Məhkəmə qərarları › İş №2(021)-282/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-282/2024

05.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-282/2024 05.03.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X20 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı “Alimentin məbləğinin artırılması” tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh övladı X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Bərdə Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(021)-4439/2016 nömrəli qətnaməsi ilə müəyyən edilmiş bir uşağa görə 100 manat alimentin miqdarının artırılaraq hər ay bir uşağa görə 220 (iki yüz iyirmi) manat aliment tutulmaqla onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 26 dekabr 2014-cü il tarixdə qeyri-rəsmi ailə həyatı quraraq, bir yerdə yaşamışlar. Birgə yaşadıqları dövrdə xx.xx.2016-cı il təvəllüdlü qızları X5 anadan olmuşdur. Bərdə Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(021)-4439/2016 nömrəli qətnaməsi ilə Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü Rabizə Məhərrəmovanın atası olması, onun yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 100 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Cavabdeh ilə məhkəmənin 17 avqust 2016-cı il tarixli, 2(021 )- 4439/2016 nömrəli qətnaməsindən sonra, xx.xx.2016-cı il tarixdə nikahlarını qeydiyyat orqanlarında rəsmi qeyd etdirməklə rəsmiləşdirmişlər. Cavabdehlə müəyyən müddət birgə yaşayıb ümumi təsərrüfat aparandan sonra ailə münasibətləri pozulduğundan onlar ayrılmış və Bərdə Rayon Məhkəməsinin 06 aprel 2017-ci il tarixli, 2(021)-1668/2017 saylı qətnaməsi ilə Cavabdeh ilə aralarında bağlanan xx.xx.2016-cı il tarixdə Tərtər Rayon Qeydiyyat Şöbəsində 129 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, uşaqları Rabizə Məhərrəmova onun himayəsində saxlanılmışdır. Məhkəmə tərəfindən xx.xx.2016-cı il tarixli, 2(021)-4439/2016 nömrəli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı ilk vaxtlar uşağın tələbatını ödəsə də, artıq maddi və sosial vəziyyətləri tamamilə dəyişmişdir. Müəyyən edilmiş aliment müasir tələbatı ödəməyə kifayət etmir. Uşaq böyümüş və onun tələbatı günü-gündən artır. Uşağın normal yaşaması və sağlam böyüməsi üçün maddi imkanı kifayət etmir, uşağın gündəlik yeməyə, geyimə, təhsilinə və digər ödənişlərinə ehtiyacı artdığı üçün maddi cəhətdən çətinlik çəkir. Cavabdeh özü də çox gözəl bilir ki, bu dövrdə 100 manatla uşağın bütün tələbatını ödəmək qeyri mümkündür. Ancaq bütün bunlara baxmayaraq Cavabdeh öz doğma övladına əlavə yardım göstərməkdən imtina edir, hətta aliment borcunu ödəmir. Ona görə də hesab edir ki, Cavabdeh azyaşlı uşağı 05 mart 2016-cı il təvəllüdlü X1 üçün müəyyən edilmiş alimentin (bir uşağa görə hər ay 100 manat) miqdarı artırılaraq hər ay 220 manat aliment tutulmaqla onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmalıdır. Beləliklə, qanunla müəyyən edilmiş yaşayış minimumu həddində onun qazancının olmaması, bir uşaq üçün hər ay 100 manat alimentin tutulmasının müəyyən edilməsi onun və uşaqlarının ağır maddi məhrumiyyətlər şəraitində yaşamalarına səbəb olmuşdur. Mediasiya sessiyasında iştirak etmişdir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək göstərdi ki, iddiaçı ilə birgə nikahlarından bir uşaqları doğulmuşdur. Bərdə Rayon Məhkəməsinin qətnaməsinə əsasən bir uşağın saxlanılması üçün iddiaçıya 100 manat məbləğində aliment ödəyir. Heç bir yerdə işləmir, fəhləlik edir. Himayəsində 2 azyaşlı uşağı var. İddiaçı isə uşağın saxlanılması üçün 250 manat məbləğində sosial yardım alır. Hər ay iddiaçıya 150 manat məbləğində aliment ödəməyə imkanı çatır. İddianın etiraf etdiyi qaydada təmin, qalan hissədə rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1985-ci ildə Bərdə rayonu Lək kəndində anadan olmuşdur, Bərdə rayonu Lək kəndində qeydiyyatdadır. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1986-cı ildə Tərtər rayonu Evoğlu kəndində anadan olmuşdur, Tərtər rayonu Evoğlu kəndində qeydiyyatdadır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Qaradəmirçi kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 22 sentyabr 2023-cü il tarixli 1239 nömrəli arayışdan görünür ki, İddiaçı Bərdə rayonu Qaradəmirçi kənd İƏD üzrə icra nümayəndəliyinin Lək kəndində qeydiyyatdadır. Bərdə rayon Qaradəmirçi kənd icra nümayəndəliyi tərəfindən verilmiş 04 oktyabr 2016-cı il tarixli AZ-İİİ 843234 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2016-cı ildə anadan olmuşdur. “Ata” qrafasında atası kimi Cavabdeh, “ana” qrafasında anası kimi İddiaçı qeyd edilmişdir. Tərtər Rayon İcra Hakimiyyəti Başçısının Evoğlu kənd inzbati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 26 oktyabr 2023-cü il tarixli 517 nömrəli arayışdan görünür ki, Cavabdeh Tərtər rayonu Evoğlu kəndində yaşayır. Hal-hazırda işləmir. Tərtər rayon Evoğlu Bələdiyyəsinin 26 oktyabr 2023-cü il tarixli 28 nömrəli arayışından görünür ki, Cavabdeh adına Tərtər rayonu Evoğlu kəndində pay və həyətyanı torpaq sahəsi yoxdur. xx.xx.2023-cü il tarixli ********** nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasıya Sistemindən məşğulluq haqqında arayışdan görünür ki, Cavabdeh X10 filialında işaxtaran kimi qeydiyyatdadır. Tərtər Rayon VVADQ Şöbəsi tərəfindən verilmiş 29 noyabr 2016-cı il tarixli AZ-İ 852478 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X9 01 sentyabr 2006-cı ildə anadan olmuşdur. “Ata” qrafasında atası kimi Cavabdeh, “ana” qrafasında anası kimi X7 qeyd edilmişdir. Bərdə regional “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 29 dekabr 2022-ci il tarixli AZ-İV 826211 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X6 21 dekabr 2022-ci ildə anadan olmuşdur. “Ata” qrafasında atası kimi Cavabdeh, “ana” qrafasında anası kimi X8 qeyd edilmişdir. Bərdə Rayon Məhkəməsinin 17 avqust 2016-cı il tarixli 2(021)-4439/2016 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh X4 atası olması faktı müəyyən edilmiş hesab edilmiş, 05 mart 2016-cı il tarixdə anadan olmuş X4 doğum akt qeydində müvafiq dəyişiklik edilməsi və uşağın doğum haqqında şəhadətnaməsində atasının Cavabdeh qeyd edilməsi üçün əsas olması, qətnamənin icrasının bu hissədə Bərdə Rayon Qeydiyyat Şöbəsinə tapşırılması, Cavabdeh 05 mart 2016-cı ildə anadan olmuş X2 üçün 25 iyul 2016-cı il tarixdən etibarən hər ay bir uşağa görə 100 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə verilməsi qət edilmişdir. Bərdə Rayon Məhkəməsinin 06 aprel 2017-ci il tarixli, 2(021)-1668/2017 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında 10 noyabr 2016-cı ildə Tərtər Rayon Qeydiyyat Şöbəsində 129 nömrə qeydi ilə qeyd edilmiş nikahın pozulması qət edilmişdir. 21 sentyabr 2023-cü il tarixli MŞG/MT032/2023-01231 nömrəli arayışdan görünür ki, İddiaçı “Mediasiya haqqında“ Azərbaycan Respublikasının Qanununun 21.8-ci maddəsinin tələblərinə uyğun olaraq arayış verilmişdir. 21 sentyabr 2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı mediasiya xidmətinə müraciət üçün 50 manat məbləğində rüsum ödəmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin 4-ci bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun: 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinə görə, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. BMT-nin 12 noyabr 1989-cu il tarixli “Uşaq hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı ücün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının AM və ya AM): 75.1.-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə görə, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında yaşayış minimumu haqqında” 30 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanununa görə, Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmənin qənaətinə görə, alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib vəzifələridir. Azərbaycan Respublikasının AM-nin: 56.1-ci maddəsinə görə, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə, valideynlərin uşaqların saxlanılması üçün bərabər məsuliyyət daşımasını, alimentin tutulması barəsində məhkəmə qətnaməsi qəbul edilməsindən 8 ilə yaxın müddət keçməklə uşağın tələbatının artmasını, bununla yanaşı Cavabdeh qazancının qeyrimüntəzəm olmasını, sonuncunun yenidən ailə qurmasını və başqa nikahdan himayəsində 2 nəfər azyaşlı uşağının olmasını, iddiaçının cavabdehin işləməsi və ya gəlirlərinin artması haqqında sübut təqdim etməməsini, cavabdehin sabit pul məbləğində ayda 220 manat miqdarında aliment ödəməsinin real olmamasını nəzərə alaraq belə hesab edir ki, iddia qismən təmin edilməli, göstərilən diqqətəlayiq hallar, habelə tərəflərin maddi və ailə vəziyyəti, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutulmaqla Bərdə Rayon Məhkəməsinin 17 avqust 2016-cı il tarixli, 2(021)-4439/2016 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin dəyişdirilərək 05 mart 2016-cı ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 160 (bir yüz altmış) manat məbləğində alimentin sabit pul məbləğində tutularaq İddiaçı verilməsi qanuna və məqsədəuyğundur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 nömrəli qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə hesab edir ki, alimentin artırılmış məbləğdə tutulması “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarına əsasən qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM): 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 222.2-ci maddəsinə görə, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Qeyd olunanlarla yanaşı, işdən görünür ki, iddiaçı mediasiya xidmətinə müraciət üçün 50 manat məbləğində dövlət rüsumu ödəmişdir. MPM-nin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia təmin edildiyindən mediasiya xidmətinə müraciət üçün ödənilmiş 50 manat məbləğində rüsum cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddiaçı Cavabdeh qarşı “Alimentin məbləğinin artırılması” tələbinə dair iddiası qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 17 avqust 2016-cı il tarixli, 2(021)-4439/2016 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq 05 mart 2016-cı ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 160 (bir yüz altmış) manat miqdarında aliment sabit pul məbləğində qətnamə qanuni qüvvəyə mindiyi gündən tutularaq İddiaçı verilsin. Mediasiya xidmətinə müraciət üçün ödənilmiş 50 (əlli) manat məbləğində rüsum Cavabdeh alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar