Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-2899/2023 22.06.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi ilə, İddiaçı cavabdeh "xxxx" MMC-nin Bərdə filialına qarşı “xx.xx.2021-ci il tarixli, 1171/ŞM-21 saylı kredit müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh "xxxx" MMC-nin Bərdə filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-nin Bərdə filialı ilə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli, 1171/ŞM-21 saylı kredit və girov müqaviləsinin ləğv edilməsi və girov qoyulmuş əmlakın geri qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, ərizə məhkəməyə təqdim edilərkən ərazi aidiyyəti ilə bağlı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) tələbləri pozulmuşdur. MPM-in 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 51-ci maddəsinə əsasən hüquqi şəxsin daimi fəaliyyət göstərən orqanının, siyasi partiyada rəhbər orqanlarının qərargahının yerləşdiyi yer hüquqi şəxsin olduğu yer sayılır. MM-nin 53.2-ci maddəsinə əsasən hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölməsi filial sayılır. MM-in 53.3-cü maddəsinə əsasən nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Hazırkı işdən isə görünür ki, İddiaçı cavabdeh "xxxx" MMC-nin Bərdə filialı ilə müqavilə bağlamış, iddianı da Bərdə filialının olduğu yerin məhkəməsində qaldırmışdır. Məhkəmə hesab edir ki, iddia "xxxx" MMC-nin Bərdə filialının deyil, "xxxx" MMC-nə qarşı və Cəmiyyətin özünün olduğu yer (hüquqi ünvanı) üzrə məhkəməyə verilməlidir. Çünki, filial hüquqi şəxs deyil və filialın hərəkətlərinə görə hüquqi şəxs məsuliyyət daşıdığından iddia hüquqi şəxsə qarşı verilməlidir. Hazırkı iddia ərizəsi isə cavabdeh olmalı hüquqi şəxsin (müəssisənin) deyil, onun filialının olduğu yerə görə verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi məhkəməyə verilərkən MPM-in ərazi aidyyəti ilə bağlı tələbləri pozulduğundan iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Beləliklə, MPM-in yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" MMC-nin Bərdə filialına qarşı “xx.xx.2021-ci il tarixli, 1171/ŞM-21 saylı kredit müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" MMC-nin Bərdə filialına qarşı “xx.xx.2021-ci il tarixli, 1171/ŞM- 21 saylı kredit müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hаkim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №2(021)-2899/2023
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-2899/2023
22.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver