Məhkəmə qərarları › İş №2(021)-2881/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2881/2021

20.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2881/2021 20.09.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X1 katibliyi ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəmədə iddia qaldıraraq, 31.08.2020-ci il tarixli müqaviləyə əsasən, Soyuducu Samsung üçün 1729,8 manat ödənilməmiş hissə, 288 manat dəbbə, 24.08.2020-ci il tarixli müqaviləyə əsasən, LG LED TV və Paltaryuyan LG üçün 2782,8 manat ödənilməmiş hissə, 508 manat dəbbə, ümumilikdə 5308,6 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 31.08.2020-ci il və 24.08.2020-ci il tarixli müqaviləsinə əsasən, Soyuducu Samsung, LG LED TV və Paltaryuyan LG almış və nəticədə 5308.6 (beş min üç yüz səkkiz manat altmış qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 31.08.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1729.8 (min yeddi yüz iyirmi doqquz manat səksən qəpik) manat (18 ay x 96.1 manat + 0 manat ilkin ödəniş) Soyuducu Samsung üçün ümumilikdə, 2017.8 (iki min on yeddi manat səksən qəpik) manat olmaqla ondan, 1729.8 (min yeddi yüz iyirmi doqquz manat səksən qəpik) manat ödənilməmiş hissə, 288 (ikiyüz səksən səkkiz) manat dəbbə borcu qalmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 24.08.2020ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2782.8 (iki min yeddi yüz səksən iki manat səksən qəpik) manat (18 ay x 154.6 manat + 0 manat ilkin ödəniş) LG LED TV və Paltaryuyan LG üçün ümumilikdə, 3290.8 (üç min iki yüz doxsan manat səksən qəpik) manat olmaqla ondan, 2782.8 (iki min yeddi yüz səksən iki manat səksən qəpik) manat ödənilməmiş hissə, 508 (beş yüz səkkiz) manat dəbbə borcu qalmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 0 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru İsrafilzadə H.F məhkəməyə teleqram göndərərək məhkəmə iclasında üzürlü səbəbdən iştirak etmək mümkün olmadığına görə məhkəmə iclasına onların iştirakları olmadan baxılmasını, iddianı müdafiə etdiklərini qeyd edərək iş üzrə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqında lazımi qaydada xəbərdar edilməsi barədə Cavabdeh qeydiyyatda olduğu Bərdə rayonu Həsənqaya kəndinə məhkəmə bildirişi göndərilsə də cavabdehin ünvanda yaşamaması səbəbindən bildirişin çatdırılması mümkün olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsini rəhbər tutaraq işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün saymışdır. Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 21106359 nömrəli 24 avqust 2020-ci il tarixli müqavilədən müəyyən edilir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən sonuncuya LG LED TV, LG markalı paltaryuyan cəmi 2782,8 manata satılmış, Cavabdeh 18 ay müddətində borcunu qaytaracağını öhdəsinə götürmüşdür. İş materiallarında olan 21127941 nömrəli 31 avqust 2020-ci il tarixli müqavilədən müəyyən edilir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən sonuncuya Samsung markalı Soyuducu, cəmi 1729,8 manat dəyərində xidmət göstərilmiş, Cavabdeh 18 ay müddətində borcunu qaytaracağını öhdəsinə götürmüşdür. İş materiallarında olan müqavilələrnin ayrılmaz tərkib hissəsi olan əlavələrdən müəyyən olunur ki, bu əlavələrin 2-ci bəndində qeyd edilmişdir ki, ödəniş cədvəli üzrə ödənişlərdə gecikdirmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmdə müştəri mübahisəsiz olaraq peniya ödəyir. İş materiallarında olan 20 iyul 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən müəyyən olunur ki, Cavabdeh 24.08.2020-ci il tarixli müqavilə əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alqı-satqı qiyməti 2782,8 manat olan, LG LED TV, LG markalı paltaryuyana görə 0 manat ödəmiş, 2782,8 manat əsas və 508 manat dəbbə borcu olmaqla cəmi 3290,8 manat; - 31.08.2020-ci il tarixli müqavilə əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alqı-satqı qiyməti 1729,8 manat olan, Samsung markalı Soyuducuya görə 0 manat ödəmiş, 1729,8 manat əsas və 288 manat dəbbə borcu olmaqla cəmi 2017,8 manat borcu qalmışdır. İş materiallarında olan ********* nömrəli 21.07.2021-ci il tarixli mədaxil qəbzindən müəyyən edilir ki, iddianın verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş üzrə sənədləri araşdıraraq müəyyən etdi ki, Cavabdeh 24.08.2020-ci il tarixli müqavilə əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alqı-satqı qiyməti 2782,8 manat olan, LG LED TV, LG markalı paltaryuyana görə iddiaçıya ödəmiş etməmiş, 2782,8 manat əsas və 508 manat dəbbə borcu olmaqla cəmi 3290,8 manat, 31.08.2020-ci il tarixli müqavilə əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alqı-satqı qiyməti 1729,8 manat olan, Samsung markalı Soyuducuya görə ödəniş etməmiş, 1729,8 manat əsas və 288 manat dəbbə borcu olmaqla cəmi 2017,8 manat borcu yaranmışdır. Cavabdehə dəfələrlə borcunu ödəməsi üçün yazılı və şifahi məlumat verilsə də, o, borcunu ödəməkdən yayınmışdır. Məhkəmə yuxarıda qeyd olunan sübutların məcmusuna qiymət verərək hesab edir ki, Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə LG LED TV, LG markalı paltaryuyana görə 2782,8 manat əsas və 508 manat dəbbə borcu olmaqla cəmi 3290,8 manat, Samsung markalı Soyuducuya görə 1729,8 manat əsas və 288 manat dəbbə borcu olmaqla cəmi 2017,8 manat borcu yaranması sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Cavabdeh hər iki müqavilə üzrə ödənilməmiş cəmi 5308,6 manat borcunu ödəməsini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 441.4-cü maddəsinə əsasən əgər digər tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyinin icrasını həyata keçirmədiyinə baxmayaraq öhdəliyin qarşılıqlı icrası həyata keçirilərsə, digər tərəf öz öhdəliyini icra etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, tələb edilən cərimə pulunun miqdarı yaranmış 24.08.2020-ci il tarixli müqavilə üzrə əsas borc 2782,8 manat məbləğinə mütənasib olmadığından 508 manat məbləğində cərimə pulunun 108 manat məbləğinə, 31.08.2020-ci il tarixli müqavilə üzrə əsas borc 1729,8 manat məbləğinə mütənasib olmadığından 288 manat məbləğində cərimə pulunun 88 manat məbləğinə azaldılması məqsədəuyğundur. Məhkəmə yuxarıda göstərilən maddi və prosessual hüquq normalarına əsasən hesab edir ki, Cavabdeh 24.08.2020-ci il tarixli müqavilə üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən götürdüyü 2782,8 manat dəyərində LG LED TV, LG markalı paltaryuyana görə 2782,8 manat əsas və 108 manat dəbbə borcu, 31.08.2020-ci il tarixli müqavilə üzrə götürdüyü 1729,8 manat dəyərində Samsung markalı Soyuducuya görə 1729,8 manat əsas və 88 manat dəbbə borcu yaranması sübuta yetirildiyindən iddia tələbi həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213-214, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ : İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 24.08.2020-ci il tarixli müqavilə üzrə 2782,8 manat əsas və 108 manat dəbbə borcu, 31.08.2020-ci il tarixli müqavilə üzrə 1729,8 manat əsas və 88 manat dəbbə borcu, cəmi 4708,6 (dörd min yeddi yüz səkkiz manat altmış qəpik) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar