Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2755/2022 12.09.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Əbilov Qamət Mehman оğlunun sədrliyi, X3 оğlunun iclas kаtibliyi ilə, İddiаçı BOKT "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “kredit üzrə əsas borcun və hesablanmış faiz borcunun qaytarılması” tələbinə dаir mülki işə yazılı icraat qaydasında, məhkəmə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı BOKT "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərlə BOKT "xxxx" MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, L-BR-0052634-F saylı kredit müqaviləsinin ləğv edilməsini, cavadehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada 1908,51 manat əsas, 587,14 manat faiz, 139,52 manat cərimə, 143,93 manat müqavilə şərtlərin pozulması nəticəsində dəymiş zərər (əldən çıxmış fayda) olmaqla, cəmi 2779,10 manat kredit borcu və ödənilmiş 49 manat dövlət rüsumunun iddiaçı BOKT "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, BOKT "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, L-BR-0052634-F saylı kredit müqaviləsinə əsasən cavabdehə ev təmiri məqsədi ilə aylıq 2,5 faiz və illik 30 faiz olmaq şərtilə 18 ay müddətinə 2500 manat məbləğində kredit verilmişdir. Digər cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 arasında xx.xx.2020-ci il tarixli, L-BR-0052634-F saylı Birgə Borcluluq müqaviləsi bağlanmışdır. Birgə borcluluq müqaviləsinin təminatı olaraq digər borclu Cavabdeh5 aarasında xx.xx.2020-ci il tarixli, BR-00018485 saylı zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclular müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşlar. Nəticədə cavabdehin 1908,51 manat əsas, 587,14 manat faiz, 139,52 manat cərimə, 143,93 manat müqavilə şərtlərin pozulması nəticəsində dəymiş zərər (əldən çıxmış fayda) olmaqla, cəmi 2779,10 manat kredit borcu yaranmışdır. Cavabdehlərə öhdəliyin icra edilməsi və tərəflər arasında yaranmış məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün iddiaçı tərəfindən danışıqlar aparılmış, lakin heç bir fayda verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 iddia ərizəsinin, müqavilənin və onun prosessual hüquq və vəzifələrinin izahı haqqında bildirişin surəti göndərilmiş, həmçinin, ona bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərə biləcəyi bildirilmiş və MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizənin məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılacağı və həmin işin həllinə dair qətnamə çıxarılacağı barədə məlumatlandırılmışlar. Lakin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 iddia tələbinə etirazının olub-olmaması ilə bağlı məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş BOKT "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, L-BR-0052634-F saylı kredit müqaviləsindən görünür ki, cavabdehə ev təmiri məqsədi ilə aylıq 2,33 faiz və illik 28 faiz olmaq şərtilə 24 ay müddətinə 2500 manat məbləğində kredit verilmişdir. Bu müqavilə ilə müəyyən edilən kredit öhdəliklərinin icrasının təminatı bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan “BR-00018485 saylı Zaminlik” müqaviləsi ilə müəyyən olunur. Mülki işə əlаvə edilmiş BOKT "xxxx" MMC ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1 və Cavabdeh4 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, “L-BR-0052634”-F saylı Birgə Borcluluq müqaviləsindən görünür ki, bu Müqavilə xx.xx.2020-ci il tarixli, L-BR-0052634-F saylı kredit müqaviləsi ilə birgə borcluların vəkil edilmiş nümayəndəsi Cavabdeh1 verilən 2500 manat məbləğində kreditə təminat olaraq “Kreditor” qarşısında ailə üzvlərinin götürdüyü borc məbləğinə birlikdə təminat verən birgə borcluların və zaminlik öhdəliyini tənzimləyir. Bu müqaviləni imzalayan hər bir birgə borclu Cavabdeh1 ilə müvafiq kredit müqaviləsi üzrə birgə məsuliyyət daşıyır. Mülki işə əlаvə edilmiş BOKT "xxxx" MMC ilə cavabdehlər Cavabdeh1 və X2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BR-00018485 saylı Zaminlik Müqaviləsindən görünür ki, BOKT "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, L-BR- 0052634-F saylı kredit müqaviləsi üzrə borcun təminatı olaraq X2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Mülki işə əlаvə edilmiş xx.xx.2022-ci il tarixli Maliyyə arayışdan görünür ki, BOKT "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, L-BR-0052634-F saylı kredit müqaviləsi üzrə sonuncunun 1908,51 manat əsas, 587,14 manat faiz, 139,52 manat cərimə, 143,93 manat müqavilə şərtlərin pozulması nəticəsində dəymiş zərər (əldən çıxmış fayda) olmaqla, cəmi 2779,10 manat kredit borcu mövcuddur. Mülki işə əlаvə edilmiş xəbərdarlıqlardan görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 borcun ödənilməsi üçün iddiaçı tərəfindən xəbərdarlıq olunmuşdur. Mülki işə əlavə edilmiş AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 xx.xx.1986-cı il tarixdə anadan olmuşdur. Mülki işə əlavə edilmiş AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 xx.xx.1990-cı il tarixdə Bərdə rayonun Qaradəmirçi kəndində anadan olmuşdur. Bərdə rayonun Qaradəmirçi kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş AZE ******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh3 xx.xx.1961-ci il tarixdə Bərdə şəhərində anadan olmuşdur. Bərdə rayonun Xanağalı kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 xx.xx.1990-cı il tarixdə Bərdə rayonun Qaradəmirçi kəndində anadan olmuşdur. Bərdə rayonun Qaradəmirçi kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh4 xx.xx.1964-cü il tarixdə Göyçay şəhərində anadan olmuşdur. Bərdə rayonun Xanağalı kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh5 xx.xx.1989-cu il tarixdə Bərdə rayonun Xanağalı kəndində anadan olmuşdur. Bərdə rayonun Xanağalı kəndində qeydiyyatdadır. Mülki işə əlаvə edilmiş mədaxil qəbzindən görünür ki, « BOKT "xxxx" MMC məhkəmədə iddia qaldırmaq üçün 48 manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, BOKT "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, L-BR-0052634-F saylı kredit müqaviləsinə əsasən cavabdehə aylıq 2,33 faiz və illik 28 faiz olmaq şərtilə 24 ay müddətinə 2500 manat məbləğində kredit verilmişdir. İddiaçı ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1 və Cavabdeh4 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, “L-BR-0052634”-F saylı Birgə Borcluluq müqaviləsinə əsasən hər bir birgə borclu Cavabdeh1 ilə müvafiq kredit müqaviləsi üzrə birgə məsuliyyət daşıyır. Həmçinin L-BR-0052634-F saylı kredit müqaviləsi üzrə borcun təminatı olaraq Cavabdeh5 ilə xx.xx.2020-ci il tarixli, BR-00018485 saylı zaminlik müqaviləsi bağlanmışdır.Lakin borclular müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşlar. Nəticədə cavabdehin 1908,51 manat əsas, 587,14 manat faiz, 139,52 manat cərimə, 143,93 manat müqavilə şərtlərin pozulması nəticəsində dəymiş zərər (əldən çıxmış fayda) olmaqla, cəmi 2779,10 manat kredit borcu yaranmışdır. Cаvаbdehlər bаnkа bоrclu оlduğu kredit bоrcunu ödəmədiyi üçün iddiаçının məhkəmə müdаfiəsindən istifаdə hüququ yаrаnmışdır. Göründüyü kimi, borclu Cavabdeh1 bank qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməmiş və BOKT "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “kredit üzrə əsas borcun və hesablanmış faiz borcunun qaytarılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-ci maddəsinə əsasən Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 500.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarmı müvafıq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafıq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, həmçinin birgə borclular Cavabdeh2, X1 və Cavabdeh4 və zamin Cavabdeh5 kredit müqaviləsi üzrə iddiaçı Cavabdeh1 bank qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürdüyündən kredit müqaviləsi üzrə yaranmış borcu cavabdehlər iddiaçıya ödəməlidir. Bundan başqa məhkəmə hesab edir ki, dəbbə pulunun tutulması hissəsində dəbbə pulunun məbləği azaldılmalıdır. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanunun mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. Məhkəmə işin hallarını, yəni cavabdeh tərəfindən götürülən kredit məbləğini, kreditin verilmə tarixini və müqavilənin bitmə tarixini müqayisə edərək, kreditə görə hesablanan faizləri nəzərə alır və iddiaçı BOKT "xxxx" MMC-nin iddiasının 139.52 manat cərimənin tutulması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, cərimə təyin edilərkən tənasüblük qorunmamış, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmaqla, yüksək hesablanmış cərimə azaldılmalı və cavabdehdən cərimə borcu olaraq 5 manat pulun tutulması ədalətlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada 1908,51 manat əsas, 587,14 manat faiz, 5 manat cərimə, 143,93 manat müqavilə şərtlərin pozulması nəticəsində dəymiş zərər (əldən çıxmış fayda) olmaqla, cəmi 2644.58 manat iddiaçı BOKT "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi cavabdehlərlə BOKT "xxxx" MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, L-BR-0052634-F saylı kredit müqaviləsinin ləğv edilməsi hissəsində təmin oluna bilməz. Belə ki, xx.xx.2020-ci il tarixli, L-BR-0052634-F saylı kredit müqaviləsi 24 ay müddətinə bağlanmış, müddəti isə xx.xx.2022-ci ildə bitmişdir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən ödənilmiş 48 manat məbləğində rüsumu cavabdehlərdən iddiaçı BOKT "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. MPM-in 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və qismən və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrıayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə əsasən, məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 284-1-284-6, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavadehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada 1908,51 manat əsas, 587,14 manat faiz, 5 manat cərimə, 143,93 manat müqavilə şərtlərin pozulması nəticəsində dəymiş zərər (əldən çıxmış fayda) olmaqla, cəmi 2644.58 manat kredit borcu və ödənilmiş 48 manat dövlət rüsumu iddiaçı BOKT "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-2755/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2755/2022
12.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver