Məhkəmə qərarları › İş №2(021)-288/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-288/2021

15.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-288/2021 15.07.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Şaxtaxtinski Toğrul Rəşid oğlunun, Cavabdeh Cavabdeh1 oğlunun iştirakları ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 oğluna və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə borc tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 oğluna və Cavabdeh2 qarşı iddia qaldıraraq Cavabdeh1 Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 4716.89 manat əsas borc, 3263.87 manat faiz borcu, 2213.84 manat cərimə borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenumunun qərarına əsasən hesablanan 727.32 manat faiz borcu olmaqla, ümumilikdə 10921.92 manat və 30 manat ödənilmiş dövlət rüsumunun tutulmasını, Tutmanın ipoteka predmeti olan xüsusi mülkiyyət hüququ ilə cavabdeh Cavabdeh2 məxsus olan Bərdə rayon Kətəlparaq kəndində 0.22 ha torpaq sahəsində yerləşən 60.2 kv.m ümumi, 46.2 kv. m yaşayış sahəsindən ibarət 2 otaqlı fərdi yaşayış evinə yönəldilərək hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsait Cavabdeh1 oğlunun borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh1 oğlundan tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 oğluna 05.09.2014-cü il tarixli 2991 saylı saylı kredit müqaviləsinə əsasən 36 ay müdddətinə, ilik 24% olmaqla 5000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq İddiaçı ASC ilə Cavabdeh2 ilə həmin tarixdə ipoteka müqaviləsi bağlanmış və həmin ipoteka müqaviləsinə əsasən xüsusi mülkiyyət hüququ ilə cavabdeh Cavabdeh2 məxsus olan Bərdə rayon Kətəlparaq kəndində 0.22 ha torpaq sahəsində yerləşən 60.2 kv.m ümumi, 46.2 kv. m yaşayış sahəsindən ibarət 2 otaqlı fərdi yaşayış evi "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdeh1 oğlunun "xxxx" ASC-yə 4716.89 manat əsas borc, 3263.87 manat faiz borcu, 2213.84 manat cərimə borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenumunun qərarına əsasən hesablanan 727.32 manat faiz borcu olmaqla, ümumilikdə 10921.92 manat borcu vardır. Dəfələrlə cavabdehə borcunu ödəməsi barədə xəbərdarlıq edilib bildiriş verilməsinə baxmayaraq cavabdeh banka olan borcunu ödəməmişdir. Odur ki, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Şaxtaxtinski Toğrul Rəşid iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh Cavabdeh1 oğlu bildirdi ki, maddi imkansızlıqdan ödəniş edə bilməmişdir, borcunu gələcəkdə ödəyəcəkdir. Məhkəmə iclasının yeri və vaxtı barədə digər cavabdeh Cavabdeh2 qanununla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq onlar heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsində isə göstərilir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarındakı sənədləri hərtərəfli və tam tədqiq edərək belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, mülki işə əlavə edilmiş 05.09.2014-cü il tarixli, 2991 saylı Kredit Müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən cavabdeh Cavabdeh1 oğluna 36 ay müddətinə illik 24% olmaqla 5000 manat məbəğində kredit verilmişdir. Mülki işə əlavə edilmiş İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 05.09.2014cü il tarixli, 2991İ İpoteka Müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh1 oğluna 05.09.2014-cü il tarixli, 2991 saylı kredit müqaviləsinə əsasən 36 ay müddətinə illik 24% olmaqla 5000 manat məbləğində verilmiş kreditin təminatı olaraq Cavabdeh2 mülkiyyətindəki Bərdə rayon Kətəlparaq kəndində 0.22 ha torpaq sahəsində yerləşən 60.2 kv.m ümumi, 46.2 kv. m yaşayış sahəsindən ibarət 2 otaqlı fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsində ipotekanın predmeti 9000 (doqquz min) manat dəyərində qiymətləndirilmişdir. Mülki işə əlavə edilmiş 17.09.2020-ci il tarixli Maliyyə Arayışından görünür ki, Cavabdeh1 05.09.2014-cü il tarixli, 2991 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 11.09.2020-ci il tarixə kimi 4716.89 manat əsas borc, 3263.87 manat faiz borcu, 2213.84 manat cərimə borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenumunun qərarına əsasən hesablanan 727.32 manat faiz borcu olmaqla, ümumilikdə 10921.92 manat manat borcu vardır. Mülki işə əlavə edilmiş RX seriyalı, ******* nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh2 xüsusi mülkiyyətində olan Bərdə rayon Kətəlparaq kəndində yerləşən fərdi yaşayış evi 0.22 ha torpaq sahəsi ilə birlikdə İddiaçı ASC- nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Mülki işə əlavə edilmiş 11.09.2020-cı il tarixli Bildirişlərdən görünür ki, iddiaçı tərəfindən Cavabdeh1 və Cavabdeh2 bank qarşısında icra edilməmiş və ipoteka ilə təmin olunmuş öhdəliklərin icrasını ipoteka predmetinə “məhkəmə qaydasında tutmanın yönəldilməyə başlandığı barədə xəbərdarlıq edilmişdir. Mülki işə əlavə edilmiş 21.09.2020-ci il tarixli **********253 saylı Ərizədən görünür ki, Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX- nin 7 saylı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, ipoteka predmetinə məhkəmə qaydasında tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması barədə müraciət edərək, Cavabdeh2 xüsusi mülkiyyətində olan Bərdə rayon Kətəlparaq kəndində 0.22 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə məhkəmə qaydasında tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasını xahiş etmişdir. Mülki işə əlavə edilmiş "xxxx" MMC tərəfindən təqdim edilmiş Daşınmaz Əmlakın Qiymətləndirilməsi barədə ƏQ-160/2021 saylı 11.06.2021-ci il tarixli Mütəxəssis Rəyindən görünür ki, Bərdə rayon Kətəlparaq kəndində yerləşən, yaşayış sahəsi 46.2 kv.m, yardımçı sahəsi 14 kv.m, ümumi sahəsi 60.2 kv.m olan 2 otaqlı 1 mərtəbəli fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə real bazar dəyəri 16000 (on altə min) manat dəyərində, likvid dəyəri isə 12000 (on iki min) manat dəyərində qiymətləndirilmişdir. Qiymətləndirmə xərci 350 manat təşkil edir. Mülki işə əlavə edilmiş ödəniş tapşırığından görünür ki, İddiaçı ASC məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 05.09.2014-cü il tarixli, 2991 saylı saylı kredit müqaviləsinə əsasən 36 ay müdddətinə ilik 24% olmaqla 5000 manat məbləğində kredit verilmişdir. İş üzrə İddiaçı ASC üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdehlər müqavilələr üzrə öhdəliklərinin lazımınca icrasını təmin etməməklə müqavilənin şərtlərini və mülki qanunvericiliyin tələblərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarmı müvafıq olaraq pul və ya eyni keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafıq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Göründüyü kimi, Cavabdeh1 oğlu 05.09.2014-cü il tarixli, 2991 saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh1 oğlunun hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən Cavabdeh1 oğlu risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Həmçinin, məhkəmə hesab edir ki, dəbbə pulunun tutulması hissəsində dəbbə pulunun məbləği azaldılmalıdır. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanunun mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. Məhkəmə işin hallarını, yəni cavabdeh tərəfindən götürülən kredit məbləğini, kreditin verilmə tarixini və müqavilənin bitmə tarixini müqayisə edərək, həmçinin aparılmış ödənişləri, kreditə görə hesablanan faizləri nəzərə alır və İddiaçı ASC -nin iddiasının 2213.84 manat məbləğində cərimənin tutulması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, cərimə təyin edilərkən tənasüblük qorunmamış, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmaqla, yüksək hesablanmış dəbbə pulu azaldılmalı və cavabdehdən dəbbə pulu olaraq 200 manat məbləğində pul tutulmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu 727.32 manat tələbi hissəsində təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; Mülki Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır; Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Məhkəmə tərəfindən həmçinin müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 05.09.2014-cü il tarixli, İpoteka Müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən Cavabdeh1 oğluna 05.09.2014-cü il tarixli, 2991 saylı kredit müqaviləsinə əsasən 36 ay müddətinə illik 24% olmaqla 5000 manat məbləğində verilmiş kreditin təminatı olaraq Cavabdeh2 xüsusi mülkiyyətindəki Bərdə rayon Kətəlparaq kəndində 0.22 ha torpaq sahəsində yerləşən 60.2 kv.m ümumi, 46.2 kv. m yaşayış sahəsindən ibarət 2 otaqlı fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinə əsasən ipoteka saxlayanın tələblərinin ödənilməsi üçün tutma, ipoteka ilə təmin edilmiş öhdəliyi ipoteka verən yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi barədə tərəflər razılığa gəlmişlər. Cavabdeh həmin kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi müəyyən edilmiş vaxtda və qaydada icra etməmiş və iddiaçı (ipoteka saxlayana) ipotekaya tutma yönəltmək hüququndan istifadə etmişdir. İddiaçı cavabdehlərə kredit müqaviləsinə əsasən ödəmədiyi kredit borcuna görə tələbin Cavabdeh2 oğlunun mülkiyyətindəki Bərdə rayon Kətəlparaq kəndində 0.22 ha torpaq sahəsində yerləşən 60.2 kv.m ümumi, 46.2 kv. m yaşayış sahəsindən ibarət 2 otaqlı fərdi yaşayış evinə məhkəmə qaydasında tutmanın yönəldilməsinin başlanması barədə bildiriş göndərmişdir. Beləliklə, təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmiş, ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) hazırda tutmanın ipoteka predmetinə yönəldilməsini və ipoteka predmetinin açıq hərracdan satılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, öhdəlik icra edilmədiyindən kredit borcu üzrə tutma borcun təminatı olaraq ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus olan Bərdə rayon Kətəlparaq kəndində 0.22 ha torpaq sahəsində yerləşən 60.2 kv.m ümumi, 46.2 kv. m yaşayış sahəsindən ibarət 2 otaqlı fərdi yaşayış evinə yönəldilməli, həmin mənzil açıq hərracda satılmalı, satışdan əldə ediləcək pul vəsaiti yuxarıda göstərilən pul tələbinin təmin edilməsi üçün iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə ipoteka qoyulmuş Bərdə rayon Kətəlparaq kəndində 0.22 ha torpaq sahəsində yerləşən 60.2 kv.m ümumi, 46.2 kv. m yaşayış sahəsindən ibarət 2 otaqlı fərdi yaşayış evinin qiymətini müəyyən edərkən hesab edir ki, ipoteka qoyulmuş əmlakın qiyməti 12000 manat məbləğində müəyyən olunmalıdır. Belə ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ipoteka predmeti olan mənzilin qiyməti ilə bağlı suala aydınlıq gətirilməsi üçün müvafiq ekspertiza təyin edilmiş və ekspert rəydən görünür ki, ipoteka ilə yülki edilmiş Bərdə rayon Kətəlparaq kəndində 0.22 ha torpaq sahəsində yerləşən 60.2 kv.m ümumi, 46.2 kv. m yaşayış sahəsindən ibarət 2 otaqlı fərdi evinin likvid bazar dəyəri 12000 manat təşkil edir. Bu səbəbdən də, ipoteka predmetinin ilkin satış qiyməti ekspert rəyi ilə müəyyən edilmiş məbləğ götürülməlidir. Məhkəmə həmçinin qeyd edir ki, ipoteka predmetinin satışından əldə olunmuş vəsait kifayət etmədiyi təqdirdə qalan borcun E.Məmmədovdan tutulması tələbi təmin oluna bilməz. Çünki, həmin tələb iddia icraatı qaydasında yox, “İcra haqqında “qanuna əsasən tənzimləndiyindən icra zaman həll olunan məsələdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun-nun iddiası qismən təmin edilməli, Cavabdeh1 05.09.2014-cü il tarixli 2991 saylı kredit müqaviləsi üzrə 4716.89 manat əsas, 3263.87 manat faiz borcu, 200 manat cərimə, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu 727.32 manat olmaqla, cəmi 8908.08 manat LPO "xxxx" ASC -nin xeyrinə tutulmalı, tutulan məbləğ Cavabdeh2 oğlunun xüsusi mülkiyyətindəki Bərdə rayon Kətəlparaq kəndində 0.22 ha torpaq sahəsində yerləşən 60.2 kv.m ümumi, 46.2 kv. m yaşayış sahəsindən ibarət 2 otaqlı fərdi yaşayış evinə torpaq sahəsi ilə birlikdə yönəldilməli, mənzilin ilkin satış qiyməti 12000 (on iki min) manat müəyyən olunmalı, mənzil açıq hərracdan satılmalı,əldə olunan vəsait hesabına iddiaçının borc tələbi ödənilməli, satışdan götürülən və ya əldə edilən məbləğ göstərilən məbləğdən artıq olduqda əldə edilən vəsaitin qalıq hissəsi əmlakın mülkiyyətçisinə qaytarılmalı, iddia qalan hissədə təmin edilməməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən ödənilmiş 30 manat məbləğində rüsum cavabdeh Cavabdeh1 Ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Qiymətləndirmə Ekspertiza tədqiqatının dəyəri 350 manat cavabdeh Cavabdeh1 tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 4716.89 manat əsas, 3263.87 manat faiz borcu, 200 manat cərimə, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu 727.32 manat borcu olmaqla, cəmi 8908.08 manat (səkkiz min doqquz yüz səkkiz manat səkkiz qəpik) alınaraq Ləğv prosesində olan İddiaçı ASC -yə ödənilsin. Tutma Cavabdeh2 xüsusi mülkiyyətindəki Bərdə rayon Kətəlparaq kəndində 0.22 ha torpaq sahəsində yerləşən 60.2 kv.m ümumi, 46.2 kv. m yaşayış sahəsindən ibarət 2 otaqlı fərdi yaşayış evinə torpaq sahəsi ilə birlikdə yönəldilsin. İpoteka predmetinin ilkin satış qiyməti 12000 (on iki min) manat müəyyən edilsin. Həmin əmlak açıq hərracdan satılmaqla kredit borcu bu əmlakın dəyərindən tutulsun və artıq qalan məbləğ mülkiyyətçiyə qaytarılsın. Qalan hissədə iddia tələbi təmin olunmasın. Qiymətləndirmə Ekspertiza tədqiqatının dəyəri 350 manat cavabdeh Cavabdeh1 tutularaq "xxxx" MMC-yə ödənilsin. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh Cavabdeh1 alınaraq Ləğv prosesində olan İddiaçı ASC -yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar