Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2703/2023 15.08.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X3 iclas kаtibliyi, iddiaçının nümayəndəsi X4 və vəkili X5, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı Cavabdeh qarşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək, cavabdeh Bərdə rayon Muğanlı kənd sakini Cavabdeh 1770 manat pulun və ödənilmiş 39 manat dövlət rüsumu alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2023-cü il tarixdə Bərdə rayon Muğanlı kənd sakini olan hazırki iş üzrə Cavabdeh Bərdə rayon Mal bazarı adlanan ərazidə 1770 manat dəyərində 1 baş yanı balalı inək almışdır. Cavabdeh inəyi ona satarkən inəyin tam sağlam olduğunu bildirdi. O da cavabdehə inanaraq 1770 manat məbləğində pulu verib 1 baş yanı balalı inəyi cavabdehdən aldı. Lakin inəyi aldıqdan 4 gün sonra cavabdehin satdığı inəyin xəstə olduğunu gördü və həkimə göstərdi. Həkimə göstərdiyi zaman inəyin xəstə olduğunu bildirdi. O da cavabdehə zəng etdiyi zaman inəyin xəstə olduğunu və geri qaytarmaq istədiyini bildirdi. Lakin vermiş olduğu 1770 manat pulu isə tələb etdikdə həmin zaman verməkdən imtina etdi və heç zaman verməyəcəyini bildirdi. Bu zaman o, Bərdə rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etdi. Bərdə rayon Polis Şöbəsində şikayət ərizəsinə baxılmamış və mülki iş üzrə məhkəməyə müraciət etməyini məsləhət gördülər. Bu vaxta qədər hər səfərində cavabdehdən borclu olduğu 1770 manat pulun verilməsini tələb etməyinə baxmayaraq hər səfərində cavabdeh verməkdən imtina edir. Cavabdeh ona qarşı dələduzluq etmişdir. Onda məcbur qalıb məhkəməyə müraciət etməli oldu. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X9 və vəkili X10 iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı rədd edərək izahatında 2023-cü ilin may ayında cümə günü bir baş iribuynuzlu inəyi iddiaçıya satdığını, şənbə günü iddiaçının ona verdiyi nömrənin saxta olub-olmadığını yoxlamaq məqsədi ilə iddiaçını yığdığını, 3 gün sonra iddiaçının ona zəng edib inəyin xəstə olduğunu, həkim gətirdiyini bidlirmişdir. Sonra o, qadın bir qohum vasitəsi ilə inəyin vəziyyətini maraqlanmış və qadın ona inəyi dərmanla yuduqlarını və bu səbəbdən də zəhərlənib öldüyünü bildirmişdir. Cavabdeh inəyi iddiaçıya verdikdə xəstə olmadığını bildirmiş və məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini və vəkilini, habelə cavabdehi dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə iclаsındа şаhid qismində dindirilmiş X6 ifаdəsində göstərdi ki, İddiaçı tanıyır. O sürücüdür, 2023-cü ilin may ayında Hafiz Bərdə mal bazarından bir baş sağılan inək aldı. İnəyi satan şəxs dedi ki, inək hər gün 7-8 litr süd verir. İnəyi evə gətirəndən sonra Hafiz dedi ki, inək xəstədir, deyilən südü də vermir. 3 gün sonra isə Hafiz ona dedi ki, inək öldü. Məhkəmə iclаsındа şаhid qismində dindirilmiş X7 ifаdəsində göstərdi ki, o, baytar həkimidir və vətəndaşın çağırışı üzrə 20 may 2023-cü il tarixdə inəyə baxmış, həmin vaxt yüksək temperaturunun olduğunu, iki gün müalicə etdiyini, lakin 25 may 2023-cü il tarixdə heyvanın öldüyünü, heyvandan analiz götürüb laboratoriyaya verdiyini və inəkdə ağciyərlərin tam iltihabı olduğunun müəyyən edildiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1972-ci ildə anadan olmuşdur. AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsi surətindən görünür ki, X6 xx.xx.1984-cü ildə anadan olmuşdur. Ağdam rayon İcra Hakimiyyəti Başçısının Quzanlı qəsəbə İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 614 nömrəli arayışdan görünür ki, İddiaçı halhazırda Ağdam rayonu, Quzanlı qəsəbəsində yaşayır və daimi qeydiyyatdadır. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu MBL-nın X11 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xxxxxxx/LAB14-23001-T-001 saylı laborator analiz üzrə sınaq nəticələrini əks etdirən sınaq protokolundan görünür ki, Ağdam rayonu, Quzanlı qəsəbəsində yaşayan İddiaçı məxsus iribuynuzlu heyvandan götürülmüş bioloji (patoloji) nümunələrdə (materialda) pasterella multocida aşkar edilmişdir. İş materiallarında olan inək cəmdəyinin fotoşəkillərindən inəyin ölməsi və daha sonra iççalatının yarılaraq çölə tökülməsi müşahidə edilir. Bərdə rayon Polis Şöbəsi tərəfindən Bərdə rayon Vəkil Bürosuna ünvanlanmış sorğuya xx.xx.2023-cü il tarixli 3-13-68/2-21099 saylı cavabdan görünür ki, xx.xx.1973-cü il təvəllüdlü Cavabdeh Məhiyyəddin oğlu xx.xx.2023-cü il tarixdə ASAN Bərdə tərəfindən AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilmiş və o, hal-hazırda ünvan 2i ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan aktdan görünür ki, xx.xx.2023-cü il tarixdə Quzanlı kənd sakini İddiaçı idarəyə müraciət edərək, xx.xx.2023-cü il tarixdə Bərdə Mal Bazarından aldığı 1 baş iribuynuzlu inəyin xəstə olduğunu bildrmişdir. İdarənin baytar həkimi Fəxrəddin Əliyev və Quzanlı ərazisi üzrə özəl baytar həkimi Mehman Əsgərov vətəndaşın həyətinə gedərək xəstə inəyə baxış keçirmişlər və baxış zamanı heyvanda ağciyər problemi olduğunu aydınlaşdıraraq müalicə təyin edilmiş və həmin gündən müalicələrə başlanmışdır. Müalicələr getməsinə baxmayaraq heç bir nəticə olmamışdır. Heyvan 25 may 2023-cü il tarixdə ölmüşdür. 26 may 2023-cü il tarixdə ÖBH-i Mehman Əsgərov heyvanda yarma apararaq daxili orqanlarından patoloji material götürərək müayinə olunması üçün X2 X1 X8 göndərdi. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırılması üçün 39 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiаçı İddiaçı Cavabdeh qarşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək, cavabdeh Bərdə rayon Muğanlı kənd sakini Cavabdeh dələduzluq yolu ilə ələ keçirtdiyi 1770 manat pulun və ödənilmiş 39 manat dövlət rüsumu alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.1-ci maddəsinə əsasən, İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 608-ci maddəsinə əsasən əgər bu paraqrafın aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, heyvanların, quşların və balıqların alğı-satqısına əşyaların alğısatqısı haqqında ümumi müddəalar tətbiq edilir. 609.1-ci maddəsinə əsasən heyvan, quş və balıq satıcısı yalnız müqaviləyə aşağıda müəyyənləşdirilmiş uyğunsuzluqlar (başlıca qüsurlar) üçün və yalnız bu qüsurların konkret müddətlər (qarantiya müddətləri) ərzində aşkara çıxdığı halda məsuliyyət daşıyır. 609.2-ci maddəsinə əsasən faydalı və damazlıq heyvanların satıldığı halda aşağıdakılar başlıca qüsurlar sayılır: 609.2.2. qaramalda - heyvanın vəziyyəti ümumən pisləşməklə vərəm xəstəliyi - 14 günlük qarantiya müddəti ilə, habelə ağ ciyərlərin tam iltihabı - 28 günlük qarantiya müddəti ilə; 611-ci maddəsinə əsasən qarantiya müddəti ərzində hər hansı başlıca qüsur aşkar edildikdə ehtimal olunur ki, həmin qüsur riskin alıcıya keçdiyi ana qədər mövcud idi. 612.1-ci maddəsinə əsasən heyvanlarda, quşlarda və balıqlarda başlıca qüsurların olması nəticəsində alıcı yalnız müqavilənin ləğvini tələb edə bilər, qiymətin azaldılmasını isə tələb edə bilməz. 612.1.1-ci maddəsinə əsasən bu halda alıcı cavabdeh olmadığı hallarla əlaqədar heyvanı, quşu və ya balığı qaytara bilmədikdə, o cümlədən başqasına satması, onun tələf olması, xəstələnməsi və ya kəsilməsi nəticəsində qaytara bilmədikdə də müqavilənin ləğvini tələb edə bilər. Heyvanın, quşun və ya balığın kəsildiyi halda alıcı onu qaytarmaq əvəzinə dəyərini ödəyir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunvericiliyin qeyd olunan müddəasının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur.Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. MM-in 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixlə Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmçinin, MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında göstərmişdir ki, ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, bu cür tələblər üzrə qanunverici sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Belə ki, baxılan mübahisə üzrə iddiaçının üzərinə düşən qaytarılmasını tələb etdiyi pulun iddia etdiyi məbləğdə cavabdehdə qalmasının sübut edilməsidir. Məhkəmə işin faktiki hallarını araşdırıb və yuxarıda göstərilən qanunvericilik normalarının məna və mahiyyətini nəzərə alıb hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh iddiaçıya sağlam, keyfiyyətli və qanunvericilikdə göstərilən başlıca qüsurlardan azad şəkildə iribuynuzlu heyvan satmalı olduğu halda başlıca qüsurla, yəni ağ ciyərlərin tam iltihabı xəstəliyi ilə qaramal yəni, iribuynuzlu heyvan satmışdır. Bu halda xəstəlik olan başlıca qüsur malda risk iddiaçıya keçə ana qədər mövcud idi. İddiaçıya 1770 manat dəyərində qaramal (inək) satılmasını cavabdeh özü də məhkəmə iclasında iştirak edərək etiraf etmişdir, lakin cavabdeh malın iddiaçı tərəfindən kimyəvi məhlulla yuyulması nəticəsində öldüyünü qeyd etsə də bu haqda məhkəməyə hər hansı mötəbər sübutlar təqdim edə bilməmişdir. İnək isə iddiaçı tərəfindən 19 may 2023-cü ildə Bərdə bazarında cavabdehdən alınmış, inəyin xəstələnməsi nəticəsində 20 may 2023-cü il tarixdə baytar həkimi dəvət edilmiş, baytar həkimi tərəfindən müalicə kursuna başladılmış, lakin həkimin apardığı bütün müalicələrə baxmayaraq inək 25 may 2023-cü il tarixdə ölmüşdür. İnəkdən baytar həkimi tərəfindən yarma aparılmaqla 26 may 2023-cü il tarixdə daxili orqanlarından patoloji nümunələr götürülərək mərkəzi baytarlıq laboratoriyasına göndərilmişdir. Laborator analiz nəticəsində inəkdə pasterella multocida, yəni baytar həkimin məhkəmə iclasında qeyd etdiyi kimi ağ ciyərlərin tam iltihabı xəstəliyi aşkar edilmiş və bu səbəbdən qaramal ölərək tələf olmuşdur. Beləliklə, satınalma predmeti olmuş inəkdə (qaramalda) ağ ciyərlərin tam iltihabı xəstəliyi olmuşdur və bu xəstəlik MM-in 609.2.2-ci maddəsində qeyd edildiyi kimi qaramalda 28 günlük qarantiya müddəti ərzində aşkar edilmiş və bu haqda və pulun qaytarılması tələbi ilə iddiaçı cavabdehə müraciət etsə də cavabdeh inəyin dəyəri olaraq ödənilən pulu iddiaçıya geri qaytarmaqdan imtina etdiyindən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsaslı və haqlı olduğundan Cavabdeh İddiaçı xeyrinə 1770 manat pul vəsaiti tutulmalıdır. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Qanunvericiliyin tələblərinə görə, işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktlar tədqiq edilməli, həmçinin mübahisənin düzgün həllinə təsir edən digər hallar da araşdırılmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu da qərarlarında dəfələrlə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Mülki işlər üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. MPM-in 217.4-cü maddəsinə əsаsən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). MPM-in 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş 39 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 1770 manat pul vəsaiti və 39 manat dövlət rüsumu alınaraq İddiaçı xeyrinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №2(021)-2703/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2703/2023
15.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver