Məhkəmə qərarları › İş №2(021)-2717/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2717/2021

14.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2717/2021 14.10.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi Hətəm şahmar oğlu Hətəmxanlının katibliyi İddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 Cavabdeh Cavabdeh1 iştirakı ilə İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 6311,99 manat əsas, 768,39 manat faiz borcu, cəmi 7080,38 manat borcun və 30 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" KB ASC tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 20.08.2019-cu il tarixli əsas kredit müqaviləsi üzrə 150000 manat 120 ay müddətinə illik 32% olmaq şərtilə kredit xətti ayrılmış və 20.08.2019-cu il tarixli əlavə kredit müqaviləsi üzrə cavabdehə 24 ay müddətinə illik 27% ödəmək şərtilə 9000 manat məbləğində kredit verilmişdir, (kredit müqaviləsinin 1-ci maddəsi). Tərəflər arasında bağlanmış Kredit xətti Müqaviləsinin 1.1.-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxanda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh2 ilə aralarında bağlanmış zaminlik müqaviləsinə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Lakin cavabdehlər müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduqları kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişlər. Nəticədə cavabdehlərin 18 iyun 2021-ci il tarixinə kredit müqaviləsi üzrə "xxxx" KB ASC-yə 6311,99 manat əsas, 768,39 manat faiz, 0 manat cərimə, cəmi 7080,38 manat borcu yaranmışdır. Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi X2 Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin azaldılmasına dair məhkəməyə ərizə verərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada "xxxx" KB ASC-nin xeyrinə 5255,39 manat əsas, 429,82 manat faiz borcu olmaqla cəmi 5685,21 manat borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi X2 iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul edərək göstərmişdir ki, 2019-cu ilin avqust ayında "xxxx" KB ASC-dən 9000 manat məbləğində kredit götürmüşdür. Kredit borcunun bir hissəsini ödəsə də sonradan maddi vəziyyəti ilə əlaqədar olaraq borcunu ödəyə bilməmişdir. Hazırda onun banka 5685,21 manat əsas və faiz borcundan ibarət olmaqla kredit borcu vardır. İddianın təmin olunmasına etirazının olmadığını bildirmişdir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin heç bir üzürlü səbəb olmadan cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 20 avqust 2019-cu il tarixli 376micADJ/19-EM nömrəli əsas kredit və bank hesabı müqaviləsindən müəyyən edilir ki, borcverən-"xxxx" KB ASC borcalan-Cavabdeh1 150000 (yüz əlli min) manat məbləğində, illik maksimum 32(otuz iki) faiz, minimum 1(bir) ay, maksimum 120(yüz iyirmi) ay müddətinə, 20.08.2029-cu il tarixinədək müddət ərzində, bu Müqavilə çərçivəsində Əlavə Kredit Müqavilələri bağlanılmaqla kredit verir və ona bank hesabı (cari, ssuda) açır. Borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə Bercverənə qaytarmağı öhdəsinə götürür. Əlavə Kredit müqavilələri üzrə kreditdən istifadəyə görə illik faiz daha az müəyyən oluna bilər. -Kredit məbləğinə hesablanmış faizlər və kreditin ödənişləri, məqsədləri və digər şərtləri bu müqavilə çərçivəsində bağlanan Əlavə Kredit Müqavilələri ilə tənzimlənir. İş materiallarında olan 20.08.2019-cu il tarixli 376micADJ/19 saylı əlavə kredit müqaviləsindən müəyyən olunur ki, bu Müqaviləyə görə "xxxx" KB ASC 24 ay müddətinə, 20.08.2021-ci il tarixədək illik 27 faiz ödəmək şərti ilə 9000 manat məbləğində kredit vermişdir. İş materiallarında olan 376micADJ/19 saylı 20 avqust 2019-cu il tarixli zaminlik müqaviləsindən müəyyən olunur ki, zamin-Cavabdeh2 Kreditor qarşısında borclunun 20.08.2019-cu il tarixli 376micADJ/19 saylı Əlavə Kredit Müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürür. İş materiallarında olan 13 oktyabr 2021-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh1 376micADJ/19 saylı kredit müqaviləsinə əsasən 13 oktyabr 2021-ci il tarixə 5255,39 manat məbləğində əsas, 429,82 manat məbləğində faiz, cəmi 5685,21 manat məbləğində borcu vardır. İş materiallarında olan 27 aprel 2021-ci il tarixli bildirişin surətindən müəyyən olunur ki, Cavabdeh1 banka olan bütün borcunu tam olaraq 3 iş günü müddətində ödəməklə aralarında bağlanmış kredit müqaviləsini 3 iş günü müddətində ləğv etmək təklif edilmiş, əks təqdirdə vaxtından əvvəl olaraq bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan 17.06.2021-ci il tarixli, ********* nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iş üzrə sənədləri araşdıraraq müəyyən etdi ki, Cavabdeh1 20 avqust 2019cu il tarixli əlavə kredit müqaviləsinə əsasən ona verilmiş 9000 manat məbləğində kredit borcunu vaxtında icra etmədiyindən, hazırda onun 5255,39 manat məbləğində əsas, 429,82 manat məbləğində faiz, cəmi 5685,21 manat məbləğində borcu yaranmışdır. Cavabdehə dəfələrlə borcunu ödəməsi üçün yazılı və şifahi məlumat verilsə də, o, borcunu ödəməkdən yayınmışdır. Məhkəmə yuxarıda qeyd olunan sübutların məcmusuna qiymət verərək hesab edir ki, Cavabdeh1 9000 manat məbləğində kredit alması və həmin kredit üzrə 5255,39 manat məbləğində əsas, 429,82 manat məbləğində faiz, cəmi 5685,21 manat məbləğində borcu yaranması sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Cavabdeh1 20 avqust 2019-cu il tarixli 376micADJ/19 nömrəli əlavə kredit müqaviləsi üzrə yaranmış 5255,39 manat məbləğində əsas, 429,82 manat məbləğində faiz, cəmi 5685,21 manat məbləğində borcunu ödəməsini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.2-ci maddəsinə görə, kredit müqaviləsi üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kredit) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Bu səbəbdən zamin Cavabdeh2 kreditor "xxxx" KB ASC qarşısında borc öhdəliyinin icrasına görə borclu ilə eyni həcmdə birgə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məhkəmə yuxarıda göstərilən maddi və prosessual hüquq normalarına əsasən hesab edir ki, Cavabdeh1 5255,39 manat məbləğində əsas, 429,82 manat məbləğində faiz, cəmi 5685,21 manat məbləğində borcu yaranması sübuta yetirildiyindən iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214,216- 220,227,233,360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair iddiası təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5255,39 manat məbləğində əsas, 429,82 manat məbləğində faiz, cəmi 5685,21 (beş min altı yüz səksən beş manat iyirmi bir qəpik) manat məbləğində kredit borcu və 30 (otuz) manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx" KB ASC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar