Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2972/2024 21.11.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Aypara Adil qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alınmış pul məbləğinin qaytarılması tələbi”nə dair mülki işə 21 noyabr 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iş üzrə cavabdehlərdən Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 6000 (altı min) manat verilmiş pulun və 1200 (bir min iki yüz) manat dəymiz ziyanın, həmçinin ödəniliş dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki. 2024-cü ilin əvvəlində Bakıya gedərkən yolda tanıdığı Cavabdeh2 ona müraciət edərək şərikli iribuynuzlu heyvan ticarəti ilə məşğul olmaq təklif etmişdir. Fikrətin təklifi ilə belə idi ki, iribuynuzlu heyvanların alınması məqsədi ilə ona pul və heyvanların daşınması üçün maşın verməlidir. Daha sonra heyvanı sataraq əldə olunmuş pulu böləcəkdirlər. Bu məqsədlə atasının ona kömək etdiyini də bildirmişdir. Fikrətə inanaraq onların evində atası Elşənlə görüşmüşdür. Elşən ona bildirmişdir ki onlar bu iş üzrə mütəxəssisdirlər. Bu işdə yaxşı qazanc əldə edəcəkdirlər. Ona etibar etdiyindən xx.xx.2024-cü il tarixdə Bərdə rayonu Şatırlı kəndində yaşayan Cavabdeh1 və onun oğlu Cavabdeh2 ailə üzvlərinin iştirakı ilə şərikli heyvan ticarəti ilə məşğul olmaq məqsədilə 6000 (altı min) manat nağd pul vermişdir. Ertəsi gün xx.xx.2024-cü ildə Elşənin qudası (qızının qaynatası) X1 öz adına Gazel markalı yük maşın alıb, onu idarə etməkdən ötrü Elşənə və oğlu Fikrətə notariat qaydada etibarnamə verərək qeyd edilən ticarəti keçirmək üçün maşını onların istifadəsinə vermişdir. Maşını adına rəsmiləşdirərəkən razılaşdığı qiymət 7500 (yeddi min beş yüz) manatın, 6000 manatını Yevlaxda idarədə Əjdərə vermişdir. Avtomaşının pulunu qalanının isə sonra hissə-hissə qazancdan ödəməli idilər. Ticarətə başladıqdan sonra Elşən və Fikrət ona bildirmişdirlər ki, yay fəslinə qədər heyvanların sayı artacaq, heyvanlar üçün əlavə yer düzəltmək lazımdır. O da öz növbədən 1000 manat dəyərində köhnə tikili materialları , müşahidə kameraları və digər avadanlıqlar vermişdir. Bir müddət sonra qazancın çox olmasını və cavabdehlərin ona az deməsini öyrənmişdir. xx.xx.2024-cü il tarixdə Elşənin oğlu Fikrət ona zəng vuraraq Göygöl bazarında onun atası Elşənin cibindən telefonunun və 6300 manat pulun oğurlandığını bildirmişdir. Sonra o Babək adlı şəxsə zəng vuraraq orada heç bir oğurluq hadisəsinin baş vermədiyini öyrənmişdir. Gazel markalı maşını onlardan alsa da, bəhanə gətirərək onun pulunu geri qaytarmamışdırlar. Polisə şikayət ərizəsi vermiş və məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddiaya dəqiqləşdirmə ərizəsi verərək, iddia ərizəsində göstərilən 1200 manat dəymiş ziyan məbləğini tələb etmədiyini, yalnız 6000 manat hissəsinin və ödənilmiş dövlət rüsumu olaraq 80 manat hissəsinin cavabdehlərdən tutularaq ona ödənilməsini xahiş etdi. Audio və video yazı qeydə alınmaqla həyata keçirilən əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 6000 (altı min) manat məbləğində pulu İddiaçı digər övladı ilə birgə qəbul etdiyini və iribuynuzlu heyvanların saxlanılması və ticarəti ilə məşğul olmaq niyyətlərinin olmasını etiraf etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin cavabdehlər məhkəmə iclasında nümayəndəsinin iştirakını heç bir üzrlü səbəb olmadan təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehlərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1972-ci il tarixdə anadan olmuşdur. AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 xx.xx.1976-cı il tarixdə anadan olmuşdur. AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 xx.xx.2002-ci il tarixdə anadan olmuşdur. ƏN-Vİ 858208 nömrəli nəqliyyat vasitəsinin etibar edilməsi barədə sənəddən görünür ki, İddiaçı Cavabdeh1 QAZ 33023 yük sərinişin markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomaşını idarə etmək üçün etibar etmişdir. İddiaçı Bərdə RPŞ yazmış olduğu ərizəsindən görünür ki, ona şikayətlə bağlı məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. İş materiallarında olan mədaxil qəbzlərdən görünür ki, İddiaçı iddia ərizəsinin verilməsi üçün 90 və 2 manat olmaqla, cəmi 92 manat məbləğində dövlət rüsumu ödəmişdir. 1072 saylı arayışdan görünür ki, Əliyev X3 şəhəri S.Vurğun küçəsi ev 25-də qeydiyyatda olmaqla, yaşayır. İş materiallarında olan əlyazma sənədlərdən görünür ki, İddiaçı hər ay mədaxil və məxaric pulların siyahısını qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 164.2-ci maddəsinə əsasən, sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsində qeyd edilmişdir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddədə qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin maddələrinə əsasən: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 448.3. Borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 739.3. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. 739.4. Borcverən öz nizamnamə kapitalındakı payın (səhmin) alınması məqsədilə borc verə bilməz. Borcverən qarşısındakı borc öhdəliyinin icrasının təminatı kimi onun nizamnamə kapitalında olan pay (səhm) çıxış edə bilməz. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alınmış pul məbləğinin qaytarılmasına” dair iddiası təmin olunmalıdır. O səbəbdən ki, audio və video yazı qeydə alınmaqla həyata keçirilən əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 6000 (altı min) manat məbləğində pulu İddiaçı övladı ilə birgə qəbul etdiyini və iribuynuzlu heyvanların saxlanılması və ticarəti ilə məşğul olmaq niyyətlərinin olmasını etiraf etmişdir. Beləliklə, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 6000 (altı min) manat pul, həmçinin ödənilmiş 80 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi təmin edildiyindən Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220,227,233,357-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ:
1. İddia təmin edilsin.
2. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 6000 (altı min) manat pul və ödənilmiş 80 manat dövlət rüsumu alınaraq İddiaçı xeyrinə tutulsun.
3. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə (Elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilər.
4. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Ziya Abdullayev