Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2747/2025 02.10.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X3 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Abbasova Afət Ağarza qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “Ziyan tələbi”nə dair mülki işə 02 oktyabr 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus olan VAZ 21013 markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilinə vurulmuş zərərə görə 978 (doqquz yüz yetmiş səkkiz) manat məbləğində pul vəsaitinin, ilkin qiymətləndirmə aktına görə 50 manatın və 30 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə Bərdə rayonu Mustafağalı kəndi ərazisində özünə məxsus olan VAZ 21013 markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilini idarə edərkən cavabdehin idarə etdiyi “Qazel” yük markalı **-VF-*** dövlət qeydiyyat nişanlı avtomobil yüksək sürətlə gələrək onun avtomobilini vurmuş və qəza nəticəsində avtomobili yararsız vəziyyətə düşmüşdür. Avtomobilini təmir etdirmək istədikdə ona məlum olmuşdur ki, ehtiyat hissələrinin qiyməti 828 (səkkiz yüz iyirmi səkkiz) manat, dəmirçi işi 500 manat, rəngsaz işi 400 manat, çilingər işi 50 manat olmaqla, ümumilikdə onun avtomobilinə 1778 (bir min yeddi yüz yetmiş səkkiz) manat məbləğində ziyan dəymişdir. Sığorta ona 800 (səkkiz yüz) manat ödəmişdir. Yerdə qalan pulu cavabdehdən tələb etsə də, vurulan ziyanı ödəməkdən boyun qaçırmışdır. Sadalananlara əsasən hesab edir ki, cavabdehdən 978 (doqquz yüz yetmiş səkkiz) manat məbləğində pul vəsaiti alınaraq ona verilməlidir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçı sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək göstərdi ki, iddiaçının maşınına təlb edilən məbləğdə ziyan dəyməmişdir. Onun maşınına təxminən 650-700 manat məbləğində ziyan dəymiş, sığorta təşkilatı tərəfindən isə iddiaçıya 800 manat pul ödənilmişdir. İddiaçının maşınını təmir edən usta ilə danışmış, sonuncu maşının təmiri üçün iddiaçının ona 400 manat pul verdiyini, usta xərci ilə birlikdə iddiaçının avtomobilinin təmirinə cəmi 600 manat məbləğində xərcinin çıxdığını bildirmişdir. Hadisəyə görə polisdə 40 manat inzibati qaydada cərimə olunmuşdur. İddianın rədd olunmasını xahiş edir. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1949-cu ildə Bərdə rayonu Göyüşlü kəndində anadan olmuşdur, Bərdə rayonu Göyüşlü kəndində qeydiyyatdadır. Şəxsiyyət vəsiqəsi məlumatından görünür ki, Cavabdeh xx.xx.1989-cu ildə Bərdə rayonu Nazirli kəndində anadan olmuşdur, Bərdə rayonu Nazırlı kəndində qeydiyyatdadır. AA 364320 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, VAZ-21013 markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Fiziki şəxs X1 tərəfindən tərtib edilən 07 aprel 2025-ci il tarixli İlkin qiymətləndirmə aktından görünür ki, İddiaçı məxsus VAZ 21013 markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 1778 manat məbləğində ziyan dəymişdir. 07 aprel 2025-ci il tarixli 402307 nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı ilkin qiymətləndirmə aktı almaq üçün 50 manat məbləğində pul ödəmişdir. 08 aprel 2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Mülki mübahisənin gerçək hallarından görünür ki, iddiaçı iddia ərizəsində cavabdehin təqsirli hərəkətinə görə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində avtomobilinə 1778 manat məbləğində zərər dəydiyini, dəymiş zərərin 800 manatının sığorta şirkəti tərəfindən ödənildiyini qeyd edərək qalan məbləği cavabdehdən tələb edir. Lakin cavabdeh özünün təqsirli hərəkəti nəticəsində yol nəqliyyat hadisəsinin baş verdiyini bildirsə də, iddia tələbini qalan hissədə iddianı etiraf etməmiş, yol nəqliyyat hadisəsi nəticəsində iddiaçının avtomobilinə cəmi 650-700 manat məbləğində ziyan dəydiyini və həmin ziyanın da sığorta şirkəti tərəfindən tamamilə ödənildiyini bildirmişdir. Məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının MPM-nin tələblərinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.( 14.2-ci maddə) Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.(77.1-ci maddə) İstinad edilən qanunvericilik normalarının məzmunundan göründüyü kimi, iddiaçı da öz iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə isə faktiki baxılan mübahisəyə münasibətdə yalnız iddiaçının təqdim etdiyii sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yəni, hazırkı mülki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin iddiaçı iddia tələbini təsdiq edən hər hansı mötəbər sübutunu təqdim edə bilməmişdir. İddia tələbini əsası kimi iş materiallarına əlavə edilmiş 07 aprel 2025-ci il tarixli İlkin qiymətləndirmə aktında göstərilənləri isə cavabdeh mübahisələndirdiyindən, o cümlədən, həmin qiymətləndirmə aktında göstərilənlər reallığa uyğun olmadığından məhkəmədə də şübhə yaratdığına görə məhkəmə iddiaçıya qiymətləndirmə aktını tərtib etmiş mütəxəssisi, habelə avtomobili təmir etmiş ustaları şahid qismində məhkəməyə təqdim etməyi təklif etdi və qeyd edilən şəxslərin məhkəmədə dindirilmələri məqsədi ilə məhkəmə iclasları dəfələrlə təxirə salındı. Buna baxmayaraq iddiaçı sözügedən şəxsləri məhkəməyə təqdim edə bilmədi və sonuncu məhkəmə iclasında hər hansı üzrlü səbəb olmadan özü də iştirak etmədi. Qeyd olunmaldır ki, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən və fotoşəkillərdən müəyyən olunur ki, iddiaçının mülkiyyətində olan VAZ 21013 markalı **-BF- *** dövlət qeydiyyat nişanlı avtomobil 1985-ci il buraxılışlıdır, fotoşəkillərdə avtomobilin arxa hissəsində əzik izlərinin olduğu müşahidə olunur. 1985-ci il buraxılışlı avtomobilin arxa hissədə olan əziyə görə avtomobilə 1778 manat məbləğində ziyan dəyməsi inandırıcı deyildir. Ona görə də məhkəmə xx.xx.2025-ci il tarixli qiymətləndirmə aktını mötəbər sübut kimi qəbul etmir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı iddia tələbinin təmin olunması üçün məhkəməyə mötəbər sübut təqdim edə bilmədiyindən iddia tələbi əsassızdır və təmin edilməməlidir. MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, habelə təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, İddiaçı öz tələbini mötəbər sübutlarla sübut edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-nin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddiaçı Cavabdeh qarşı “Ziyan tələbi”nə dair iddiası təmin edilməsin. İddia tələbi təmin edilmədiyindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №2(021)-2747/2025
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2747/2025
02.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver