Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-260/2022 16.03.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı «Bank Respublika” ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı «Bank Respublika” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «Bank Respublika” ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 028CASA191630006 saylı, 12.06.2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada «Bank Respublika” ASC-nin xeyrinə 2208.79 manat əsas, 13.82 manat faiz borcu olmaqla, cəmi 2222.61 manat və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, «Bank Respublika” ASC ilə Cavabdeh1 oğlu arasında bağlanmış 12.06.2019-cu il tarixli güzəştli kredit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə illik 1 faiz olmaq şərtilə 12 ay güzəşt müddəti hesab olunmaqla 2859.79 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu ödəməyi öz üzərinə götürmüşdür. Həmin kredit müqaviləsinin təminatı olaraq digər cavabdeh Cavabdeh2 ilə həmin tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə müvafiq olaraq zamin borclu Cavabdeh1 oğlunun bank qarşısında öhdəliklərini tamamilə icra etməsi üçün borclu ilə birlikdə eyni məsuliyyəti daşıyırlar.Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Nəticədə cavabdehin 2208.79 manat əsas, 13.82 manat faiz borcu olmaqla, cəmi 2222.61 manat kredit borcu yaranmışdır. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, o, heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iddia ərizəsini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 12.06.2019-cu il tarixli, 028CASA191630006 saylı Güzəştli Kredit Müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 60 ay müddətinə illik 1 faiz olmaq şərtilə 12 ay güzəşt müddəti hesab olunmaqla 2859.79 manat manat kredit verilmişdir. İş materiallarına əlavə edilmiş 12.06.2019-cu il tarixli Zaminlik Müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsinə əsasən Cavabdeh1 12.06.2019-cu il tarixli, 028CASA191630006 saylı Güzəştli Kredit Müqaviləsi üzrə öhdəlikləri icra etmədiyi halda Cavabdeh2 bank qarşısında borclu ilə birgə məsuliyyət daşımalarını öz üzərlərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 17.09.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 12.06.2019-cu il tarixli kredit müqaviləsi üzrə sonuncunun 2208.79 manat əsas, 13.82 manat faiz borcu olmaqla, cəmi 2222.61 manat kredit borcu mövcuddur. İş materiallarına əlavə edilmiş bildirişdən görünür ki, iddiaçı tərəfindən cavabdehlərə borcunun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12.01.2022-ci il tarixli, 9\9150 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 12.06.2019-cu il tarixli, 028CASA191630006 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 20.09.2021-ci il tarixə 2206.70 manat əsas, 0.00 manat isə faiz borcunu təşkil edir. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, 12.06.2019-cu il tarixli, 028CASA191630006 saylı Kredit Müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh1 60 ay müddətinə illik 1 faiz olmaq şərtilə 12 ay güzəşt müddəti hesab olunmaqla 2859.79 manat məbəğində kredit verilmişdir. Həmin məbləği annuited ödəniş cədvəli üzrə ödənilməsi müəyyən edilmişdir. İş üzrə İddiaçı ASC həmin krediti cavabdehə verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə Cavabdeh1 müqavilə üzrə öhdəliklərin icrasını lazımınca təmin etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Həmçinin müəyyən olundu ki, digər cavabdeh Cavabdeh2 ilə 12.06.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmış və zaminlik müqaviləsində qeyd olunmuşdur ki, zamin 12.06.2019-cu il tarixli, 028CASA191630006 saylı kredit müqaviləsi üzrə öhdəlik götürür. Göründüyü kimi, borclu Cavabdeh1 bank qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməmiş və İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarmı müvafıq olaraq pul və ya eyni keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafıq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı və kredit müqaviləsi üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. Məhkəmə faiz borca münasibətdə qeyd edir ki, iş üzrə təyin edilmiş məhkəməmühasibatlıq ekspertizasının rəyinə əsasən iddiaçı bank tərəfindən əsas borcun yuxarı məbləğdə hesablanması müəyyən edilmişdir. Belə ki, ekspert rəyinə əsasən cavabdehin banka əsas borc üzrə 2222.61 manat deyil, 2206.70 manat borcu vardır. Ekspert rəyi əsasında cavabdehin banka olan əsas borcun məbləğinin tələb olunan məbləğdən aşağı həddə olması müəyyən edildiyindən məhkəmə hesab edir ki, cavabdehdən əsas borc məbləği ekspert rəyinə əsasən tutulmalıdır. Məhkəmə faiz borca münasibətdə qeyd edir ki, iddiaçı bank tərəfindən faiz borcu hesablansa da, iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən faiz borcunun olmadığı müəyyən edilmişdir. Ekspert rəyi əsasında cavabdehin banka olan faiz borcun olmadığı müəyyən edildiyindən məhkəmə hesab edir ki, cavabdehdən faiz borcu tutulmamalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 028CASA191630006 saylı, 12.06.2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2206.70 manat əsas borcu iddiaçı İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdeh Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı ASCnin xeyrinə ödənilməlidir. Ekspertiza tədqiqatının dəyəri 100 manat cavabdeh Cavabdeh1 və Cavabdeh2 tutularaq dövlət büdcəsinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 028CASA191630006 saylı, 12.06.2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2206.70 manat əsas borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçı İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 100 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-260/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-260/2022
16.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver