Məhkəmə qərarları › İş №2(021)-2817/2024

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-2817/2024

31.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-2817/2024 31.07.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlu, İddiаçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeha qarşı “kredit müqaviləsi üzrə yaranmış borc” tələbinə dair iddia ərizəsinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borc” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 990 manat əsas kredit borcunun, 308 manat faiz borcunun, cmi 1298 manat borcun və ödənilmiş 33 manat dövlət rüsumunun tutularaq xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, ərizə məhkəməyə təqdim edilərkən ərazi aidiyyəti ilə bağlı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) tələblərinə əməl edilməmişdir. MPM-in 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Hazırkı işdən isə görünür ki, iddia ərizəsi cavabdehin rəsmi qeydiyyatda olduğu yerə görə verilməmişdir. Belə ki, cavabdehin rəsmi qeydə alındığı yer barədə məlumatlar araşdırılarkən müəyyən edilmişdir ki, Cavabdeh Laçın rayonu, Qarakeçdi Ərazi Dairəsinin Qarakeçdi kəndində qeydiyyatdadır. Buna baxmayaraq iddia ərizəsi cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə deyil, Bərdə rayon məhkəməsinə verilmişdir. Hazırki iddia ərizəsi cavabdehin qeydiyyatda olduğu ərazi aidiyyəti üzrə Laçın rayon Məhkəməsinə təqdim edilməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 2 iyun 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, Mülki Prosessual Məcəllənin 35.1-ci və 35.2-ci maddələrində mülki məhkəmə icraatının ərazi aidiyyəti ilə bağlı əsas prinsipləri əks olunmuşdur. Belə ki, iddianın bir qayda olaraq cavabdehin rəsmi qeydə alındığı yerin və ya hüquqi şəxsin ünvanının olduğu yerin məhkəməsinə verilməli olduğu təsbit edilmişdir. MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyatı üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. MPM-nin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Beləliklə, MPM-in yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə hesab edir ki, iddiаçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeha qarşı “kredit müqaviləsi üzrə yaranmış borc” tələbinə dair iddia ərizəsi iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiаçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeha qarşı “kredit müqaviləsi üzrə yaranmış borc” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hаkim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar