclu qaldığı 357.38 ABŞ dolları məbləğində əsas borcu, 64.79 ABŞ dolları faizin və 20 manat məbləğində dövlət rüsumunun hər ikisindən müştərək qaydada kreditor bankın xeyrinə tutulması əmr edilmiş və iş icraya yönəldilmişdir. Bu barədə Cavabdeh dəfələrlə desə də, o həmin borcu ödəməmişdir. Həmin ərəfədə ona “sən həmin borcu banka ödə, sonra həmin məbləği sənə mən ödəyərəm” deyib ona yenidən söz verdiyi üçün, İcra və Probasiya şöbəsi də borcu həm də ondan tələb etdiyi və onu da narahat etdiyi, zamin olduğu üçün onun banka qalmış borcunu ödəməli olmuşdur. Belə ki, hazırkı iddia ərizəsinə əlavə etdiyi Bank of Baku” ASCnin xx.xx.2021-ci il tarixli müvafiq sistemdən çıxarışına əsasən Cavabdeh Bank of Baku” ASC-yə borclu olduğu 154.81 (bir yüz əlli dörd ABŞ dolları, səksən bir sent) və həmin bankın xx.xx.2024-cü il tarixli arayışına əsasən isə 416.25 manat məbləğində pulu həmin banka o ödəmişdir. Lakin dəfələrlə tələb etməyinə baxmayaraq, cavabdeh həmin məbləği ona qaytarmamışdır. Digər tərəfdən də, bu vaxta kimi cavabdehin həmin qanunsuz hərəkətləri nəticəsində həm maddi, həm də mənəvi zərərlər çəkmiş və çəkməkdə davam edir. Bütün bunları cavabdehdən tələb edir. Belə ki, maddi zərəri cəmi 900 manat olaraq (yol-nəqliyyat və sair xərcləri olaraq ödədiyi və ödəyəcəyi məbləği 300 manat, hüquqi xidmətlərə görə ödədiyi 600 manat), mənəvi zərəri isə 400 manat, maddi və mənəvi zərəri ümumi olaraq cəmi 1.300 manat olaraq qiymətləndirir. Göstərilənlərə əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İddiaçı Adışirin oğlu məhkəməyə teleqram göndərərək, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, iddia ərizəsini müdafiə etdiyini qeyd edərək, onun iştirakı olmadan işə baxılmasını və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, o, heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü olmasına dair hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında İddiaçı Adışirin oğlu iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə məhkəməyə etiraz ərizəsi gönərərək göstərmişdir ki, iddiaçı iddia edir ki, Cavabdeh Bank of Baku ASC-dən 04 oktyabr 2013-cü il tarixdə götürdüyü kreditin (kredit sazişi Nə ME00373/25-13-B) 154.81 ABŞ dollarını və 416.25 manatını guya İddiaçı özü ödəmişdir. Məhkəməyə sübut olaraq bununla bağlı iddia ərizəsinə 416.25 manat pula dair xx.xx.2024-cü il tarixli öz adına olan hesabdan çıxarışı və 154.81 ABŞ dollarına dair isə xx.xx.2021-ci il tarxili arayış əlavə etmişdir. xx.xx.2024-cü il tarixli, ödənilmiş 416.25 manat məbləğində hesabdan çıxarışda baxdıqda görünür ki, hesabı nömrəsi cavabdehin deyil, həmin hesab nömrəsi iddiaçının öz hesab nömrəsidir. İddiaçı Adışirin oğlu məhkəməni aldadaraq Bank of Baku ASC-dən öz adına götürdüyü kreditlərə dair ödənişlər etmiş və həmin pulu da cavabdehdən tələb edir. Bundan əlavə guya iddiaçı 154.81 ABŞ dolları da cavabdehin kredit borcunu ödəmişdir. Bu hissədə də iddiaçı ilə razılaşmırlar və hesab edirlər ki, iddiaçı öz adına götürdüyü kredit ödənişlərini etmiş və əsassız yerə cavabdehdən pul tələb edir. Cavabdeh Bank of Baku ASC-dən 04 oktyabr 2013-cü il tarixdə götürdüyü kreditə görə etdiyi ödənişlər dair xx.xx.2024-cü il tarixdə Bank of Baku ASC-dən hesabdan çıxarış almış və həmin çıxarışı etiraz ərizələrin əlavə edirlər. Həmin çıxarışa baxdıqda görünür ki, iddiaçının təqdim etdiyi hesab nömrəsi ilə cavabdeh hesab nömrəsi fəqlidir. Yuxarda göstərilənlərə əsasən İddiaçı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş digər sübutları yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Adışirin oğlu xx.xx.1956-ci il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə olunmuş kredit verən "xxxx" ASC, kredit alan Cavabdeh və zamin İddiaçı Adışirin oğlu arasında bağlanmış xx.xx.2013-cü il tarixli, № ME00373/25-13- B kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh illik 35 % 15 ay müddətinə 1000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş kredit verən "xxxx" ASC, kredit alan Cavabdeh və zamin İddiaçı Adışirin oğlu arasında bağlanmış xx.xx.2013-cü il tarixli, № ME00373/25-13- B kredit müqaviləsindən və "xxxx" ASC tərəfindən təqdim edilən ödəniş cədvəlindən görünür ki, kredit götürən Cavabdeh adıan həmin bankda 3811001ME0037325 nömrəli cari hesab nömrəsi açılmışdır. İş materiallarına əlavə olunmuş Bərdə Rayon Məhkəməsinin 2(021)1254/2015 saylı xx.xx.2015 saylı məhkəmə əmrindən görünür ki, Cavabdeh və İddiaçı Adışirin oğlundan müştərək qaydada 357.38 ABŞ dollar əsas borc, 64.79 ABŞ dollar faiz borcu olmaqla, cəmi 422.17 ABŞ dollarının Azərbaycan manatı ilə ekvivalenti və 20 manat məbləğində dövlət rüsumunun tutularaq Bakı şəhəri Atatürk prospekti 42 ünvanda yerləşən "xxxx" ASC-nin xeyrinə verilməlidir. İş materiallarına əlavə olunmuş "xxxx" ASC tərəfindən göndərilmiş hesabdan çıxarışdan görünür ki, xx.xx.2013-cü il tarixli, № ME00373/25-13-B kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixdə X4 tərəfindən 3811001ME0037325 nömrəli hesaba 44 ABŞ dolları məbləğində pul mədaxil edilmişdir. İş materiallarına əlavə olunmuş 579432 nömrəli xx.xx.2021-ci il tarixli Qəbzdən görünür ki, İddiaçı Adışirin oğlu tərəfindən müştəri X3 3811001ME0037325 cari hesab nömrəli krediti üçün 154,81 ABŞ dolları (263.34 manat) ödəniş edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli Qəbzdən görünür ki, İddiaçı Adışirin oğlu tərəfindən 416.25 manat pul "xxxx" ASC-də 3801000RK12038A61C nömrəli hesab nömrəsinə ödəniş edilmişdir. İş materiallarına əlavə olunmuş mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 40 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, kredit verən "xxxx" ASC, kredit alan Cavabdeh və zamin İddiaçı Adışirin oğlu arasında bağlanmış xx.xx.2013-cü il tarixli, № ME00373/25-13-B kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh illik 35 % 15 ay müddətinə 1000 ABŞ dolları məbləğində kredit verilmişdir. Bərdə Rayon Məhkəməsinin 2(021)1254/2015 saylı xx.xx.2015 saylı məhkəmə əmrinə əsasən xx.xx.2013-cü il tarixli, № ME00373/25-13-B kredit müqaviləsi üzrə Cavabdeh və İddiaçı Adışirin oğlundan müştərək qaydada 357.38 ABŞ dollar əsas borc, 64.79 ABŞ dollar faiz borcu olmaqla, cəmi 422.17 ABŞ dollarının Azərbaycan manatı ilə ekvivalenti və 20 manat məbləğində dövlət rüsumunun tutularaq Bakı şəhəri Atatürk prospekti 42 ünvanda yerləşən "xxxx" ASC-nin xeyrinə verilməsi müəyyən olunmuşdur. Hazırda iddiaçİ İddiaçı iddia edir ki, həmin kredit müqaviləsi üzrə cavabdeh Sevindik Əzimovun borcunu özü ödəmişdir. Bununla bağlı məhkəmə tərəfindən bankda sorğular verilmiş və hesabdan çıxarışlar alınmışdır. Hesabdan çıxarışdan və iddiaçının təqdim etdiyi qəbzlərdən həmin kredit müqaviləsi üzrə iddiaçı tərəfindən yalnız 44 ABŞ dolları (74,80 manat) və 154,81 ABŞ dolları (263.34 manat) məbləğində ödənişlərin edildiyi sübut olunur. İddiaçı 416.25 manat ödənişin də həmin kredit müqaviləsi üzrə edildiyini bildirsə də həmin qəbzdən görünür ki, ödəniş digər bank hesabına ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 475.2-ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Həmin Məcəllənin 475.3-ci maddəsinə əsasən bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir. Həmin Məcəllənin 509.1-ci maddəsinə əsasən birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. Həmin Məcəllənin 509.3-cü maddəsinə əsasən Kreditor qarşısında birgə öhdəliyi icra edən birgə borcluya kreditorun digər borclulara qarşı tələbi, habelə bu Məcəllənin 196-cı maddəsində nəzərdə tutulmuş qaydada kreditorun digər borclulara münasibətdə hüququ keçir Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə qeyd edir ki, yuxarıda göstərilənlər nəzərə alınmaqla, Cavabdeh xx.xx.2017ci il tarixdə ödənilmiş 74,80 manat və xx.xx.2021-ci il tarixdə ödənilmiş 263.34 manat, ümumilikdə 338,14 manat alınaraq İddiaçı Adışirin oğluna verilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi maddi zərər olaraq 900 manat tələb hissəsində təmin oluna bilməz. Belə ki, maddi ziyan tələbi heç bir sübut olmadan qeyri-müəyyən formada iddiaçının öz mülahizəsinə əsasən irəli sürülmüşdür. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının maddi ziyanla bağlı tələbi iş materialları ilə sübut olunmadığından əsassızdır və təmin edilməməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi mənəvi zərər hissəsində də təmin oluna bilməz. Belə ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində mənəvi əziyyət çəkdiyini qeyd etsə də, bu halları təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin İddiaçı Adışirin oğlu mənəvi sarsıntılar keçirməsi ilə bağlı tibbi rəy təqdim edə bilməmişdir. Ona görə də, iddia tələbləri əsassız hesab edilməli və rədd edilməlidir. Azərbaycan Respublikasının MM-nin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəlləinin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixlə Qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmələrə izah edilsin ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Plenum qərarında daha sonra göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi zərərin ödənilməsi tələbi bu tələbin irəli sürülməsinə səbəb olmuş iddia ilə birlikdə və yaxud belə iddia olmadan müstəqil, habelə cinayət mühakimə icraatı zamanı irəli sürülə bilər. Plenum qərarında daha sonra göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsində göstərilir ki, işdə iştirak şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 40 manat məbləğində dövlət rüsumunun iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 30 manatı Cavabdeh alınaraq İddiaçı Adışirin oğluna ödənilməli, qalan hissəsi iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ : İddia tələbi qismən təmin edilsin. Cavabdeh 338,14 (üç yüz otuz səkkiz manat, on dörd qəpik) manat tutularaq İddiaçı Adışirin oğluna ödənilsin. İş üzrə ödənilmiş 40 manat məbləğində dövlət rüsumunun 30 manatı Cavabdeh alınaraq İddiaçı Adışirin oğluna ödənilsin, qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar