Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2852/2024 23.10.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Babək Vaqif oğlu Tağıyevin katibliyi, İddiaçı Cavabdeh qarşı “Pul tələbi”nə dair mülki işə 23 oktyabr 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh borcun məbləği olan 3800 (üç min səkkiz yüz) manat məbləğində pulun və 58 (əlli səkkiz) manat dövlət rüsumunun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə ailəvi münbasibətləri olmuşdur. Hətta dostluqdan əlavə qohumluq münasibətləri vardır. Hazırda isə aralarında olan pul haqq-hesabına görə danışmırlar və aralarında olan soyuq münasibətlərin yaranmasına səbəb cavabdehdir. Belə ki, 2 il bundan qabaq cavabdeh ondan borca 5800 manat məbləğində pul almış və qısa zamanda qaytaracağına söz vermişdir. O da onun ailəsini yaxından tanıdığı üçün 5800 manat məbləğində pulu ona borca vermişdir. Həmin borc məbləğindən cavabdeh 2 il ərzində 2000 manat məbləğində olan hissəsini qaytarsa da, qalan 3800 manat hissəni ödənilməmiş qalmışdır. Cavabdehin yalan vədlərindən yorularaq polisə müraciət etmək məcburiyyətində qalaraq Abşeron RPİ-nə müraciət etmişdir. Cavabdeh idarəyə dəvət olunmuş və onun izahatı alınmışdır. Cavabdeh öz izahatından ona olan borcunu etiraf edərək 2024-cü ilin may ayının sonunadək ona hər ay 300 manat məbləğində ödəniş ödəcəyinə söz vermişdir. Daha sonra ona məhkəməyə müraciət etmək məsləhət görülmüşdür. Ona görə də, Cavabdeh borcun məbləği 3800 (üç min səkkiz yüz) manat məbləğində pulun və 58 (əlli səkkiz) manat dövlət rüsumunun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddianı müdafiə etdiyini, üzrlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini və məhkəmədən mülki işə onun iştirakı olmadan baxılaraq iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını heç bir üzrlü səbəb olmadan təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.5-ci maddəsinə əsasən, cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsinin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli mədaxil qəbzdən görünür ki, İddiaçı iddia ərizəsinin verilməsi üçün 59 manat məbləğində dövlət rüsumu ödəmişdir. AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1968-ci il tarixdə anadan olmuşdur. Abşeron RPİ-nin rəisi, polis polkovniki cənab Musa Musayeva əlyazma izahatdan görünür ki, Cavabdeh bildirmişdir ki, 2 il bundan qabaq İddiaçı 5800 pulu faizə götürmüşdür. Onun 2000 manatını ödəmiş, 3800 manat borcu qalmışdır. Hazırda maddi durumu yaxşı olmadığından may ayının axırına kimi 300manat olmaqla ödəyəcəkdir. Sorğunun nəticəsindən görünür ki, Cavabdeh xx.xx.1986-cı il tarixdə anadan olmuşdur. xx.xx.2024-cü il tarixli Abşeron RPİ-nin məktubundan görünür ki, İddiaçı məhkəməyə müraciət etmək məsləhət görülmüşdür. İş materiallarında olan tərəflərin whatapp şəbəkəsi vasitəsilə yazışmalar həyata keçirdiyini müəyyən edən materiallar mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 164.2-ci maddəsinə əsasən, sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsində qeyd edilmişdir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddədə qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 222.1-ci maddəsinə əsasən, məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin olunmalıdır. Belə ki, cavabdehin polis idarəsində vermiş olduğu izahata əsasən o, iddiaçıya 3800 manat məbləğində borcunun olmasını etiraf etmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi təmin edildiyindən Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 58 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220,227,233,357-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ:
1. İddia təmin edilsin.
2. Cavabdeh 3800 (üç min səkkiz yüz) manat məbləğində pul və 58 (əlli səkkiz) manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun.
3. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsinə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə elektron qaydada) apellyasiya şikayəti verə bilər.
4. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Ziya Abdullayev