Məhkəmə qərarları › İş №2(021)-2722/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2722/2022

06.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2722/2022 06.10.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2, Cavabdeh və nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Gəncə Apelyasiya Məhkəməsinin 2(104)-945/2021 saylı, 05 fevral 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh hər ay hər uşağın saxlanması üçün tutulan 140 manat, cəmi 280 manat alimentin miqdarının artırılmaqla hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat alimentin müəyyən edilərək ona verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, Cavabdeh ilə 01 sentayabr 2010-cu il tarixdə rəsmi ailə qurub evlənmişlər. Birgə nikahlarından 27 aprel 2011-ci il təvəllüdlü X7 və28 may 2014-cü il təvəllüdlü X8 adlı 2 (iki) övladları anadan olmuşdur. Aralarında olan narazılıqlara görə xeyli zamandırki, ayrı yaşayırlar və rəsmi olaraq 14 iyul 2022-ci il tarixdə nikahları pozulmuşdur. Bərdə rayon məhkəməsinin 2(021)-2281/2020 saylı, 04 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə hər ay hər uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh 110 manat olmaqla, cəmi 220 manat sabit pul məbləğində alimentin onun xeyrinə verilməsinə dair qərar qəbul edilmişdir. Lakin aliment məbləğinin övladlarının təlabatları üçün yetmədiyindən Gəncə Apelyasiya məhkəməsinə apelyasiya şikayəti vermiş, Gəncə Apelyasiya məhkəməsinin 05 fevral 2021-ci il tarixli 2(104)-945/2021 saylı qətnaməsi ilə Bərdə rayon Məhkəməsinin 2(021)-2281/2020 saylı, 04 sentyabr 2020-ci il tarixli qətanməsi dəyişdirilmiş və Cavabdeh hər ay hər uşağın saxlanılması üçün 140 manat olmaqla, cəmi 280 manat məbləğində alimentin verilməsi müəyyən edilmişdir. Hazırda hər bir ərzaq və ehtiyacların qiyməti getdikcə artır. Buna görə də alimentin artırılaraq hər ay hər uşaq üçün 193 manat cəmi 386 manat olmasını istəyir. Cavabdeh fərdi əməklə məşğul olur və aylıq qazancı yüksəkdir. Cavabeh hər ay övladlarının saxlanılması üçün hər uşaq üçün 193 manat məbləğində aliment ödəyə bilər. Onun isə maddi vəziyyəti olduqca pisdir. Buna baxmayaraq cavabdeh övladlarının saxlanılmasında əlavə heç bir maddi yardım etmir. Göstərilənlərə əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X6 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, işləmir, , artıq aliment ödəməyə imkanı yoxdur, başqa qadınla ailə qrmuşdur. İddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X3 bildirdi ki, artıq aliment ödəməyə imkanları yoxdur, başqa qadınla ailə qrmuşdur. İddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işə əlavə edilmiş AZE ******** saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1989-cu il tarixdə Bərdə rayonu Mollalı kəndində anadan olmuş, Bərdə rayon Mollalı kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Mollalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı Bərdə rayon Mollalı kəndində yaşayır. Mülki işə əlavə edilmiş Bərdə rayon Mollalı kənd icra nümayəndəliyi tərəfindən 23 iyun 2011-ci il tarixdə verilmiş AZ-İİ № 636619 saylı Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, 27 aprel 2011-ci il təvəllüdlü X4 atası Cavabdeh, anası isə İddiaçıdır. Mülki işə əlavə edilmiş Bərdə rayon Mollalı kənd icra nümayəndəliyi tərəfindən 03 iyun 2014-cü il tarixdə verilmiş AZ-İİİ № 345621 saylı Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, 28 may 2014-cü il təvəllüdlü X5 atası Cavabdeh, anası isə İddiaçıdır. Mülki işə əlavə edilmiş Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Çıxarışdan görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah xx.xx.2022-ci il tarixdə pozulmuşdur. Mülki işə əlavə edilmiş Bərdə rayon Məhkəməsinin 2(021)-2281/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2010-cu il tarixdə Bərdə rayon Mollalı kənd icra nümayəndəliyində 16 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahlarından anadan olmuş olmuş xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X5 İddiaçı yanında saxlanılması, yetkinlik yaşına çatana kimi saxlanmaları üçün 23 iyul 2020-ci il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşağa görə 110 (bir yüz on) manat olmaqla, cəmi 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə verilməsi qət olunmuşdur. Mülki işə əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-945/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Bərdə rayon Məhkəməsinin 2(021)- 2281/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi tərəflərin birgə nikahından anadan olmuş uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 110 (bir yüz on) manat olmaqla, cəmi 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin alınıb İddiaçı xeyrinə verilməsi hissəsində dəyişdirilərək, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 140 (bir yüz qırx) manat olmaqla, cəmi 280 (iki yüz səksən) manat sabit pul məbləğində alimentin İddiaçı verilməsi qət olunmuşdur. Mülki işə əlavə edilmiş Gəncə 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Arayışdan görünür ki, tərəflər arasında barışıq sazişi imzalanmamışdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-945/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 140 manat alimentin alınaraq İddiaçı xeyrinə verilməsi müəyyən olunmuşdur. Hazırda iddiaçı aliment məbləğinin artırılmasını tələb edir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-cı maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra-AM) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. AM-in 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması ücün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq Hüquqları haqqında” Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq Hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsədə məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Ailə Məcəlləsinin 76.2-ci maddəsinin tələbinə görə, Məcəllənin 76.1-ci maddəsində müəyyən edilmiş payların miqdarı məhkəmə tərəfindən, tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İstinad edilən maddi normalara görə uşaqların saxlanması üçün alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə ilk olaraq qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Məhkəmə həmçinin qeyd edir ki, qanunvericiliyə görə aliment 2 formada tutula bilər: qazancın və başqa gəlirlərin müəyyən hissəsi kimi və sabit pul məbləğində. Alimentin məbləği ilə bağlı olaraq isə ilk növbədə nəzərə alınmalıdır ki, Ailə Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanılmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə minimum təminat səviyyəsini nəzərdə tutur. Həmin minimum təminat səviyyəsindən daha yüksək məbləğdə alimentin təyin olunması isə aliment tutulan şəxsin qazancları barədə sübutların olmasından asılıdır. Hazırki halda isə məhkəmə cavabdehin aliment ödəmək imkanına malik olduğunu nəzərə alır və alimentin sabit pul məbləğində tutulması qənaətinə gəlir. Həmçinin uşaqları saxlamaq hər iki valideyinin vəzifə olduğunu nəzərə alır. İddia tələbi bir uşaq üçün 160 (bir yüz altmış) manatdan artıq alimentin tutulması hissəsində təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin, bu halda İddiaçı cavabdehin qeyd olunan məbləğdə alimenti ödəmək iqtidarında olması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etmədi. Bu səbəbdən məhkəmə hesab edir ki, iddianın tam şəkildə təmin edilməsi Cavabdeh üzərinə icrası mümkün olmayan öhdəliyin qoyulması ilə nəticələnə bilər. Beləliklə, məhkəmə hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsi ilə tutulan aliment dəyişdirilərək xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay bir uşağa görə 160 manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə onu da qeyd edir ki, hazırkı iş üzrə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tutulduğundan dəyişdirilmiş alimentin məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. (Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il QƏRARİ) . Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 213-220, 227, 233.1, 234, 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-945/2021 saylı, xx.xx.2021-ci il tarixli məhkəmə qətnaməsi ilə tutulan alimentin məbləği dəyişdirilərək hər ay bir uşaq üçün 160 (bir yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat məbləğində müəyyən edilməklə Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilsin. Alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar