Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2727/2023 20.09.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X7 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı X2 (iddiaçı və ya İddiaçı) Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı “Pul tələbi”nə dair iddiası üzrə mülki işə 20 sentyabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh Abşeron rayonu Ramana Südçülük sovxozu ərazisində yerləşən yaşayış evinin satışı ilə bağlı ödəməli olduğu 15000 (on beş min) manat pulun, banka ödənilən 3000 (üç min) manat pulun və 2000 (iki min) manat mənəvi ziyanın, məhkəmədə iddia qaldırılması üçün ödənilən 151 (bir yüz əlli bir) manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Abşeron Rayonu Ramana Südçülük sovxozu ərazisində yerləşən 0.03 ha torpaq sahəsini Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2015-ci il tarixli, 753 nömrəli reyestr kitabının, 38 nömrəli vərəqədə qeydiyyata alınmış, ********** qeydiyyat nömrəsi, **********15 reyestr nömrəsi olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən torpaq sahəsi ona məxsus olmuşdur. Torpaq sahəsi üzərində yaşayış evi tikmiş və evlə torpaq sahəsini otuz min manat müqabilində satması barədə cavabdehə bildirmişdir. Cavabdehlə aralarında Bakı şəhəri 52 saylı notariat kontorunda Torpaq sahəsinin icarə hüquqlarının alqı-satqı müqaviləsi bağlanılmış və Abşeron rayonu Ramana südçülük savxozu ərazisində yerləşən 0.03 ha torpaq sahəsi üzərindəki hüquqlarını 15000 (on beş min) manata cavabdehə satılmışdır. Razılaşmalarına əsasən torpaq sahəsinin sənədi olduğu üçün alqı-satqı müqaviləsi bağlanılmış və müqavilədə torpaq sahəsinin satış qiyməti qeyd olunsa da, yaşayış evinin çıxarışı olmadığından qeyd olunan məbləğ müqavilədə öz əksini tapmamışdır. Belə ki, ümumilikdə əmlakın dəyəri 30000 (otuz min) manat təşkil edir. Cavabdeh tərəfindən torpaq sahəsinin pulu notarial qaydada ödənilsə də, yaşayış evinin pulu ödənilməmiş və hətta bununla bağlı dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, o, bu istiqamətdə heç bir addım atmamış və bu əsasla da məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Müqavilənin iki min beşinci ildə bağlanmasını nəzərə alsaq, cavabdehin iddiaçıya ödəməli olduğu məbləği banka qoya bilər və əlavə gəlir əldə edə bilərdi. Cavabdehin hərəkətinin nəticəsi olaraq iddiaçı yeni yaşayış yeri alarkən bankdan pul götürmüş və düşünmüşdür ki, cavabdeh ona olan borcunu ödəyəcək və bankın pulu bu məbləğlə bağlanılacaqdır. Cavabdehin hərəkətinin nəticəsi olaraq onun banka da borcu yaranmış və onun hərəkətinin nəticəsi olaraq ona 18000 (on səkkiz min) manat maddi ziyan və 2000 (iki min) manat mənəvi ziyan dəymişdir. Mənəvi ziyan olaraq hər dəfə bankın əmədaşları tərəfindən gələn zənglər və məhkəmələrə çağrılmasıdır. Maddi ziyan on beş min real ödəməli olduğu məbləğ, üç min isə pulu ödəməməsinin nəticəsi olaraq banka 3000 (üç min) manat faiz borcunun ödənilməsidir. Bunu təsdiq edən bank müqaviləsini və ödəniş qəbzlərini məhkəməyə təqdim edəcəkdir. İddiaçı məhkəməyə ərizə göndərərək bəzi sənədləri əldə etməsinə vaxt lazım olduğundan işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 259.0.11-ci maddəsinə görə, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə iclasında cavabdeh işə mahiyyəti üzrə baxılmasını tələb etdiyindən məhkəmə iddiaçıının işin (ərizənin) baxılmamış saxlanılması haqqında vəsatətini təmin etməmiş və mülki işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədi və iddia müddətinin tətbiqinə dair vəsatətlə müraciət edərək göstərdi ki, 2015-ci ildən Bakı şəhərində yaşayaraq “Xalqalar Dostluğu” metro stansiyası yaxınlığında gül satmaqla məşğul olmuşdur. Həmin dövrdə X4 polis işləmiş və bir-birlərini tanımışlar. X4 ona Abşeron rayonu Ramana qəsəbəsində evinin olduğunu və 37000 manata satdığını bildirmişdir. Ev almaq ıstədyini, lakin 30000 manat pulunun olduğunu bildirmişdir. X1 ilə razılaşmışlar. Bir müddət sonra iddiaçı Hidayət Mansırov ilə yanına gələrək evin ona məxsus olduğunu bildirmişdir. Gedib evə baxmış, evə dair sənədləri istədikdə, bildirmişlər ki, torpağa dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış var, lakin evə dair daşınmaz əmlakın reyestrindən çıxarış yoxdur və iki günə sənədləşməni edəcəklər. Bunun müqabilində ondan 500 manat pul almışlar. İki həftə ərzində Hidayət Mansırova ümumilikdə 15000 manat pul vermişdir. 2015-ci ildə razılaşdıqları dövrdə evin dəyəri olan 30000 manat puldan, 2000 manat bir dəfə, 3000 manat bir dəfə, 2000 manat bir dəfə, yəni bu minvalla ümumilikdə 15000 manatını X3 vermişdir. Bakı şəhərində 52 saylı notariusda alqı-satqı müqaviləsi bağlayarkən alqı-satqının dəyəri 30000 manat göstərilmiş və notariat kontorunun əməkdaşları bildirmişlər ki, 30000 manat nəqd pul göstərilməlidir və bundan sonra müqavilə qeydiyyata alına bilər. Bildirmişdir ki, 0.03 ha torpaq sahəsi və onun üzərində yerləşən evin dəyəri olan 30000 manatın yarı dəyəri olan 15000 manatı artıq X3 vermişdir və bundan İddiaçı da xəbəri olmuşdur. Odur ki, ancaq qalıq olan 15000 manatı verəcəyini bildirdiyindən, notariat kontorunda müqavilə şərtlərində müqavilənin dəyəri olan 30000 manatı dəyişdirərək 15000 manat qeyd etmişlər. Müqavilə bağlanılmış, rəsmiləşdirilmiş və 15000 manat pulu notariat kontorunda İddiaçı vermişdir. Hazırda onun iddiaçıya heç bir borcu yoxdur. Bundan başqa iddiaçı iddia müddətini ötürmüşdür. Belə ki, iddiaçının göstərdiyi hallar 2015-ci ilə aiddir. Odur ki, iddiaçının ona qarşı pul tələbinə dair iddiasının iddia müddətini tətbiq etməklə rədd edilməsini xahiş edir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1966-cı ildə Qax rayonu Əmircan kəndində anadan olmuşdur, Qax rayonu Əmircan kəndində qeydiyyatdadır. AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, Cavabdeh xx.xx.1977-ci ildə Bərdə rayonu Körpüqıran kəndində anadan olmuşdur, Bərdə rayonu Körpüqıran kəndində qeydiyyatdadır. 21 noyabr 2015-ci il tarixli Torpaq sahəsi üzərində icarə hüquqlarının alqı-satqı müqaviləsindən görünür ki, Satıcı-İddiaçı icarə hüququ ilə istifadəsində olan Abşeron rayonu Ramana südçülük sovxozu ərazisində yerləşən 0,03 ha torpaq sahəsini Alıcının icarə hüququ ilə xx.xx.2014-cü il tarixdən başlayaraq 99 il müddətinə istifadəsinə verməyi, Alıcı-Cavabdeh isə torpağı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini Satıcıya ödəməyi öhdəsinə götürmüşdür. -Satıcı Abşeron rayonu Ramana südçülük sovxozu ərazisində yerləşən 0,03 ha torpaq sahəsi üzərindəki icarə hüquqlarını 15000 (on beş min) manata satır, alıcı isə həmin qiymətə alır. 30 may 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 151 (bir yüz əlli bir) manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarından müəyyən edilir ki, iddia ərizəsi 07 iyun 2023-cü il tarixdə Bərdə Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MM və ya MM): 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 374.1-ci maddəsinə əsasən, əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. 375.1-ci maddəsinə görə, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən etdi ki, iddiaçı ilə cavabdeh arasında Torpaq sahəsi üzərində icarə hüquqlarının alqı-satqı müqaviləsi 21 noyabr 2015-ci il tarixdə bağlanmış, Cavabdeh iddiaçının icarəsində olan 0,03 ha torpaq sahəsini 15000 manata almışdır. İddiaçı iddia ərizəsində torpaq sahəsi ilə bərabər həmin torpaq sahəsində yerləşən özünə məxsus lakin sənədləşdirilməmiş yaşayış evini də cavabdehə 15000 manata, yəni torpaq sahəsi ilə birlikdə 30000 manata satdığını, lakin cavabdeh 15000 manat məbləğində pulunu vermədiyini qeyd etmişdir. Cavabdeh isə məhkəmə iclasında iddiaçının X4 adlı şəxslə yanına gəldiyini, sonuncu ilə rəsmi nkahda olduqlarını, ona görə də 15000 manat pulu Hidayət Mansurova verdiyini, bundan iddiaçının da məlumatının olduğunu, bu səbəbdən də notariat kontorunda məbləğin 15000 manat qeyd edildiyini bildirmişdir. Göründüyü kimi, tərəflər arasında alqı-satqı müqaviləsi 21 noyabr 2015-ci ildə olmuş, üç illik iddia müddətinin axımı həmin dövrdən başlandığından iddia müddəti 21 noyabr 2018-ci ildə bitmişdir. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə 07 iyun 2023-cü ildə müraciət etmişdir. Belə olan halda, iddiaçı məhkəmədə iddia qaldırdığı zaman MM-nin 373.2-ci maddəsi ilə müəyyən edilmiş iddia müddətini təqribən beş il yaxın müddətdə üzrsüz səbəbdən buraxmışdır. İddiaçının tələbinin 21 noyabr 2015-ci il tarixli Torpaq sahəsi üzərində icarə hüquqlarının alqı-satqı müqaviləsindən irəıli gəldiyi nəticəsinə gəlinərsə, bu halda MM-nin 373.2-ci maddəsinə əsasən, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddətinin altı il olması barədə müddəa tətbiq edildiyi halda, yenə də iddia müddəti ötürülmüş olur. Göründüyü kimi, iddia müddəti hər hansı üzrlü səbəb olmadan ötürülmüşdür. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən Azərbaycan Respublikasının MM-nin 373.2-ci maddəsi ilə müəyyən edilmiş iddia müddəti üzrsüz səbəbdən ötürüldüyündən iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-nin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilmədiyindən, 151 manat məbləğində dövlət rüsumu İddiaçı aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddiaçı X2 Cavabdeh qarşı “Pul tələbi”nə dair iddiası təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №2(021)-2727/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2727/2023
20.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver