Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-282/2021 10.02.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X1 katibliyi ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək olaraq 2250 manat məbləğində sığorta ödənişinin əvəzi, 30,40 manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 məxsus 90 VP-373 dövlət qeydiyyat nişanlı İsuzu Ecobus markalı avtonəqliyyat vasitəsi 20.02.2016-cı il tarixdə "xxxx" ASC tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbarı sığortası növü üzrə sığortalanmışdır. 28.01.2017-ci il tarixdə Cavabdeh1 idarə etdiyi 90 VP-373 dövlət qeydiyyat nişanlı İsuzu Ecobus markalı avtonəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi nəticəsində X6 və X3 xəsarət yetirmişdir. Hadisənin səbəbləri tam təfsilatı ilə aydınlaşdırılarkən müəyyən olunmuşdur ki, Cavabdeh1 avtomobili sürücülük hüququ olmadan idarə etmişdir. "xxxx" ASC-nin 07.05.2018 və 21.05.2018-ci il tarixli sığorta aktlarına əsasən ümumilikdə 2250 manat məbləğinin zərərçəkən şəxslərin şəxsi hesabına köçürülməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Mülki hüquq pozuntusu (delekt) Cavabdeh1 tərəfindən törədilmiş və sonuncunun təqsirli və hüquqazidd əməli nəticəsində X7 və X3 zərər dəymişdir. Törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" ASC tərəfindən ödənilmiş 2250 manat məbləğində sığorta ödənişinin əvəzi subroqasiya qaydasında cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək olaraq tutulmalıdır. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 məhkəməyə ərizə göndərərək məhkəmə iclaslarının "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddia ərizəsinə əlavə olunmuş sübutlara əsaslanaraq iddia ərizəsinin tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. Məhkəmə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməməsinin səbəbini üzürsüz sayaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AB 915373 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən olunur ki, 90 VP-373 dövlət qeydiyyat nişanlı İsuzu Ecobus markalı avtonəqliyyat vasitəsi mülkiyyət hüququ əsasında Cavabdeh2 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri, Yasamal rayon Polis İdarəsinin istintaq şöbəsinin sübutların qiymətləndirilməsi barədə 04 aprel 2018-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, Cavabdeh1 Azərbaycan Respublikasının CM-nin 263-1.2 və 264-cü maddələri ilə yeni məzmunlu ittiham elan edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və X8-Təcrübi və Tədris Birliyinin 04/86 saylı 07 mart 2018-ci il tarixli rəyinin surətindən müəyyən olunur ki, X2 bədəni üzərində aşkar edilmiş xəsarətlər-sağ topuq nahiyəsinin sıyrıqları, sağ aşıq-baldır oynağının hərəkət məhdudluğu ilə müşayət olunan şişkinliyi küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 28.01.2017-ci il tarixdə piyada qismində avtomobilin qabarıq hissələri ilə vurulması nəticəsində əmələ gələ bilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və X8-Təcrübi və Tədris Birliyinin 465 saylı 14 iyun 2017-ci il tarixli rəyinin surətindən müəyyən olunur ki, X4 almış olduğu xəsarətlər-kəskin qanitirmə, hemorragik və travmatik şokla müşayət olunan düzbağırsaq venalarının, anal dəliyi ətrafının, düzbağırsağın aşağı hissəsinin cırılmış yarası, hər iki oturaq və sol qasıq sümüklərinin yerinidəyişən sınıqları, bel və hər iki sağrı nahiyələrinin əzilmiş yaraları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində törənə bilərdi, törənmə müddəti onun xəstəxanaya daxil olduğu vaxtdan az əvvəl olmaqla, qərarda qeyd olunan 28.01.2017-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. İş materiallarında olan 21 may 2018-ci il tarixli sığorta aktından müəyyən olunur ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində X7 1500 manat məbləğində zərər dəymiş və həmin məbləğdə sığorta ödənişi edilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan 07 may 2018-ci il tarixli sığorta aktından müəyyən olunur ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində X3 750 manat məbləğində zərər dəymiş və həmin məbləğdə sığorta ödənişi edilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan 21 may 2018-ci il tarixli plastik kartların təhvil-təslim aktı surətindən müəyyən olunur ki, 28 yanvar 2017-ci tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində zərərə məruz qalmış X7 ağır xəsarət üzrə "xxxx" ASC tərəfindən 1500 manat sığorta ödənişinin alınması üçün **********332137 nömrəli plastik kart faydalanan şəxsə təhvil verilmişdir. İş materiallarında olan 07 may 2018-ci il tarixli plastik kartların təhvil-təslim aktı surətindən müəyyən olunur ki, 28 yanvar 2017-ci tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində zərərə məruz qalmış X3 yüngül xəsarət üzrə "xxxx" ASC tərəfindən 750 manat sığorta ödənişinin alınması üçün **********437845 nömrəli plastik kart faydalanan şəxsə təhvil verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Bu Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə mövcud sübutları müqayisəli qaydada təhlil edərək belə hesab edir ki, cavabdehlərin təqsirli hərəkəti nəticəsində iddiaçı tərəfindən vurulmuş zərərlə əlaqədar zərərçəkmiş şəxslər X7 verilmiş sığorta ödənişi hesabına 1500 manat və X3 verilmiş sığorta ödənişi hesabına 750 manat məbləğində ödəniş etməsi sübuta yetirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt (mülki hüquq pozuntusu) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Bu Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Göstərilən Məcəllənin 1108-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarrnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1114-cü maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən başqa şəxs tərəfindən vurulmuş zərərin həcminə həm də hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər də daxildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddələrin tələbinə əsasən iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 90 VP-373 dövlət qeydiyyat nişanlı İsuzu Ecobus markalı avtomobilə vurulmuş zərərlə əlaqədar 2250 manat, iddia tələbinin təmin olunmuş hissəsinə münasib olaraq 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı tutularaq iddiaçının hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair iddiası təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2250 (iki min iki yüz əlli) manat, iddia tələbinin təmin olunmuş hissəsinə münasib olaraq ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-282/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-282/2021
10.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver